ya da sübuta ehtiyacı olmayan aksioma
Dünən Xocalı faciəsinin növbəti ildönümü idi, bununla bağlı insanlar sosial şəbəkədə kədər və hiddət hisslərini ifadə etdilər. Lakin təəssüf ki, bizim oturuşmamış cəmiyyətdə çox zaman 2X2=4 kimi sadə məsələni dəfələrlə, sanki mantra kimi təkrar etməli olursan, bəzən insan həqiqətən təəccüb edir ki, bu necə olar bilər, axı çox aydın, anlaşıqlı işlərin dəfələrlə açıqlanmasına, sübutuna nə hacət, bunlar ki, bir aksiomadır, yəni sübuta ehtiyacı olmayan teorem?
Tamam, yaxşı, bir daha cəhd edək.
Bəzi adamlar sanki ən sadə, elementar məsələləri anlamırmış kimi, rəhmətlik Çingiz Mustafayevin çəkdiyi kadrları bir daha tirajlayıb bilmirəm nəyi sübut etməyə çalışırdı? Ümumiyyətlə, bu kadrlarla bağlı söz-söhbətə birdəfəlik aydınlıq gətirmək lazımdır. Çünki onlara tamaşa edənlər arasında “siyasi oyun” axtaran konspirologiya həvəskarları da olur, məsələnin mahiyyətini anlamaq istəməyən həvəskarlar.
İlk öncə təəssüflə deyilməlidir ki, bəşər tarixi faciələrlə doludur və istənilən müharibə, qətliam zamanı işin içində mütləq böyük siaysi oyunlar da olur. Burada nəsə yeni bir şey var? Məsələn, indi aydın olur ki, Holokostun baş verməsi az qala bütün tərəflərə (Hitler əleyhinə koalisiya, yəni Müttəfiqlər nəzərdə tutulur) öncədən məlum olduğu halda hər kəs buna göz yumur, nəhəng ölüm düşərgələrinə yığılan insanları xilas etmək üçün heç bir tədbir görülmür, hər bir tərəf öz maraqlarını güdürdü. Keçən ay İsveçrənin və Avropanın ən nüfuzlu qəzetlərindən biri olan Neue Zürcher Zeitung “Auschwitz’də yəhudilərin öldürülməsi hamıya məlum bir sirr idi” adlı məqalədə bunu açıq etiraf edirdi.
Bu, çox-çox dəhşətli etirafdır.
Eyni zamanda yəhudilərin özlərinin də yazdığı kimi almanların bu işdə yaxın köməçkiləri Kapo-lar, yəhudi kollaborasionistləri idi. XX əsr tarixinin ən acı səhifələrini və bu hadisələrin mənbələrini araşdıran filosof, eyni zamanda jurnalist-tədqiqatçı Hann Arendt, öz “Şərin banallığı” (1963) əsərində soyqırımı zamanı inzibati və təşkilati işlərdə yəhudilərin özlərinin köməyi olmadan belə bir kütləvi qətliamı – Holokostu həyata keçirməyin qeyri-mümkün olduğunu göstərir.
Bilməyənlər üçün qeyd edim ki, Hann Arendt 1906-cı ildə, Almaniyada, Hannoverdə yəhudi ailəsində anadan olmuşdu və özünü yəhudi kimi identifikasiya edirdi. Amma bütün bunlar ona həqiqətləri yazmağa mane olmurdu. Və onun yazdıqları faşistlərin cinayətlərini əsla kölgələmirdi. Yəni Holokost kimi bəşər tarixində görülməmiş miqyasda kütləvi qətllərin ətrafında belə, bütün tərəflər müxtəlif siyasi oyunların iştirakçısı olub.
Lakin bunlar heç bir halda cinayətkarları, faşistləri, onların törətdiyi cinayəti, faşizmin cinayətkar ideologiya olmasının təkzibi deyil. Heç bir halda.
Eynisini Holokostdan yarım əsr sonra, cəmi 26 il öncə, 1994-cü ildə Ruandada baş vermiş qətliamlar zamanı gördük. Hadisənin özü gözlənilirdi, lakin heç bir böyük dövlət öncədən buna reaksiya vermədi, qırğın görünməmiş miqyas alanda belə siyasi oyunlar davam etdi, halbuki XX əsrin qürubunda bariz bir insan faciəsi yaşanırdı.
İndi dönək rəhmətlik Çingiz Mustafayevin çəkdiyi kadrlara. Onlar artıq neçə ildir dolaşır, o zamankı hakimiyyətlə bağlı suallar doğurur, müxtəlif siyasi oyunlar ağla gəlir və s. – bunları heç kim inkar etmir, araşdırılması gərəkən məsələ çoxdur.
Lakin Xocalı qətliamını kimin törətməsi ilə bağlı şübhələr kontekstdən kənardır, kənar qalmalıdır, çünki Serj Sarkisyan bunu tamamilə neytral tərəfə – britaniyalı jurnalist və araşdırmaçı Tom de Waala müsahibəsində, öz dilindən bəyan edib. Müsahibəni verərkən Ermənistanın prezidenti deyildi, siyasətin nə olduğunu bilmirdi, lakin hətta ehtiyatla verdiyi müsahibədə belə özünü saxlaya bilməyib, demək istədiklərini yəqin ki, qürur duyaraq, ağzından çıxarıb:
“Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. Məhz bu baş verdi”.
Sarkisyanın bu sözləri ilə yəqin ki, hamı tanışdır. Bu fenomenə Freud dil çaşması (Freudscher Versprecher) deyirlər, çaşıb təhtəlşüurunda olanların deyilməsinin təsnifatını psixoanalizin banisi Siegmund Freud “Gündəlik həyatın psixopatologiyası” (1901) əsərində təsvir edib.
Sarkisyanın bu sözləri şəxsən ona səsləndirməsi faktını Tom de Waal 2009-cu ildə Azadlıq Radiosunda Xədicə İsmayılova ilə müsahibəsi zamanı bir daha təsdiq edib demişdi ki, diktofonda Serjin səsi indi də durur. Odur ki, bu məsələ ümumiyyətlə müzakirədən kənardır və mənasız insinuasiyalara uymaq, düşmən əlinə mövcud olmayan şübhələr gətirməkdən başqa heç bir şeyə xidmət etmir. Necə ki, haqlı ittihamlardan divara dirənmiş Paşinyan məlum debat zamanı sonuncu sığınacaq yeri kimi Ayaz Mütəllibovun məlum müsahibəsini xatırladı. Hərçənd, Mütəllibov dəfələrlə Mazanovaya verdiyi müsahibədə belə bir şey söyləmədiyini vurğulayıb.
Əlbəttə anlayıram ki, məqsəd qarşı tərəfə yarınmaqdırsa, istənilən üsula əl atmaq da mübahdır. Buna hazır elementlər üçün bütün bu arqumentlər, insan faciələri keçərli deyil. O üzdən fikrimi lakonik ifadə edəcəm – cənablar, arxayın olun ki, ermənilər sizə ən yaxşı halda istifadə olunmuş prezervativ gözü ilə baxırlar və baxacaqlar. Bir zamanlar ermənilərə «товарищи армяне» ifadələri ilə yaltaqlanıb, özünü onlara «союзник» kimi sırımağa çalışan bədbəxtin biri kimi.
Bəzi yazıqlara necə anladaq ki, ay yetim, haradan və necə oldun onlara «союзник», o səni məgər özünə tay sayırmı? Faşistlərə yarınan “yəhudi polizei” KAPO işçiləri yəhudiləri qaz kameralarına nə qədər vəcdlə doldururdusa da, öz taleləri yenə də qaz kamerası olurdu. Tarixin ibrət dərsləri olmur, təəssüf.