Sırtıqlıq nə üçün məqbul sayılır? Niyə bütün dünyada yəhudilər İsrail üçün yağış duası edir? Erets-İsrailin sakinlərini kaktusla nə bağlayır? “Arzamas”dan Mariya Mitlina bu və başqa suallara cavab verir. İsraili başa düşməkdən ötrü vacib olan on bir sözlə AzLogos oxucularını da tanış edirik.
1- Aliya עליה
Yəhudilərin Fələstinə (1948-ci ildən bəri İsrail Dövlətinə) köçməsini, həmçinin müəyyən bir dövr ərzində İsrailə köçmüşlərin cəmini bildirir.
Aliya – müasir İsraildə olduqca vacib bir termindir: bu gün İsrail yəhudilərinin böyük əksəriyyəti repatriantlar, mühacirlər və ya onların nəsilləridir. Aliya sözü hərfi mənada “qalxmaq” deməkir. İsraillilərin başqa ölkələrə köçürülməsinə yerida (“eniş”), ekspatriantlara isə yordim (“enənlər”) deyilir. Bundan əlavə, İsraildə Qüdsə qalxır və oradan enirlər. Bu, şəhərin coğrafi mövqeyindən və sakrallığından (müqəddəsliyindən) irəli gəlir.
Müvafiq mənalarda bu sözün kökü Bibliyada da keçir. Yaradılış Kitabının 12-ci fəslində deyilir: “Və İbrahim Misirə endi…” – burada “endi” – yarad (“enmək”) felinin tərcüməsidir. 13-cü fəslin əvvəli isə belədir: “İbrahim Misirdən qalxdı…” Atalarını dəfn etmək üçün Misirdən İsrail torpağına gələn Yaqub oğullarına olim – “yüksələnlər”, “qalxanlar” deyilir. Yəhudilərin sürgündən qayıdışı da Bibliyanın müxtəlif kitablarında və eyni mənada olim sözü ilə ifadə edilir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində, yəhudilərin poqromlar səbəbiylə Fələstinə kütləvi köçü başladı: birinci aliya (1882-1903), ikinci aliya (1904-1914), üçüncü aliya (1919-1923), dördüncü aliya (1924-1929) və beşinci aliya (1929-1939). Bu gün İsrailin yeni vətəndaşlarına ole xadaş (“yeni repatriant”) deyilir, ölkədə doğulanları isə Aralıq dənizi ölkələrində geniş yayılmış və yeməli meyvələri olan armud kaktusunun adı ilə çağırırlar – tsabar. İkinci aliya nümayəndələri Erets-İsrailin yerli sakinlərini, habelə birinci aliya nümayəndələrini istehza ilə tsabar çağırırlar. Çox güman ki, tikanlı və kobud olduqlarına görə. Lakin, zaman keçdikcə tsabar sözü müsbət məna qazanır və hətta adamlar onu qürurla dilə gətirirlər: axı, israillilər diaspora yəhudilərindən fərqli olaraq kaktus kimi güclü, dözümlü və iddiasızdırlar. Tikanların altında isə onların mehriban ürəyi gizlənib.
2- Haaretz הארץ
İsrail; hərfi mənada “ölkə” yaxud “bu ölkə”
İbrani dilində İsrail tez-tez bu cür adlandırılır. Gündəlik suallardan bir neçəsi: “Ölkədə nə qədər yaşayırsan?” (Kama zman at ba–arets?), “Ölkədə nə vaxt olacaqsan?” (Matai ata ba-arets?) Əvvəllər Xadşot Haaretz, yəni “Ölkə Xəbərləri” adlı, İsrailin ən qədim və nüfuzlu gündəlik qəzeti bu gün Haaretz adlanır. İsrail istehsalı olan hər şeyə totseret ha-arets, yəni “ölkənin məhsulu” deyilir, xaricə isə “ölkə xaricində” mənasında huts la-arets deyilir.
3- Şabbat שבת
Şənbə
Bu, Allahın dünyanı altı günə yaradandan sonra istirahətə çəkildiyi yeddinci günün ibranicə adıdır. Sinod tərcüməsində belə səslənir: “Və yeddinci gün Tanrı gördüyü işləri başa çatdırdı və gördüyü bütün işlərdən yeddinci gün istirahət etdi.” “İstirahət” sözü “şabbat” sözünün törədiyi שבת (şavat) felinin tərcüməsidir. Həftənin yeddinci günü Bibliyada, Çıxış Kitabında şabbat adlanır. Müasir İvrit dilində şvita ismi (“tətil”) və lişbot feli (“tətil etmək”) eyni kökdən əmələ gəliblər. Maraqlıdır ki, ibranicə “şabbat” müəyyən dəyişikliklərə uğrayaraq, bir çox başqa dillərə də nüfuz edib: rus dilində суббота, yunan dilində Σάββατο, ərəbcə السبت (as-sabt), italyan dilində sabato, ispan dilində sábado və s.
On əmrdən birində, şənbə gününə ehtiramdan və ona riayət etməyin vacibliyindən bəhs olunur: “bundan başqa heç bir iş görməyin”. İsraildə şənbə günü istirahət günüdür, demək olar ki, həyat dayanır, hər yer bağlanır, ictimai nəqliyyat işləmir. Cümə gününün axşamı səslənən siren, həyatın dayandığını elan edir. Həmin gün dindar yəhudilər şıq geyinib sinaqoqa yollanır, Talmuda uyğun olaraq Kraliça Şabbatı (şabbat ha-malka) salamlayır, hamılıqla şam edirlər. Növbəti 25 saat ərzində telefonlardan istifadə qadağandır, siqaret çəkmək olmaz, hətta işığı yandırmaq da. Dünyəvi israillilər isə həmin günü ailələri, yaxud dostları ilə keçirirlər. Şənbə onlar üçün istirahət və sevdikləri ilə görüşmək üçün bir fürsətdir.
4- Kibuts קיבוץ
Sosialist dəyərlər üzərində qurulmuş kənd təsərrüfatı kommunası
Kibutsların sələfləri ikinci aliya zamanı ortaya çıxmış kvutsa – “qrup” adlanırdı. İlk belə yaşayış yeri Kvutsa Dgania 1910-cu ildə qurulmuşdu. Kibutslardan xeyli kiçik olan (10-15 nəfərdən, bir neçə on nəfərədək) kvutsotlar, çox vaxt diasporadan Fələstinə gələn və ailə həyat tərzini qoruyan qohumlardan, dost-tanışdan ibarət olurdu.
Ein-Harod adlı (Harod vadisində, eyniadlı bulağın yanında yerləşən) ilk kibuts üçüncü aliya zamanı yaranmışdı. Kvutsot və kibutsları yaradan ilk köçkünlər, sosialist dəyərlər və yəhudi xalqının milli (eyni zamanda dünyəvi) dirçəlişindən ilham almışdılar. Onlar hesab edirdi ki, kənd təsərrüfatı bu dəyərlərin yaşadılması üçün ən münasib vasitədir. Valideynlərinin ortodoksal baxışlarına, münasibətlərinə qarşı olsalar da, bəzi ənənələri onlar da qoruyub saxlayırdılar. Şənbə günü onlar üçün şənlik günü idi: cümə axşamı masalara ağ süfrələr sərilir, bişən xörəklər gündəlik menyudan mümkün qədər fərqlənirdi. Şənbə günündə yalnız zəruri işlər görülürdü. Kibutslarda 13 yaşlı oğlan uşağının dini yetkinlik yaşına çatması bar-mitsva və 12 yaşlı qızların bat-mitsva mərasimləri də təşkil olunurdu. Dünyəvi həyat tərzi yəhudi bayramlarının qeyd olunmasını istisna etmir, xüsusən də təbiətlə bağlı günlər vacib hesab olunurdu.
Kibutslarda xüsusi mülkiyyət və istehsal vasitələri yox idi, muzdlu əməyindən istifadə olunmurdu, hamı bərabər hüquqlara malik idi: ümumi yeməkxanada qidalanır, uşaqları bir yerdə tərbiyə edirdilər. 1980-ci illərə qədər valideynlər rahat işlərini görə bilsinlər deyə, uşaqlar xüsusi “uşaq evləri”ndə qalır, axşamlar ata-analarının yanına qayıdırdılar. Qərarlar ümumi səsvermə yolu ilə qəbul edilir, iş bölgüsü isə dövrilik prinsipi ilə tənzimlənirdi: bir həftə ağac əkir, bir həftə tövlədə işləyir, bir həftə çamaşır yuyurdular.
2018-ci il statistikasına görə İsraildə 171 min insanın yaşadığı 265 kibuts fəaliyyət göstərirdi. Bunlardan 40 dənəsi hər şeyin hər kəsə məxsus olduğu, xüsusi mülkiyyətin olmadığı ənənəvi, “ümumi” kibutslardır. Bununla belə, onlar 70-ci illərin kibutslarından fərqlənirlər: hansındasa elektrik enerjisinə görə ödəniş alınır, bir başqasında su pulu yığılır, yarısında isə yeməkxanada qidalanmak üçün aylıq ödəniş etmək lazım gəlir. Kibutsların yarısından çoxunda kibutsçulara maşın almağa da icazə verilir. Qalan bütün kibutslar isə artıq özəlləşdirilib: indiki yaşayış məntəqələrinin sakinləri heyvandarlıq, əkinçiliklə məşğul olur, pendir, şərab və bal satır. Müəyyən ödəniş müqabilində istəyənlərə giləmeyvə, çiçək toplamağa, at gəzintilərinə çıxmağa, velosiped sürməyə, attraksionlar təşkil etməyə icazə verilir, peyntbol oyunları, safarilər təşkil edilir, dəvəquşu və alpaka yetişdirilir, həmçinin kibutsdakı mənzillər kirayə də verilir.
5- Yalla יאללה
Sən getdin, oldu, ok, ola bilməz, yaxşı görək, əl çək, dayan görüm, de görüm nə deyirsən, de sənöl…
Bu çoxmənalı, çoxşaxəli köməkçi nitq hissəsi ibranicəyə ərəbcədən gəlib, orijinalı “ya allah”dır. İbranicədə yalla istənilən mənaya gələ bilər, buna siz özünüz, vəziyyətə uyğun olaraq qərar verirsiniz. Məsələn: “yaxşı, uşaqlar, başlayın işə!”, və ya “getdik?”, yaxud “əl çək”. Belə də ola bilər “Yalla! Mənə ağıl öyrətmə!”. Hətta razılıq da ifadə edə bilər: “Bəli, haqlısan, yalla.” Bir insanı qova da bilərsiniz: “Yalla! Bas bayıra!” Həmsöhbətinizdən şübhələnə də bilərsiniz: “Yalla, gopa basma”, həmçinin qıza kələk də gələ bilərsiniz: “Yalla! Səndən başqa əlim qız əlinə dəyməyib”. Təbii ki, sağollaşmaq da olar: “Yalla!” O deməkdir ki, mən getdim, görüşərik.
6- Şiftsur שפצור
Bir əsgərin ehtiyacı olan hər şeyin əldə qayırılması
Bu söz şipur (“təkmilləşdirmə”) və şiputs (“təmir”) sözlərinin birləşməsindən əmələ gəlib. Şiftsur bütün əsgərlərə tanış olan sözdür – əl altında olan vasitələrin köməyilə istənilən şeyin düzəldilməsi üçün istifadə olunur: yapışqan lent, dəftərxana bıçağı, alışqan və s. sizin köməyinizə gələ bilər. Məsələn, döş nişanı, yaxud hərbi texnika və avadanlıq günəşdə parıldamasın deyə, onu qaraltmaq, çirkləndirmək şiftsurdur. Kamuflyaj torunu dəbilqəyə yapışdırmaq; xəritə və sənədləri selofana bükmək də həmçinin. Şiftsur yalnız rahatlıq və ya təhlükəsizlik məqsədi ilə yox, həm də hərbi dəb naminə də olur. Məsələn, çağırışçı öz beretini ülgüclə qaşıyır ki, nimdaş görünsün.
İsraillilərin əksəriyyəti hərbi xidmət keçdiyinə görə ordu jarqonuna gündəlik həyatda tez-tez rast gəlmək olur. Şiftsur hərbi termin olmaqdan başqa, həm də əşyaların bərpası, nəyinsə yaxşılaşdırılması kimi də istifadə olunur. Məsələn, idman ayaqqabısını mumla sürtüb, fenlə qurudub onu su keçirməz etməyin, hətta mətnə düzəliş etməyin, nəyisə kodlaşdırmağın və başqa bir çox mücərrəd anlayışın da adı şiftsurdur.
7- Reqa רגע
Hərfi mənada “an”, “moment”, həmçinin “gözlə” mənasında istifadə olunur
İsraillilər emosionaldır və təbii olaraq, telefonla danışanda da əl-qol hərəkətlərinə yol verirlər. Reqa jesti ifadə edən sözüdür. Bu söz olmadan müasir ibranicəni, həm də bu dildə danışanları təsəvvür etmək mümkün deyil. “Bir saniyə”, “gözlə” mənalarında istifadə olunanda dörd barmağın ucları baş barmağın ucu ilə birləşir, əl yuxarı qalxır və hərəkət etdirilir. Çox vaxt heç sözün özü də tələffüz edilmir, hərəkət bəs eləyir.
Reqa, telefonla danışan adama sual veriləndə, əli ilə “bir dəqiqə, altı aylıqsan, görmürsən danışıram!” işarəsidir. Reqa, yol keçən piyadanın üstünə dırmaşan sürücüyə “ay eşşək, görmürsən yol keçirəm” deməsidir. Reqa, mənasız yerə siqnal verən sürücüyə, qabaqdakı sürücünün əli ilə “nə olub, hövsələn olsun” jestidir.
Bu jest 2020-ci ildə yaradılan 117 emoji siyahısına daxil edilib. Düzdür, onun müəllifləri israillilərin jestini yox, “italiyalıların “ma che vuoi” (nə lazımdır) jestini ifadə edən, dörd barmağın uclarının baş barmaqla birləşdiyi şaquli emoji kimi tərif ediblər. Amma olsun, israillilər ən azı italyanlılar qədər bu emojidən xoşbəxtdir.
8- Balaqan בלגן
Səliqəsizlik, qarışıqlıq, xaos
Maraqlıdır ki, bu fars sözü ibrani dilinə rus dilindən keçib, rus dilinə isə türk dilindən. Balaqan, birinci aliya zamanı, müasir ibrani dilinin atası Eliezer Ben-İexuda Fələstinə köçən dövrdən gündəlik istifadədədir. Bu ekspressiv ifadə uşaq otağındakı səliqəsizliyi, dostunuzun əynindəki ləkəli, düyməsi qopmuş köynəyi, qızla pozulan münasibətləri, ilişib qaldığınız tıxacı, həkim qəbulundakı uzun növbəni, siyasi vəziyyəti və s. kimi bir çox həyat hadisəsini ifadə etməyə qadirdir.
Düzünə qalsa, nizamsızlıq, səliqəsizlik İsrailin gündəlik həyatı üçün adi haldır. Hətta, hər şeyin qanun və qayda ilə nizamlandığı İsraildə, məmur da, adi insanlar da sizi başa düşməyə, yola verməyə meyllidir. Odur ki, balaqan sözü çox universal sözdür.
Balaqanı yalla sözündən əvvəl işlədəndə isə, balaqan yalla – “kef elə!” alınır.
9- Xutspa חוצפה
Sırtıqlıq, arsızlıq, ədəbsizlik, həyasızlıq
İbrani dilində nəzakətli müraciət forması yoxdur, hamı bir-birinə “sən” deyir. İfrat səmimiyyət, arsızlıq israillilər üçün bir növ “milli xarakter”dir. Bu xarakter sayəsində onlar xaricdə bir-birlərini asanlıqla tanıyır və sözün düzü, hardasa bununla qürur da duyurlar. Son zamanlar, İsrailin “startaplar ölkəsinə” çevrilməsinin məhz xutspa sayəsində mümkün olduğuna dair kitablar və məqalələr dərc olunur. Deyilir ki, “Silikon Vadisində İsrailin arsızlığını sevirlər”, çünki arsızlıq sayəsində israillilər özündən əmindir və investorlara ən çılğın təklifləri verməkdən çəkinmirlər.
Əslində, xutspanın lüğət mənası mənfidir – pis davranışı, tərbiyəsizliyi, sərhədlərin həyasızcasına pozulmasını ifadə edir. Talmudda da bu söz, etik olmayan, ləyaqətsiz davranışı, Məsihin zühurundan əvvəl cəmiyyətin mənəvi tənəzzülünü bildirir. Ancaq eyni zamanda, hətta qədim dövrlərdə də xutspanın müsbət mənası olub: “Arsızlıq göylərə istiqamətlənəndə, faydalıdır” deyə “Sanhedrin” (II sonu – III əsrin əvvəlləri) traktatında qeyd olunur.
Bu gün xutspa İsrailin tipik rahatlığını, sadəliyini, münasibətlərdəki yüngüllüyü (küçədə hamının bir-birinə əxi – qardaş deyə müraciət etməsini) bildirir və yaltaqlığı, yüksək vəzifə qarşısında əyilməyi, pul və şöhrət qarşısında əzilməyi istisna edir.
10- Aquna עגונה
Samanlı dul
Yəhudilərin dini qanununa (halax) görə, əri tərəfindən boşanılan (get) qadına samanlı dul, yəni aquna deyilir. Sözün əsl mənası evliliyə “lövbər salmış” deməkdir. Qədim dövrlərdə və orta əsrlərdə, ər müharibədə ölərsə, yaxud onun başına nə gəldiyi bilinməzsə, qəfil yoxa çıxarsa, uzun müddətlik iş səyahətinə gedərsə qadın aquna olurdu. Bu gün də həmin problem aktualdır: ər yoxa çıxıbsa, yaxud rəsmi boşanmaqdan imtina edibsə, yəni get baş verməyibsə, qadın təzədən evlənə bilməz, yad kişidən uşaq doğsa da ona bicbala (mamzer) deyiləcək.
İsraildə ailə hüququ çox sərtdir, dini qanunlarla tənzimlənir, nikaha da, boşanmaya da ravin, şəriət məhkəməsi, yaxud kilsə nəzarət edir. Ailə məhkəmələri də var, ancaq onlar aliment və qarışıq nikahların ləğvi işinə baxırlar. İsraildə dinsizlərin nakah bağlaması, yaxud qarışıq nikahların tanınması qadağandır. Bu səbəbdən, bir çox sekulyar israilli xaricdə evlənir (ən çox da Kipr, yaxud Çexiyada). Nikah bağlandığı ölkə tərəfindən tanınırsa (eynicinslilərin nikahı da daxil olmaqla), onu İsrail də tanıyır.
11- Yore u–malkoş יורה ומלקוש
Yağışlı mövsümdə ilk və son yağış
Yore (“ilk yağış”) və malkoş (“son yağış”) sözləri Bibliyada iki dəfə (Yeremya Kitabı və Qanunun təkrarında), hər ikisində də cüt istifadə olunur: “Torpağınıza vaxtında yağış yağdıracağam, ilk və son yağış; çörəyini, şərabını və yağını toplayacaqsan.” Bu ayələr yəhudilərin əsas duası “Şma“ya da daxil edilmiş, ayədən bir parça mezuza və tfilinin içərisinə yerləşdirilmişdir.
Erets-İsrailin tarixində həyat əsasən əkinçilik və yağışlardan asılı olub. Bütün dünyada yəhudilər hələ də gündə bir neçə dəfə İsraildə yağışın vaxtında yağması üçün dua edirlər.
Lüğətdə suyun əhəmiyyətini, yağışları, onların necə yağdığını, damlaların və buludların növlərini bildirən xeyli söz və ifadə var ki, onların bir çoxu dilin müasir daşıyıcılıarına heç tanış da deyil. Yore və malkoşdan başqa: qeşem – normal yağış, orta yağış; tiftuf – iri damcılı, küləksiz yağış; delef – aramsız, zərif damcılı yağış; zarzif – çiskin; revivim – leysan; mabul – sel, çox güclü yağış; şever anan – güclü lokal yağış kimi yağmur növləri və tipa, resis, egel, netef, mar kimi damcı sözünün sinonimləri var.