Bir ay bundan əvvəl Qanun Nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun facebook hesabında kitab yarmarkası keçiriləcəyi haqda status oxudum. İlk kitabım “Yaddaşın Hekayəsi”nin 15 nüsxəsini dərhal bu yarmarka üçün ayırıb bir kənara qoydum. Vaxt yetişdi. Oktyabr gəldi və sözügedən yarmarkanın Milli Kitab Sərgisi adı ilə Əl oyunları sarayında açılışı oldu. İlk gün sərgidə iştirak edə bilmədim. Amma oktyabırın biri əsas təşkilatçılardan olan Şahbaz Xuduoğluna mesencerden yazıb kitablarımı orada satmaq istədiyimi bildirdim. Mənə dedi ki, gəlib sata bilərsiniz.
İki oktyabr saat 12-də qəsəbəmizdən yola çıxıb saat 2-də Milli Kitab sərgisinin keçirildiyi məkana çatdım. İçəri giriş Covid pasportu ilə idi. Pasportu göstərib içəri keçdim. Dərhal Şahbaz bəyi axtardım. Kitablarımı satmaq üçün səbrsizlənirdim. İçəridəki izdihamı gördükdə daha da ruhlanmışdım. Öz özümə “kaş kitabımı yeni nəşr etdirərdim” deyə təəssüflənirdim. Gözlərim Şahbaz bəyi axtarırdı və budur, çox dolanmadan onu tapdım. Aramızda qısa diaoloq oldu:
-Şahbaz bəy, mən də kitablarımı gətirmişəm, harda sata bilərəm?
-Yerlər tutulub, amma bura kitab sərgisidir, harada istəyirsiniz sata bilərsiniz. Pilləkənlərdə oturub satın, istəyirsiniz, çöldə satin, əsas odur, kitab satılsın.
Biruzə verməsəm də məyus olmuşdum. 15 kitabı yükləyərək, az qala başqa şəhərdən gəlib əliboş, arzusu ürəyində qayıtmaq ehtimalı yaranmışdı. Hekayələrimin birində bu hiss barədə yazmışdım “özümü ki, yararsız hesab elədim, həmin gün mənə zəhər olur”.
İzdihama qoşulub bir-bir stendləri gəzdim. Qiymətlər münasib idi, amma istədiyim kitabı tapa bilmədim. Kinonun şairi Andrey Tarkovskinin xatirələrini axtarırdım. Soraqlaya-soraqlaya gəlib Rasim Qaracanın, yəni “Altoran” nəşriyyatının stendinə çıxdım. İlk kitabımın naşiri Rasim Qaraca hal-əhval tutur:
-Salam bəy, necəsən? Yeni nələr yazırsan?
-Yeni yazıları Azloqosa, Artloqosa göndərirəm.
-Sənin kitabın buradadır- deyib kitabımın bir nüsxəsini göstərdi- əgər satılsa müraciət edərik, özündəki nüsxələrdən verərsən.
-Oldu. Çox sağ olun Rasim bəy. Hələlik.
-Hələlik, bəy.
Söhbəti çox uzatmağın mənası yox idi. Kitablarımı “Alatoran” stendinə təhvil verə bilməzdim. Oxucuları birbaşa görməli idim.
Kitablarım hələ belimdə idi. Özümü arzusu ürəyində, günü zəhər olan adam kimi aparmamağa çalışırdım. Gah aşağı, gah yuxarı düşür-çıxır, avtobusada boş yer axtaran adam kimi stendlərdən birinin boşalacağını gözləyirdim. Bir saat çiynimdə on beş kitab, əynimdə qalın gödəkcə ilə Əl oyunları sarayında vurnuxdum. Heç nə alınmadı, heç bir stend boşalmadı. Məğlub əsgər kimi evə qayıtmaq üçün saraydan çıxdım. Amma evə getmədim. Çantamı çıxardım. 15 nüsxə “Yaddaşın Hekayəsi” kitabımı sarayın qapısının solundakı pəncərənin qarşısına düzdüm. İki A4 vərəqinə səliqəsiz (xəttim səliqəsizdir) 2 AZN yazıb, kitablarımın arasına keçirtdim. Bu da mənim “stendim”. Azad, pulsuz və diqqət çəkən. Milli kitab sərgisi mənim üçün gec də olsa başladı.
İlk dəqiqələrdən oxucular qıyğacı baxsalar da, sonradan yaxınlaşan, soruşan, kitabı vərəqləyənlər oldu. Təqribi 15 dəqiqədən sonra ilk alıcı gəldi. Kitabı əlində incələyərək:
-Öz kitablarınızdır?
-Bəli.
-Özünüz çap etmisiniz?
-Bəli.
-Zəhmət olmasa imzalayın.
-Böyük məmnuniyyətlə. Kimin adına?
-Leyla.
“Gözəl qız adları siyahısı” adında bir yazı yazmışdım. Oxuyanlar xatırlayar. Yazıda adı “Gözəl qız adları” siyahısında olan, sonradan nalayiq hərəkətinə görə bu siyahıdan xaric olunan bir addan yazmışam. Həmin ad Leyla idi. Milli kitab sərgisində ilk kitabımı alan Leyla xanım bu adı yenidən “Gözəl qız adları” siyahısına saldı. Ona təşəkkürlərimi bildirirəm.
Hava isinməyə başladı. Ona görə gödəkcəmi çıxardım, kitablarımın yanına atdım. Bu da əsl zəhmətkeş, kasıb yazıçı stendi. Hər şeyi göz qabağında.
Kitablarımı səliqəyə salır, gəlib gedənlərə baxır, tanış üzlər axtarırdım. Adam var deyə bilər ki, nə məcburdu bu dəyişkən payız havasında kitablarını çölə tökmüsən, görüb eləyən olar, bəyəm sən küçədə kitab satmaq üçünmü təhsil almısan. Get kitabları ver nəşriyyata. İstəyən alar. Həm də sən yazıçılığa iddialısan, özünü bir az yuxarıdan apar. Doğrudanmı yazdıqlarını belə ucuz hesab edirsən?
Bu suallara veriləcək cavabım var. Mən Azərbaycanda yazıçı olmağın qeyri-mümkünlüyünü dərk eləmiş biriyəm, odur ki, məni romantiklər cərgəsinə çəkməyin.
Çox keçmədən romantiklər cərgəsindən biri yanımda peyda oldu.
-Salam, baxmaq olar? Qara gödəkcəli qaqaş icazə alıb “stendimə” yaxınlaşdı. Başımı aşağı-yuxarı hərəkət etdirib icazə verdim, bu qədər kifayət edər. Alıcıları bezdirən satıcılardan olmaq istəmirəm. Alıcının belinə at milçəyi kimi yapışan satıcılardan zəhləm gedir.
-Öz kitabındı?
-Bəli.
-Mən də yazıram. Şairəm. Elə ona görə gəlmişəm. Amma kitablarımı gətirməyiblər, əsəbləşdim. Dedim gətirsinlər.
-Hə, lap yaxşı.
-Belə pis çıxmasın, niyə çöldə satırsan kitabını?
-İçəridə yer olmadı. Ona görə.
-Səhv başa düşmə, mən heç vaxt bunu eləməzdim. Mən şairəm. Kitabımı yazmışam, əziyyət çəkmişəm. Nəşriyyat satmalıdır mənim kitabımı.
-Nə bilim valla, hər kəsin xarakteri başqadır.
Romantik şair kitabımı hələ əlində saxlayır.
-Ən qısa hekayən hansıdır. Oxuyum görüm nə yazırsan.
-“Qəsəbədən Bakıya” adlı hekayə digərlərindən bir az qısadır.
-Oxuyum da.
-Oxu, amma zəhmət olmasa “stendimin” önünü kəsmə.
Gülə-gülə kənara keçir.
Bu an bir nəfər gəlir, kitabımın tərtibatına baxır, bir–iki səhifə çevirir, ödəniş edir. Avtoqraf istəyib məni yormur. İdeal oxucu belə olar.
Romantik şairimiz kitabımı yerinə qoyur.
-Niyə demirsən, sən nə yazırsan, ver oxuyaq görək necə yazırsan.
– Kitabın burda olsa oxuyardım, heyf ki, yoxdur.
-Kitab yoxdur, PDF-i var.
Alıb bir-iki şeirini oxudum. Mən heç vaxt başa düşə bilməmişəm ki, tanımadığın adama necə demək olar ki “al, mənim yazılarımı oxu gör necə yazıram” Yəni bu adamlar nə gözləyir, onları ciddi-ciddi tənqid edib yol göstərsinlər?! Vallah, mən xaraketer olaraq insanların heç bir halda qəlbini qıra bilmərəm, əsas da tanımadığım. Ona görə basıb bağladım.
-Bu şeir əladır. Çox bəyəndim.
-Hə o şeiri…
Bu an bir oxucu gəlir və məni bu boş, heç nə vəd etməyən söhbətdən qutarır.
Kitabımı imzalayıb satıram. Başımı çevirəndə romantik şair çoxdan getmişdi.
Hava soyumağa başladı. Gödəkcəmi geyindim. Elə bu vaxt bakalavr qrup yoldaşım gəlir, məni gödəkçədə görüb birbaşa kofe almağa gedir. Bir neçə dəqiqədən sonra isinirəm. Ona da imzalı kitabımı verib yola salıram.
Kitabların sayı azalır. Külək tez-tez “stendimə” hücum çəkərək, futbol şərhçiləri demiş sayıqlığımı yoxlayır. Saata baxıram. Artıq 4 saatdır ki, dəyişkən hava şəraitində kitab satıram.
-Salam. Nə əcəb içəridə deyilsiniz?
-Mənə kitab satmağa yer yoxdur, deyəsən, gecikmişəm.
-Öz kitabınzdır?
-Bəli.
-Birini alıram. Bayaqdan içəridə fırlanıram, amma çöldən kitab aldım.
-Həyat qəribədir. Ümid edirəm, peşman olmarsınız, kitabımı bəyənərsiniz.
Çox keçmədən həmin oğlan yanında sarışın bir qızla yenidən qayıtdı.
-Bir kitab da xanım üçün alacağıq.
-İmzalı olsun.
-Gözüm üstə. Kimin adına.
-Sevda.
-Ümid edirəm bəyənərsiniz.
Qız kitabın soyuqluğunu əli ilə duyub:
-Ən yaxşı kitablar çöldə satılanlardır- deyib yanındakı oğlanla “stendimi” tərk edir.
Hava qaralmağa, mən ayaqda durmaqdan yorulmağa və təbii ki, acımağa başladım. Amma üç kitab hələ qalırdı. Onları da satmaq istəyirdim. Ancaq məni öz kitablarımı satmağa vadar edən reallıq bu dəfə məni evə yola saldı.
-Salam. İçəridə də sata bilərsiniz kitabları.
-İçəridə mənə yer yoxdur deyə, burada satıram.
-Burada nə yaxşı ilişib edən yoxdur?
-Kimə, mənə, niyə ilişsinlər ki?
-Hə. Kimdən icazə almısınız.
-Heç kimdən. Kitab yarmarkası deyil? Yoxsa mən səhv bilirəm?
-Elədir, sadəcə, içəridəki insanlar pul verib siz isə…
-Bilmirəm mənə dedilər ki, get harda istəyirsən sat.
Bir neçə dəqiqədən sonra, bu dəfə bir xanım gəldi.
-Burada niyə satırsınız?
-İçəridə mənə yer yoxdur. Ona görə.
-Burd…..
Səs-küy qalxdı. Düz xanımın yanında. Bir neçə oğlan ucadan danışmağa başladı, onların səsi xanımın səsini basdırdı. Onun sonrakı sözlərini eşidə bilmədim. Hər halda reallıq öz səsini eşitdirə bilmişdi. Abırlı, urvatlı şəkildə Milli Kitab sərgisini tərk etmək, qovulmamaq üçün son kitablarımı çantama yığıb qəsəbəmizə yola düşdüm.