Yanvarın 17-sində, Varşavada Witold Lutosławski adına Polşa Radio Konsert Studio zalında, Polşanın ən nüfuzlu kollektivlərindən biri olan Sinfonia Varsovia orkestrinin Azərbaycanın əməkdar artisti, dirijor Fuad İbrahimovun idarəsi altında “Oddźwięki Nowa muzyka polska” müasir musiqi silsiləsi çərçivəsində konserti keçirilmişdir.
Konsert proqramına sovet musiqisi klassikləri Meçislav Vaynberqin Violonçel və Orkestr üçün Konserti və Dmitri Şostakoviçin 1945-ci ildə yazılmış Doqquz saylı Simfoniyası, eyni zamanda Polşa bəstəkarı Grażyna Bacewicz tərəfindən 1943-cü ildə qələmə alınmış simfonik orkestr üçün Üvertürası daxil edilmişdir. Konsertdə solist qismində gənc violonçelist Marcel Markowski çıxış edirdi.
Bədii konsepsiyası və estetik təmayülünə görə rekviem və memorial xarakteri daşıyan konsert öncəsi zalda bir neçə gün əvvəl Gdansk şəhərində faciəli surətdə qətlə yetirilmiş, şəhərin meri Paweł Adamowiczin xatirəsinə bir anlıq sükut elan edildi.
Proqramdan göründüyü kimi, o gecə ifa edilmiş bütün əsərlər İkinci Dünya Müharibəsinin təlaşlı dövrünə təsadüf edirdi. Konsert proqramının belə konseptual tərtibi, konsertin ifası zamanı yaranmış atmosferdə hökm sürürdü.
Meçislav Vaynberqin Violonçel və Orkestr üçün Konserti 1942-ci ildə ilk öncə Violin və simli orkestr üçün kiçik bir lövhə kimi nəzərdə tutulmuşdu, lakin bəstəkar bu əsəri sona qədər davam etdirmir. Yalnız 1957-cı ildə violonçelist M.Rostropoviçin təkidi ilə əsəri yenidən, bu dəfə Violonçel və Orkestr üçün Konsert şəkilində işləyib bitirir.
Azərbaycan dinləyicisinə tanınmamış, lakin XX əsr Polşa musiqisində görkəmli yer tutan Grażyna Bacewicz (1909 – 1969) violin ifaçısı və bəstəkar kimi bu ölkənin musiqi tarixində önəmli bir yer tutur. Polşanın nasistlər tərəfindən işğalı dövründə, 1943-cü ildə yazılmış simfonik orkestr üçün Üvertüranın ilk dörd tonu morze əlifbasında V hərfinin mənasını verir və bəstəkar tərəfindən “Victoria”, yəni Qələbə kimi rəmzləndirilirdi.
Nəhayət, konsertin sonunda görkəmli bəstəkar Dmitri Şostakoviçin 9 saylı Simfoniyası səsləndirildi. Bu əsər 1945-ci ildə yazılıb və Stalin müharibənin sonunda yazılmış əsərin ona və Sovet İttifaqının qələbəsinə həsr edilməməsinə çox qəzəblənmişdi. O zamanlar Sovetlərin qeyri-rəsmi baş bəstəkarı “təyin edilmiş” bəstəkardan bu zaman monumental-təntənəli, sovet müstəbidini və onun qələbəsini vəsf edəcək əsər görləyirdilər, lakin bunun əvəzinə, Shostakoviç 1945-ci ildə sarkazm və ironiya dolu bir simfoniya yaradır və bu hakmiyyətin dərin qəzəbinə səbəb olur. Bu zamandan qərəzli münasibətlə üzləşmiş bəstəkar 1948-ci ildə sovetlərin baş ideoloqu A.Jdanov tərəfindən qəbul edilmiş Qərar ilə, dərs verdiyi hər iki konservatoriyadan (Moskva və Leninqrad) işdən uzaqlaşdırılır və onun əsərlərinin ifasına qeyri-rəsmi qadağa qoyulur…
Beləliklə, bu konsertdə ifa edilmiş hər bir əsər sanki bəstəkarlar tərəfindən yalnız sadəcə ifa edilmək məqsədi ilə yazılmamış, hər birisi öz ifası üçün həm ifaçıların, həm də dinləyicilərin daxilən maksimal konsentrasiyasını tələb edən və qeyri-adi ekzistensial xarakter daşıyan bir kulturoloji akt, hadisə kimi nəzərdə tutulmuşdu. İstedadlı dirijor Fuad İbrahimovun interpretasiyasında ifa zamanı yaranan atmosferi ifaçılarla dinləyicilər arasında baş verən çox gərgin, “daxili dialoq” kimi qiymətləndirmək olardı. Fuadın idarəsi altında baş tutan o gecənin istər ifaçılar, istərsə də dinləyicilər arasında necə bir şövqlə qarşılandığının canlı şahidi kimi bu qürurverici səhnəni qeyd etməliyəm: dirijorluq sənətimizin gələcəyi etibarlı əllərdədir!
Fuad İbrahimov 1982-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Öncə Bakı Musiqi Akademiyasını viola ixtisası üzrə, sonra isə Köln Ali Musiqi Məktəbini dirijor ixtisası ilə bitirmiş, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaranan “Yeni Filarmoniya” gənclər simfonik orkestrinə dirijor təyin olunmuş və bu orkestrlə Berlində “Young.Euro.Classic” musiqi festivalında (2008/10), İtaliyanın Toskana şəhərində MPF musiqi festivalında (2010) iştirak
etmişdir. Həmin il Köln Ali Musiqi Məktəbinin “Simfonietta” tələbə simfonik orkestrinə dirijor təyin olunmuşdur. Gənc dirijor kimi müsabiqə yolu ilə Berliner Philharmoniker, Gewandhaus Leipzig, Dresdner Staatskapelle, Konzerthaus Berlin Orchester ilə çalışmaq hüququ qazanmışdır.
Gənc dirijor müxtəlif illərdə Cənubi Vestfalia Filarmonik Orkestri, Critical Orchestra Berlin, Leipzig və Nürnberq Simfonik Orkestrləri ilə birgə dünyanın müxtəlif konsert salonlarında tamaşaçılar qarşısına çıxış etmişdır.
2014-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının aparıcı kollektivi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orketrində dirijor vəzifəsində çalışır və Neue Philharmonie München orkestrinin baş dirijoru vəzifəsinə təyin edilmişdir. Bundan əlavə Fuad İbrahimov Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri “Baku Chamber Orchestra” kollektivlərinin baş dirijorudur.
Yeri gəlmişkən Sinfonia Varsovia orkestrinin Azərbaycanlı dirijorun əməkdaşlığı bununla bitmir, bu ayın sonunda Fransanın Nant şəhərində kollektivin Fuad İbrahimovun idarəsi altında yeni bir konserti baş tutacaqdır. Dirijorumuza çıxışlarında növbəti uğurları arzu edək!