1992-ci il oktyabr ayının ortalarında – Laçın dəhlizi bölgəsindəki döyüşlər bitəndən sonra cəbhədə sakitlik yarandı. Azərbaycan komandanlığı soyuq və pis hava şəraitinin başlaması ilə əlaqədar olaraq aktiv hücum əməliyyatlarını dayandırmaq və 1993-cü ilin yazında bütün cəbhə boyu hücuma hazırlaşmaq qərarı verdi.
1992-ci ilin sonuna qədər Qarabağda tərəflər sadəcə mövqe müharibəsi aparardılar. 1993-cü ilin əvvəlinə qədər Qarabağda ermənilərə məxsus, təxminən, 18-20 min əsgər və zabit qrupundan ibarət erməni ordusu var idi. Cəbhə xəttindəki Azərbaycan qoşunlarının sayı isə, təxminən, 30 minə çatırdı. 1992-ci ilin oktyabrında aktiv döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan komandanlığı ehtiyat qüvvələrə təlimlər keçirilməsini və gələcək planları müzakirə etməyə başladı, 1992-ci ilin noyabrında Seyfəli poliqonunda təlimlərə start verildi.
6 noyabr 1992-ci ildə gələcək hərbi planların müzakirəsi üçün Mərdəkanda 2-ci korpusun komandiri və prezidentin Qarabağdakı səlahiyyətli nümayəndəsi Surət Hüseynov, Müdafiə naziri Rəhim Qazıyev, Ali Sovetin sədri İsa Qəmbər, Dövlət katibi Pənah Hüseyn, Daxili İşlər naziri İsgəndər Həmidov, Dövlət müşaviri Arif Hacıyev, Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov, Milli İstiqlal Partiyasının liderlərindən biri Şadman Hüseynov, Ali Sovet sədrinin 1-ci müavini Tamerlan Qarayevin iştirakilə görüş keçirildi. Bu görüş Surət Hüseynovun istəyi ilə Rəhim Qazıyev tərəfindən təşkil edilmişdi. İclasda prezident Əbülfəz Elçibəy də iştirak etməli idi, lakin səhhətində problemlər olduğu üçün öz təmsilçisi qismində İsa Qəmbəri göndərmişdi.
İclas zamanı Surət Hüseynov apreldə başlayacaq əməliyyatlarla bağlı ordunun hazırlığı, 1993-cü ilin aprel-may aylarında Qarabağın erməni qoşunlarından tamamilə azad edilməsinin planları ilə bağlı məlumat verdi. Bunun üçün bütün qüvvələri birləşdirmək, vətəndaş qarşıdurmalarının olmaması və qələbəyə qədər siyasi sabitliyin qorunması lazım idi. Söhbət əsnasında Surət Hüseynov Etibar Məmmədovun baş nazir təyin olunmasını təklif etdi. (Səmədov, 2004:237). O, bu qərarını Etibar Məmmədovun əhali arasında böyük nüfuza malik olması və onun təyinatının müharibədə cəmiyyətin bütün qüvvələrinin birləşdirilməsinə kömək edəcəyi ilə izah etdi. Pənah Hüseynov və İsa Qəmbər görüş barədə prezidentə məlumat verəcəklərini bildirdilər.
Bir neçə gündən sonra Rəhim Qazıyev iclasda verilən qərarla bağlı fikirlərini öyrənmək üçün Pənah Hüseynov və Əbülfəz Elçibəyə zəng etdi. Hökumət bu təklifi rədd etmişdi. AXCP hökuməti Pənah Hüseynovu baş nazir təyin etmək istəyirdi. Surət Hüseynov belə hesab edir ki, AXCP hökuməti məhz bu görüşdən sonra ona qarşı düşmən münasibət göstərməyə başlayıb.
Rəhim Qazıyev də təklifin qəbul edilməməsini səhv addım kimi dəyərləndirirdi. O da 1992-ci ilin mayında prezident səlahiyyətlərini icra edən İsa Qəmbərdən Etibar Məmmədovu məsul bir vəzifəyə təyin etməyi xahiş etsə də, İsa Qəmbər bunu etməmişdi. İclasın Rəhim Qazıyev tərəfindən təşkil edildiyini və orda Etibar Məmmədovun baş nazir qoyulmasının Surət Hüseynovun təklifi olduğunu nəzərə alan AXCP hökuməti, Qazıyevlə Hüseynovun Etibar Məmmədovla birlikdə onlara qarşı ittifaq qurduğunu zənn etdi.
26 dekabr 1992-ci ildə prezident Elçibəy Müdafiə naziri Rəhim Qazıyevi görüşmək üçün dəvət etti. Bu görüşdə Ali Sovetin sədri İsa Qəmbər də iştirak edirdi. Elçibəy Qazıyevə Surət Hüseynovun çevriliş hazırladığını və Seyfəlli poliqonunda toplanan qoşunların çevrilişdə istifadə ediləcəyi barədə məlumatlarının olduğunu bildirdi. Elçibəy Qazıyevdən Surət Hüseynovun 2-ci Ordu Korpusu komandiri vəzifəsindən kənarlaşdırılması üçün təqdimat yazmasını tələb etdi. Rəhim Qazıyev təqdimatı yazmaqdan imtina etdi və çevrilişin hazırlanacağına inanmadığını bildirdi. Qazıyev Elçibəyə bildirdi ki, Ali Baş Komandan kimi onun Surət Hüseynovu korpus komandiri vəzifəsindən kənarlaşdırmaq hüququ var. (Vəliməmmədov, 2019:105).
Elə həmin gün – 26 dekabr 1992-ci il tarixində Baş Qərargah rəisi, general-mayor Nurəddin Sadıqovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin zabit qrupu Gəncəyə gəldi.
Baş Qərargah rəisi Nurəddin Sadıqov 1993-cü il yanvarın ortalarından gec olmayaraq hücuma keçməyin zəruriliyi barədə Ali Baş Komandanın əmrini Surət Hüseynova çatdırdı. Surət Hüseynov Nurəddin Sadıqovdan bu qərarın səbəbini soruşdu. Nurəddin Sadıqov isə ölkə rəhbərliyinin Seyfəlli poliqonunda təlim keçmiş qoşunların dövlət çevrilişi üçün istifadə ediləcəyi barədə məlumatlarının olduğunu, bu səbəbdən də cəbhədə istifadə edilməsinə qərar verildiyini bildirdi. Elə həmin gün Surət Hüseynov Rəhim Qazıyevə zəng vuraraq qərardan narazı olduğunu dedi və korpus komandiri vəzifəsindən istefa verdi. Lakin Rəhim Qazıyev onun istefasını qəbul etmədi və vəzifədə qalması üçün Hüseynovu dilə tutdu. 2-ci Ordu Korpusunun qərargahı qış kampaniyasına qəti şəkildə etiraz etdi və bununla bağlı hesabat hazırladı:
1) Ordu bəzi silahlarla təchiz olunmamışdır;
2) Qışda yüksək dağlarda, qar örtüyü 50 sm-dən çox və pis hava şəraitində hücum, buna hazırlıqlı olmayan Azərbaycan əsgəri üçün fəlakətlə nəticələnə bilər;
3) Qışda dağlarda hücum əməliyyatı aparmaq çox çətindir və bunun üçün təlimlərdən əlavə xüsusi texnika və silahlar lazımdır.
Lakin bütün bunlara, hətta prezidentin türkiyəli hərbi müşaviri Yaşar Demirbulakın da etirazlarına rəğmən, Elçibəy Hüseynovdan sərt şəkildə yanvarın ortalarından gec olmayaraq hücuma keçməyi tələb etdi.
Bu isə, yuxarıdakı bəndlərdə bildirildiyi kimi fəlakətlə nəticələnəcəkdi.
Belə bir qərarın verilməsi 3 əsas səbəblə izah edilir.
Elçibəyin yaxın ətrafı onu, Seyfəlli poliqonunda toplanan qüvvələrin Surət Hüseynov tərəfindən iqtidarı ələ keçirmək üçün hazırlandığına inandıra bilmişdi. Bu qüvvə dərhal cəbhəyə göndərilməyəcəyi təqdirdə hərbi çevrilişlə nəticələnə bilərdi. Daha doğrusu, hakimiyyətdəki bir qrup şəxs Surət Hüseynovda belə bir təhlükə görürdü və bu səbəbdən də bu və ya digər şəkildə ondan qurtulmağa qərar vermişdi. Digər tərəfdən hökumət 1992-1993-cü ilin qışında Dağlıq Qarabağ ermənilərinin iqtisadi vəziyyətinin blokada şəraiti səbəbilə ağırlaşdığını görürdü və bu məqamdan istifadə etmək istəyirdi. Kampaniya başlayanda Dağlıq Qarabağda kütləvi narazılıqlar mövcud idi.
3 yanvar 1993-cü ildə Rusiya və ABŞ prezidentləri Qarabağ münaqişəsinin həlli üçün ortaq təşəbbüslə çıxış etdilər. Buna görə də, versiyalardan biri də budur ki, danışıqlar getdiyi ərəfədə Azərbaycan rəhbərliyi masada mövqelərini gücləndirmək üçün mümkün qədər çox ərazini tutmağa çalışırdı. Bu səbəbdən Azərbaycan komandanlığı, prezident Elçibəyin başçılıq etdiyi siyasi rəhbərliyin təzyiqi altında hazırlıqsız hücum əməliyyatları aparmaq məcburiyyətində qalmışdı.
Bu ərəfədə AXCP hökumətinin Rusiya ilə münasibətləri pisləşməyə doğru gedirdi. Yanvar ayının ilk on günlüyündə Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya prezident Elçibəylə söhbətində Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamağı və 104-cü hava-desant diviziyası bölmələrinin Dağlıq Qarabağa sülhməramlı qüvvə kimi gətirilməsini təklif etmişdi. Elçibəy bu təklifi qəbul etmir və Şoniyanın dediyinə görə, ona belə bir cavab verir: “Azərbaycan bu torpaqları qanla qaytarmaq hüququnu özündə saxlayır.” (Vəliməmmədov, 2019:106).
Dövlət katibi Pənah Hüseynov 21 fevral 1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin iclasında belə bir çıxışı ilə yadda qaldı: “Rusiya bizə ilk dəfə açıq ultimatum irəli sürdü. Ya Rusiya ordusunun dəstəyindən istifadə edib MDB-yə qoşulmalıydıq, ya da ordumuza güvənməliydik. Təbii ki, biz ikinci variantı seçdik“.
Burda bir digər maraqlı fakt isə, Azərbaycan siyasətçiləri ilə ordunun tamam başqa siyasi orientasiyaya malik olması idi. AXCP rəhbərliyi Azərbaycanın bütün dərdlərinin baiskarı kimi Rusiyanı görürdü, ordu isə Rəhim Qazıyev və Surət Hüseynovun rəhbərliyi altında Rusiyaya meylli idi. Qazıyevin Rusiya Müdafiə naziri Qraçovla çox yaxşı münasibətləri vardı. Qraçov Şəkiyə gələrək bir neçə gün Qazıyevin evində qonaq da qalmışdı. (De Vaal, 2008:237).
Rahim Qazıyevin özü də Rusiya hərbçiləri ilə yaxşı münasibətlərinin olduğunu gizlətmirdi. Qazıyev müsahibələrinin birində açıq formada söyləmişdi ki, Rusiya Müdafiə naziri Pavel Qraçov, 104-cü hava-desant diviziyasının komandanı Valeri Şerbak və həmin diviziyanın komandirləri- general-polkovnik Yevgeniy Podkolzin və müavini general-leytenant Çindarovla çox yaxşı münasibətləri var. Qazıyev Qarabağ müharibəsində qalib gəlmək üçün rusların köməyinə ehtiyac duyulduğunu başa düşürdü. Məhz bundan əvvəlki Şaumyan və Ağdərə əməliyyatlarındakı qələbələri bu koordinasiyanın nəticəsi kimi görürdü. Beləliklə, 1993-cü ilin yanvarında Azərbaycanda Müdafiə Nazirliyinin rəhbərliyi ilə AXCP hökuməti arasında qarşıdurma başladı. Bu qarşıdurma 1993-cü ildəki fəlakətdə əsas rol oynayacaq və altı rayonun işğalına səbəb olan daxili siyasi böhrana start verəcəkdi.
Ağdərənin cənubuna hücumun başlanması
2-ci korpus komandiri Surət Hüseynov Ağdərə istiqamətinin komandiri polkovnik Nəcməddin Sadıqova, qərargahın Ağdərə şəhərinə köçürülməsini tapşırır. Bir neçə gün sonra özü də Ağdərədəki qərargahına gələrək vəziyyətlə tanış olur. 10 yanvar 1993-cü ildə komandirlərin iştirakı ilə keçirilən iclasda 2-ci korpus komandiri son təlimatlarını verir. Hücumda iştirak etmək üçün 123-cü motoatıcı alay Gəncədən Ağdəyə köçürülür. 14 yanvar 1993-cü ildə sağ istiqamətdə 703-cü motoatıcı briqadanın tərkibində “Tərtər-1”, “Tərtər-2”, “Qurtuluş”, “Babək-44” batalyonları ilə birlikdə Vəng kəndinə, mərkəzdəki 123-cü motoatıcı alayının qüvvələri Araçadzor və Şahmasur kəndinə, Daxili qoşun və OMON qüvvələri isə sol istiqamətdən Sırxavənd kəndinə hücuma başlayır. Bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra 123-cü motoatıcı polk Araçadzor və Tsmakaoq kəndini ələ keçirməyi bacarır. 22 yanvar 1993-cü ildə bir neçə günlük döyüşlərdən sonra 123-cü motoatıcı alayın 5-ci motoatıcı batalyonu Şahmasur kəndinə daxil olur. Ancaq sağ və sol cinah qoşunları Vəng və Sırxavənd kəndində göstərilən xətlərə çata bilmir. Düşmənin güclü müqaviməti nəticəsində Azərbaycan ordusunun irəliləməsi dayandırılır.
Əməliyyatda Azərbaycan ordusu aviasiyadan istifadə edirdi. Vəng istiqamətində hücumda Azərbaycan ordusuna məxsus MİQ-21 helikopteri vurulur. Katapult edən pilotlardan Aleksey Plotnikov öldürülür, Aleksandr Çistyakov isə əsir alınır (Vəliməmmədov, 2019:108). Ağdərə istiqamətindəki hücumda da Azərbaycan qoşunları düşmən müdafiəsini yara bilmir və ağır itkilər verərək hücumu dayandırmaq məcburiyyətində qalırlar. Döyüşlərdə 123-cü motoatıcı alayın 2-ci və 5-ci batalyon komandirləri Murad Qurbanov və Eyvaz Əliyev ağır yaralanır, 123-cü motoatıcı alayın kəşfiyyat komandiri Xaqani Axundov isə həlak olur. Nəcməddin Sadıqov sonrakı hücumların daha çox itkiyə səbəb olacağını gördüyü üçün 27 yanvar 1993-cü ildə əvvəlki mövqelərə geri çəkilmək əmri verir. Ağdam istiqamətindəki hücum da uğursuz sona çatır və böyük itkilərə səbəb olur. Azərbaycan ordusu, xüsusilə, Xocalının Fərrux kəndinə olan hücumlarda ağır itkilərə məruz qalır.
Bu vəziyyətdə Azərbaycan komandanlığı bütün cəbhə boyu geri çəkilmə əmri verməyə məcbur olur. Ən ağır itkiləri 123-cü motoatıcı polk vermişdi. Polkun dislokasiya məkanı Gəncə idi və yanvar ayında hücum əməliyyatı üçün Ağdərəyə göndərilmişdi. Hücum əməliyyatı bitdikdən sonra döyüşlərdə heyətinin 40%-ə qədərini itirən 123-cü motoatıcı polk komplektləşdirmə üçün daimi dislokasiya yerinə geri çəkilir. Bu geriçəkilmə cəbhəçilər tərəfindən indi də Surət Hüseynovun xəyanəti kimi qiymətləndirilir.
24 fevral 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi general-mayor Nurəddin Sadıqov 123-cü motoatıcı polkun dislokasiya məkanına geri qaytarılmasının tamamilə düzgün olduğunu bildirmişdi: “Komplektləşdirmə və döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün hücum qruplaşmasının geri gətirilməsi əmri məqsədəuyğundur. Korpus komandirinin öz korpusunda döyüş vəziyyətini nizamlamaq hüququ var.” (Səmədov, 2004:333).
Nəticədə bu kampaniya lazımi hazırlıq olmadığı və qış şərtləri (-22 dərəcəyə qədər şaxta, qar örtüyünün hündürlüyü 100 sm-ə çatırdı) şəraitində həyata keçirildiyi üçün uğursuzluqla nəticələndi. Bu uğursuzluqdan istifadə edən erməni ordusu əks hücuma keçdi. 1993-cü ilin 5 fevralında Ağdərə istiqamətində hücuma keçən erməni birləşmələri Çıldıran, Poqosaqomer, Vaquas və Arutyunaqomer kəndlərini ələ keçirdi. Erməni qoşunlarının hücumu Azərbaycan qoşunlarının Ağdərə bölgəsindəki komandanlığı üçün tamamilə sürpriz oldu. Bu zərbələr nəticəsində müdafiə xətti yarıldı. 5 fevral 1993-cü ildə 703-cü briqadanın komandiri polkovnik Nəcməddin Sadıqov 2-ci Ordu korpusunun komandiri Surət Hüseynova zəng edərək vəziyyətin gərginləşdiyini və möhkəmləndirilməyə ehtiyac olduğunu söylədi. Korpus komandirinin əmri ilə Seyfəllidən Ağdərə regionuna 123-cü motoatıcı alayın 1-ci motoatıcı briqadası (komandir Dostəli Hacıyev), 130-cu hava-desant batalyonu (komandir Rabadan Maqomedov), 778-ci xüsusi təyinatlılar batalyonu (komandir Zakir Məmmədov), 701-ci motoatıcı briqadanın 1-ci motoatıcı bölüyü (komandir Əzizağa Qənizadə) və tank batalyonu (Altay Bayramov) göndərildi. (Vəliməmmədov, 2019:112). Bu qüvvələrin ümumi rəhbərliyini polkovnik İlham Aslanov həyata keçirirdi.
6 fevralda hücuma keçən Azərbaycan ordusu Vaquas, Arutyunaqomer və Çıldıran yüksəkliklərini geri ala bilir. Qarlı havada həyata keçirilən əməliyyat zamanı İlham Aslanov ağır yaralanır. 9 fevralda Ağdərə istiqamətində cəbhə xətti sabitləşir. Bu zaman müharibənin taleyini həll edəcək siyasi intriqa başlayır. 9 fevral 1993-cü il tarixində Azərbaycan televiziyasının xəbərlər buraxılışında AXCP İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin açıqlaması elan edilir. Bu açıqlamada 2-ci Ordu korpusunun komandiri Surət Hüseynov, erməni hücumundan əvvəl qoşunlarını qəsdən Ağdərə bölgəsindən çıxarmaqda və vətənə xəyanətdə günahlandırılırdı.
Beləcə, Surət Hüseynovla hökumət arasında intriqa başlayır. Belə görünür ki, hökumət Surət Hüseynov və Rəhim Qazıyevdən qurtulmaq üçün əlverişli bir bəhanə gözləyirdi və bu səbəbdən cəbhədəki hücumun uğursuzluqlarından istifadə etmək qərarına gəlmişdi. Azərbaycanın keçmiş dövlət katibi Pənah Hüseynov iddia edir ki, Rəhim Qazıyevlə general-mayor Valeri Şerbak və müdafiə naziri Pavel Qraçov arasında hərbi çevriliş ehtimalı müzakirə olunan telefon danışıqları var. Qazıyev belə bir danışığın olmasını inkar etmir, ancaq sözlərinin düzgün formada çatdırılmadığını bildirir. Onun dediklərinə görə, telefon danışığı belə olub:
” – Şerbak, əzizim. Mənə kömək etməyinizi xahiş edirəm. Hərbi texnika və döyüş sursatımız çatışmır.
– Rəhim Həsənoviç, siz vəziyyəti xilas etmək istəyirsiniz, ancaq rəhbərliyiniz də sizi məhv etmək istəyir.
– Şerbak, mənə texniki və digər vasitələrlə kömək etsəniz, Ağdərədəki vəziyyəti düzəldəcəyik, o ki qaldı özümüzünkülərə, onlarla özüm məşğul olacağam“. (Vəliməmmədov, 2019:113).
Qazıyevin son sözləri cəbhə hökuməti tərəfindən xəyanət kimi qiymətləndirilir. Rəhim Qazıyev isə 18 fevralda nazir postundan istefa verir. Arif Yunus, Qazıyev və Hüseynova qarşı kampaniyanın hələ dekabrdan başladığını bildirir. O qeyd edir ki: “1992-ci ilin sonunda Surət Hüseynovun general Şerbakla birgə Ağdərə istiqamətində apardığı hücuma hazırlıq prosesini görürdüm. Ancaq bu hazırlığın prezident aparatında müsbət əhval-ruhiyyəyə səbəb olmadığı diqqətimi çəkdi. Səbəbini dekabrda Pənah Hüseynovun köməkçisi ilə söhbətləşəndə başa düşdüm. Birdən qapı açıldı, həyacanlı olan Pənah Hüseynov və Fərəc Quliyev prezidentə tərəf qaçdı.
Fərəc Quliyevi ilk dəfə həmin gün prezidentin kabinetində gördüm. Onun orda nə işi olduğunu anlamırdım. Ancaq onun Elçibəylə Pənah Hüseynova yaxın olduğunu və vacib bir şəxs kimi qəbul edildiyini bilirdim. Dekabrın sonunda ikisinin də Elçibəyə tərəf necə sürətlə qaçdıqlarını gördükdə Pənah Hüseynovun köməkçisindən soruşdum: “Bir şey oldu?” O isə cavabında xəbərlərin pis olduğunu, Surətin hücum hazırladığını bildirdi. Bu cavab məni təəccübləndirdi. Hüseynovun hücumu bilinən bir fakt idi və Qarabağ məsələsində bizə ciddi üstünlük qazandıra bilərdi. Buna cavab olaraq köməkçi belə bir ifadə söylədi: “Məsələnin əsli budur ki, ordunun müvəffəqiyyəti olduqca realdır. Ancaq Surətin yanındakı adamımız bizə xəbər verdi ki, ruslar Surəti çoxdan Azərbaycanın gələcək prezidenti adlandırırlar. O, Stepanakertə girdikdən sonra sonra Bakıya da ağ atla girib prezident olacaq.” Bu cavabdan belə başa düşdüm ki, bu hücum AXCP-nin gələcək hakimiyyəti üçün təhdid rolunu oynayır. Bundan başqa, yanvar əməliyyatında da xeyli müəmmalar var idi. Surət Hüseynovun bölmələri ilk gündə düşmən xəttini yarsa da, onlara kömək etməli olan cinahlardan heç bir dəstək gəlmədi. Hücum ediləcək yerlərdə ermənilər çox güclü müdafiə xətti qurmuşdu, sanki hücumun hara ediləcəyini bilirdilər.”
12 fevral 1993-cü ildə Bakıda prezident Əbülfəz Elçibəylə Surət Hüseynov arasında görüş keçirilir. Surət Hüseynov heç bir xəyanət etmədiyini təkrarlayır və AXC-nin açıqlaması ilə bağlı təkzib verilməsini tələb edir. Elçibəy məsələni araşdıracağını, ancaq indiki vəziyyətdə ən doğru qərarın 2-ci Ordu korpusundan istefa vermək olduğunu bildirir. Eyni gün Hüseynova “Azəryun” dövlət şirkətinin prezidenti vəzifəsi təklif edilir (Ağayev və Əlizadə, 2006:597). Surət Hüseynov istefa təklifi ilə razılaşsa da, xəyanətkar olması barədə açıqlamanın təkzibini istəyir. Hüseynov evinə qayıdarkən milis səhvən onun yerinə, qohumlarını həbs edir. Təcili Bakını tərk edən Hüseynov Elçibəyə zəng edərək qohumlarının həbsinə etirazını bildirir.
Eyni gün Hüseynov 2-ci Ordu korpusunun komandiri vəzifəsindən azad edilir. Onun yerinə komandir general mayor Rafiq Ağayev təyin olunur. Bu ərəfədə erməni qoşunları şimal cəbhəsində hücuma keçir. 13-14 fevral tarixlərində erməni ordusu Poqosoqomer, Koçoqot, Vaquas kəndlərinə və Tərtər – Kəlbəcər yoluna nəzarəti ələ keçirir. 15-17 fevral tarixlərində Arutyunaqomer və Drmbon, 19 fevralda Qozlukörpü kəndi itirilir. Tərtər çayını keçən erməni ordusu İmarət-Qərvənd kəndini və Umudlu kəndini də ələ keçirir. Beləliklə, Tərtər – Ağdərə – Kəlbəcər yolu kəsilir. Aterk kəndində Azərbaycan qoşunları mühasirəyə alınır. Hücuma davam edən erməni qoşunları Zəylik, Zardaxaç, Aterk və Mehmana kəndini ələ keçirir. Azərbaycan ordusu çətinliklə yalnız Sərsəng su anbarında irəliləmənin qarşısını ala bilir.
8-10 mart tarixlərində ermənilər Kasapet, Metsşen, Mohratağ, Nerkin Oratağ, Dəmirli və Tonaşen kəndlərini ələ keçirirlər. Lakin güclü hücumlara baxmayaraq, Azərbaycan qoşunları Ermənistanın hücumunu dayandırmağı bacarır. Ağdərədə əks-hücuma başlayan Azərbaycan qoşunları Akop-Kamari, Mağavuz və Qlobus hündürlüyünü geri ala bilir. Bununla belə insiyativ tam olaraq Ermənistanın tərəfinə keçir. Bu dəfə hədəf Kəlbəcər idi.
Kəlbəcərə hücuma hazırlıq
Tərtər – Ağdərə – Kəlbəcər yolu Ermənistan qoşunları tərəfindən bağlandıqdan sonra əsas hadisələr Kəlbəcər ətrafında inkişaf etməyə başladı. 701-ci motoatıcı briqada (komandiri polkovnik Əzizağa Qənizadə) Kəlbəcərlə qonşu Laçın rayonunda müdafiə xətti qurmuşdu. 701-ci briqadanın əsas qüvvələri Laçın dəhlizinin şimalında cəmləşmişdi. Briqadanın qərargahı Laçın rayonunun şimalındakı Kürdhacı kəndində yerləşirdi. 13 fevral 1993-cü il tarixinə qədər Kəlbəcər rayonu və Laçın rayonunun şimal hissəsindəki ərazilərdə təchizat Tərtər – Ağdərə – Kəlbəcər yolu boyunca həyata keçirilirdi. Kəlbəcər bölgəsinin inzibati sərhədinin şərq hissəsi, demək olar ki, tamamilə Azərbaycan qoşunlarının nəzarəti altında olan Ağdərə rayonuna bitişik idi.
Hücuma davam edən erməni ordusu 25 fevral 1993-cü il tarixinə qədər Ağdərənin çox hissəsini geri aldı. Sərsəng su anbarına girən düşmən Kəlbəcərə aparan bütün yolları bağladı. 701-ci motoatıcı briqada əlverişsiz şəraitdə qaldı. Qərb tərəfdən dövlət sərhədi boyunca yerləşən Ermənistan Silahlı Qüvvələri, cənub və şərq tərəfdə Ermənistan ordusunun Qarabağdakı qruplaşması ilə əhatələnən briqada şimalda Murovdağ silsiləsi vasitəsi ilə Azərbaycanın digər əraziləri ilə əlaqə saxlayırdı. Briqadanın şəxsi heyəti 1985 nəfərdən ibarət idi və onların ixtiyarında 7 tank, 7 BMP, 27 artilleriya qurğusu vardı. (Vəliməmmədov, 2019:121)
Ordunun və orada yaşayan 50 min mülki əhalinin təminatı sadəcə helikopterlərlə təmin edilirdi. Bölgəni və briqadanı təmin etmək üçün 10 Mi-8 helikopterlərindən ibarət bir qrup formalaşdırıldı. Hər gün ordunun mülki helikopterləri və mülki aviasiyası Kəlbəcərə yeddi uçuş həyata keçirərək lazımi materialları çatdırır və yaralıları çıxarırdı. Cəmi 1985 nəfərdən ibarət 701-ci briqada, ümumi sahəsi 3000 kvadrat kilometr olan iki (Laçın və Kəlbəcər) rayon ərazisində müdafiə xətti qurmalı idi. Geniş ərazidə az sayda şəxsi heyəti olan 701-ci briqadanın komandiri Əzizağa Qənizadə 1993-cü il mart ayının əvvəlində Kəlbəcərdə yerli əhalidən tələsik bir özünümüdafiə dəstəsi yaratdı və bu dəstəni Ağdərə ilə sərhəddə olan Nareştar, Mərcimək, Ağqaya və Ağdaban yaxınlığında yerləşdirdi. Zabitlər olmadığına görə, batalyonu mülki şəxslər idarə edirdilər.
Martın ortalarında Bakıya gələn Əzizağa Qənizadə Müdafiə naziri general-mayor Dadaş Rzayevin qəbulunda Kəlbəcərin müdafiəsi üçün təcili tədbirlərə ehtiyac olduğunu bildirdi. Müdafiə naziri buna cavab olaraq briqada komandirinə panikaya düşməməsini, beynəlxalq ictimaiyyətin qorxusu ilə erməni qoşunlarının heç vaxt Dağlıq Qarabağdan kənarda yerləşən Kəlbəcərə girməyəcəyini söylədi. AXCP rəhbərliyi Ermənistanın Qarabağdan kənarda yerləşən rayonu işğal edəcəyinə inanmırdı. Buna görə də, Müdafiə Nazirliyi Kəlbəcər bölgəsinin müdafiəsi ilə bağlı səhv qərar verdi.
Kəlbəcər bölgəsinə Ermənistandan bir hücum ehtimalı ümumiyyətlə qəbul edilmirdi. Ermənistan qoşunlarının hücumu başladıqdan sonrakı 2-3 gün ərzində də Azərbaycan rəhbərliyi bunun erməni qoşunlarının adi bir təxribatı olduğuna inanırdı. Ölkə rəhbərliyi Qarabağ müharibəsinin məntiqini və mahiyyətini anlamırdı. Polkovnik Qənizadə işğaldan 40 gün əvvəl Müdafiə nazirliyinə 701-ci briqadanın Laçından tamamilə çıxarılmasını və şimalda Kəlbəcər istiqamətində yerləşdirilməsini təklif etmişdi. Müdafiə nazirliyi isə polkovnikin hesablamalarını şişirdilmiş hesab etmədi və ona belə bir cavab verildi: “Mövqeyiniz bizim üçün aydındır, çaxnaşmaya ehtiyac yoxdur. Ermənilər heç vaxt beynəlxalq qalmaqala getməyəcəklər, Kəlbəcər Dağlıq Qarabağ deyil.” (Vəliməmmədov, 2019:123).
Erməni ordusunun hücumu
1993-cü il mart ayının əvvəllərində Ağdərəyə hücumu dayandıran ermənilər, Kəlbəcər və Laçın istiqamətində böyük qoşun topladılar. Hücumda aşağıdakı erməni birləşmələri iştirak edirdi:
-Gamışdağ və Ömər aşırımı istiqaməti:
Mardakert müdafiə rayonu – komandir Norayr Danielyan, Mardakert müdafiə rayonu xüsusi batalyonu – Arkadi Şirinyan; Rafo Saiyanın xüsusi batalyonu, Aşot Aruşanyanın taboru.
-Çərəkdar istiqaməti:
Martuni müdafiə rayonu – komandir Monte Melkonyan, Hadrut müdafiə dəstəsi, Mərkəzi Müdafiə bölgəsinin zərbə qrupu, Ermənistandan könüllü dəstə.
-Nareştar istiqaməti:
Vəng batalyonu – komandir Yuri Akopyan, “Sisakan” könüllü dəstəsi – Aşot Minasyan.
– Qırxqız istiqaməti:
Karen Arzumanyanın taboru (Əsgəran müdafiə rayonu), komandir Vitali Balasanyan.
-Laçın istiqaməti:
Arşavir Qaramyanın 35-ci batalyonu (Əsgəran müdafiə rayonu), komandir Hmayak Haroyan, Martik Qasparyanın 53-cü batalyonu (Şuşa müdafiə rayonu); Vladimir Kasyanın 51-ci batalyonu (Şuşa müdafiə rayonu), Ermənistan Daxili Qoşunlarının batalyonu.
-Şimal-Qərb istiqaməti (Vardenis bölgəsindən)
Ermənistanın şimal qrupların daxil olan dəstələr – komandir Ovsep Hovsepyan.
Qarabağdan irəliləyən erməni qrupunun ümumi komandanlığını Monte Melkonyan, Ermənistandan irəliləyən erməni qrupunun ümumi komandanlığını isə general-leytenant Qurqen Delibaltayan həyata keçirirdi. Robert Köçəryan xatirələrində Kəlbəcər əməliyyatı ilə bağlı bunları yazırdı: “Azərbaycanın bu dağlıq bölgəsi bizim üçün coğrafi mövqeyinə görə müstəsna əhəmiyyət daşıyırdı. Şimaldan Laçına bitişik olan bu ərazi Qarabağla Ermənistan arasında əsas maneələrdən biri idi. Mardakert bölgəsindəki əsgərlərimizə yalnız şimaldan və şərqdən deyil, həm də qərb tərəfdəki Kəlbəcər istiqamətindən hücum edilə bilərdi. Kəlbəcər bölgəsinə nəzarət bütün qüvvələrimizi şərq və şimal-şərq istiqamətində cəmləşdirməyimizə imkan verəcəkdi” (Koçaryan, 2019:99).
Erməni ordusu 26 mart 1993-cü ildə 5 helikopterdən, tanklardan və piyadalardan ibarət qoşunu ilə Ağdərə-Kəlbəcər magistral yolu istiqamətində hücuma başladı. Zərbənin əsas gücü 701-ci motoatıcı briqadanın 1-ci batalyonunun 130 nəfərdən ibarət heyəti istiqamətində endirildi. Saylarının çox az olmasına baxmayaraq, 1-ci batalyon güclü müqavimət göstərdi və müdafiə xəttinin qırılmasına imkan vermədi. İlk günlərdə bütün cəbhələrdə erməni ordusu itki verərək geri oturduldu. Ertəsi gün Mi-24 döyüş helikopterlərdən istifadə edən düşmən yenidən hücuma keçdi, lakin 2 Mi-24 helikopterini itirdikdən sonra geri çəkildi. Üçüncü gün hücum yenə eyni intensivliklə başladı.
28 Mart 1993-cü ildə erməni ordusu Ağdaban istiqamətində 701-ci briqadanın müdafi xəttini yara bildi. İtki vermiş özünümüdafiə dəstəsi briqada komandirinin əmri ilə Bağlıpəyə kəndi istiqamətində geri çəkildi. Digər cəbhələrdə isə müdafiə xətti yarıla bilmədi, amma erməni ordusu müdafiə xəttinin zəif yerlərini təsbit etdi. Bağlıpəyə istiqamətində çox sayda əsgərlərlə hücuma başlayan ermənilər kəndi ələ keçirə bildilər. Tezliklə, erməni ordusu Kəlbəcər və Laçını birləşdirən avtomobil tunnelini ələ keçirdi.
29 mart 1993-cü ildə 1-ci korpusun komandiri general-mayor Nəcməddin Sadıqov Kəlbəcərə gəldi. Briqada komandirini dinlədikdən və vəziyyəti yerində araşdırdıqdan sonra Sadıqov, Müdafiə nazirliyi rəhbərliyinə 701-ci briqadanın Laçından Kəlbəcərə çəkilməsinin zəruriliyi barədə məlumat verdi. Müdafiə Nazirliyinin qərarına əsasən, martın 30-da briqadanın Laçın rayonundan Kəlbəcər rayonuna gətirilməsi barədə əmr verildi. Dövlət katibi Pənah Hüseynov və Tərtər rayonunun başçısı Sərdar Həmidov da Kəlbəcər rayonuna gəldilər. Vəziyyəti yerində araşdıran Pənah Hüseynov prezident Əbülfəz Elçibəyə artıq rayonu geri qaytarmağın mümkün olmayacağını bildirdi. 29 mart 1993-cü ildə Azərbaycan Prezidenti “Kəlbəcər rayonu əhalisinin təxliyəsi haqqında” sərəncam verdi. Bu məqsədlə traktorlar Ömərdağ keçidinin qarlı yollarını təmizlədi. Əhalinin evakuasiyası bir istiqamətdə həyata keçirildiyi üçün daşınma zamanı böyük sıxlıq yarandı. Bu, müdafiə bölmələrinin manevrini çətinləşdirirdi.
Bu vəziyyətdə Elçibəy mülki əhalinin evakuasiyası üçün Türkiyə hökumətindən bir neçə helikopter istədi. Ancaq Türkiyə hökuməti Azərbaycan və Türkiyə arasında ortaq sərhədin olmamasını əsas gətirərək imtina etdi. Bu səbəbdən 28 mart – 4 aprel 1993-cü il tarixlərində Kəlbəcər sakinlərinin təxliyəsi mülki helikopterlər və mülki aviasiya ilə həyata keçirildi.
Polkovnik Əzizağa Qənizadənin komandanlığı altında 701-ci briqada Kəlbəcərdə ağır döyüşlər apararkən helikopterlər sakinləri evaukasiya edirdi. Mi-8 helikopterinin maksimum 24 nəfəri daşıya bilməsinə baxmayaraq, bəzən bir helikopterdə 70 nəfərədək təxliyə edilirdi. Daha çox adam çıxara bilməkdən ötrü helikopterlər minimum yanacaq götürürdülər. Ümumilikdə, Kəlbəcər rayonu sakinlərinin təxliyəsi əməliyyatına 13-14 Mi-8 helikopteri cəlb olunmuşdu. Beləcə, təkcə helikopterlərlə Kəlbəcərin əlçatmaz kəndlərindən 5 mindən çox insan evakuasiya edildi. Digər məcburi köçkünlər isə 80 km-lik yolu piyada, qoşqu maşınları ilə tərk etmək məcburiyyətində qalmışdılar.
Kəlbəcərli Şamil Əsgərov həmin günləri belə xatırlayır: “Dağ yolu ilə çıxmağa məcbur idik. Bir kəndli səksən qoyun sürmək istəyirdi. Mən sürünün ortasına düşdüm. Qoyunların hamısı öldü. Hava qarlı və küləkli idi. Mən bir quzunu paltomun altında gizlətdim. Şaxtadan göz yaşlarım üzümdə donurdu.” (De Vaal, 2008:246).
30 Mart 1993-cü ildə Kəlbəcər bölgəsindəki vəziyyət kritik həddə çatdı. Bu dəfə Ermənistan ərazisindən Zod-Dəmirçidam istiqamətində hücum başlandı. Azərbaycan ordusunun, dövlət sərhədində döyüş aparmaq üçün ehtiyatları yox idi. Könüllülər mülki şəxslərin evakuasiyasında iştirak edirdilər.
Çərəkdar kəndini müdafiə edən 701-ci briqadanın 1-ci batalyonu mühasirəyə alınmışdı. 701-ci briqadanın əsas qüvvələri hələ Laçının şimalında idi. Kəlbəcərə insanları evaukasiya etmək üçün gətirilən 50-80 nəfərlik qruplar düşmənin hücumunu dayandırmaq üçün dərhal döyüşə göndərildi. Onlar – silahlarla necə davranacağını bilməyən, komandirləri olmayan mülki şəxslər idi, bəzisini elə döyüş başlayanda komandir təyin etmişdilər.
Polkovnik Əzizağa Qənizadə müdafiəni təşkil etdi və təlimsiz bölmələrin bütün hücumlarına şəxsən rəhbərlik etmək məcburiyyətində qaldı. Əfsus ki, bu bölmələrlə hücumun dayandırılması mümkün deyildi, erməni ordusu sürətlə irəliləyirdi. Artilleriya zərbələrindən sonra Laçın – Ömər keçid yolu da bağlandı. Bu zaman Ağdərə-Kəlbəcər magistral yolu ilə Çərəkdar qəsəbəsinin yanından keçən və düşmənin manevrinə mane olmaq istəyən 1-ci taborun tank və BMP-ləri də ermənilər tərəfindən məhv edildi. 30-31 mart gecəsi Laçının şimal-qərbini müdafiə edən 701-ci briqadanın bölmələri geri çəkilməyə başladı. Bunu görən düşmən, döyüş helikopterlərindən istifadə edərək onları təqib etməyə başladı. Ermənilər bütün ordunu mühasirəyə almaq istəyirdilər. 701-ci briqada bölmələri buna imkan verməmək üçün Laçın rayonunun şimalından Kəlbəcər bölgəsinə doğru geri çəkilməyə başladı. Digər briqadanın bölmələri həm də Laçın bölgəsinin şimalından yüzlərlə mülki şəxsin təhlükəsiz şəkildə təxliyəsini təmin etməli idi. Evakuasiyası mümkün olmayan döyüş sursatları və silahlar məhv edildi. Bir neçə gün ərzində düşmənin hücumlarını dəf edən 701-ci motoatıcı briqadanın bölmələrinin Laçın rayonunun şimalından Kəlbəcərə geri çəkilməsi martın 31-də başa çatdı. Günün sonuna qədər düşmən Kəlbəcərin regional mərkəzinə yaxın yüksəkliklərini ələ keçirdi. Kəlbəcəri qorumaq mümkün deyildi, ancaq düşmən bütün müharibə qaydalarını pozaraq əhalinin təxliyəsinə də mane olurdu.
Aprelin 1-də Laçından geri çəkilən 100 nəfərdən ibarət 701-ci motoatıcı briqadanın 4-cü batalyonu Kəlbəcər-Zod-Ömər-Ağdərə yol qovşağına çatdı. Laçında qalan briqada qüvvələri və əhali evakuasiya olunana qədər bu yolun Qamışlı körpüsü ilə birləşdiyi hissəni saxlamaq lazım idi. Yolu qorumaq üçün 1 tank və 2 piyada döyüş maşınından ibarət 100 nəfərlik 4-cü batalyon cəlb edildi. 2 aprel 1993-cü ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəy ölkədə fövqəladə vəziyyət elan etdi. 2 aprel 1993-cü ildə düşmən canlı qüvvə və texnika üstünlüyündən istifadə edərək polkovnik Əzizağa Qənizadənin komandanlığı altında Çiçəkli təpəsini və Qamışlı körpüsünü müdafiə edən bir qrup əsgəri mühasirəyə aldı. Müdafiəçilərin inadlı müqavimətini görən düşmən, onlara müqaviməti dayandırmaq, silahlarını yerə qoyub təslim olmaq təklifi ilə ultimatum verdi. Ermənilər dəfələrlə onları tutmağa cəhd etdilər, lakin bütün cəhdləri uğursuzluqla nəticələndi. Briqada komandiri 20 nəfərlik dəstəni mühasirədən çıxarmaq üçün Levçay çayına girmək əmri verdi və ordan yalnız komandir sağ çıxdı. Əzizağa Qənizadə çaydan çıxandan sonra dağlarla 25 km məsafə qət edərək Yanşaq kəndinə çatdı. (Vəliməmmədov, 2019:130).
Bu döyüşlər nəticəsində təmas xətti Murovdağ silsiləsi boyunca geri çəkildi. 4 aprel 1993-cü ildə Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildi. 5 aprel 1993-cü il tarixində Kəlbəcərin mərkəzində mühasirədə qalan müdafiəçilərin son müqaviməti də qırıldı. Kəlbəcərə ilk girən erməni komandir Monte Melkonyan idi. O gördüklərini öz gündəliyində belə qeyd etmişdi: “Əli sarınmış və zorla yeriyən bir azərbaycan əsgəri bizi görəndə əlini qaldırdı. Böyük Vətən Müharibəsi medalları taxılan solğun gödəkçəli yaşlı bir kişi evindən əbədi ayrıldığı üçün ağlayırdı. Qara çəkmə geyinmiş yaşlı bir qadın isə çubuqda cırılmış mələfə yelləyərək Monte və Aboya Azərbaycan türkcəsində salam verirdi. Şəhərdə bir çox dükana əl dəyməmişdi, yolda toyuq- cücələr gəzirişdi. Şəhəri tələsik tərk etdikləri üçün özləri ilə yol aquzəsi də götürməmişdilər”. (Melkonian, 2008:248).
Nəticə
Kəlbəcərin itirilməsi ölkədə çox böyük rezonans yaratdı. Azərbaycan ordusu Kəlbəcər uğrunda döyüşlərdə 400 nəfər itki verdi. Ermənistan ordusu isə cəmi 14 nəfər itki verərək Kəlbəcəri işğal etmişdi. Qarabağ ordusunun komandirlərindən biri – Samvel Karapetyan bu döyüşlərdə mədəsindən ağır formada yaralandı. (Koçaryan, 2019:99).
Prezident Elçibəy hərbi sirlərin qorunması adı ilə senzuranın tətbiqi barədə fərman verdi. Reallıqda bu senzura siyasi təmayüllü idi. Bu dövrdə ölkənin ilk özəl televiziya şirkəti olan ANS telekanalı da bağlandı. (Ağayev və Əlizadə, 2006:600). Kəlbəcərin işğal edilməsi isə Ermənistana qarşı ciddi təzyiqlə nəticələndi. İlk olaraq BMT TŞ-nin bölgənin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnaməsi qəbul olundu. Türkiyə humanitar yardım məqsədi ilə açıq saxladığı sərhədləri Kəlbəcərin işğalından sonra bağladı. Rusiya da Kəlbəcərin işğalından narazı idi. O, Ermənistandan, Dağlıq Qarabağa təhlükəsizlik təminatı altında Kəlbəcərin Azərbaycana geri verilməsini istədi. Bu qərarın qəbul edilməməsi Ermənistan- Rusiya münasibətlərinə mənfi təsir göstərə bilərdi. Bu səbəbdən Kəlbəcərin işğal olunduğu ilk günlərdə Ermənistan prezidentinin köməkçisi Aşot Manuçaryanın tapşırığı ilə Ermənistan radiosunda Qarabağ ermənilərinin Kəlbəcərə girməsi tənqid edildi. Bu, Qarabağ erməniləri və Ermənistan arasında siyasi uzlaşmazlığın göstəricisi idi.
Qarabağ ermənilərinin rəhbəri Robert Koçaryan, israrla Ter-Petrosyana Kəlbəcəri geri vermək üçün almadıqlarını bildirirdi. Xüsusən də daşnaklar hər hansı güzəştə getməyin əleyhinə idilər. Sonda Dağlıq Qarabağ Ali Sovetinin qərarı ilə Kəlbəcərin 2 ay müddətində Azərbaycana geri veriləcəyi barədə qərar qəbul edildi. Robert Koçaryanın da söylədiyi kimi, bu müddət vaxt udmaq və sanskiya tətbiqinin qarşısını almaq üçün istifadə edilən blef idi. Həmin müddət ərzində Surət Hüseynovla Elçibəyin qarşıdurması böyüyərək faktiki vətəndaş müharibəsinə gətirib çıxardı. Qarabağ erməniləri isə bu vəziyyətdən məharətlə istifadə edərək Ağdərə və Ağdam istiqamətində hücuma başladılar.
İstifadə olunan ədəbiyyat
Велимамедов, Мамед (2019), Очерки по Карабахской войне
Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха
Melkonian, Markar (2008) My Brother’s Road: An American’s Fateful Journey to Armenia
Səmədov, Abutalıb. (2004) Azərbaycanın qurtuluş tarixi: 4 cilddə. Cild 1
Агаев, Расим и Ализаде Зардушт (2006) Азербайджан: конец второй республики, 1988-1993
De Vaal, Tomas (2008), Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında.