Dirijor Fuad İbrahimov Yaponiyanın Tokio şəhərində La Folle Journée festivalında 4 müxtəlif konsertlə çıxış edəcək. Bu haqda AzLogosa musiqiçi özü məlumat verib. Bu konsertlərdə dirijor Polşanın Sinfonia Varsovia orkestrini idarə edəcək. Mayın 5-də baş tutacaq ilk konsertdə Mozartın Fleyta, arfa və orkestr üçün C-dur Konserti (K. 299) və ispan bəstəkarı Joaquín Rodrigonun Gitara və orkestr üçün Konserti səslənəcək. Solist qismində Naoko Yoshino (arfa) və Emmanuel Rossfelder (gitara) çıxış edəcək.
Fuad İbrahimov onu da vurğulayıb ki, bu festivala dəvəti, kataloquna bir müddət öncə daxil edildiyi, dünyada ən böyük klassik musiqi agentliklərindən biri olan Les Productions Internationales Albert Sarfati ağentliyindən almışdır. Qeyd edək ki, bu agentliyin kataloquna Gidon Kremer, Seiji Ozawa, Yevgeni Kisin, Boris Berezovski və s. kimi dünya şöhrətli musiqiçilər daxildir.
La Folle Journée (Dəli gün) festivalı ilk dəfə 1995-ci ildə Fransanın Nantes şəhərində keçirilmiş klassik musiqi festivalıdır. O zamandan Fransanın sərhədlərindən çox kənara adlamış, 5 gündə 300 konsert keçirilən bu festival Avropa və dünyanın ən maraqlı musiqi festivallarından biridir