“Mövsümün Sonu” gəldi Kino Evinə, getdim baxdım və qərara aldım ki, baxmayanların tamaşa keyfini pozmamaq üçün filmin məzmununa istinad etməyim. Buna digər səbəb isə yazdığımın təhlil deyil, nümayiş təəssüratlarıma münasibət olmasıdır. Ona görə də mən, həm filmdən, həm də tamaşaçıdan anladığım bəzi bədii-texniki keyfiyyətləri qabardacağam. Niyyətim odur ki, tərəddüd edənlər daha da əminliklə bu filmə baxmaq, yaxud baxmamaq qərarını verə bilsinlər. Qəlbimin dərinliyində hətta filmin tamına tamah saldırmaq arzusu var. Deyirəm, niyə…
Öncə həssaslandırılmasına inandığım məqam odur ki, bu film, savadsız xəbərçiliyin təbliğ etdiyi festival pəhlivanı deyil və ölkə bayrağını dünyada dalğalandırmaq üçün çəkilməyib. Bu film, bizim öz həyatımıza tutulmuş güzgüdür, öz həqiqətimizi və arzularımızı araşdırır. Bilərəkdən seçilib rəqəmə alınaraq bizə göstərilən gözlənilməz sərt hadisələrə təmkinlə sual vermək gərək, çünki filmdə qoyulmuş sualların demək olar hamısı doğrudur. “Mövsümün Sonu” xüsusilə həyatda özünü doğrultmaq ehtiyacından doğan arzular və bu arzuların qarşısını alan əngəllər haqqında çox zənginduyğulu sualdoğuran dramaturji zəruri bir hekayədir. Həyat eşiyə doğulduğu kimi, bu filmdə də sanki hamı və hər şey müəyyən çərçivədən “eşiyə çıxmağa” can atır. Həmin müəyyən çərçivə daxilində demək olar heç nə və heç bir duyğu gizlədilməyib. Bununla da “obyektiv reallıq” haqqında azərbaycanca istehsal olunmuş bəlkə də ən səmimi filmdir.
Formasını minimal, anlatma üslubunu isə təbii və müəyyən məqamda hətta möcüzəvi reallıq kimi dərk etdiyim bu film, adlarından asılı olmayaraq, müxtəlif zövqlü tərzi ünsürlərlə ahəng içində bir ailənin, bir günlük həyat hekayəsini anladır. Olduqca yaradıcı dramdan anladığım odur ki, bir toplumun kütləvi xoşbəxtliyi, o toplumun pərakəndə ehtiyacları ödənildikdə baş tuta bilər, çünki hər bir insan öz xoşbəxtliyini öz dünyasının mərkəzinə sahiblikdə axtarır. Buna görə də digərlərinə bağlantını hər kəs bir cür uydurur, bir cür anlayır və bir cür tətbiq edir.
Filmdə sınağa çəkilmiş “sərt” hadisələrdən aydın olur ki, sayqı və səmimiyyətin təkcə aşağıdan yuxarıya deyil, həm də yuxarıdan aşağıya bəslənilməsi zəruridir. Əks halda istər-istəməz təzyiq, məhdudiyyət, maneə və ümidsizliyə qapılmış arzuları daha da əngəlləyən asılılıqlar yaranır. Özünü doğrultmaq əvəzinə, təkcə şərtsiz asılılığı doyurmaq məcburiyyətindən doğan yalan, qəzəb və qəza, bir ailənin həyatını zəbt edə bilərmiş, bu faciəyə bürünən qəhrəmanları isə istismar. Filmin qəhrəmanları elə bu faciədən qurtulmağı arzulayır, bu arzuları uğrunda daxili və xarici mübarizə aparırlar.
Zənnimcə öz üslubunda azərbaycanca istehsal olunmuş kinonu mükəmməl, bəşəri təcrübəni isə səlis kinematoqrafiya dili ilə anlatmış film, sözügedən ailənin həm fərdi, həm də birgə arzularını, bu arzuları əngəlləyən sirləri, ailə üzvləri arasında qurulmuş kövrək “öhdəlik memarlığını” və bütün bunlara münasibətləri araşdırır. Odur ki, “Mövsümün Sonu”, öz peşə vəzifəsini mükəmməl yerinə yetirərək bir qadın, bir kişi və bir yeniyetmə tamaşaçıya “Əgər belə olarsa…?” sualını verir; onları saat yarım yetişən xoşbəxtliklə bu suala cavab axtarmağa həvəsləndirir. Bütün heyətin, kamil zaman və məkan duyğusuyla kameranın çərçivəsinə sığışdırdığı surətlər, öz zəngin duyğu dünyalarını bizə çatdırmağa çalışır; tamaşaçını isə sanki mənəviyyət siyirmələrində gizlədilən həqiqətləri eşiyə çıxarıb tozunu üfürməyə cəlb edir. Özünəməxsus ustalıqla qarış-qarış toxunulmuş hekayəni rahat və rəngarəng duymaq xoşbəxtliyi də əhvala zəngin zövq və keyf qatır; bəyənənə xoş, bəyənməyənə isə təəssüf ki, deyə bilmirəm necə təsir bağışlayır.
Hər halda müşahidə etdim ki, kino zalında bir nəfər yanımda dingildəyərkən, başqa bir nəfər də o biri yanımda dolğun həzin duyğulara təslim olub oturacağına ərimişdi. Məni, bir-birinə bunca uyumsuz iki surətin müşayiətilə kino pərdəsinin düz ortasında oturtmuş filmin müəllifinə olduqca minnətdaram. Onların, işıqlar qısıldıqdan yarım saat sonra tamaşaçı qismində daxilən bunca müxalif surət almaları, mövzunun və sualların necə aydın qoyulduğundan xəbər verir. Hekayə dərin- və sərtləşdikcə bizim üçümüzü də öz səyahətinə qovuşdururdu, mənim müşayiətçilərim də öz duyğularında dərinləşirdilər – əlbəttə hərəsi öz tərzində. Sol çiynimdə sanki “kişiliyini itirmək” xofundan dingildəyən mələk, hətta nümayişdən sonra sərt bir mühafizə nəzəriyyəsi irəli sürmək niyyətini də ətrafına çağlayırdı. Lakin görünür alovlu coşqusuna rəğmən, mikrofon götürüb indicə “ərəstunvari qurtuluş” tamını dadmış camaat içində qadın quldarlığı və kişi istismarını təlqin etməkdən çəkinirdi. “Mövzümün sonu” bu qədər tilsimlidir.
Ona görə də qəribə gəlmədi ki, nümayişdən sonra (peşəkar) tamaşaçıların diqqəti hər şeydən əvvəl sovetvari ehkam-i-xurafatın “sorğulanmasına” yönəlmişdi. Sanki həyatımızda bütün işlər düzəlibmiş, xoşbəxtliyin astanasında məqsədimizə əl uzadıb toxunacağımız yerdə söyüş əngəl törədibmiş. – Biz də məyusluğa qərq olub köksümüzün “əvvəllər daha yaxşı idi” həsrətilə başımızı daha həqiqi zamanın daha həqiqi xoşbəxtliyi üçün girəvələyəcəkmişik… Çox qocaman bir usta hətta dedi ki, “mən ondan yaxşı çəkərdim!” Məncə ustaya bunu dedirdən, öz çağında nail olmuş bir uğurun komet quyruğutək həyatı boyu uzandığına, obyektiv reallığın ətalətinə inamıdır. Azərbaycan tamaşaçı toplusunun bunca ziyalı olduğunu bilmirdim: ustanı məyus etmədi. Kometdir, uçur özü üçün, bizə insan təbiətinin kainatından xəbər verir və buna görə də, “usta, mən Sizi həqiqətən minnətdarlıqla yad edirəm!”
Filmə bu tilsimi verən əlbəttə peşəkar yaradıcı heyətdir. Duyulurdu ki, yaradıcı heyətin özünü ifadə üçün nəzərdə tutulmuş aydın azad məkanı olub: ssenari, kamera, işıq, geyim, qrim, səhnə quruluşu, və s. kimi ifadə imkanı. Mənim diqqətimi böyük həyəcanla özünə cəlb edən məqam əlbəttə qəhrəmanlarımızın oyunu və onların boğucu üstünlüklə öhdəsindən gəldikləri sərbəst dialoqlar oldu. Adları növbəti dəfə vurğulanacaq: Zülfiyyə Qurbanova, Rasim Cəfərov və Mövsüm Mirzəzadə – mükəmməl oyunçular və demək olar istənilən hissin ifadəsində səhnə aparıcıları, kamil duyğu sahibləri. Onlar bir yerə toplaşanda isə atışma, dartışma, müşahidə və bütün bunları təmin edən qarşılıqlı diqqət böyük peşəkarlıq zövqü yaşadırdı. Üslubi minimalizmin daraltdığı imkanlar çərçivəsini bunca dolğun ifadə yaradıcılığı ilə dolduran heyət, şübhəsiz və şərtsiz, incəsənət xəzinəsini növbəti bir əhəmiyyətli sənət nüsxəsilə zənginləşdirənlərdəndir! – get, gör, götür…
Bu nüsxədə Anar və Elmar İmanov qardaşları özlərini arasıkəsilməz ardıcıllıqla beynəlxalq kino aləmində kifayət qədər mükəmməl ifadə etdiklərindən, onların mənim qədər profan izləyici dəyərləndirməsinə əlbəttə ehtiyacları yoxdur… nə yaxşı ki, yoxdur!
Kinoşünas Sevda Sultanovanın “Elmarın itkin qadını” məqaləsindən sözügedən filmlə bağlı daha geniş məzmunda maraqlı təəssürat ala bilmək mümkündür.
Azərbaycan film sənayesinə də bunca keyfiyyətli filmlər istehsal etmək şücaəti arzulayıram! Bu – həqiqətən əsl qəhrəmanlıqdır.