İnsan oğlunun yerdən kənarda hələ ki, ayaq basdığı yeganə kosmik cisim olan Ay, tarixboyu bir çox sivilizasiyanın mədəniyyətində mistik yerə sahib olsa da, bəşəriyyətin və elmin inkişafı ilə müasir dövrdə dünya super güclərinin yerdən kənarda əsas tədqiqat və bayraq sancma meydanlarından biri halına gəlmişdir.
Soyuq müharibə illərində ABŞ və SSRİ arasında texnoloji və ideoloji mübarizənin cərəyan etdiyi əsas cəbhələrdən biri olan kosmik fəzadakı yarışın ilk mərhələsi SSRİ-nın böyük uğurları (ilk süni peykin orbitə yerləşdirilməsi, ilk canlı orqanizmin göndərilməsi və s.) ilə müşahidə olunsa da, yekunda ABŞ-ın Aya ilk insanı göndərməsiylə yeni mərhələ başlamışdır. İlk dəfə Yerin orbitinə süni peyklərin, heyvanların və insanların daşınmasıyla başlayan bu rəqabət sonda kainatımızla bağlı yüzlərlə astronomik kəşflərin ortaya çıxmasına və qalaktikamızda yer alan digər planetlərə uçuşların reallaşmasıyla nəticələnmişdir.
SSRİ-nın dağılmasının ardından və dolayısıyla soyuq müharibənin bitməsiylə səngiyən kosmos yarışı, yerini XXI əsrdə Çin və ABŞ arasında alovlanacaq növbəti mübarizəyə buraxmışdır.
2018-ci ildən bəri müxtəlif missiyalar üzrə kosmosa ən çox raket göndərmiş ölkə titulunu daşıyan Çin, bu sahədəki sürətli irəliləyişi ilə Atmosferüstü yarışda ABŞ-a rəqib olacaq yeni ölkə statusu qazanmışdır. ABŞ-ın sabiq vitse-prezidenti Mike Pencenin də 2019-cu il mart ayının 26-da Milli Kosmos Konsulluğunun V iclasındakı çıxışında Çini nəzərdə tutaraq dediyi: “Biz 1960-ci illərdə olduğu kimi bu gün də kosmik yarışın içindəyik və bu dəfəki pay daha böyükdür” cümləsi də rəqabətin nə qədər amansız olduğunu və olacağını göstərir.
Bünövrəsi Soyuq Müharibə illərində (1947 – 1991), daha dəqiq 1960-ci ildə qoyulmuş Çinin kosmik proqramı, uzun illər boyu Milli Müdafiə Nazirliyi nəzdində Elm, Texnologiya və Sənaye Komissiyasının nəzarəti altında minlərlə alim və mühəndisin iştirakı ilə tam məxfi şəkildə təkmilləşdirilirdi. Çin kosmik sənayesinin banisi hesab edilən və raket texnologiyaları sahəsində XX əsrin böyük alimlərindən Qian Xuesen siyasi səbəblərdən dolayı ABŞ-dan deport edildikdən sonra Çinə geri qayıdır. O, 1956-ci ildə Ballistik raket istehsalı üçün nəzərdə tutulmuş, Milli Müdafiə Nazirliyi nəzdində V Araşdırma Akademiyasının direktoru təyin edilir.
1983-cü ildə Aerokosmik Sənayesi Nazirliyinə çevrilən adıçəkilən qurumun bazasında, 1993-cü ildə kosmik fəaliyyətlərin planlaşdırılmasından və inkişaf etdirilməsindən məsul Çin Milli Kosmik İdarəsi (CNSA) və bu sektorla əlaqədar texnologiyaların inkişafından məsul Çin Elm və Sənaye Aerokosmik Korporasiyası (CASIC) adlı iki müstəqil qurum yaranır.
Çinin aerokosmik sənayesinin özəyini təşkil edəcək “Dongfeng” qitələrarası ballistik raketlərin ilk modelləri, SSRİ-nın “R2” adlı qısamənzilli raket texnologiyası əsasında hazırlanır (SSRİ-nın uran tədarükü müqabilində Çinə ixrac etdiyi “R2” raketi də, öz növbəsində Alman “V2” raketinin bazasında hazırlanmışdı). Rusların Çinə bu və digər sahələrdəki texniki dəstəyi 1960-cı il Çin-SSRİ münasibətlərinin siyasi müstəvidə pozulmasına qədər davam edir. Bununla yanaşı, 1960-70 ci illərdə Çinin sosial həyatına, iqtisadiyyatına, elm və mədəniyyətinə böyük zərbə vurmuş “Mədəni İnqilab” (ənənəvi və kapitalist dəyərlərin məhv edilməsi yoluyla kommunizmin və Mao Zedong hakimiyyətinin möhkəmləndirilməsinə xidmət etmiş və sonu fəlakətlə bitmiş sosial hərəkat), bir müddət aerokosmik sənayesinin də inkişafına mənfi təsir göstərir.
SSRİ-nın 1957-ci ildə dünyanın ilk süni peyki olan “Sputnik I”i orbitə göndərməsindən həvəslənən Çin hakimiyyəti, “Layihə 581” kod adı altında kosmik proqramının icrasına başlayır. Proqramın məqsədi Çin Xalq Respublikasının (ÇXR) qurulmasının 10 illiyi yubileyi münasibəti ilə dünyanın orbitinə süni peyk göndərmək olsa da, adıçəkilən layihənin reallaşması ancaq 1970-ci ildə “Chang Zheng-1” (CZ-1) ballistik raketinin daşıdığı “Dong Fang Hong 1” adlı kommunikasiya peykiylə mümkün olur və bununla da Çin, ABŞ, SSRİ, Fransa və Yaponiyadan sonra yerin orbitinə öz raket potensialı hesabına süni peyk göndərə bilmiş beşinci ölkə olur.
Qeyd edək ki, Çinin istehsal etdiyi “Chang Zheng” və ya qısaca, “CZ” (raketin adı “uzun yürüyüş” mənasına gəlir və Çində cümhuriyyətçilərlə kommunistlər arasında 1927 və 1949-cu illər arasında yaşanmış vətəndaş müharibəsi zamanı Mao Zedong ordusunun böyük qurbanlar hesabına 370 gün ərzində cənubdan şimala 9000 km-lik yolu qət etməsi xatirəsinə ithaf olunub. Beynəlxalq arenada daha çox ingilisdilli adıyla – “Long March” ya da “LM” olaraq tanınır) raket ailəsi, “Shenzhou” kosmik gəmilərinin yerin orbitinə çıxarılmasında və “Chang’e” robotik kosmik aparatlarının Ayın orbitinə və eləcə də səthinə daşınmasındakı uçuş təchizatını təmin edəcəkdir.
Qısamənzilli raket texnologiyası tədricən orta və uzunmənzilli ballistik raketlərin hazırlanmasına, bu da öz növbəsində kosmik raketlərin istehsalına təkan verir. Görülən bütün əməli tədbirlərin nəticəsi olaraq, Çin, 1964-cü ildə göyərtəsində 8 ədəd siçanın olduğu ilk bioloji canlı varlıq daşıyan kosmik gəmisini kosmosa göndərir. Bu uçuş, Çinin kosmosa çıxmasının ilk rəsmi tarixidir. Bunun davamında 1975-ci ilin noyabr ayının 26-da yenidən istifadəsi mümkün olan ilk süni peyk də yerətrafı orbitə yerləşdirilir.
Çinin NASA-sı hesab edilən CNSA, 1999-cu ilin noyabr ayının 20-də “CZ-2F” raketi ilə “Shenzhou 1” adlı ilk pilotsuz kosmik aparatı yerətrafı orbitə göndərir. Layihənin davamı olaraq, 2001 və 2002-ci illərdə həyata keçirilən növbəti eyni məzmunlu uçuşlarla taykonatlı (Çində kosmonavtlar belə adlanır) kosmik uçuşlara gedilən yolun son hazırlıq mərhələsi tamamlanır.
Müvafiq tədbirlər görüldükdən sonra, “Layihə 921” üzrə 2003-cü ilin oktyabr ayının 15-də Çin, “Shenzhou 5” adlı taykonat daşıyan ilk kosmik cihazını, “CZ-2F” raketiylə orbitə göndərir və beləliklə, o, ABŞ və SSRİ-dən sonra dünya tarixində Yerin orbitinə insan göndərmiş üçüncü ölkə olur. Çinin ilk taykonatı Yang Liwei, 21 saatlıq uçuşu ərzində dünya ətrafında 14 dəfə dövrə vuraraq “Jiuquan” kosmodromuna (Qobi səhrasında yeləşən “Dongfeng” kosmik şəhərciyinin tərkibinə daxil olan Çinin 4 əsas kosmik mərkəzindən biri) uğurlu eniş edir. Proqramın davamı olaraq, 2005-ci ilin oktyabr 12-i “Shenzhou 6” kosmik gəmisiylə beş günlük ilk ekipajlı uçuş həyata keçirilir. 2008-ci ilin sentyabr ayının 25-i “Shenzhou 7” gəmisiylə kosmosa üçüncü dəfə insan göndərilir və budəfəki uçuş zamanı ekipaj üzvlərindən taykonat Zhai Zhigang, ilk dəfə olaraq kosmik gəmini tərk edərək açıq kosmosa çıxmağa müvəffəq olur.
2003-ci ildən etibarən CSNA, Ay səthinin araşdırılması məqsədi ilə “Chang’e” (Qədim Çin mifologiyasında bəhsi keçən Ay ilahəsinin adından götürülüb) missiyasının icrasına başlayır. Bu proqram üzrə ağır yükgötürmə qabiliyyətinə malik təkmilləşdirilmiş “Chang Zheng 3A”, “3B” və “3C” raketlərinin hazırlanmasına başlanılır. Adı çəkilən raketlər “Chang’e 1” (2007), “Chang’e 2” (2010), “Chang’e 3” (2013) və “Chang’e 4” (2018) robotik kosmik gəmilərinin uçuşlarının həyata keçirilməsini reallaşdırır. 2007-ci ilin noyabr ayının 5-i Çinin ilk Ay orbiteri “Chang’e 1” 12 günlük uçuşdan sonra Ayın orbitinə daxil olur və onun topladığı məlumatlar əsasında Ay səthinin yüksək dəqiqliklə 3D xəritəsi tərtib edilir. 2013-cu ilin dekabr ayının 14-də isə pilotsuz ilk orbiterini (Chang’e 3) Ayın səthinə müvəffəqiyyətlə endirə bilən Çin, bu sahədə də ABŞ və SSRİ-dan sonra dünya üzrə üçüncü dövlət olur. Qeyd edək ki, bu missiya həm də 1976-ci ildən bəri Aya edilən ilk yumşaq enişdir.
Üçüncü uçuşla, yəni “Chang’e 3” missiyası ilə birlikdə Aya aparılan “Yutu 1” roveriylə (hərəkət edə bilən təkərli robotik cihaz, roverin adının mənası “Ay dovşanı” deməkdir, Uzaq Şərq folklorunda Ayda yaşayan ölümsüz mistik bir varlıq kimi təsvir edilir) ayın bilinən və daha öncə eniş edilən səthi 31 ay boyunca araşdırılır və beləlikə, növbəti və daha qəliz enişlərə hazırlıq mərhələləri tamamlanır.
Nəhayət, 2019-ci ilin yanvar ayının 3-də “Chang’e 4” pilotsuz robotik kosmik vasitəsinin tarixde ilk dəfə olaraq Ayın qaranlıq tərəfində, daha doğrusu, Ayın uzaq səthində yerləşən “Von Kármán” kraterinə yumşaq eniş edə bilir və göndərilən “Yutu 2” Ay roveri tədqiqat fəaliyyətinə başlayır. Öz növbəsində, “Von Kármán” kraterinin də yerləşdiyi bölgə 4.3 milyard il öncə sərt asteroid zərbəsi nəticəsində əmələ gəlmiş nəhəng “Cənub qütb – Aitken” hövzəsidir ki, bu da Ayda miqyasına görə mövcud olan ən böyük və eyni zamanda ən dərin hövzədir. Bura həm də, kraterlərdə donmuş buz kütləsinin olduğu təxmin edilən sahədir. Ayın bu hissəsi eyni zamanda radio astronomiya üçün olduqca əlverişlidir, buna görə də gələcəkdə burada radio teleskop kimi astronomik cihazların qurulması Çinin planları arasında yer alır. Qeyd edək ki, Çin, radio astronomiyası sahəsində də tədqiqatlar üzrə aparıcı yerlərdən birini tutur və hazırda fokuslayıcı güzgünün diametrinə (500 metr) görə dünyanın ən nəhəng sferik radio teleskopu Çinin cənub-qərbində Guizhou əyalətində 2016-cı ildə quraşdırılmış “Tianyan” (sözün hərfi mənası “göylərin gözü” mənasına gəlir, daha çox ingilisdilli “FAST” adıyla tanınır) teleskopudur.
Əslində, texniki olaraq Ayın qaranlıq tərəfi yanlış ifadədir, düzgünü Ayın (dünyaya) uzaq səthi ya da uzaq tərəfi olmalıdır. Qravitasiya kilidlənməsi nəticəsində, yəni özündən daha böyük kütləyə malik Yerin cazibə qüvvəsinə tabe olan Ayın vaxt ötdükcə öz oxu ətrafında dönmə sürəti azalmış və Yerlə birlikdə sinxronizə olunmuş vəziyyətdə hərəkət edərək eyni yarımkürəsi görünəcək şəkildə fırlanmağa başlamışdır. Buna görə də, Yer kürəsindən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür, həmçinin eyni vəziyyət Aydan da Dünya üçün müşahidə olunur.
“Chang’e 4” Ay missiyası zamanı hava, su və torpağın olduğu kiçik bir ekosistemdən ibarət, süni intellekt əsasında işləyən qutunun içərisində kartof və pambıq toxumları üzərində biosfer eksperimenti keçirilir. Biotexnologiyanın verdiyi imkanlarla Chongqing Universitetinin mütəxəssisləri tərəfindən laboratoriya şəraitində passivləşdirildikdən sonra Aya göndərilən toxumların içərisindən yalnızca pambıq bitkisini cücərtmək mümkün olur və bununla da, Ayda ilk dəfə bioloji bir məhsulun yetişdirilməsi cəhdi baş tutur.
Adı çəkilən toxumların Ayda test edilməsindəki əsas məqsəd fərqli mühitdə və aşağı cazibə qüvvəsinə sahib planetlərdə bitkilərin yetişdirilə bilmə mümkünlüyünü və xüsusiyyətlərini öyrənmək idi. Yerdən kənarda davamlı əkinçiliyin əsasının qoyulması, planetlərarası uzunmüddətli uçuşların gərçəkləşməsi (Dünyanın ən yaxın qonşularından təkcə Mars planetinə olan uçuş müddəti yarım ildən çoxdur), Günəş sisteminin davamlı koloniyalaşdırılması və bu koloniyaların da dünyaya qayıtmadan qida ehtiyacını tədarük etmələri baxımından olduqca vacibdir.
“Yutu 1” və “Yutu 2” robotik roverləri vasitəsi ilə Ayın həm bilinən, həm də bilinməyən səthiylə bağlı əldə edilmiş məlumatlar, mikroorqanizm və digər canlıların, xüsusilə insanların, kosmosda yaşaya bilmələri üçün hansı şərtlərin yerinə gətirilməsi gərəkdiyini ortaya qoyacaq və Çin hökümətinin 2030-cı ildə daimi əsaslarla qurmağı planlaşdırdığı tədqiqat mərkəzində fəaliyyət göstərəcək ekipajın işini yüngülləşdirəcək.
Qeyd edək ki, peykimizin görünməyən yarımkürəsinin geoloji strukturu, onun yaxın tərəfi ilə müqayisədə olduqca fərqlidir. Ön tərəf daha çox kristallaşmış bazalt lavasıyla örtülmüş vulkanik mənşəli düzənliklərdən ibarətkən, arxa tərəf, yəni uzaq səth isə asteroid, meteorit və komet zərbələriylə formalaşmış müxtəlif diametrli krater və dağlara sahibdir. Ayın uzaq səthində aparılan və aparılacaq genişmiqyaslı kosmik tədqiqatlar nəticəsində hal-hazırda ayın yaranmasıyla bağlı geniş yayılmış Böyük toqquşma fərziyyəsinə (Yerin 4.5 milyard il əvvəl Theia adlı planetlə toqquşması nəticəsində, fəzaya saçılmış hissəciklərin tədricən yerin cazibə qüvvəsinin təsiri ilə birləşərək Ayın yaranmasına gətirib çıxarması) alternativ fərziyyələrin yaranmasına səbəb ola biləcəyi istisna edilmir.
“Chang’e 4”-ün Ayın uzaq səthinə enişinə qədər, SSRİ-na aid “Luna 3” kosmik cihazı Ayın bu hissəsinin şəklini ilk dəfə 1959-cu ildə çəkməyə müvəffəq olmuşdu. “Luna 3”-ün ardından yenə SSRİ-nın 1965-ci ildə göndərdiyi “Zond 3” kosmik cihazı həmin bölgənin daha dəqiq və yüksək keyfiyyətli foto şəkillərini çəkə bilmiş və bu sahədə “Cənub qütb – Aitken” hövzəsində yer alan kraterlər, dağlar və düzənliklər haqqında ətraflı məlumat toplanılmışdı. Ruslardan sonra amerikalılar da 1966-cı ildə “Lunar Orbiter 5” adlı cihaz vasitəsi ilə Ayın uzaq səthinin ilk geoloji xəritəsini, 1990-ci ildə isə “Galileo” və “Clementine” missiyaları ilə isə ilk topoqrafik xəritəsini tərtib edə bilmişdilər.
Çin Ay Kəşfiyyat Proqramının növbəti mərhələsi kimi Ayın səthindən süxurların yerə gətirilməsi hədəflənir ki, bu istiqamətdə artıq ilk fəaliyyətini tamamlamış “Chang’e 5” missiyası tələb edilən süxur nümunələrini ötən ilin dekabr ayında yerə gətirmişdir. Bununla da, ÇXR, ABŞ və SSRİ-dan sonra Aydan nümunə gətirmə missiyasını uğurla tamamlamış üçüncü dövlət olur. Layihə üzrə “Chang’e 6” missiyasının da eyni məzmunlu uçuşu 2023-cü il üçün nəzərdə tutulur.
Gətirilən nümunələr sayəsində Ayla bağlı qaranlıq qalmış suallara (daxili strukturu və dərin mantiya xüsusiyyətləri, geokimyəvi, geodimanik və termal təkamül prosesləri və s.) aydınlıq gətiriləcəyinə ümid edilir.
Qeyd edək ki, ÇXR də ABŞ və SSRİ-da olduğu kimi ilk uçuşlarda peyk və kosmik vasitələrin yerin atmosferindən kənara daşınması zamanı daha çox hərbi məqsədlər üçün nəzərdə tutulmuş (əsasən nüvə başlığı daşınması üçün) ballistik raketlərdən istifadə edirdi, zaman keçdikcə qeyd edilən raketləri, yeni nəsil kosmik raketlər əvəzləməyə başlayır. Qısacası, əsasən, hərbi və milli müdafiə məramı ilə istehsalına başlanılmış raket kompleksləri, tədricən kommersiya və elmi araşdırma məqsədlərinə uyğunlaşdırılaraq yenilənir.
1986-cı ilin yanvar ayının 28-də ABŞ-da texniki nasazlıq ucbatından partlamış və 7 kosmonavtın ölümüylə nəticələnmiş “Challenger” kosmik gəmi qəzasından sonra dönəmin ABŞ prezidenti Ronald Reyqan, amerikan istehsalı peyklərin orbitə daşınması üçün Çin istehsalı “Chang Zheng” raketlərinin istifadəsinə razılıq verir. ABŞ-ın “Hughes” aviasiya şirkətinin hazırladığı B sinfinə məxsus kommunikasiya peykləri adı çəkilən raketlər vasitəsi ilə Çinin “Xinchang” kosmodromundan (daha əvvəl bəhsi keçən “Jiuquan” kosmik mərkəzindən fərqli olaraq, SSRİ sərhədlərindən uzaqda, daha təhlükəsiz Sichuan əyalətində 1984-ci ildə tikilmiş Çinin 4 əsas kosmodromundan biridir. Mərkəz daha çox xarici ölkələrin kommersiya məqsədi ilə hazırlanmış kommunikasiya peyklərinin orbitə daşınması funksiyasını həyata keçirdir. Bura həm də Çin-Avropa kosmik əməkdaşlığının aparıldığı əsas yerlərdən biridir.) orbitə çıxarılır. Bundan başqa, İndoneziya, Pakistan, Belarusiya, Nigeriya, Boliviya və Əlcazair kimi ölkələrə aid kosmik aparatlar da adı keçən kosmodromdan göndərilib. Doxsanıncı illərdə “CZ-2E” və “CZ-3B” raketlərində yaşanmış texniki çatışmazlıqlar, təkmilləşdirilmiş “CZ-3B/E” və “CZ-3C” modelləri sayəsində aradan qaldırılır. Cari ilin ilk ayına olan statistikaya əsasən, “CZ-3B”, “3B/E” və “3B/G5” raketlərinin bu günə qədər yerinə yetirdiyi 70 uğurlu uçuşla müqayisədə 4 problemli uçuş yaşanmışdır.
Çin höküməti ölkə hüdudlarında aerokosmik tədqiqatlarının daha da inkişaf edə bilməsi üçün 2014-dən etibarən özəl sektorun tərəqqisini dəstəkləyəcək xüsusi proqramın icrasını başlayıb. Nəticədə, Çinin aerokosmik sənayesində hazırda 100-ə yaxın özəl şirkət fəalliyyət göstərir və bunların təxminən yarısı mərkəzi hökümət tərəfindən maliyyələşir. Belə ki, Çinin bu sektorda ilk özəl şirkəti olan i-Space, 2019-cu ildə “Hyperbola-1” adlı ilk radio peykini yerətrafı orbitə göndərməyə müvəffəq olub. Bir digər çinli özəl şirkət Galaxy Space də yüksək sürətli internet xidməti təmin edəcək “Yinhe-1” 5G qlobal peykini ötən ilin birinci ayında yerin aşağı orbitinə yerləşdirib. Linkspace adlı bir digər özəl şirkət isə yenidən istifadəyə yararlı raket texnologiyası üzərində işləməkdədir və 300 metrlik yüksəkliyə qədər uçurulan raketin partlamadan yerdəki stansiyaya vertikal şəkildə eniş etdirməyi bacardıqları bir test həyata keçirdiblər. 5 il əvvəl əsası qoyulmuş Spacety şirkəti də yerətrafı orbitə artıq 4 ədəd kiçik ölçülü kub peyklərini (cubesat) müvəffəqiyyətlə göndərə bilib.
Çinin kosmik fəzada ciddi oyuncu olaraq önə çıxması NASA-nın bir çox missiyasının həyata keçirilməsini intensivləşdirib. Bu mənada, 35 milyard $ başa gələcək “Artemis” proqramına əsasən, Aya dönüş missiyası ilə yerin təbii peykinə 2024-cü ilədək yenidən ekipaj göndərməyi hədəfləyən ABŞ höküməti, burda öyrənəcəklərini gələcəkdə Marsda da tətbiq etməyi planlaşdırır.
Qeyd edək ki, 1968 və 1972-ci illər arasında ABŞ-ın “Apollo” layihəsi çərçivəsində yerinə yetirilən 9 pilotlu uçuşdan 6-ı Aya uğurlu eniş etmiş və ayrı-ayrılıqda göndərilmiş 12 kosmonavtın hər birinin Ay səthinə ayaq basmasına vəsilə olmuşdur.
Hazırda NASA, “Artemis” layihəsinin icrası üçün Avropa Kosmik Agentliyi (ESA), Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA), Kanada Kosmik Agentliyi (CSA), Britaniya Kosmik Agentliyi (UKSA) və s. müxtəlif beynəlxalq kosmik qurumlarla yanaşı, həm də bu sahədə aparıcı yerli özəl şirkətlər olan Blue Origin, Space X və Dynetics ilə Aya eniş sistemlərinin tədarükü üçün sıx əməkdaşlıqlar edir.
Ay missiyası ilə paralel CNSA, artıq Mars proqramının da icrasına başlayıb. Bu mənada, ötən ilin iyul ayında “Wenchang” kosmik bazasından 5 tonluq “Tianwen-1” robotik kosmik gəmi, “CZ-5” raketinin müşayiəti ilə Marsa doğru yola çıxıb. 7 aylıq uçuşun ardından keçən ayın 10-da Marsın orbitinə daxil olaraq planetin səthiylə bağlı yüksək keyfiyyətli foto şəkillər göndərə bilmiş “Tianwen-1”, hər şeyin yolunda gedəcəyi təqdirdə cari ilin may ya da iyun ayında Qırmızı planetin səthinə endiriləcək. Qeyd edək ki, Marsın səthinə kosmik cihaz (lander) endirmək Ayla müqayisədə qat-qat çətindir. Bu günə qədər göndərilmiş aparatların təxminən yarısı eniş əsnasında palentin sərt mühitinə tab gətirməyərək məhv olub. Uğurlu enişin gərçəkləşəcəyi halda, Çin, Marsa yumşaq eniş etmiş üçüncü (ənənəvi olaraq, ABŞ və SSRİ-dan sonra), eyni zamanda Marsa rover göndər bilmiş ikinci ölkə (bu günə qədər təkcə ABŞ müvəffəq olub) olma ünvanını qazanacaq. Adı çəkilən missiyanın əsas məqsədi Mars səthinin geoloji quruluşu, mineral və süxur növlərinin müəyyənlişdirilməsi kimi kosmik tədqiqatlardan ibarətdir.
Hazırda əsas məqsədi yerətrafı orbitdə NASA, JAXA (Yaponiya), Roscosmos (Rusiya), ESA (Avropa) və CSA (Kanada) kosmik qurumlarının iştirakı ilə 1998-ci ildə hazırlanmış Beynəlxalq Kosmik Stansiya kimi yerin orbitində davamlı fəaliyyət göstərə biləcək orbital stansiyanın qurulması olan CNSA, bu layihənin ilkin mərhələsi olaraq, 2011-ci ildə “Tiangong 1” adlı ilk kosmik laboratoriyasını, 2016-ci ildə isə “Tiangong 2” adlı ikinci stansiyasını orbitə yerləşdirmişdir. Çoxməqsədli elmi eksperimentlər üçün olduqca zəruri olan bu layihənin, 2022-ci ildə tamamlanaraq istismara verilməsi nəzərdə tutulub.
Bundan başqa, 2020-ci ildə iyunun 23-də Çin höküməti “Beidou” adlı ilk naviqasiya peykini istismara verib. Adı çəkilən peyk ABŞ-ın dominantlıq etdiyi GPS texnologiyası sahəsinə rəqib olan analoji ilk Çin peykidir. Qeyd edək ki, hərbi sahədən tutumuş, hava və su nəqliyyatı, şəhərsalma, telekommunikasiya və s. kimi strateji əhəmiyyətə sahib sahələrə qədər tətbiq edilən qlobal naviqasiya sistemi, böyük dövlətlərin daim nəzarət etmək istədikləri müasir texnologiyaların başında gəlir.
Raket texnologiyaları sahəsində isə ötən ilin son ayında ilk uçuşunu yerinə yetirən yeni nəsil “CZ-8” kosmik raketlərinin Space X şirkətinə məxsus “Falcon 9” raketləri kimi kosmik vasitələri atmosferdən çıxardıqdan sonra yerdəki platformaya şaquli vəziyyətdə eniş edərək yenidən istifadəyə yararlı raket olacağı təxmin edilir. Bundan başqa 2030-cu ilədək Aya göndərilməsi planlaşdırılan ekipajın daşınması və eyni zamanda planetlərarası uçuşların yerinə yetirilməsində istifadə ediləcək dünyanın ən ağır yükgötürmə potensialına sahib raketlərindən biri olacaq “Chang Zheng 9”-un (yuxarıda ikinci şəkildə soldan sağa doğru təsvir edilmiş dördüncü raket – “Long March 9”) istehsalına hazırlıqlar davam etdirilir.
Müasir dünyada güclü dövlət olma atributlarından biri də kosmosa uça bilmə, aya və uzaq planetlərə səfərlərdir ki, bu yolda nəhəng resurs və enerjinin sərf edilməsinə az qala hər gün şahid oluruq. Kosmosdakı mübarizə hər nə qədər fərqli siyasi və ideoloji cəbhələri təmsil edən güclərin özlərini doğrultma və yeni resurslara çıxış cəhdi kimi görünsə də, sonda qalaktikamızla bağlı daha əvvəl təsəvvürümüzdə olmayan yeni kosmik kəşflərin ortaya çıxmasına səbəb olur. Bir əsrdən daha qısa zaman kəsiyində əldə edilmiş nailiyyətlər də öz növbəsində bəşəriyyətin tərəqqisinə təkan verməklə, gələcəkdə Günəş sisteminin fərqli kosmik cisimlərində uzunmüddətli koloniyalaşma prosesini sürətləndirəcək.