Redaksiyadan: Böyük fikir adamı Mirzə Fətəli Axundzadə məşhur ingilis filosofu, söz azadlığı fəlsəfəsinin banisi sayılan John Stuart Mill’in “Azadlıq haqqında” (On Liberty, 1859) kitabı ilə bağlı, kitabın çapından cəmi bir il sonra resenziya yazmışdır. Bu fakt özü Axunzadənin Avropa fikir adamlarını dövrünə görə hansı sürətlə izlədiyindən xəbər verir.
İngilis filosofu John Stuart Mill azadlığı izah etmək məqsədi ilə yazdığı kitabda göstərir:
– Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar.
Sivilizasyon elə bir ümumi məfhumdur ki, onun məzmununda bütün sənətlər, fənlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Pəs bu cür tərəqqi o zaman imkan tapar ki, cəmiyyətin fərdləri öz fikirlərində müqəyyəd olmasın; hər nə istəsə desin və hər nə bacarırsa etsin. Və əgər onun sözü, ya işi cəmiyyətin başqa fərdlərinin nəzərində məqbul olsa, cəmiyyətin başqa fərdləri də düşündükdən sonra onu təsdiq edər və ondan fayda taparlar; əgər məqbul olmasa, başqa bir adam onun səlahiyyətsizliyini bəyan edər.
Bu üsula “kritika” deyərlər. Fikir azadlığı olduqda kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir.
Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları ata-babanın və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir vermədən görən avtomat olarlar və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar.
Bu gün bizim kürəmizdə Hindistan brəhmənlərinin və Musa dininin peyrəvləri və Çin dövləti qanunlarına bağlı olanlar haman dəyirman atları kimidirlər ki, dinlərin və qanunların meydana çıxdığı tarixdən bu günə qədər onların halında heç bir dəyişiklik üz verməmişdir və bundan sonra əgər minlərcə il bu tərzdə keçsə, yenə bu biçarələrin əvvəlki halı ilə axırkı halları arasında heç bir fərq olmayacaqdır. Bəlkə demək olar ki, onlar daima geri gedəcəklər; çünki insan növünün tərəqqisi ağıl ilədir, bu biçarələrin ağlı üçün isə hərəkət yolu bağlanmışdır.
Avropa əhalisi də, papaların təsəllütü və katolik məzhəbinin şiddəti nəticəsində miladı tarixin ortalarına qədər yuxarıda zikr olunan biçarələr kimi idi. Lakin miladi tarixin ortalarında mütəfəkkirlər, hükəma və filosoflar zühur etdi və papalara itaət etmək boyunduruğunu boyundan atdılar və katolik məzhəbinin əleyhinə qalxışdılar və revolyusyon, yəni şuriş etdilər və dedilər ki: Bu nə deməkdir ki, biz də insan sinfindən olduğumuz halda, ağıl və bilikdən payımız olduğu halda, özümüzü bir neçə nəfər elmsiz və mərifətsiz papaların və həvarilərin ki – vaxtı ilə bəziləri balıqçı, bəziləri də paltaryuyan olmuşlar – qulu edək?.. Əgər bu növ avamaldadan şəxslər bu əsrdə bizə təsadüf etsələr, biz onları bilik dərəcələrinə görə, öz məclis və müsahibətimizə layiq bilmərik. Necə ola bilər ki, biz onlara baş əyək!
Oxucu özü insaf etsin ki, onlardan hansı biri Newton və Watta bərabərdir? Aya, rəvadır ki, Newton və Watt və Avropa əhalisinin bu günkü tərəqqisinə bais olan minlərcə bu kimi bəşər dostları, filosof və mütəfəkkirlər, bu nadanlara nisbətən qul vəziyyətində dursunlar, onları özlərinə ağa qərar versinlər və onların haqlı-haqsız hökmlərindən çıxmağı qətiyyən caiz bilməsinlər?
Fərz edək ki, bu din və qanun sahiblərinin sözlərindən və hökmlərindən bəziləri bəşəriyyətin əhvalına aid hüsn və səlahiyyətdən xali deyildir, amma onların düşüncələrində məcburilik meydana çıxdığından və onlar fikir azadlığını aradan qaldırdıqlarından, o növ hökmlərin rədd edilməsi vacibdir. Çünki onların qanunlarından hasil olacaq fayda, fikir azadlığının olmamasından üz verən ziyan yanında, dəniz yanında bir qətrə kimidir.