Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“İstək zənciri”

Əliş Nəzərov Əliş Nəzərov
., Mövqe
01 İyun 2021
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Shopping window SG
Paylaş

Şərbəti ağuludur fani cahanın, sən anın
Şərbətindən nuşudaru umma, zinhar istəmə!

İmadəddin Nəsimi

“Həyat bir mübarizədir.” Bu cümlə çoxumuza tanışdır, xüsusilə də son zamanlar dəb halına gələn “siz də zirvəyə layiqsiniz!” tipli şüarlarla çağlayan “özünü inkişaf” kitablarında tez-tez bu cümləylə rastlaşırıq. Maraqlıdır ki, niyə belə kitabların yazılması və şüarların səsləndirilməsi xüsusilə dövrümüzdə vüsət alıb? Məncə bunun kökündə neoliberalizm və azad bazar iqtisadiyyatı durur.

İnsanlar gündən-günə həyatın çətinləşməyindən gileylənir. Bəlkə də həyatı çətinləşdirən bitib-tükənmək bilməyən istəklərimizdir. İstəklər yalnız cəmiyyətdə var ola bilər. Cəmiyyət olmazsa, istəklər də olmaz. İnsanların “mən istəyirəm” dedikləri hər şey cəmiyyət tərəfindən istənilir. İnsanlar öz əldə etdikləri ilə cəmiyyətdə özlərinə bir nüfuz inşa edib həyatda qalmağı planlayırlar. Kimlərsə bunu bahalı paltarlar, mobil telefonlar və avtomobillər satın almaqla edir, kimlərsə də “özünü inkişaf” kitablarında yazıldığı kimi hədəflər qoyaraq, “zirvəyə” çatmaqla.

İnsanlar həmişə cəmiyyət içərisində yaradılmış tiplərin birinə özlərini yerləşdirmək istəyirlər. Çünki onlar yaradılmış tiplərdən birinə daxil ola bilməsələr, bir qrupa aid ola bilməzlər, o halda isə bərtərəf edilərlər. İnsanlar bir tipə aid olub, həmin tipin standartlarını mənimsəyib, sonra isə bunları öz standartları kimi göstərirlər. Və bu sayədə öz standartlarını yaratmaq, öz beyniylə düşünmək kimi “əziyyətlərdən” xilas olurlar. Əlavə olaraq, o tipi mümkün qədər “ideal” göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, təhsil aldıqları universiteti, peşələrini və ya sevgililərini ən yaxşı kimi qələmə verirlər. Ona görə də dünyada 7.9 milyard insan olsa da, ən çoxu 200 milyon insan tipi var. Bu “ali” tiplərdən birinə aid olmaq üçünsə digərləri ilə eyni istəklərə sahib olmalısınız, sonra isə bu istəklər uğrunda “mübarizəyə” qoşulmalısınız.

Z – nəsil əhaliyə nəzər salsaq, onların istəklərinin əksəriyyətinin eyniyyətini müşahidə edərik. Bəziləri “maşın-ev-ailə” üçbucağında irəli-geri gedir, bəziləri isə “dünyanı gəzmək”, “karyera qurmaq” kimi “fərdi” istəklər – ictimai vəzifələr – uğrunda qarşılarına gündə bir hədəf qoyub “ali” məqsədlərinə çatmağı planlanlayırlar. Eləcə də valideynlər uşaqlarının böyüdükcə istəklərinin artdığını həmişə vurğulayırlar və buna adi bir hal kimi baxırlar. Əslində isə insan böyüyüb kamilləşdikcə istəkləri azalmalıdır. Problem uşaqlarda yox, onları yetişdirən valideynlərdədir. Ümumi problem isə o valideynlərin yaşadığı neoliberal cəmiyyətdədir.

Bildschirmfoto 2021-05-28 um 07.41.31Məncə həyatı belə “çətin” hala gətirən kapitalist sistem və neoliberalizmin sui-istifadə etdiyi lazımsız istəklərimizdir. Sosial şəbəkələrin istifadəsinin geniş vüsət alması ilə insanların istəkləri ağlasığmaz dərəcədə artıb. Belə ki, insanoğlu gözü görən hər şeyi istəyir. Əvvəllər gözü ancaq qonşusunda, qohumunda olanı görürdü, indi isə bütün dünyadakıları görür və istəyir. Tamah insanları idarə edən ən qəddar tirandır. Keçmişdə bəzi hökmdarlar ya var-dövlət hərisliyi, ya cinsi istəklərindən dolayı minlərlə insanı güdaza verirdilər. Dövrümüzdə isə insanlar yenə tamah uğrunda öz həyatlarını “mübarizə” halına gətirirlər. Bunu etdirən sistemdir. Həmişə nəyisə “almaq”, əldə etmək üçün çalışırlar. Ehtiyac olmasa belə mağazalarda gəzirlər, almağa nəsə axtarırlar və bunu çox normal bir hal kimi qəbul edirlər. Qarşılarına bir hədəf qoyurlar, həmin hədəfi başa vurduqdan sonra başqa bir hədəf qoyurlar. Bu, bir az hamsterlərin təkərin içində yüyürməklərinə bənzəyir.

“Mən istəyirəm”

Bu cümlədən sui-istifadə etməklə neoliberal cəmiyyətdə yüzlərlə mal satılır. İnsanlar ən son model “Apple” markalı telefonu almaq üçün növbələrə düzülür, “Nike” ayaqqabı almaq üçün maaşının yarısından çoxunu verməyə razı olurlar. Onlardan bunu niyə etdiklərini soruşduqda cavab sadədir: “elə istəyirəm”. Lakin istəklər qidalanmaq, nəfəs almaq kimi bizdən asılı olmayan bir hadisə deyil. İstəkləri biz idarə etməliyik, onlar bizi yox. Əslində onlar nə telefon, nə də ayaqqabı alırlar. Onlar özlərinə cəmiyyət daxilində nüfuz və hörmət satın alırlar. Sadə bir komanın içində yaşamış Məhəmmədin tərəfdarları əllərində son model telefon olması üçün bankdan borc pul götürürlər. Çünki dövrümüzdə insanın şəxsi keyfiyyətlərini müəyyən edən əsas amil onun geyim stili, işlətdiyi telefon və ya avtomobildir. Belə ki, heç kəs bir çoxları tərəfindən “qaqa” və ya “kəndçi” adlandırılan geyim tərzi ilə geyinmiş insanların kamillik səviyyəsinin yüksək ola biləcəyinə inanmaz. Çünki neoliberal cəmiyyət insanının sadəcə görüntünü görmək üçün gözü var, qarşısındakının fikrini eşitmək üçün qulağı yoxdur. Neoliberalizm yavaş-yavaş insanları “şikəst” edir.

At eynəyi

Biznes sahəsində işçilərin idarəedilməsində bir “qanun” var. Onlara tez-tez hədəflər verməlisiniz, yoxsa ümumi iş ləngiyər və durğunlaşar. Həmin hədəflərin mükafatı olaraq da kiçik hədiyyələr verməlisiniz. Yəni atlara yeni bir hərəkət öyrədərkən şəkər kubu verilməsi kimi – təşbehdə xəta olmaz. Həmin “hədəflər qoyun, daha irəli gedin” şüarları da eyni məqsədi güdür.

İnsanlar atları idarə edərkən gözlərinə eynək taxırlar ki, onlar kənarları görməsin və ancaq əmr edilən tərəfə baxa bilsinlər. Neoliberalizm də tamah vasitəsilə insanları idarə edərkən hədəfləri – hədəfləri yerinə yetirməyimizin səbəbi də elə sondakı hədiyyəni istəməyimizdir, – eynən at eynəyi kimi qarşılarına qoyur ki, kənarları görməsinlər sadəcə həmin hədəfə doğru yüyürsünlər. “Zirvə”, “hədəflər” və s. – bunlar hamısı neoliberal cəmiyyətin zorla insanların beyinlərinə yeritdiyi məfhumlardır və bunlar hamısı daha çox mal satmaq üçündür.

“Fərqli olmaq” istəyi özü də insanın həyatını əzabverici hala gətirən şeydir. Fərqlilər özləri də bir tipin içinə daxildirlər, onların sadəcə zahirləri fərqlidir, daxilləri eynidir. Hədəfi və istəyi dünyanı gəzmək olan adamların əksəriyyəti bunu hamı etdiyi üçün və ya əksinə, hamıdan fərqli olmaq istəyinə görə edirlər. Rəngli geyinən, “gündə ən azı 1 sənədli film izləyən”, xırda, rəngli vərəqlərə gündəlik hədəflər yazan insanla, maşın-ev-ailə üçbucağında yaşayan insan arasında heç bir fərq yoxdur. Onlar ikisi də cəmiyyət içərisində daha yaxşı bir nüfuz istəyirlər və bu nüfuz uğrunda bütün həyatlarını həmin hədəflərə qurban verməyə hazırdırlar.

Əlqərəz, insan min illər əvvəl sürü – cəmiyyət – halında yaşamağa başladıqdan bəri təbiətində olmayan bir çox xüsusiyyəti yaratdı. İstəklər sadəcə cəmiyyətdən kənarlaşdırılmamaq üçün digərlərinə uyğunlaşmağın bir yoludur. İnsan özü heç nəyi istəmir, istəyən sadəcə cəmiyyətdir. Siz geyinmək üçün köynək seçmirsiniz, cəmiyyət seçir, sizin yerişinizi, saç stilinizi cəmiyyət müəyyənləşdirir. Bundan qaçış yoxdur və bu, insanlardan asılı bir hadisə də deyil. Doğrusu, qırmızı rəngdə geyinmək istəyinizin cəmiyyət tərəfindən müəyyən edilməsi də elə vacib bir problem deyil. Əsas problem filan markalı köynəyi geyinmək üçün gününü stresli işlərdə keçirib, cəmiyyətdə sığındığı tipin standartlarına çata bilmək üçün özünü paralamaqdır. Nə “ali” bir vəzifə və ya hədəf var, nə də ki yüyürüb çatacağımız bir “zirvə” var. Mümkün qədər istəklərimizi azaldıb, minimalizm cərəyanına yönəlməliyik. Bu sayədə daha azad ola bilərik. Neoliberalizm “istək zənciri” ilə bizi əlində saxlayır. Azadlıq və xoşbəxtlik sadəcə istəməməkdə gizlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör