Hər baxımdan zəngin, qədim və mədəniyyət fışqıran ölkəmizdə elementar haqlardan danışmağa başlayan kimi, bütün zənginliklər, qədimliklər və mədəniyyət gedir işinin dalınca. Milli-mənəvi normalara uyğun gəlməyən mövzular arasında feminizmi, sülh quruculuğunu və LGBTQ haqlarını xüsusi qeyd etmək lazımdır. Bu üç tabu mövzuda əlbəttə hamı susur: media, hökumət, incəsənət xadimləri, qərəz əhatəmizdəki əksər adamlar. Bu problemlər heç olmasa sənət adamlarının dilindən səslənsəydi, bəlkə də 8 Mart 2020-ci ildə şahidi olduğumuz biabırçılıq yaşanmaz, ya da həmin aksiyaya heç ehtiyac qalmazdı. Biabırçılıq deyəndə təbii ki, yürüşün özünü yox, sosial şəbəkələrdə aksiyaya qarşı yazılan rəyləri nəzərdə tuturam.
Doğrusu, əsas mövzu heç bunlar da deyil, bu il Avroviziyaya göndərəcəyimiz mahnıdır. «AzLogos hara, Avroviziya hara» deyə gileylənməyə tələsməyin, səbrli olun.
Öz aktuallığını və bədii dəyərini çoxdan itirmiş Avroviziyada ölkəmizi Samirə Əfəndi “Kleopatra” adlı mahnı ilə təmsil edəcək. Səmimiyyət zəfər çalsın deyə qeyd edim ki, biz geylər üçün pop-kültür həmişə vacib, maraqlı olub, əlbəttə Avroviziya yarışması da istisna deyil. Sadəcə, hardasa 2012-ci ildən sonra yarışmada LGBTQ mövzularına nə qədər toxunulsa da, keyfiyyət təmin oluna bilməyib, diqqətə layiq mahnılar səslənməyib və rahatlıqla konstatasiya edə bilərik ki, həmin ildən bu günə qədər qalib gəlmiş mahnılar sözün həqiqi mənasında qulaq və zövq üçün terror aktından başqa bir şey olmayıb.
Çox cəsur iddia olacaq, amma xahiş edirəm sözümü qəribliyə salmayın – ümumiyyətlə, əgər bir gey hansısa ifaçını bəyənmirsə, əsla cığallıq, qərəz səbəbindən deyil, sadəcə musiqi duyumu, musiqi zövqü bizim güclü tərəfimizdir deyə, bu mövzuda hökm kəsməyə çox meylliyik və ədalət naminə deyim ki, olduqca sərrastıq.
Samirə xanım səhv etmirəmsə televiziya müsabiqələrinin yetirməsidir, vokal performansı da pis deyil. Xanımın Avroviziyadan əvvəlki fonotekasına nəzər salsanız, Samirənin heç də bayağı ifaçı olmadığını görə bilərsiniz. Bəs mənim Samirəyə olan etirazımın səbəbi nədir? Gəlin aydınlaşdıraq.
Sözügedən “Kleopatra” mahnısı Martın 10-nda tamaşaçıların ixtiyarına verildi. Sırf maraq üçün, müşahidəçi nəzəri ilə klipə baxdım. Ümumi tematikası qədim Misir olan mahnının çəkilişləri üçün Qobustan qoruğundakı çöl seçilib. Bəlli olur ki, təşkilatçılar yenə babat xərc çəkmiş və xarici bəstəkarların ciblərini bizim vergi pullarımızla doldurmuşlar. Bu ənənənin səbəbi mənə məlum deyil, bilmirəm nə məsələdir. Azərbaycan nə vaxtdan musiqi, bəstəkar sarıdan qıtlıq keçirir?
2008-ci ildə ilk dəfə bu yarışmaya qatılanda, Azərbaycan üçün mahnı yerli bəstəkarımız Gövhər Həsənzadəyə həvalə edilmişdi və xanım bəstəkar sözün əsl mənasında möhtəşəm əsər ortaya qoymuşdu (“Day after day”). Sonra nə oldusa, özümüzküləri bəyənməməyə qərar verdik və İsveçə, Norveçə, Almaniyaya üz tutduq. Sənətçilərimizə, sənətimizə verilən bu “dəyər”, bizi idarə edənlərin dünyagörüşündəki ciddi patologiyadan xəbər verir, amma bu dəfə də deməliyəm ki, mövzumuz heç bu da deyil.
Qayıdaq “Kleopatra”ya. Mahnı etnik üslubda bəstələnib, daha çox yunan popunu xatırladır və kompozisiyası belədir ki, dinləyən insan qeyri-ixtiyari olaraq “bunu haradasa eşitmişəm” düşünür. Mahnı, üzr istəyirəm, primitivliyin dibidir. Yüngül, tez yadda qalan “la-la-la” nəqarətli mahnıya adam heç rəqs etmək istəmir. Avroviziyanın əsas kütləsi də LGBTQ icması olduğu üçün, klipin konseptini dünyaca məşhur gey ikonaları Beyonse və Keti Peridən çırpışdırıblar. Belə ki, həmin klipdəki təsvirlər Beyonsenin “Run the world” sinqlına çəkilmiş klipi xatırladır, əsas mövzu olan Misir, ələlxüsus da Kleopatra obrazı isə Keti Perinin hələ 2014-cü ildə buraxdığı “Dark horse” klipinin kalkasıdır.
Klip haqqında bu qədər, maraqlananlar izləyə bilərlər, məni isə narahat edən nə klip, nə də performans yox, mahnının ilk cümləsidir:
“Kleopatra mənim kimi kraliça olub,
Mənim kimi, mənim kimi, mənim kimi.
Heteroseksual, gey və yaxud bunların qarışığı,
Qarışığı…”
Bunları eşitmək kifayətdir ki, sərtliyimi bağışlayın – mahnıya və verilən mesaja nifrət edəsən. Azərbaycanın homofob bir ölkə olması heç birimiz üçün sirr deyil, xoşbəxtlikdən bu elə bir məsələdir ki, istənilən adamı LGBTQ mövzusunda dindirsək, aqressiv homofobiyanın şahidi olarıq. İcmaya hücumlar, təqiblər 2017-ci ilin sentyabrında başladı – tutulan, döyülən, təhqir edilən, saçları kəsilən transgenderlərin sayı 100-ə çatdı. ILGA Europe həmin il həyacan təbili çalmış, Azərbaycanın LGBTQ icmasının problemlərinə diqqət yönəltmişdi. Həmin ildən sonra da təşkilatın hesabatlarında Azərbaycan mütəmadi olaraq ən homofob ölkə kimi klassifikasiya edilir.
İndi isə diqqət! Gəlirik zurnanın zırt dediyi yerə – madam ki, bizdə homoseksual olduğun üçün nifrətə, ayrı-seçkiliyə məruz qalırsan, Samirə Əfəndinin ağzına, dilinə, dodaqlarına “gey” sözünü yerləşdirən kişi oğlu kişi, bazburtlu, brutal, pəzəvəng azərbaycanlılar haraları ilə düşünüb qərar veriblər? Aydındır ki, bu, beyin məhsulu ola bilməz, olsa-olsa bağırsaq məhsuludur – yəni, pis qoxulu qaz.
Mahnı bir neçə gündür təqdim olunub deyə, çox adama tərcüməsi çatmayıb, xalqımızın qeyrətli oğlan və qızları bilmirlər Samirə nədən oxuyur (amanın günüdür, əksini isbatlamağa çalışmayın, çünki mənanı başa düşmək daha böyük rəzalətdir deyə, siz ən yaxşısı “tipa” başa düşməmiş olun, bu, daha rahat pozisiyadır – özünü gicliyə, debilliyə vurmaq hər zaman köməyə gəlir.)
Beləliklə, mentalitet keşikçiləri üçün ölkəmizi təmsil edəcək mahnıda bu sözlərə yer verilməsi qəbuledilməzdir (tipa). Bəzi tolerant sadəlövhlər isə bəlkə də sevinir ki, orientasiya məsələsinə diqqətin ayrılması hər halda müsbət hadisədir.
Və ancaq barmaqla sayılacaq qədər arif şəxs anlayır ki, hakimiyyət LBGTQ kartı ilə “tolerant və sivil” obrazını yaratmaqdan ötrü Avropaya girir. Ay sizi…
Yaxşı, bir təsəvvür edin ki, bu mahnı ana dilimizdə oxunur, özü də TV-lərdən, bütün Azərbaycan xalqı üçün. Əhalinin reaksiyası nə olar? Ümumiyyətlə hansı sənətçi sənətində gender, orientasiya mövzularına toxunub və ya toxuna bilər? Heç biri. Əsla. Azərbaycanın tolerantlıq məsələsində ölkə hüdudları daxilində heç bir iş görməyib, musiqi yarışmasında özünün mələk obrazını yaratması iyrəncdən iyrənc hərəkətdir, əxlaqsızlıq, simasızlıq və əlahiddə alçaqlıqdır. Dahası, mənim və mənim kimi insanların üzünə vurulmuş sillədir.
Bu yazı həmin bu ağrıdan yarandı, eşidilmək istədim. Əlbəttə, bizimkilər heç riyakarlıqda da peşəkar ola bilmirlər, axı azərbaycanlı hansı işin qulpundan yapışsa onu batıracaq, natamam iş görəcək. Sübut? YouTube-da şərhçilərin həmin mahnıya qoyduğu göy qurşağı rəmzi, yaxud LGBTQ ilə əlaqəli müsbət rəylərin silinməsi faktı. Tam, xalis, həqiqi, 100% azərbaycansayağı riyakarlıq – özünü “LGBTQ friendly” göstər, mahnıda “gey”in biri bir qəpik olsun, amma həm də milli-mənəvi-bədəvi qalmaqda davam et. Əjdaha!
LGBTQ icması bu ölkədə öz gizli həyatını yaşamağa məcburdur. Öz balaca dünyamızı yaratmışıq, hətta hərdən, o dünyanın lap dərininə qapanan fərdlərimiz də elə zənn edə bilərlər ki, onlar tolerant mühitdə yaşayırlar. Ay hay!
Fərqinə varmırlar ki, o mühiti yaradan məhz onlar kimi queer insanlardır, riyakar Azərbaycan cəmiyyəti deyil.
Fərid İsmayıl