Həqiqətlər – elm adamlarının ağır zəhməti bahasına qazanılır. Hansısa həqiqət bir elm üçün vacib ola, digəri üçün heç bir əhəmiyyət kəsb etməyə də bilər. Məhz, buna görə də, əsaslı araşdırma aparılmadan “kifayət qədər normal” həqiqətləri bir elmdən digərinə transfer etmək məqsədəuyğun deyil. Çünki bu yolla oksümoronlar, ya da məzmunsuz anlamlar və terminlər emal edilir; metaforalar bəzən həqiqət kimi təqdim olunur. Məsələn, kimsə “kvant kulturologiyası” terminini tədavülə buraxmaq istəsə, elmi mühitdə əlbəttə ciddi qıcıq yaradacaq.
Bu yaxınlarda dünyadan köçmüş dahi rus linqvisti Andrey Zaliznyak iddia eləyirdi ki, “həqiqət mövcuddur və elmin hədəfi onu tapmaqdır”. Bu doğru təsbiti, həqiqət məfhumunu vahid elmi bilgilər haqqında təsəvvürlərlə deyil, onun konkret sistemləri ilə əlaqələndirərək şərh və izah eləməyə çalışaq. Başqa sözlə, öz maddi və fəlsəfi mahiyyəti ilə təbiətşünaslıq, idrak prosesinin məntiqinə əsasən, mütləq təbiət haqqında ümumi və abstrakt (hərçənd çox vaxt həqiqətəuyğun) mülahizələrdən, konkret maddi formalarının emprik tədqiqatlar səviyyəsində öyrənilməsinə keçməlidir. Yəni alim, konkret təbii obyektlərin müxtəlif konkret aspektlərini araşdırır: səmavi cisimlərin, müxtəlif fiziki və kimyəvi strukturların, bioloji orqanizmlərin, molekulların, atomların, elementar hissəciklərin və s.
Bu cür yanaşma çərçivəsində həqiqət, qeyri-differensial abstrakt bilginin ümumi fəlsəfi xarakteristikası və təkbaşına yetərli predmeti olmaqdan çıxır. Əvəzində bilgi sisteminin öz konkret sahəsinə münasibəti haqqında mülahizələrdən biri kimi təfsir edilir.
Elmi biliklər sisteminin doğruluğu öncədən toplanmış elmi təcrübə və predmetlə bağlı müvəqqəti əldə olunmuş nəticələrin birbaşa yoxlanılması məqsədilə aparılan təcrübələrlə təsdiqlənir. Buna görə də, əsl elmi bilik sistemləri, elm cəmiyyətləri tərəfindən avtomatik olaraq həqiqət kimi qəbul olunur.
Elmi bilik sisteminin doğru olduğunu demək, yağın yağlı olduğunu deməyə oxşayır. Həqiqətən, elmin inkişafı prosesində əldə olunmuş ayrıca elmi müddəanın yanlış olduğunu demək mümkündür, amma elmi biliklər sisteminin özünün yanlış olduğunu iddia eləmək – “qaynar buz”, ya da “dairəvi kvadrat” qədər oksümorondur. Yəni doğruluq, konkret elmi biliklər sisteminin atributudur (ayrılmaz və xarakterik əlaməti). Doğru-yanlış dixotomiyasının ənənəvi olaraq ayrı-ayrı elmi müddəalardan bütün elmi biliklər sisteminə köçürülməsinin təməlində onun, şüuraltı olaraq bu tip müddəaların cəmi ilə eyniləşdirilməsi dayanır. Ancaq müddəalar sistemlərinin də altsistemlər qismində daxil olduğu gerçək elmi bilik sistemləri qətiyyən onlarla eyni deyil. Onlara həm də bilik sisteminin konkret sferasına aid reallıq modellərinin müxtəlif növləri, problemlərin, modellərin terminləri ilə ifadə olunması, modellər və problemlərlə əməliyyatlar və fəaliyyət prosedurları, rəngarəng qiymətləndirmə növləri də daxildir. Onlardan ən məşhuru bilik sisteminin öz konkret sahəsinə və s. yanaşmasının doğruluğunun yoxlanılmasıdır. Bilik sisteminin mürəkkəb struktura malik olması müvafiq elmin doğruluğunu və onun, biliklərin toplanması və daha da təkmilləşdirilməsi istiqamətində inkişafını təmin edir.
Qeyd etmək lazımdır ki, elmi idrak prosesində kifayət qədər normal olan yanlış müddəalar psevdoelmi, əsassız boşboğazlıqdan köklü surətdə fərqlənir. Fərq ondan ibarətdir ki, elmi müddəanın yanlışlığı səhvin nəticəsidir (ki, heç bir tədqiqatçı, hətta ən dahi alim belə bundan sığortalanmayıb). Ancaq psevdoelmi müddəa başdan yanlışdı, çünki onun fəaliyyəti bilik sistemindən kənarda baş verir, elmi metoda əsaslanmır, minlərlə sələfi tərəfindən yaradılmış təmələ sahib deyil.
Təbii ki, elmi bilik sistemləri hər zaman dəqiq və bitkin olmur. İdrak prosesinin davamlılığını da, məhz, onları təkmilləşdirmək cəhdi təmin edir. Beləliklə də, təbiətşünaslıq və cəmiyyətşünaslıq elmləri fərqli tərzlərə malik olan əsl bilik sistemlərinin məcmusu kimi mövcuddur və belə təqdim olunur.
Elmin məqsədi – yeni biliklər əldə etməkdir. Bu isə konkret elmi bilik sistemlərinin qurulması deməkdir.
Elmi biliklər qazanmağın yeganə yolu alimlərin maarifləndirici tədqiqat fəaliyyətləridir. Bu fəaliyyətlər, əldə olunan məlumatların nəzəri baxımdan təkmilləşdirilməsini və zəruri emprik və ya müşahidəçi qismini əhatə edir. Şübhəsiz ki, nəzəri baxımdan təkmilləşdirmə çox zaman böyük və müstəqil işə çevrilir, elmin digər geniş sahələri, yaxud kiçik fraqmentləri üçün yeni üfüqlər açır. Lakin istənilən predmetin elmi nəzəriyyəsi hər zaman onun empirik tədqiqinə əsaslanmalıdır. Hərdən bu, çox dolayı yolla, ümumi ifadə edilən prinsiplər vasitəsilə baş verir. Amma həmin prinsiplər də təcrübənin yekun nəticəsi olaraq meydana çıxır. Məsələn, termodinamika qanunları bu rolu oynayır. Məhz, termodinamika qanunları əleyhinə şüurlu, ya da qeyri-şüuri mübarizə, psevdoelmin geniş yayılmış növlərindən biridir (əbədi mühərriklər).
Nəzəriyyə təcrübələrin davam etdirilməsini, yeni nəticələrin əldə olunmasını təklif edir. Nəzəriyyənin öz təsdiqini tapması onun qələbəsidir, amma fərziyyələrin təkzibi də elmin inkişafı üçün böyük stimula çevrilə, yeni, daha təkmil nəzəriyyələrin yaradılmasına sövq edə bilər. Nəzəri konsepsiyaların irəli sürülməsinə təbiət fəlsəfəsi nöqteyi-nəzərindən yanaşma əsrlər əvvəl tükənib, odur ki, müasir dövrümüzdə Aristotelin metodologiyasına qayıtmaq – səmərəsizdir və tamamilə psevdoelmilik deməkdir, hərçənd məşhur qədim yunan filosofunun zamanında təbiət fəlsəfəsi istiqamətində fəaliyyətlər o vaxtkı elmin tələblərinə cavab verirdi.
Bu sadə faktı başa düşülmür deyə, müasir Azərbaycanın elmdən uzaq sosial-humanitar həyatında çoxlu sabun köpükləri yaranır. O köpükləri şişirdənlər kimi onları vəcdlə izləyənlər də cəmiyyət üçün təhlükəlidirlər, çünki Azərbaycanda elm sahəsində hər şeyin qaydasında olduğu, anlamsız çərənləmələrin, səfsətənin isə elm olduğu illüziyasını yaradırlar. Ona görə də, doğru elmi fəlsəfə – sağlam düşüncənin qalib gəlməsinin təminatıdır.
Nəticə etibarilə, hər bir konkret bilik sahəsində həqiqət axtarışları ilə müvafiq elmlər məşğul olur. Bu elmlərin bilik sistemləri bir-birinə çox bənzəyir. Bunda təəccüblü heç nə yoxdur, çünki elmi idrak metodu universaldır. Konkret elmlərin strukturu və iş metodlarının tədqiqi ilə isə, elmin fəlsəfəsi məşğul olur. O, ümumi tətbiq olunan çoxşaxəli elmin – fəlsəfənin bir bölməsidir. Elmlərin fəaliyyəti, nailiyyətləri, məzmunu haqqında məlumatları toplayıb analiz edir və bu qiymətli təcrübəni ümumiləşdirir.
Bir çox yüksək səviyyəli təbiətşünas alimlər bu cür ümumiləşdirmənin zəruriliyini inkar edirlər, çünki elə hesab eləyirlər ki, öz səlahiyyətləri çərçivəsində, “yad” mütəxəssislərə müraciət etmədən də istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdilər.
Çox vaxt onlar öz işləri və zövqləri ilə bağlı haqlıdırlar. Ancaq elm, ayrı-ayrı alimlərin və elmi müəssisələrin məcmusu olan bir institut kimi tədqiqat predmetlərinin və metodlarının ümumiləşdirilməsi və təsnifatı olmadan mümkün deyil. XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş məşhur fransız fiziki Andre-Mari Amper də uyğun təsnifatın yaradılmasını arzulayırdı (və bu istiqamətdə çox iş görmüşdü).
Əksər alimlərin bu və ya digər şəkildə məşğul olduğu elmi bilik sistemlərinin öyrənilməsi həm də ona görə vacibdir ki, empirik araşdırmaların həmişə ayrı-ayrı konkret elmlər çərçivəsində aparıldığı təbiət elmlərindən fərqli olaraq, ictimai-humanitar sahədə qarşılarına belə bir məqsədi heç qoymurlar. Məsələn, tədqiqat predmetləri ictimai hadisələr, proseslər, tendensiyalar olan sosial filosoflar, demək olar ki, heç vaxt cəmiyyətin konkret sosial, hüquqi və iqtisadi baxımdan analiz olunmasına əsaslanmırlar. Belə analizlərə qarşı fəlsəfənin görünən əks təsiri ilə bağlı məlumatlar da yoxdur.
Elmin fəlsəfəsi həm də yanılmamaq və elmin obyektivliyini qorumaqdan ötrü lazımdır. “Qüdrətli” demiurq-subyekti elmə soxmaq cəhdləri əbəsdir. Bu tendensiyanı dahi Eynşteynin adına yazılan bir sual daha yaxşı xarakterizə edir: “Ay, ona baxan olmayanda mövcuddurmu?” Bu sual oxucuya əllaməçilik təsiri bağışlayırsa və ona birmənalı şəkildə “Hə!” cavabı verirsə, o, son dərəcə yanılır. Dahi fizik Vitali Qinzburqun ölümündən sonra, alimin uzun illər redaktoru olduğu Rusiya Elmlər Akademiyasının “Fizika elmlərinin uğurları” adlı məşhur jurnal-xulasəsində yuxarda sözügedən suala inkar cavabı verən “Eynşteynin ayı” adlı məqalə dərc edilmişdi. Məqalə müəllifinin və redaktorlar kollegiyasındakı bir çox insanın fikrincə, dünya, müşahidəçi insan olmadan mövcud deyil, ya da, məsələn, trilobiti ağıllı müşahidəçi hesab eləmək lazımdır. Hərçənd bu yanlış fəlsəfəyə nəzərən, Yer planetində həyat meydana çıxana qədər, ümumiyyətlə, heç Kosmos da yox idi, yəni ona qədər baş verən hər şey (müasir elmin fərziyyələrinə əsasən) əslində alimlərin uydurmasıdır. Ancaq bu zaman Kainatın və yer planetində həyatın evolyusiyası konsepsiyası yerlə-yeksan olur. Ki, açıq-aydın yanlış mülahizədir, zira keçmişdə də, indi də təkamül prosesini isbat eləyən çoxlu sübutlar var.
Beləliklə, elm fəlsəfəsi konkret elmlərin bir sahəsi deyil, lakin onların nailiyyətləri əsasında hər bir konkret elmdə səhvlərdən qaçmağa, elmlərin inkişafını sürətləndirməyə və cəmiyyəti dünyəvi oriyentirlərin itirilməsindən qorumağa kömək eləyir.
Eyni zamanda onu da qeyd eləyək ki, bütün əsl elmlər kimi fəlsəfənin də məşhur estetik və etik aspektləri var. O da digər elmlər qədər maraqlıdır, populyarlığa imkan verir və onunla maraqlanan hər kəsə böyük zövq bəxş edir.
Elmi təfəkkürü formalaşdıran mətnlər
İnsan – düşünən varlıqdır. Öz düşüncələrini qavramağa çalışsan, onlar üçün müəyyən qaydalar tətbiq eləsən, onlardan daha çox faydalanmaq mümkündür, nəinki dağınıq prosesdən. Buna görə də, hər kəs elmi təfəkkürünü inkişaf etdirməlidir: ona obyektivlik, faktlara əsaslanmaq meyli və həqiqətə çatmaq cəhdi xasdır.
Siz elm adamı olmasanız da, alim kimi düşünmək və mülahizə yürütmək haqqınız var. Belə düşüncə tərzinin inkişafı şəxsi problemlərin həllinə, yeni ideyaların yaranmasına, yaradıcı fəaliyyətə və bir çox başqa məsələlərə yardım edə bilər.
Bütün elmi mühakimələrin öz hədəfi var
a) Bir qədər vaxt ayırıb hədəfi dəqiq ifadə etməyə çalışın;
b) Öz hədəfinizi onunla əlaqəli olan digər hədəflərdən fərqləndirin;
c) Mütəmadi olaraq hədəfdən yayınıb-yayınmadığınızı yoxlayın;
d) Real, eyni zamanda da vacib hədəflər seçin.
Bütün mühakimələr – yeni bir şey yaratmaq, elmi sual qoymaq və elmi problemi həll etmək cəhdidir
a) Problemin həlli üçün doğru sual seçin;
b) Sualın mənasını doğru anladığınıza əmin olmaqdan ötrü onu fərqli sözlər və üsullarla ifadə eləyin;
c) Sualı yarımsuallara bölün;
d) Yalnız konkret bir cavabı olan sualları fərqli nöqteyi-nəzərlərdən fərqli cavabları ola biləcək suallardan ayırın;
Elmi mühakimələr fərziyyələrə əsaslanır
a) Fərziyyələri ifadə eləyin və onların əsaslandırılmış olub-olmadığını yoxlayın;
b) Fərziyyələrin, sizin nöqteyi-nəzərinizə necə təsir edəcəyini aydınlaşdırın;
Fərziyyələr hər hansı bir baxış bucağından irəli sürülür
a) Öz baxış bucağınızı müəyyənləşdirin;
b) Başqa baxış bucaqlarını nəzərdən keçirin və onların zəif və güclü tərəflərini müəyyənləşdirin;
c) Obyektiv olmağa can atın.
Mühakimələr faktlara, məlumatlara və sübutlara əsaslanır
a) Faktlara əsaslanan müddəanı aşkara çıxardın;
b) Sizin mühakimələrinizi təsdiqləyən və təkzib edən faktlar tapın;
c) Əldə etdiyiniz məlumatın aydın, səliqəli və problemə uyğun olduğuna əmin olun;
d) Məlumatın gerçək olub-olmadığını yoxlayın.
Mühakimələr konsepsiyaların və ideyaların köməyi ilə formalaşır və ifadə olunur
a) Əsas elmi konsepsiyaları məyyənləşdirin və onları sadə və aydın şəkildə izah edin;
b) Alternativ konsepsiyaları nəzərdən keçirin;
c) Konsepsiyadan doğru istifadə etdiyinizə əmin olun;
Mühakimələr öz ardınca məntiqi nəticələr və interpretasiyalar gətirir
a) Yalnız əlinizdə sübutlar olduğu halda nəticə çıxardın;
b) Nəticələrin bir-birinə uyğun gəlib-gəlmədiyini yoxlayın;
c) Nəticələrin əsasında dayanan fərziyyələrinizi müəyyənləşdirin;
Elmi rəylər nəyəsə təsir etməli və ya müəyyən bir nəticəsi olmalıdır
a) Təsir və nəticələri izləyin;
b) Həm müsbət, həm də mənfi təsirləri tapın;
c) Bütün mümkün nəticələri nəzərdən keçirin.
Bu yoxlama siyahısının köməyi ilə qarşınızdakının elm adamı olub-olmadığını anlaya bilərsiniz. Hazırda bu sərhəd pozulub və çox şarlatanlar bundan istifadə eləməyə çalışır. Özlərini alim kimi təqdim edən, əslində isə bir çox meyarları ilə yalançı olduqlarını büruzə verən insanların sayı artır.
Elmi təfəkkür obyektiv baxış bucağını qorumağa, eyni zamanda öz baxış bucağınızı gözardı etməyə yardımçı olur. Elmi kitablar və məqalələr oxuyun, məlumatları analiz edin və alimlərin necə düşündüyünü anlamağa çalışın.
Buna, aşağıdakı kitabları oxumaqla başlaya bilərsiniz. Onlar, elmi sevməyinizə kömək edə bilər.
1. Stiven Hokinq „Kiçik, böyük insan ağlı“
2. Mito Kaku „Hiperfəza“
3. Karl Simmer „Mikrokosm“
4. Çarlz Darvin „Növlərin mənşəyi“
5. Yakov Perelman „Əyləncəli fizika“
6. Karl Saqan „Kosmos“
Açıq mənbələrdən tərtibat və adaptasiya: Hacı Hacıyev