Bakı şəhəri Azərbaycanın çox da qədim sayılmayan yaşayış məntəqələrindən biridir. Şəhərlə bağlı ilk tarixi məlumatlar X əsrdə qeyd olunub. Bu dövrdə burada yaşayan əhalinin əksəriyyəti xristian idi. Tarixi qaynaqlarda orta əsrlərdə şəhərdəki erməni kilsəsi ilə bağlı məlumat qeyd olunub (Bartold,1924:73). Şəhərin özü və ətrafı ilə bağlı ən vacib məlumat XIV əsrdə yaşamış əslən Bakıdan olan Əbürrəşid Əl-Bakuvinin əsərində məlumat verilib. Belə ki, Bakuvi şəhər ətrafı kəndlərinin tamamilə xristian, şəhərin özünün isə şafi məzhəbinə malik sünni müsəlmanlardan ibarət olduğunu yazmışdı (Əl-Bakuvi, 1992:105). Şəhər və ətrafındakı etnoqrafik vəziyyət XV-XVI əsrlərdə tamamilə dəyişdi. Regionda yaşayan xristianların praktiki olaraq hamısı bu dövrdə regionda hakim olan tatlar tərəfindən sıxışdırıldı. Tatların özü isə Səfəvilərin regionda həyata keçirdiyi qətliamlardan sonrası islamın şiə məzhəbini qəbul etdilər (Yunusov, 2004:38). Səfəvilərin dağılmasından Çar Rusiyası işğalına qədər regionun etnoqrafik vəziyyətində xüsusi bir dəyişiklik baş vermədi. Bakı şəhəri və ətrafında 6 tərəkəmə kəndi istisna, bütün əhali tat dilində danışırdı (Bakıxanov, 2010:30). Şəhərin özündə 1800-cü illərin əvvəllərində mütləq əksəriyyəti tatlardan ibarət 8 min nəfər əhali vardı (Minahan, 2014:262).
Çar Rusiyası və vətəndaş müharibəsi zamanı Bakı
Çar Rusiyasının Bakını ələ keçirməsindən sonra şəhərin həm demoqrafik, həm etnoqrafik vəziyyəti dəyişməyə başladı. Bakının dünyada neft şəhəri məşhurlaşması nəticəsində bura Çar Rusiyasının müxtəlif bölgələrindən kütləvi sayda əhalinin köçü başladı. Eyni zamanda əraziyə qoyulan investisiyalar nəticəsində şəhərdə kapitalist ictimai-iqtisadi münasibətlər formalaşmağa başladı. Azərbaycanın digər bölgələri feodalizmdə qalsa da, Bakıdakı inkişaf burada fərqli bir identik kimlik yaratmağa başladı. Çar Rusiyasının liberal siyasəti nəticəsində bölgədə azərbaycanlı milyonçular yetişsə də, onların cəmiyyətə təsiri minimum idi. Bunun əsas səbəbi Bakıda yaşayan azərbaycanlı və tat əhalinin yazıb-oxuma faizinin çox aşağı olması idi. Çar Rusiyası dövründə şəhərə böyük köç regiondakı tatların da get-gedə türkləşməsi ilə nəticələndi. Bakıya köçən azərbaycanlıların böyük hissəsi İrandan idi. İran azərbaycanlıları Bakıda yaşayan azərbaycanlıların 54,6 faizini təşkil edirdi (Altsatdt, 1992:32). Buna baxmayaraq, şəhərin 1913-cü ildə qeyri-müsəlman əhalisi 67 faizə çatırdı.
Şəhərdəki müxtəlif xalqların kombinasiyasından ibarət xüsusi kütlə yaranması 1-ci dünya müharibəsi və daha sonra baş verən vətəndaş müharibəsində özünü daha qabarıq formada göstərdi. Şəhərdə milli kimliyi formalaşdıran qəzetlərdən biri “Bakinets” idi. Bu qəzet şəhərdəki rusdilli əhalinin mənafelərini müdafiə edən burjua qəzeti idi (Arutyunov, 1963:406). “Bakinets” qəzetində Osmanlının paytaxtı Konstantiniyyə (indiki İstanbul) şəhərinə hücumu təşviq edən “Çarqrada doğru” yazısı dərc olunmuşdu (Hacıyeva, 2015:68). Bakıdakı sol və sağ partiyalar ideoloji baxımdan bir-birindən fərqlənsə də şəhərdə formalaşmış ümumi kimlik vahid formada qalmışdı. İnqilab ərəfəsində bolşeviklərin “Bakinski Raboçi” şəhərdəki siyasi vəziyyəti belə ümumiləşdirirdi: “Bakı işçisi kim olursa olsun – rus, tatar, yəhudi, erməni və ya gürcü – Rusiyanın bütün fəhlə sinfinin əzablarını çəkməyə bilməz, onun sevincinə sevinməyə bilməz, Rusiyanın işçi kütlələrinin ümumi səbəbinə biganə qala bilməz.” (Loginov, 1972:334). Bakıdakı bolşeviklər və eserlərin yerli azərbaycanlıları öz tərəfinə çəkmə siyasəti bu dövrdə istənilən nəticəni vermədi. Rusiyada 1917-ci ilin martında baş verən burjua inqilabından sonra regionda vəziyyət dəyişdi. Mart ayında Bakı Sovetinə seçkilər keçirildi. 52 nümayəndənin səs verməsi nəticəsində Bakı Sovetinin katibi olaraq sürgündə olan Stepan Şaumyan seçildi. Şaumyanın seçilməsi Bakı Sovetində bolşeviklərin çoxluq olduğunu göstərmirdi, iclasda iştirak edən nümayəndələr arasında 9 bolşevik var idi. Onun seçilməsi fərdi olaraq tanınması, xüsusən də 1914-cü il tətilində kütlələr tərəfindən sevilməsi ilə əlaqəli idi (Mieville, 2018:91). Bakı Sovetində menşeviklər, sosialist-inqilabçılar (eser) və daşnaklar hakim idi. Onlar şəhərin əksəriyyətini təşkil edən qeyri-müsəlman əhalinin[1] haqlarını qorumaq tərəfdarı idilər. Bu səbəbdən onların federalizasiya tərəfdarı olan müsəlmanların partiyası Müsavata qarşı münasibəti mənfi idi. (Suny, 1990:103). Bu amil Bakıda ayrı bir kimliyin formalaşdığını göstərirdi. Bakıda yaşayan müsəlman və qeyri-müsəlman arasındakı fərq özünü 1918-ci ildə baş verən mart döyüşlərində də hiss elətdirdi. 1918-ci ilin martında Bakı Sovetinə qarşı qiyamla nəticələnəcək hadisələrdə bütün partiyalar Müsavata qarşı çıxdı, onun əzəli düşməni daşnaklar isə Bakıda və ətraf rayonlarda kütləvi qətliamlar törətdi. Məhz bu hadisələrdən sonra aprel ayında Bakı XKS qurulmuş və bu qurum özünü RSFSR ərazisi olduğunu bildirmişdi (Gokay, 1998:29-30). Müsavat və onun himayəçisi Osmanlı ilə Bakı XKS arasında yay aylarında baş verən müharibələrin səbəbi təkcə ideologiya məsələsi yox, eyni zamanda kimlik məsələsi idi. İyulun sonunda Bakı XKS-in süqutundan sonra qurulan Sentrokaspi diktaturası zamanı da bu amil dəyişmədi. 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun Bakıya girişi həmin dövrdə şəhərdə yaşayan qeyri-müsəlman əhali tərəfindən narazılıqla qarşılanmışdı. 1918-1920-ci illərdə də şəhərdəki bolşevik əhval-ruhiyyə dəyişmədi. Bu mədəni təsir Müsavata da təsir etmişdi. Belə ki, partiyanın sağ qanadı lideri Nəsib bəy Yusifbəyli ilə sol qanadı lideri Məhəmməd Əmin Rəsulzadənin dövlət idarəçiliyinə baxışları fərqli idi. Rəsulzadə fəhlələrin haqları və aqrar məsələdə bolşeviklərə daha yaxın idi (Ağamalıyeva & Xudiyev, 1994:68-69). 1920-ci ilin aprelin 27-də Bakıda həyata keçirilən çevriliş, 1 gün sonra isə ölkədə Sovet hakimiyyətinin elan olunması həmin dövrdə Bakıdakı əhali tərəfindən coşqu ilə qarşılanmışdı (Bezuqolni, 2007:111).
“Bakinets” xalqının tam təşəkkülü
Azərbaycan SSR-in formalaşmasından sonra Bakıda qeyri-azərbaycanlı əhali artmağa başladı və 1926-cı ildə maksimuma çatdı. Bu dövrdə Bakıda yaşayan 453.333 nəfər əhalinin 62,9 faizini artıq formalaşmağa başlayan “bakinets” xalqı təşkil edirdi. 1940-cı illərdən sonra Bakıda yaşayan azərbaycanlı əhalinin bir qismi də şəhərin qeyri-azərbaycanlı elitasının içinə qarışmağa başladı. Buna səbəb ölkədə başlayan “likbez” siyasəti nəticəsində azərbaycanlılarla digər xalqlar arasındakı savadlılıq fərqinin getdikcə ortadan qalxması idi. Bakı əhalisinin kosmopolitliyi kənd yerlərindən şəhərə axına imkan verməməklə (qeydiyyatın məhdudlaşdırılması) qorunurdu. Bakıya Rusiyanın və Ukraynanın böyük şəhərlərindən yüksək ixtisaslı fəhlələrin gəlməsi isə burdakı mühitin ölkənin digər ərazilərindən tamamilə fərqlənməsinə gətirib çıxardı. Bakıda əsas dil rus dili olsa da, digər yerlərdə əhali Azərbaycan dilində təhsil alırdı (Dariyeva, 2011:137-138). Bakıdakı rusdilli əhalinin əsas özəyini ruslar təşkil edirdi. Ruslar ikinci dünya müharibəsinə qədər Bakıda ən çox sayda olan xalq idi. Lakin müharibə zamanı Bakı ruslarının çox böyük hissəsinin həlak olması ilə demoqrafik vəziyyət dəyişdi. Artıq 1960-cı illərdə Bakıda ruslar sayca ikinci yerə düşdü. Buna baxmayaraq, güclü mədəni təsir nəticəsində rus dili hakimiyyətini qorudu. Bundan başqa, Bakıdakı ermənilərin sayında da ciddi dəyişiklik baş vermədi. 1970-ci ildə Bakı erməniləri 200 mini keçdi. Bu dövrdən etibarən həm ruslarda, həm də ermənilərdə sayca azalma tendensiyası müşahidə edildi. Bakı erməniləri şəhər mühitində yaşaması səbəbi ilə beynəlmiləlçi ideyalara sahib idilər. Onların pasportlarında milliyət erməni kimi qeyd olunsa da bir çoxunun erməni adət-ənənələrindən uzaq idi və bu dildə ümumiyyətlə danışa bilmirdi. “Bakinets” xalqının formalaşmasında əsas iştirak edən xalqlardan biri yəhudilər idi (Murinson, 2008:165). Yəhudi tarixçisi Moşe Bekker yazır: “Azərbaycanda elmin, mədəniyyətin və incəsənətin inkişafında yəhduilərin rolu böyükdü. Bakıda Sovet dövründə müxtəlif xalqların mədəniyyətlərinin çox maraqlı simbiozu yaranıb ki, bu da “bakinets” xalqı kimi kimi nadir fenomenin yaranmasına gətirib çıxarmışdı. Bu da Azərbaycan yəhudilərinin böyük xidmətidir.” (Bekker, 2000:41). 1959-cu ilə qədər Azərbaycanda 29.716 Aşkenazi və 13.000 dağ yəhudisi yaşayırdı. Bakıda yaşayan yəhudi əhalinin mütləq əksəriyyətini Aşkenazi yəhudiləri təşkil edirdi. Onlar Sovet Azərbaycanında intellektual və texnokrat elitaların əhəmiyyətli hissəsini təşkil edirdilər (Murinson, 2008:165). Bakıda yaşayan yəhudilərin əksəriyyəti Hüsü Hacıyev küçəsində yaşayırdı (DeHaan, 2018:154). Onlar arasında musiqiçilər Yuliy Şefferlinq, İlya Rozin, Uriel Qoldşteyn, Samson Kronqold, Arkadi Livşits, Daniil Berkoviç, skripkaçılar Sergey Britanitski, Dmitri Sitkovetski, fortepiano məktəbinin yaradıcıları Matvey Presman, İlya Aysberq, Emil Finkelşteyn, Yevgeni Ternogradski, vokalist Eduard Marşad vardı. 1924-cü ildə Georgi Burşteyn 1924-cü ildən bəri Azərbaycan xalq folklorunun inkişafı ilə məşğul idi. Müğənni Sofiya Halfen, bəstəkarlar Esfir Gendler, Zaxar Stelnik ölkədə çox məşhur idi. İlya Aysberq xalq bəstəkarları Tofiq Quliyev və Zakir Bağırovun, Aleksandr Şvarts məşhur “Cücələrim” uşaq mahnısının müəllifi Qəmbər Hüseynovun, Mayor Brenner isə bəstəkar Fərhad Bədəlbəylinin müəllimi idi. “Bakinets” xalqının tərkibinə tatarlar da daxil idi. Bakı tatarları arasında ən məşhur şəxslər kimi aktrisa Mərziyyə Davudova, olimpiya çempionu Zemfira Meftahətdinovanı misal göstərmək olar.
Bakıdakı kosmopolitizm müxtəlif millətlərin nikahlarından ibarət ailələrin formalaşmasına gətirib çıxardı. Bakıdan kənarda azərbaycanlı və ermənilərin evliliyi çox nadir olsa da burada mental fərqliliyin olmaması səbəbi ilə qarışıq nikahlara çox rast gəlinirdi (Boškovska & Perović, 2018:858). Onlar arasında anası azərbaycanlı, atası erməni olan qılıncoynatma üzrə iki qat olimpiya çempionu Karina Aznavuryanı, anası erməni, atası azərbaycanlı olan Arif Yunusovu misal göstərmək olar. Bu tipli nikahlar şəhərdə yaşayan erməni, rus və yəhudilər arasında daha çox baş verirdi. Erməni və yəhudi valideynləri olan şahmat üzrə dünya çempionu Harri Kasparov və yumorist-yazıçı Yevgeni Petrosyanı nümunə kimi qeyd etmək mümkündü. Kasparov açıq şəkildə öz milliyətini “bakinets” kimi identifikasiya edirdi (De Vaal, 2008:120). Özlərini “bakinets” xalqının nümayəndəsi adlandıranlar arasında violonçelist Mstislav Rostropoviç və yazıçı Eduard Topol vardı (Fokin, 2004:302). “Bakinets” xalqının azərbaycanlı nümayəndələri arasında ən məşhur şəxs kimi Müslüm Maqomayevi qeyd etmək olar. O, yazdığı kitabda Bakının mühitini belə təsvir edirdi: “Məktəbimiz Bakı şəhəri kimi beynəlmiləl idi. O vaxt milli fərqlərin nə olduğunu bilmirdik. Azərbaycanın paytaxtı Bakıda Azərbaycan dili məcburi deyildi. İstəyirsən öyrən, istəmirsənsə öyrənmə. Ailəmiz rusca danışırdı. Baydagül nənəm tatar, Camal dayının arvadı Mariya İvanovna polyak idi.” (Maqomayev, 1999:9). Bakıdakı kosmopolitizm nəticəsində şəhərdə yaşayan azərbaycanlıların əksəriyyəti 1960-1970-ci illərdə ədəbi və mədəni mühitə inteqrasiya etməyə başladı. Həmin dövrdə İmran Qasımovun, Həsən Seyidbəylinin, Mənsur Vəkilovun, Natiq Rəsulzadənin, Lev Əsgərovun və başqalarının əsərləri meydana çıxdı. Son dövrdə isə şairlər Dinarə Gərəkməzli, Alina Talıbova, Yelizaveta Qasımova, eləcə də nasirlər Həsən Quliyev, Çingiz Abdullayevin əsərləri nəşr edildi (Sorokina, 2015:85; Sadıqoğlu, 2019:10).
“Bakinets” xalqının məhvi
1988-ci ildə Dağlıq Qarabağda başlayan millətçi hərəkat ölkədəki siyasi proseslərə ciddi təir göstərdi. Bakı ermənilərinin əksəriyyəti beynəlmiləl ideyaya sahib olduqları üçün bu cür millətçi avantüraya dəstək vermədi. Lakin qarşılıqlı zorakılıq nəticəsində şəhərdə yaşayan ermənilər buranı tərk etməli oldu. Erməni tarixçisi Sergey Çobanyan öz kitabında Azərbaycandan köçən Bakı erməniləri barədə bunları yazırdı: “Bakı erməniləri yeni qonşularının özlərinə “saxta erməni” söylədikləri və hətta bəzən özlərini erməni görməkdən tamamilə imtina etdikləri yeni mühitə öyrəşə bilmirdi. Bundan başqa, Bakı erməniləri əsasən ziyalı olduqları üçün özlərinə tamamilə fərqli həyat şərtləri ilə verəcək, sosial statuslarını qorumaqdan məhrum edə biləcək kəndlərə getmək istəmirdilər. Onlar arasında Ermənistanda bir çoxunun yeni şərtlərdə tələb olunmayan ixtisasları var idi. (məsələn, neftçilər). Bu amillər və Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət səbəbi ilə Bakı qaçqınlarının mütləq əksəriyyəti Ermənistandan köç etmək məcburiyyətində qaldı. Onların əksəriyyəti Rusiyaya, Ukraynaya, bir qismi isə ABŞ-a getdi. Bakı ermənilərinin bir digər xüsusiyyəti isə Bakı mühitində qaldığı üçün ruslaşmış, özlərini etnik Bakı icmasının bir parçasına çevrilmələri idi. Bu səbəblə onlar Qarabağ məsələsi ilə qətiyyən maraqlanmırdı və orda edilən addımlara dəstək vermirdi.”
Sovet İttifaqının dağılmasından sonra rusların və yəhudilərin mühacirəti ilə Bakıdakı demoqrafik vəziyyət kəskin şəkildə dəyişdi. Artıq 1990-cı illərin əvvəllərində “bakinets” xalqı məhv olmağa başladı (Voskanyan, 2002:190). Müslüm Maqomayev post-Sovet sonrası Bakıdakı dəyişimi öz kitabında belə qeyd edib: “Mənim həmvətənlərim öz doğma torpağa sadiqdir. Bəli, onlar Bakını tərk etdilər, ciddi səbəblərdən buradan çıxıb getdilər və indi də dost bir qrup olaraq müxtəlif yerlərdə yaşayırlar. Bakı sadəcə bir şəhər deyil, xüsusi həyat tərzidir. Bakılılar milliyyəti olmayan insanlardır. Onlar doğulanda rus , azərbaycanlı, yəhudi, erməni, tatar ola bilər. Ancaq onların hamısı bir millətdir, bir xalqdır. Bu xalqın adı “bakinets”-di.” (Maqomayev, 1999:130).
Sovetlərin dağılmasından sonra qeydiyyat sisteminin ləğvi ilə regionlardan şəhərə kütləvi köç başladı (Krebs, 2015:115). Eyni dövrdə Qarabağda baş verən müharibə nəticəsində kənd insanlarının paytaxta sığınması burdakı mühiti dəyişdirdi. 1995-ci ilə qədər bəri iki milyona yaxın region insanı Bakıya gəldi. Bu köç Bakının köhnə şəhər əhalisi ilə yeni gələn miqrantlar arasında sərt ayırıcı xətlər yaratdı (Dariyeva, 2011:137). Şəhərdə yaşayan “bakinets” xalqının azərbaycanlı nümayəndələri bura gələn region əhalisinin şəhərin tənəzzülünə gətirib çıxardığını düşünürdü. Beləliklə, şəhərin kosmopolit əhalisi yalnız şəhər mərkəzinin bəzi hissələrində, əsasən köhnə Baksovet ərazisində qaldı (De Cordier & Boboc, 2017:382). Bu mədəni toqquşma Bakıda yaşamış yazıçılar əsərlərində əks etdirildi. Bəxtiyar Məmmədovun “Müqəddəs günahkar” romanında Bakının bu dəyişimini əsərin qəhrəmanı Muradın gözü ilə təsvir edir. O, əsərdə şəhərin mühüm demoqrafik probleminə (yerli/yerli olmayan bakılılar) toxunur, bu problemin Bakının mədəniyyətinin və memarlığının cazibə gücünü itirməsinə gətirib çıxardığını qeyd edir : “Yol qaydalarına əməl etməyən və sürücülük mədəniyyətinə malik olmayan insanların maşın sürməsi, maşınların siqaret kötükləri, saqqız, siqaret qutuları ilə çirkləndirilməsi, pəncərələr və balkonlardan həyətə zibilin aılması və s.” Sonda əsərin qəhrəmanı Murad şəhərdəki mədəniyyətsiz insanlara dözmür və Bakını tərk edərək Filadelfiyaya köçür (Sorokina, 2015:92). Post-Sovet sonrası Bakının dəyişimi haqqında digər bir bakılı El Tamilinin “Torontoya bilet üçün Moskvaya” hekayəsinin mövzusudur. Hekayə Bəhruz, Emil, Elman və Sergeyin uşaqlıqdan bəri davam edən dostluğundan bəhs edir. Onların arasında heç bir milli fərq yoxdur, əksinə, hər biri tipik milli kolorit əlamətləri ilə seçilir. Burda da dostlar müxtəlif yerlərə getmək məcburiyyətində qalırlar (Sorokina, 2015:93).
Almaniyanın Humboldt Universitetinin əməkdaşı Melani Krebs yazdığı məqalədə şəhərdəki dəyişimi əhalinin dili ilə belə anladıb: “2010-cu ildə Bakıya gəldikdən sonra yerli əhali ilə danışığım zamanı onlar 1970-1980-ci illərdə şəhərin necə gözəl olmasından, müstəqillik əldə etdikdən sonra hər şeyin necə pisləşməsindən danışırdılar. “Artıq mənim şəhərim deyil” ifadəsi tez-tez səslənirdi. Şəhərin bərbad olmasından ən çox şikayət edən müsahiblər müxtəlif etnik mənşəli yaşlı insanlar idi, onlar özlərini Bakıda doğulub boya-başa çatmış “Bakintsi” kimi təqdim etmişdilər. Ancaq bu, onların şəxsiyyətinin yalnız bir hissəsi idi, onlar əsasən akademik, rusdilli, öz davranış kodları və əxlaq standartları olan sovet orta təbəqəsinin bir hissəsi idilər. Sovet İttifaqının dağılmasından sonra onlarda mədəni və iqtisadi cəhətdən marjinallaşma hiss olunurdu. Onların təbii saydıqları əmtəələr və özfəaliyyətlər əlçatmaz və bahalı olmuşdu. Bu cür fəaliyyətlərə konsertlər və teatra getmək, şəhərin mərkəzində və ya dəniz kənarında yerləşən qəhvəxanada qəhvə içmək, eyni zamanda Sovet İttifaqının başqa yerlərinə səyahət etmək daxildir. Bu gün onlar Sovet İttifaqının süqutundan sonrakı transformasiya dövrünün bir çox tipik problemi ilə üzləşirlər. Onların maaşı və ya pensiyası dolanışıq üçün kifayət etmir, yaşadıqları sovet yaşayış binaları bərbad vəziyyətdədir və ictimai nəqliyyat bərbad vəziyyətdədir. Bütün bunlar niyə özlərini marjinal hiss etdiklərini və artıq bərabər vətəndaş olmadıqları barədə mənə söylədikləri şeylər idi. Müsahibə aldığım insanlar şəhərlərinin tənəzzülünün əsas səbəblərindən biri kimi onun keçmiş Sovet İttifaqının hər yerindən gələn əhalisinin ona verdiyi “kosmopolit” xüsusiyyətini itirməsində görürdü. Bakintsilər keçmiş rus və ya erməni qonşularının getməsini, əvəzində isə kənddə yaşayan azərbaycanlılarının şəhərə köçməsini geriyə addım kimi qiymətləndirirdilər. Onlara görə Bakı Avropa şəhəri əvəzinə çirkli “şərq” şəhərinə çevrilmişdi”. (Krebs, 2015:552).
Nəticə
“Bakinets” kimliyi eyni zamanda sosialist bir kimlik idi. Bu məsələ ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin “İkinci əl dövrü” kitabında ələ alınır. Bakı ermənisi qadın Aleksiyeviçə verdiyi müsahibədə SSRİ-nin dağılması ilə öz Sovet kimliyini itirdiyini qeyd etmişdi (Aleksiyeviç, 2014:71). Bu səbəblə Bakını tərk edən əhalinin əksəriyyəti bu post-sosialist kimliyi qorumağa davam edir. Bakıda doğulmuş yazıçı Yevgeni Voyskunski Bakı haqqında yazdığı tarixi romanı çoxmillətli Bakının dirçəliş imkanlarını təklif edən fəsillə bitir (DeHaan, 2018:158). Bu, yazıçının Bakının yenidən öz mədəni xüsusiyyətlərini qazanması üçün təklif etdiyi formul idi. Lakin reallıqda belə bir şey mümkün deyil. Şəhərdə yaşayan rusdilli əhalinin yaşlanaraq həyatını itirməsi ilə Bakının milliləşməsi paralel formada davam edir. Az sayda qalan və hələ də özünü “bakinets” adlandıran rusdillilər isə zamana qarşı müqavimət göstərməyə davam edirlər. Onların qoyduğu intelektual mirası isə bu mədəniyyətlə heç bir əlaqəsi olmayan Bakı kəndlərində formalaşmış “bakılı” kimliyi sahiblənməyə çalışır. “Bakinets” bir xalq idisə “bakılı” regional identifikasiyadır. Bunların bir-biri ilə heç bir uyğunluğu yoxdur.
İstifadə edilən ədəbiyyat
Alexander, M. (2008). Azerbaijani-jewish relations: Realpolitik embedded in history. The Caucasus & Globalization, 2(2), 157-168.
Audrey, L. (1992). Altstadt, The Azerbaijani Turks: Power and Identity under Russian Rule.
Bakıxanov, A. A. (2010). Gülistani-İrəm, Xatun Plyus nəşriyyatı.
Boškovska, N., & Perović, J. (2018). Manifestations of nationalism: the Caucasus from late Soviet times to the early 1990s. Europe-Asia Studies, 70(6), 853-861.
De Cordier, B., & Boboc, C. (2017). From Once-Dominant Minority to Historical Christian Outpost on the Southern Caspian: Azerbaijan’s Orthodox Christians. Central Asian Affairs, 4(4), 358-383.
de Vaal, T. (2008). Qarabag: Ermenistan ve Azerbaycan sülh ve savaş yollarında. Bakı, İlay neşriyatı.
DeHaan, H. D. (2018). Baku’s Soviet Vnye. The Future of (Post) Socialism: Eastern European Perspectives, 145.
Əl-Bakuvi, Əbdürrəşid (1992). “Kitab təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar” (“Abidələrin” xülasəsi və qüdrətli hökmdarın möcüzələri). Sur nəşriyyatı.
Gokay, B. (1998). The battle for Baku (May‐September 1918): a peculiar episode in the history of the caucasus. Middle Eastern Studies, 34(1), 22-45.
Krebs, M. (2015). From cosmopolitan Baku to tolerant Azerbaijan–Branding “e Land of Fire”. Identity Studies in the Caucasus and the Black Sea Region, 6.
Krebs, M. (2015). The right to live in the city. International Journal of Sociology and Social Policy
Miéville, C. (2017). October: The story of the Russian revolution. London & New York: Verso.
Minahan, J. B. (2014). Ethnic groups of North, East, and Central Asia: an encyclopedia. ABC-CLIO.)
Suny, R. G. (1990). Bakü Komünü: Rus Devriminde Milliyet ve Sınıf. Trans. Kudret Emiroğlu). İstanbul: Belge Publications.
Агамалиева, Н., & Худиев, Р. (1994). Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг. Баку: Сабах, 76
Алексиевич, С. (2014). Время секонд хэнд (Vol. 5). Издательство «Время».
Арутюнов, Г. А. (1963). Рабочее движение в Закавказье в период нового революционного подъема: 1910-1914 гг. Издательство АН Азербайджанской ССР.
Бартольд, В. В. (1924). Место Прикаспийских областей в истории мусульманского мира:(курс лекций…). Общество обследования и изучения Азербайджана.
Безугольный, А. Ю. (2007). Народы Кавказа и Красная армия. 1918-1945 годы. Вече.
Беккер, М. (2000). Евреи Азербайджана. CBS Polygraphic Productions
https://stmegi.com/upload/iblock/2c9/2c9782931e105dacce21fce1a90b22ba.pdf
Восканян, С. С. (2002). Очерк истории армяно-азербайджанских этнополитических отношений. Изд-во ВолГУ.
Гаджиева, Л. О. (2015). Вопросы Первой мировой войны на страницах русскоязычной печати Баку. Вестник Московского университета. Серия 10. Журналистика, (1), 64-84.
Дариева, Ц. (2011). Стерилизуя публичное пространство? Бакинская набережная как променад истории. Неприкосновенный запас, 6(80).
Логинов, В. (1972). Ленинская” Правда.”: 1912-1914 гг. Политиздат.
https://leninism.su/images/PDF/Loginov.pdf
Магомаев, М. М. (1999). Любовь моя-мелодия. Вагриус.
Сорокина, В. В. (2015). Русскоязычная проза Азербайджана начала ХХI В. Литературные связи и художественные особенности. Вестник Московского университета. Серия 9. Филология, (2), 84-107.
Ю. Е. Фокин (2004) Дипломатический ежегодник-2003 / Дипакадемия МИД России, Издательство: Научая книга.
Юнусов, А. (2004). Ислам в Азербайджане. Izd-vo” Zaman”.
[1] İnqilab dövründə əhalinin sayında nisbi azalma baş vermişdi.







