Bildiyiniz kimi, bəndeyi-fəqiriniz bu il Frankfurt kitab sərgisinin qonaq ölkəsi olan Norveçin nümayəndə heyətinin tərkibində sözügedən sərgidə iştirak etmişdi. İki gün boyunca müxtəlif ölkələrin stendlərini gəzdim, müxtəlif ölkələrdən gələn naşir və yazarlarla tanış oldum, müxtəlif miqyasda və effektdə əlaqələr yaratdım və s.
Diqqətimi çəkən ən maraqlı məqamları sizinlə bölüşmək istərdim.
Gödüyüm az qala bütün stendlərdə nəşriyyatlar öz masalarını qurub, işgüzar əlaqələr qurur, kitabların hüquqlarını satırdılar. Eyni zamanda yazıçılarla ünsiyyətdə olur, əməkdaşlıq üçün planlar qururdular. Rusiyadan 4, Türkiyədən 20-yə yaxın, İrandan 10-dan çox nəşriyyatın stendi gözümə dəydi. Gürcülərin bir neçə nəşriyyatı, Yazarlar Evinin nümayəndələri, mədəniyyət nazirliyinin gənc və pozitiv əməkdaşları odlu bir ədəbiyyat alış-verişi içində idilər.
Diqqətimi çəkən məqamlardan biri də, Azərbaycan, Ermənistan və Özbəkistan stendlərindəki adamların geyimləri və davranışı oldu. Hər üç stenddə ciddi, kədərli, bir az da qəzəbli qalstuklu dayılar özləri kimi ciddi, kədərli və bir az da qəzəbli qalstuklu dayılarla söhbət edirdilər. Heç birində dövlətin kitabla bağlı qurumlarından başqa nümayəndə görmədim. Nə yazıçı, nə nəşriyyat, nə də yaradıcı birliklər. Stendlərdəki kitablar isə ancaq klassika tarix, siyaət, ideoloji ədəbiyyat idi.
Bu üç stend dünyaya ədəbiyyat çıxarmağa deyil, özünü, dövləti təmsil etməyə gəlmişdi. Bu isə həm yaxşı, həm də pis idi. Yaxşı idi ona görə ki, ölkənin belə çapda bir kitab sərgisində olması, özünü, tarixini tanıtması daha effektivdir, çünki mədəniyyət ən effektiv təbliğat, tanıtım yoludur. Pis idi ona görə ki, ölkəni təkcə tarixlə, ideologiya ilə təmsil etmirlər kitab sərgisində, ədəbiyyat və mədəniyyətlə də təmsil edirlər. Bu baxımdan, mən heç bir effektiv iş görmədim bu üç ölkənin stendində. Müasir yazarlar, müasir yazarların əsərləri, müasir ədəbiyyatdan nişanə belə yox idi sərgidə. (Müasir ədəbiyyat deyəndə gündə biri yazılan ideoloji əsərləri nəzərdə tutmuram…)
Ermənistan stendində adını soruşduğum bir-iki müasir yazarın adı çəkiləndə, stenddəkilər diksinib, əyri-əyri baxdılar.
Türkiyənin stendindən ən xoş təəssüratlarla ayrıldım. Tarixi, siyasi, konseptual, bədii, uşaq ədəbiyyatları üzrə ixtisaslaşmış 20-yə yaxın stend öz kitabları ilə olduqca zəngin idi, görüşlər aktiv, özləri həvəsli idilər, durmadan görüşlər keçirirdilər. Daha sonra Gürcüstan stendinə şərab festə gələn türk naşirləri ilə söhbət etmək imkanım oldu, onların da söhbətindən sonra anladım ki, Türkiyədə kitab işi kifayət qədər industriallaşıb, kitab yazmaq, çıxarmaq, reklam etməyin ənənəsi, sistemi var.
Maraqlıdır ki, eyni aktivliyi, müxtəlifliyi İran stendində də gördüm, İran stendində qadın naşirlər, nümayəndələr də kifayət qədər çox idi.
Gürcülərin stendi də böyük idi və yazarlar, şairlər, naşirlərlə birlikdə ölkədəki müstəqil ədədbiyyat birliklərinin nümayəndələri də gəlmişdi. Maraqlı həm də o idi ki, gürcülərin stendində qadınların təmsilçiliyi az qala 100 faiz idi, kişi nümayəndələr cəmi bir neçə nəfər idi.
Yazının sonunda bu günlərdə paylaşdığım fikirləri bir də paylaşıram. Heç vaxt paxıl insan olmamışam. Hansısa uğuru tək mən qazanım, başqalarına olmasın deyə düşünməmişəm. Buna görə də, könül istər ki, Azərbaycan nümayəndəliyi heç olmasa neytral yazıçıları belə beynəlxalq ədəbiyyat tədbirlərinə aparsınlar. Ölkədə siyasətə qarışmadan, ancaq ədəbiyyatla məşğul olan, ədəbiyyata illərini verən adamlar var. Yeni istedadlar var, həvəsləri gözlərində qalmasın. Az qala hər il bir gənc yazar intihar edir, biri özünü 17 mərtəbədən atır, biri damarını doğrayır, biri özünü qatarın altına atır. Kasıblıqdan daha çox ümidsizlik, ifadə oluna bilməmək dərdidir onları öldürən. Yazıçı, şair həyatı yaşaya bilmədiklərinə görədir. Nə olar, ölkədə poeziya axşamları, ədəbiyyat festivalları, mükafatları təsis olunsa, beynəlxalq çapda ədəbi əlaqələr yaradılsa, bu insanların dünyaya çıxmaq imkanı olsa?
Maraqlısı budur ki, dövlət bunun üçün pul ayırır. Hər il Yazıçılar Birliyi, Mədəniyyət nazirliyi dövlətdən belə tədbirlər üçün büdcə alır. Bəs, hara xərclənir o pullar? Niyə Azərbaycan ədəbiyyatı dünyaya çıxarılmır, ölkədə ədəbi proses yaradılmır? Bu sualı təkcə mən verməməliyəm Yazıçılar Birliyinə, Mədəniyyət Nazirliyinə. Həm də dövlət özü verməlidir, ayırdığı pulların hesabını soruşmalıdır.
Başlıq fotosu: Caroline Egne