Son zamanlar Azərbaycan hökuməti müəyyən mənada “şəffaflaşma” əməliyyatı həyata keçirir. Ən azı bu barədə keçirilən müşavirələr əsasında deyə bilərik. Müşavirələrdə bəzən ictimaiyyət tərəfindən illərlərlə sadalanan faktlar təsdiqlənir. Məlum olur ki, bu və ya digər sahədə heç bir inkişaf yox imiş və s. Belə bir müşavirələrdən biri də bu yaxınlarda su və meliorasiyaya həsr olunmuşdu. Azərbaycan artıq bir neçə aydır ki, su problemi ilə üzləşib və bu problemin həlli bizim yaşadığımız iqlim üçün çox vacibdir (uşaqlıqdan biz tez-tez Azərbaycanda olan torpaqların məhsuldarlığı barədə nağıllar eşidirik. Amma bu faktlar yalnız nağıllarda olur. Bizdə torpaqların mütləq çoxluğu məhz süni suvarılır. Çox nadir ərazilərdə süni suvarma sistemi olmadan fəaliyyət göstərmək olar, o da çətinliklə. Yəni kartof, ya pomidor əkmək üçün ilk əvvəl suvarma sistemini qurmaq lazımdır).
Buna müvafiq, son dövrün tendensiyasına uyğun olaraq, ciddi problem olanda xüsusi müşavirə təyin edilir. Məhz suvarma məsələlərinə həsr edilmiş müşavirə bizə çoxlu sayda maraqlı fakt açıqladı. İqtisadçı kimi məni daha çox maraqlandıran büdcə müzakirələri oldu. Bu müzakirə əvvəlcədənmi hazırlanmışdı, yoxsa tam təsadüf nəticəsində yaranmışdı – demək çətindir. Amma hər bir halda o, bizə reallığı göstərir. Çox hallarda dövlət büdcəmizə dair müzakirələrin necə getdiyini biz bilmirik. Amma bu müşavirədə baş vermiş bir dialoq müəyyən təəssürat yaratmağa imkan verir.
Müzakirə vaxtı söhbət ölkənin su balansının çıxarılmasına toxunuldu. Azərbaycanda daimi olaraq ərzaq və enerji balansı çıxarılır. Bunlar, məhz strateji sahələr olduğu üçün illik olaraq Dövlət Statistika Komitəsindən bu balanslar ilə bağlı məlumatlanırıq. Eyni zamanda gələcək planlarını qurmaq üçün dövlət də bu balanslardan istifadə edir. Balans özü-özlüyündə ölkədə mövcud olan resursları və onların xərclənməsini əks etdirir. Misal üçün, ərzaq balansında ölkədə yerli düyü istehsalı, idxal olunan düyü və onun iqtisadiyyatın sektorları üzrə xərclənməsi (istehsalçı, ev təsərrüfatı, ictimai iaşə sektoru və s.) göstərilir.
Eyni balans su üzrə də aparılmalı idi. Lakin məlum oldu ki, Sovet dövründən bu yana bu məsələ heç kimin ağlına gəlməyibmiş. 2014-cü ildə Fövqəladə Hallar Nazirliyi (nəyə görə məhz bu nazirlik, bəlli deyil, çünki təbii resurslara bizdə başqa nazirlik cavabdehdir) Niderlandın “Deltares” şirkəti ilə müqavilə bağlamışdı və müvafiq olaraq “ölkəmizin bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi”nə başlamalıydı. Amma bu layihə işləmədi. İnternetdə axtarış versəniz, ən yaxşı halda 2016-ci ilə aid rus dilində “Azərbaycanda su strategiyası” adlı bir təqdimat tapa bilərsiniz. O da gələcəkdə su strategiyasının hazırlanmasının təqdimatıdır.
İndiki dövrə kimi su balansının olmaması, əlbəttə ki, sual yaradır. Aşağıdaki dialoq da məhz buna həsr olunub:
FHN naziri K. Heydərov: 9 milyon dollar vəsait çatışmadı.
Maliyyə naziri S. Şərifov: Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, bu vəsaitin bir qismi Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. Lakin naməlum səbəblərə (maraqlı məsələdir. Əgər nazir üçün məsələ naməlumdursa, vətəndaş bu yerdə nə etməlidir? – T.M.) görə bu məsələlər öz həllini tapmadı.
Prezident İ. Əliyev: Vəsait olub, ancaq Fövqəladə Hallar Nazirliyi və Azərenerji bundan istifadə etməyib?
Şərifov: Bəli. O zaman bu vəsaiti dövlət büdcəsindən istəyiblər. Cənab Prezident, amma hər iki qurum bilir ki, bu, büdcədə nəzərdə tutulmamışdı (yəni öz-özünə qurumlar müqavilə imzalayıb, razılaşıblar? – T.M.). Bununla bağlı həm Azərenerjidə bunun bir hissəsinin verilməsi nəzərdə tutulmuşdu, 2 milyonunu isə Fövqəladə Hallar Nazirliyi ayırmışdı.
İ. Əliyev: Bu böyük vəsait deyil.
Heydərov: Bizim tərəfimizdən 2 milyon və xatirimdədirsə 3 milyon da Azərenerji tərəfindən ayrılmışdı və qalan hissəsini büdcə təmin etməli idi (ümumiyyətlə su balansı məsələsində nə “Azərsu” ASC, nə də “Azərbaycan Su və Meliorasiya Təsərrüfatı” ASC-nin adı keçmir. Niyə? – T.M.). Sonradan bu vəsait təmin olunmadığına görə layihə dayandırılmışdır.
İ. Əliyev: Gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm.
Bu dialoqdan ilk əvvəl məlum olur ki, illik 240 milyon manatlıq büdcəyə malik olan FHN, 1 milyard manat dövriyyəyə malik olan “Azərenerji” və 5-6 milyardlıq investisiya paketinə malik olan Azərbaycan Respublikası bir yerdə, bir su balansının tərtib edilməsindən ötrü 9 milyon dollarlıq (2014-cü ildə bu 7 milyon manat idi, indi 15,3 milyondur) məsələni həll edə bilməyiblər.
Əlavə olaraq qeyd etmək lazımdır ki, 2014-cü ilə aid müvafiq satınalma, xüsusi qərar və s. barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Yəni ictimaiyyət bu məsələyə heç cür nəzarət edə bilməzdi. Bu cəhətdən belə faktların paylaşılması maraqlıdır. Əgər cəmiyyət ilə heç bir məlumat paylaşılmırsa, belə müzakirələrin ictimaiyyətə təqdim edilməsi nəyə lazımdır?
Başqa tərəfdən, bir məsələ də var ki, Azərbaycanda Sovet dövrünü tənqid etmək dəbdir. Hətta bir çox hallarda indiki problemlərin bünövrəsini Sovet dövrü ilə əlaqələndirirlər. Ola bilər ki, bəzi məqamlarda haqlıdırlar. Ola bilər ki, tamamilə yanılırlar. Tənqid etmək normaldır. Hər bir hakimiyyəti, dövrü və s. tənqid etmək olar. Amma məsələ bizim reallığımızdır. Çox uzağa getməyək, gəlin elə bu məsələni müqayisə edək.
Məhz bu müşavirədə “xüsusi təhlil” aparmış Kərəm Həsənov (xüsusi təhlilin nə qədər xüsusi olması ən azından çıxış vaxtı Dövlət Statistika Komitəsinin saytında göstərilən rəqəmlərin paylaşılması göstərir) xəbər verib ki, “axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi. Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik”. Yəni başqa sözlə, su ehtiyatlarımız son 40-50 il ərzində heç kim tərəfindən qiymətləndirilməyib. Sovet dövründə bu qiymətləndirmə icbari halda hər 10-20 ildən bir həyata keçirilirdi. Və bu qiymətləndirməni kim edirdi? Xaricilər? Misal üçün, o müşavirədə K. Heydərov da, prezident də “xarici mütəxəssislər cəlb edilməlidir” deyirlər. Amma Sovet dövründə bunu Elmlər Akademiyasının Geologiya və Coğrafiya institutları həyata keçirirdi. Ən yaxşı halda digər qurumların da elmi-tədqiqat şöbələri dəstək olurdu. Yəni heç kimi ölkəyə kənardan gətirmək və ya cəlb etmək lazım gəlmirdi. Bizim yerli elmimiz də var idi.
İndi çoxlarının güldüyü AMEA vaxtilə normal bir elm ocağı olub. Düzdür, korrupsiya və digər problemlər var idi. Kim deyir ki, yox idi? Misal üçün, vaxtilə ən məşhur korrupsiya qalmaqalı məhz Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində baş vermişdi. Amma buna baxmayaraq korrupsiya elmin inkişafına problem yaratmırdı. Çünki pul ilə daxil olanlar sadəcə “ali təhsil” olsun deyə daxil olurdular, ya da bürokratik çatışmazlıqlara görə bunu edirdilər (planlaşdırma düzgün aparılmırdı). Vəzifələrində (xüsusən elmi sahədə) çalışanlar isə əsasən bu sahə üzrə bacarıqlı insanlar idi. Düzdür, bəzi sahələr üzrə formallıq üçün qəbul olunanlar da çox idi. Amma geologiya ya da coğrafiya kimi heç də asan olmayan sahələr bir az fərqli idi. Nəticədə Azərbaycanda elmi inkişaf da mövcud idi.
Əlbəttə, bu inkişafı başqa ölkələrlə müqayisə etmək düzgün olmaz, amma hər bir halda inkişaf gedirdi. Müvafiq institutlar hər il palaz-palaz (yaxşı mənada) elmi tədqiqatlar hazırlayırdılar, elmi müzakirələr və konfranslar keçirilirdi. İndi bunu təsəvvür etmək çətindir, amma elmi nəzəriyyələr əsasında münaqişələr baş verirdi. O zaman üçün hansısa ETİ-də məhz nəzəri cəhətdən ixtilafa görə işdən çıxmaq normal idi (müvafiq sahə üzrə fəaliyyət göstərən digər ETİ-yə keçirdilər).
Amma indi vəziyyət necədir? Kür problemini şərh etmək üçün normal hidroloq tapılmır, internetdə heç Kürün səviyyəsi və strukturu barədə məlumatı olmayan həvəskarlar problemi şərh edir. Hökumət hər addımbaşı deyir ki, xaricdən kimsə cəlb edilməlidir. Coğrafiya institutu il ərzində öz jurnalının 4 nömrəsini nəşr edə, tam maliyyəşdirilən layihəni icra edə biləndə papağını göyə atır. Çünki elm qətiyyən maliyyəşdirilmir. Ən yaxşı halda mənasız və boş kitablara bir az pul ayrılır, avadanlıq adı ilə isə hər yeni prezident Akademiyanın mebelini (indiki bir az kreativdir, İsmailiyyə üzərində hərfləri də) dəyişdirir. Belə halda, biz nə gözləyə bilərik? Heç bir şey. Cəmiyyət də öz kefindədir. Faktiki olaraq hökumətin elm ilə mübarizəsi öz nəticəsini verir. Hamı indi AMEA-nı lağlağı obyektinə çevirib. Problemi həll etməkdənsə, hansısa dəstək verməkdənsə insanlar daha çox lətifə yaratmağa hazırdırlar (həm mövzudan uzaq olan insanlara, həm də özünü intellektual sayanlara aiddir).
Hamı Elmlər Akademiyasını tənqid edir, amma alternativ təklif etmir. Demirlər ki, məhz hökumətin mənasız siyasəti nəticəsində elm bu günə düşüb. Misal üçün, vaxtilə elmi layihələrin maliyyələşdirilməsi üçün yaradılmış Elm Fondu hər il öyünürdü ki, kifayət qədər vəsaitə qənaət edib, xərcləməyiblər. Bəzən bu vəsaitin həcmi illik 60-70%-ə çatır. Elm Fondunun direktoru hazırda Bakı Dövlət Universitetinin rektorudur.
Sovet dövründə bizdə elm sahəsində əməkdaşların sayı indikindən az idi və onların böyük hissəsi 90-ci illərin ortalarında (hələ o dövrə kimi hamısı necəsə ayaqda qalmağa çalışırdılar. Təsəvvür edin ki, hətta ağır 90-cı illərdə ETİ-lər fəaliyyət göstərirdi) işdən çıxıb getdi. Bəs nə etsinlər? Misal üçün, Coğrafiya instututunda çalışan atam il ərzində 2-3 ekspedisiyada və bir neçə konfransda iştirak edirdi. Günlərlə laboratoriyadan çıxmırdı. Bəs indi? İl ərzində ümumiyyətlə ekspedisiya olmur, laboratoriya üçün reagent almağa isə pul təsadüf nəticəsində ayrılır. Hansısa layihənin reallaşmasına pul isə gah ayrılır, gah ümumiyyətlə verilmir. Bu şəraitdə bizdə elmdən nəsə gözləmək olarmı? Ən klişe əsas da budur ki, bizim elmimiz ayfon istehsal etmirsə, bizə belə elm lazım deyil. Bəzən bu bayağı münasibəti hətta ali təhsilli insanlardan da eşitmək olur.
Maraqlıdır ki, maliyyə ayrılmamasına baxmayaraq elmin nəticələri ilə fəxr etməyi, bəhrələnməyi də unutmurlar. Misal üçün, indi hər bir azərbaycanlının bildiyi Azıx mağarası əslində məhz elmi tədqiqatlar nəticəsində açılıb. Yəni Məmmədəli Hüseynov təsadüf nəticəsində gəzəndə mağaranı tapmayıb. Hətta arxeoloji qazıntılardan sonra belə, tapılan layların yaş məsələsini aşkarlamaq qalırdı. Onu isə arxeoloqlar yox (onlar ən yaxşı halda 1-2 min il keçmişə gedə bilirlər), geoloqlar, coğrafiyaçılar, bioloqlar və digərləri müəyyən edirdi. İndi kimdən soruşsan deyəcək ki, Azıx mağarasına ilk insanın gəlişi 2 milyon il əvvəl baş verib. Amma hətta bununla bağlı 1960-ci ildən 2000-ci ilə kimi mübahisələr gedib, çünki M. Hüseynovun tapdığı sübutlar tarixi 2 milyon ilə qədər geri aparmağa kifayət etmirdi (dolayı sübutlar vardı, birbaşa isə yox). Məhz coğrafiyaçıların tədqiqatı nəticəsində daha dəqiq dövr müəyyən edildi. Yəni məhz fundamental elmin nəticəsində indi ən azı deyə bilərik ki, Azərbaycan ərazisində ən qədim insan dayanacaqlarından biri yerləşir. Amma buna baxmayaraq fundemantal elmə heç bir dəstək verilmir. Nəticədə biz indi su təsərrüfatında belə biabırçı vəziyyət görürük. Çünki məhz Azıx mağarasını tədqiq edən alimlər, həmçinin ölkənin su resurslarını da tədqiq edirlər (onun tarixini, tsikllərini və s.). Məhz onlar əvvəlcədən quraqlığın dövrlərini, Kürün səviyyəsini və s. müəyyən edirlər. Amma onlara heç bir dəstək yoxdur. AMEA-ya ayrılan vəsait əsasən maaşa gedir (o da çox elə yüksək deyil). Müvafiq olaraq, işçilər yalnız Akademiyaya vaxt öldürməyə gəlirlər. Çünki başqa bir fəaliyyət üçün demək olar heç nə ayrılmır.
Nəticədə biz FHN və Maliyyə nazirliyi arasında vəsait bölgüsünə dair davadan başqa heç nə əldə etmirik. Belə halda hansısa inkişafdan danışmaq mümkündürmü? Bu problemlərin artıq 30-35 il mövcud olduğunu, və eyni insanların eyni vəzifələrdə onilliklərlə oturduğunu nəzərə alsaq görərik ki, problemlər həllini tapmayacaq və elm daha da deqradasiyaya uğrayacaq (hələ ki, ətalətlə çalışan alimlər var, amma onlar da yaşlanır).
Və gələcəkdə hətta müşavirə şouları da kömək etməyəcək.