Bu yazıda məqsədim liberal xarici siyasətin təfərrüatlarına aydınlıq gətirmək, onun hansı nəticələrə səbəb olduğunu araşdırmaqdır. Həmçinin, fundamental olaraq bir-birinə zidd olan liberalizm və millətçiliyin eyni anda necə mövcud olduğunu, liberal xarici siyasətdə millətçiliyin liberal xarici siyasətin yaranmasında, eyni zamanda uğursuzluğa düçar olmasında rolunu incələməyə çalışacağam.
Ondan başlayaq ki, liberalizm hər şeydən öncə fərdiyyətçi ideologiyadır. Liberalizmin baniləri Tomas Hobs (özü liberal olmasa da liberalizmin prinsiplərini müəyyən etmişdir), Con Lok və digər sosial kontrakt nəzəriyyəçiləri inanır ki, fərdlər təbiətə (state of nature) doğulur və bir araya gələrək sosial kontrakta girirlər. Liberallar inanır ki, xoşbəxtlik, əxlaq, yaxşı və yaman kimi anlayışlar universal ola bilməz və onlar fərddən fərdə dəyişirlər. Təbii vəziyyətdə yaşayan insanlar bir-biri ilə ziddləşən fikirlərinə görə münaqişəyə girə bilər, bu da öz növbəsində böyük fəlakətlərlə nəticələnər. Bu fəlakətin qarşısını almaq üçün sosial kontrakt yaranmalı və bu kontrakt da dövlət tərəfindən qorunmalıdır. Dövlətin yeganə rolu insanlara kifayət qədər yaşama imkanı tanımaq və yarana biləcək münaqişələrin qarşısını almaqdır. Bu, liberalizmin ilkin formasıdır. Liberalizmin bu formasına klassik liberalizm də deyilir.
Daha sonra liberalizmin yeni forması ortaya çıxmağa başlayır – təməl prinsipləri eyni olsa da modern və ya proqressiv liberalizm inanır ki, dövlətin həm də insanlara bərabər imkanlar yaratmaq məsuliyyəti vardır. Tibbi sığorta, pulsuz təhsil, işsizliyə görə müavinətlər və.s kimi sosial proqramlar proqressiv liberalizmə görə insan haqlarının bir parçasıdır. Klassik liberalların tanıdığı fikir azadlığı, sərbəst toplaşma, mülkiyət hüququ kimi haqlara elmi ədəbiyyatda neqativ haqlar; tibbi sığorta, imkan bərabərliyi, pulsuz təhsil, işsizlik müavinəti kimi haqlara isə pozitiv haqlar deyilir. Çox dərinə getmədən bildirim ki, sənayeləşmənin sürətli inkişafından ötrü klassik liberalizm uğursuzluğa düçar oldu. Sürətlə inkişaf edən böyük korporasiyaları nizamlamaq üçün dövlət müdaxiləsi qaçınılmaz olduğu üçün bu gün dünyada klassik liberalizm yox, proqressiv liberalizm hökm sürür. Kommunizmin liberalizmə antaqonist bir ideologiya kimi ortaya çıxması da proqressiv liberalizmin yaranmasına səbəbiyyət vermişdir. Liberallar həm də inanır ki, hər bir fərd ayrılmaz hüquqlara sahibdir. Sadəcə fərd olmaq kifayət edir ki, sənin ayrılmaz hüquqların olsun. Bu hüquqların başında təbii ki, yaşama hüququ gəlir. Bütün neqativ haqlar fərdin ayrılmaz haqlarıdır və heç kəs bu haqları onlardan ala bilməz. Bu məsələyə daha sonra qayıdacağıq.
Millətçilik isə təməl prinsipləri etibarilə liberalizmdən ayrılır. Millətçilər inanır ki, fərd izolasiya olunmuş varlıq deyil. Biz təbiətə yox cəmiyyətə doğuluruq. Dünyaya gəldiyimiz ilk gündən biz bir qrupun parçasıyıq, yəni təbiət olaraq sosial varlıqlarıq. İnsanlar öz fərdiliklərini həyatlarının sonrakı mərhələlərində dərk etməyə başlayırlar. Bu baxımdan millətçilər üçün öncə gələn fərd yox, qrupdur.
Fərdiyyətçilik bəzi hallarda qrup maraqları ilə tərs düşə bilər və bu məqamda millətçilər qrup maraqlarını üstün tutmağa meyllidirlər. Bu baxımdan millətçilər təbii olaraq, suverenlik, milli maraqlar, öz qrupuna aid bir dövlətin olması kimi prinsipləri üstün tuturlar.
Bir-biri ilə təməldə zidd olan bu iki ideologiya necə bir arada mövcud olur? Bu əslində bir yazı ilə izah ediləcək məsələ deyil, mən də bu yazı ilə də bu mürəkkəb mövzunu ətraflı izah edə bilməyəcəyimi anlayıram, ancaq görünən odur ki, millətçilik və liberalizm eyni anda mövcud ola bilir və xarici siyasətə də təsir göstərir.
Liberal xarici siyasət nədir və nə üçün var?
Liberalların bir prinsipini yadımıza salaq – bütün fərdlər ayrılmaz haqlara sahibdir. Bu o deməkdir ki, liberalizm əslində unversalist bir ideologiyadır. Əgər bütün insanlar ayrılmaz haqlara sahibdirsə demək dünyada haqları pozulan bütün insanlar həm də liberal dövlətlərin problemidir. Ona görə də başqa dövlətlərdə liberal demokratiyalar qurmaqla dünyada insan haqlarını təmin etmək olar. Liberallar xarici siyasətə öz dəyərləri nöqteyi-nəzərindən baxdıqları üçün onlar mövcud reallığı dəyişməyə cəhd göstərirlər. Əgər İraq, Əfqanıstan və ya Ukrayna kimi ölkələrdə insan haqları pozulursa liberalların nəzərində bu reallıq qəbul edilməzdir. Həm insan hüquqları baxımdan, həm də liberal etika baxımından qeyri-liberal reallıq dəyişdirilməlidir. Liberallar inanır ki, qeyri-liberal hökumətlər qaçınılmaz olaraq öz vətəndaşları ilə düşmən münasibətdədir, çünki yuxarıda qeyd edilən fərdin ayrılmaz hüquqları həmin ölkələrdə təmin edilmir.
Eyni zamanda da qeyd etmək vacibdir ki, liberallar həm də demokratik sülh nəzəriyyəsinə səmimi qəlbdən inanırlar. Demokratiyaların bir-birləri ilə savaşmadığını, buna görə də bütün dünyanın demokratik olacağı təqdirdə dünyada müharibələrin bitəcəyini düşünürlər. Bu nəzəriyyənin doğru olub-olmadığını test etmək kimi bir imkanımız hazırda yoxdur, çünki demokratiya hələ də bütün dünyaya hakim olmayıb, ancaq İkinci Dünya müharibəsindən sonra Avropa demokratiyalarının bir-birləri ilə savaşmaması liberalların ən güclü arqumentidir.
Reallığa öz dəyərləri və prinsipləri nöqteyi-nəzərindən şərh verdikləri üçün liberalizmin beynəlxalq münasibətlərdə mövcud olan hazırki şərtləri doğru anlamadığını düşünürəm. Gerçəkliyə yalnış şərh verilməsi təbii olaraq yalnış addımların atılması ilə nəticələnir.
Liberalizm dedikdə Amerika Birləşmiş Ştatları undulmamalıdır. Əksinə, bu gün liberal hegemoniyanın əsas icraçısı ABŞ-dır. Məsələ ondadır ki, SSRİ-nin çöküşündən sonra yaranmış boşluq doldurulmalı idi. ABŞ bir anlıq təkqütblü dünyanın liderinə çevrildiyini düşünür, ona müqavimət göstərə biləcək heç bir gücün olmadığına inanır və bu fürsətdən istifadə edərək bütün dünyanı liberal demokratiyalarla bəzəmək missiyasını öz üzərinə götürür. Zənnimcə, həmin dönəmdə ABŞ-da əhval-ruhiyyənin necə olduğunu anlamaq üçün ən gözəl mənbələrdən biri Frensis Fukuyamanın Zamanın Sonu məqaləsidir. SSRİ-nin dağılmasından dərhal sonra Fukuyama heç tərəddüd etmədən dünyada liberalizmin qalib gəldiyini və heç bir başqa ideologiyanın liberalizmə alternativ ola bilməyəcəyini elan etdi. Daha sonra bu fikrindən daşınsa da, o dönəmdə tələm-tələsik edilmiş bu elan məncə ABŞ siyasi dairələrinin əhval-ruhiyyəsini aydın izah edir. Doğrudur, o dönəmdə də bu fikri qəbul etməyən realistlər var idi, ancaq görünən odur ki, SSRİ-nin çöküşü elə böyük təsir gücünə malik idi ki, hətta amerikalıların belə dünyanı qavramasına önəmli təsir göstərdi.
Uzun sözün qısası, Amerika qollarını çırmalayıb dünyaya liberalizm hədiyyə etmə işinə başladı. Amerikanın soyuq müharibədən sonrakı bütün xarici siyasəti bu prinsip əsasında quruldu. Bu iddianı edən Con Mirşaymerdir. Onun iddiasına əsasən Amerika Yaxın Şərqdə və Şərqi Avropada öz liberal xarici siyasət gündəliyindən irəli gələrək rejimləri inqilablar və ya hərbi müdaxilələr yolu ilə dəyişdirməklə, libreal hökumətlər qurmağa cəhd etmişdir və bu cəhd başdan-başa fəlakətlə nəticələnmişdir. Amerikanın genişlənmə siyasəti Rusiya və Çin kimi hegemon ölkələri qıcıqlandırmış və nəticədə Ukrayna və Gürcüstan krizisləri ortaya çıxmışdır. Mirşaymer inanır ki, Gürcüstan və Ukraynanın Rusiya tərəfindən işğalı birbaşa Amerikanın günahıdır.
Amerika dünyaya liberalizm gətirmək missiyasını bir-neçə üsulla həyata keçirirdi. Media vasitəsi ilə təbliğat apararaq avtoritar ölkələrdə yaşayan xalqlar arasında etiraz toxumları səpmək, QHT-lər vasitəsi ilə o ölkələrdə insan qazanmaq, Qərbdə onlara təlimlər keçmək, maddi yardımlarla liberal QHT şəbəkəsini gücləndirmək, hədəfdə olan hökumətlər hər hansı bir formada reaksiya verdikdə onları beynəlxalq qınaq obyektinə çevirmək, insan haqları, azad söz, islam ölkələri üçün qadın haqları, mühafizəkar ölkələr üçün cinsi azlıqların haqları adı altında təzyiqlər göstərmək, iqtisadi sanksiyalara məruz qoymaq və mümkün olan hər vasitə ilə rejimləri zəiflədib, gələcək narıncı inqilablar üçün zəmin hazırlamaq.
Narıncı inqilablar Şərqi Avropa ölkələri üçün nəzərdə tutulmuş plan idi. O ölkələr daha sülhpərvər yollarla, hərbi müdaxilə olmadan, içəridən dəyişilməli idi. Liberal sistemin bir parçası olub, Avropa Birliyinin və NATO-nun üzvünə çevrilməli idi. Təəssüf ki, ABŞ-a Rusiyanın necə reaksiya verəcəyi heç maraqlı da deyildi. Ancaq ABŞ-ın bu genişlənmə siyasəti Rusiyada narahatlığa səbəb oldu və ruslar ən yaxşı bacardıqları işi görüb, Gürcüstana və Ukraynaya hərbi müdaxilə etdilər. Sonda nə bu ölkələrdə demokratiya quruldu, nə AB-nin, nə də NATO-nun üzvü oldular. Rusiya kimi böyük bir güclə təkbətək qaldılar. Daxildə siyasi stabillik yerlə bir oldu və keçmiş demokratik ənənə olmadığı üçün də normal işləyən demokratiya da qura bilmədilər. Hər iki ölkə müharibənin bəlaları ilə təkbaşına mücadilə etmək məcburiyyətində qaldılar. Belarusda isə bu inqilab cəhdi uğursuzluqla nəticələndi və hazırda Rusiya özü orada “demokratiya quruculuğu” ilə məşğuldur. Belarus olan-qalan suverenliyini də beləliklə Rusiyaya təhvil vermiş olacaq.
Yaxın Şərq xalqları üçünsə ABŞ-ın daha praktik bir planı var idi. Sosial mühəndisliklə vaxtını itirmək istəməyən ABŞ, bu ölkələrə rəngli demokratiyanı öz ordusu ilə gətirmək qərarına gəldi. Əfqanıstana və İraqa birbaşa müdaxilə yolu ilə, Suriyaya və Libyaya isə dolayı müdaxilə yolu ilə burdakı rejimlər dəyişdirildi və nəticənin nə olduğunu burda yazmağa heç ehtiyac da yoxdur. Hər kəs o ölkələrdə nə baş verdiyini çox yaxşı anlayır.
Millətçilik və onun liberal xarici siyasətdə rolu
Mübaliğə etmədən deyə bilərəm ki, millətçilik hazırda, yer üzündəki ən güclü ideologiyadır. Dünya nə qədər qloballaşsa da, min illərdən bəri axıb gələn mədəni, linqvistik, etnik və coğrafi bağlar bir neçə onilliyə yoxa çıxıb gedəsi deyil. Bir anlıq düşünün, hansısa bir azərbaycanlı uğur qazananda, qızıl medal alanda ya da dünyaca önəmli bir işə imza atanda böyük əksəriyyətimiz fəxr edirik, sevinirik. Halbuki, o şəxsin uğurlarının bizim həyatımıza heç bir müsbət və mənfi təsiri yoxdur. Sadəcə azərbaycanlı olması bizi sevindirir. Nə üçün? Ya da ki, bir azərbaycanlıya xaricdə hər-hansı bir haqzıslıq ediləndə bir çoxumuz özümüzdən çıxırıq, bu haqsızlığa mütləq cavab verilməli olduğunu düşünürük. Halbuki, o adama qarşı edilmiş haqsızlığın bizə heç bir dəxli yoxdur. Bəs bu, nə üçün bizi özümüzdən çıxarır? Bu fenomenin bir adı var: millətçilik. Aidiyyat hissi. Bir qrupa bağlı olmaq o qədər güclü bir hissdir ki, o qrupun mənafeyi üçün həyatımızı belə qurban verməyə hazırıq. Bu səbədəndir ki, bu gün və gələcəkdə millətçilik beynəlxalq münasibətlərdə ən güclü təsir mexanizmi olaraq qalacaq.
Yuxarıda yazılanları nəzərə alsaq “Xalqlar öz ölkələrinin başqaları tərəfindən idarə olunmasını sadəcə istəmirlər” mülahizəsi yəqin ki, heç kəsi təəccübləndirməz. Ancaq təəssüf ki, liberal xarici siyasət bu amili görməzdən gəlir və anlamaq istəmir. Amerikanın işğal etdiyi ölkələrdə uğursuzluğa düçar olmasının səbəbi millətçilikdir. İşğal edilən xalq müqavimət göstərir və Amerikanın diktə etdiyi liberal rejimi qəbul etmir. Təbii ki, burada hədəfdə olan xalqın mədəniyyəti, tarixi, coğrafiyası da önəmlidir. Heç bir liberalizm təcrübəsi olmayan xalqlara zor gücü ilə, sosial mühəndisliklə və digər vasitələrlə liberal demokratiya qurmaq mümkün deyil. Bu səbəbdəndir ki, Amerikanın Yaxın Şərq və Şərqi Avropa siyasəti sadəcə fiyaskodur. Çağdaş dünyada bir ölkəni fəth etmək sadəcə mümkün deyil. Amerikanın Vyetnam, İraq və Əfqanıstan fiyaskosu, SSRİ-nin ümumiyyətlə çökməsinin arxasındaki gizli, bəziləri üçün isə aşkar səbəb millətçilikdir. Millətçilik özünü fərqli olkələrdə fərqli formada büruzə verə bilər. Məsələn Yaxın Şərqdə din olaraq, Şərqi Avropada etnik millətçilik olaraq, Vyetnamda kommunizm olaraq və.s. Ancaq hansı formada ortaya çıxmasından asılı olmayaraq, bu ölkələrin ortaq cəhəti xarici işğalçıya qarşı müqavimət göstərmələridir. Heç kəs öz ölkəsinin, xalqının başqası tərəfindən diktə olunan siyasi sistemdə yaşamağını istəmir. Millətçiliyin ən əsas prinsiplərindən biri suverenlikdir.
Yaxşı, millətçiliklə liberalizm necə bir arada ola bilər? Bu sualın cavabı Amerikanın liberal siyasətinin səbəblərini araşdırarkən ortaya çıxır. Təbii ki, liberal xarici siyasət ya da Mirşaymerin dediyi kimi Liberal hegemoniyanın əsası liberalizmin prinsipcə universal olmasıdır, ancaq ortalıqda görünməyən başqa məqamlar da var. Liberal xarici siyasətin digər səbəbi isə odur ki, dünyada liberal demokratiyalar qurmaqla Amerika öz liberal rejiminin təhlükəsizliyini təmin etmək istəyir. Liberal sistemin lideri kimi bütün dünyada liberal rejimlərin qurulmasına nail olsa, onda ona qarşı çıxa biləcək qeyri-liberal rejimlər olmayacaq. Amerikanın içərisində qeyri-libreal qüvvələr qıraqdan özlərinə müttəfiq tapa bilməyəcək və nəticə etibarilə Amerika daxili təhlükəsizliyini də təmin etmiş olacaq. Amerika dünyada hegemon güc kimi yaranacaq yeni qlobal liberal sistemdə lider dövlət kimi, bütün dünyanı idarə edəcək.
Qısaca demək mümkündür ki, Amerikanın liberal xarici siyasətinin dərinlərdə yatan səbəblərindən biri millətçilikdir. Amerika cəmiyyətinin necə millətçi olması məncə heç kəsə də sirr deyil. Bütün qruplar kimi onlar da öz qrup maraqlarını ön plana çıxarırlar. Ancaq eyni millətçilik həm də Amerikanın liberal siyasətinin iflasa uğrmasına səbəb olmuşdur. Bu gün Amerikanın Əfqanıstandan və digər yerlərdən çəkilmə istəyinin səbəbi, liberal siyasətin iflasa uğradığını anlaması, dünyanın tək qütblü yox, çox qütblü olduğunu dərk etməsi və bu səbəbdən də realist xarici siyasətə keçərək öz ənənəvi təsir dairəsinə çəkilməsidir. Amerika zənnimcə libreal hegemoniyadan imtina edərək daha realist xarici siyasətə keçmək ərəfəsindədir.
Buradan göründüyü kimi Amerikanın liberalizmi dünyaya sırıma istəyinin gizli motivasiyası öz imperial maraqlarıdır. Rəngarəng ritorika ilə bəzədilmiş və dünyaya sülh və əminamanlıq gətirmə bəhanəsi ilə yürüdülən liberal demokratiyanı dünyaya yayma siyasəti, ABŞ-in imperial marağından başqa bir şey deyildir. Belə məqamda bizim kimi arada qalan dövlətlər sadəcə ehtiyatlı davranmalıdır. Ölkəmizi böyük güclərin mübarizə meydanına çevirməməliyik. Onları imperial olmağa sövq edən millətçilik bizi də özümüzü qorumağa sövq edir. İstər qlobal liberalizm olsun, istər Avrasiyaçılıq – bunlar imperial dövlətlərin xarici siyasət agendalarıdır. Biz hər zaman öz suverenliyimizi, insanlarımızın azadlğını, dövlətimizin mövcudluğunu qısaca milli maraqlarımızı əsas götürərək siyasət yürütməliyik. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Liberal demokratiya siyasi sitem olaraq bu günə qədər icad edilmiş ən yaxşı sistemdir və biz bu sistemi mümkün olduğu qədər öz ölkəmizdə də tətbiq etməliyik. Fərdin bütün neqativ və pozitiv haqlarının təmin edildiyi dövlət yaratmaq bizim millət olaraq missiyamız olmaldır. Ancaq bunu edərkən böyük siyasi oyunun aləti olduğumuz üçün yox, yenə öz daxili gücümüz və öz maraqlarımız naminə etməliyik. Azərbaycanda demokratiya daxili enerji hesabına həyata keçməlidir, xarici sponsorluq hesabına yox.