Ölkədə dayanmadan “HD” formatda ‘’şərəfsizlik’’ seriyaları gedir. Serialın hər sezonu bir-birindən əcaib və dəhşətli olmaqla yadda qalır. Bu əcaiblik ailə inistitunun dəhlizlərində də özünə yuva qurub. O dəhlizlərdə əsən küləyin tərkibində zəhərli ünsürlər yer alıb. Onlar virus şəkilində yayılıblar və qarşılarına çıxan immuniteti azca zəif orqanizmləri yaxalayırlar. Virus birbaşa zehinləri işğal edir və ora öz qara toxumlarını səpir. Bu da cəmiyyətin böyük problemlərə hamilə qalmasına gətirib çıxarır.
Bəli, problemlərin “doğum evi” elə ailə inistitutudur. Həmin bağlı qapılar arxasında dünyaya göz açan və elə oradaca amansız şəkildə yetişdirilən uşaqlar sabah təşkil olunmuş cəmiyyətin bir fərdinə çevirilirlər. Cəmiyyət isə irrasional və qeyri-adekvat qoxu ixrac edən obyekti xatırladır. Xoşagəlməz iy hər yerə yayılıb. Qoxunun kəsifliyini və tünd olmasını təmin edən əlbəttə ki, idarəçi sistemdir. Sistemin etibarlı müttəfiqi və mikro oxşarı isə ailələrdir. “Ailə – dövlətin mikro formasıdır” deyimi elə-belədən ortaya çıxmayıb. Sistem və ailə inistitutu bir-birinə çox bağlıdılar. Sistemi və cəmiyyəti təşkil edən fərdlər həmin ailələrdən çıxırlar.
Bəs, həmin obyekt bu qədər idbar və zəhərli qoxunu hansı stimuldan qaynaqlanaraq ifraz edir?
Bunun kökü və qaynağı ailədəki tiranlıq və despotizmdir.
Azərbaycandakı ədalətsiz və qaranlıq mühitin səbəblərindən ən başlıcası ailədaxili despotizmdir.
Ailədaxili despot əsasən kişi cinsinin nümayəndəsi olur. Bu, sizə qəribə gələ bilər, ancaq həmin despotu hətta xarici görünüşü və tipik davranışları ilə də müəyyən edə bilərik. Geniş boyun və çiyinlərə malik bu kişilərin güclü qolları və qalın barmaqları olur. Əksəriyyəti dolu bədənli, kilolu olmaqla seçilirlər. Belə kişilər səliqə-sahman, təmizlik məsələsində vasvası olurlar (mütləq ki, istisnalar var).
Zalımlıq bu kəslərin patoloji ehtirası ilə başlayır. O cür ailələrdəki uşaqların həyatı cəhənnəmə çevirilir. Həmin uşaqlar öz uşaqlıqlarını yaşaya bilmir. Evdə ora-bura qaçmaq, səs-küy salmaq, nəyisə yerə dağıtmaq kimi uşağın enerjisini çıxarmağa xidmət edən bu kimi məziyyətlər qəbuledilməzdir. Bu cür davranışlardan “uzaqlaşdırılmış” uşaqlar daim sayıq nəzarətdə olan əsgərlərə çevirilirlər. Evdəki qadın da “nümunəvi” əsgər kimi bu sayıq nəzarəti digərlərinə aşılamaqla mükəlləfiyətlənmiş olur.
Qadın və uşaqlar evdə yox, sanki hərbi hissədə yaşayırlar. Hər şey hərbidəki kimi “nizamlı” şəkildə formalaşır və komandir hesab olunan atanın əmrlərinə tabe olmaq məcburi olur. Komandirə qarşı hansısa etirazdan söhbət gedə bilməz. Başqalarının fikirləri hesaba alınmır. Arvad-uşaqlara belə bir haqq tanınmayıb. Hətta hər şey mükəmməldirsə, komandir hardasa bir ləkə tapa, tualetdəki rulona bürünmüş kağızın aşağı sallanmasına “ilişə”, evdəkiləri buna görə məzəmmət edə bilər.
Despotik kişilər hədsiz aqressiv, emosional və hər şeyə reaksiya verən olurlar. Onlara qarşı çıxanda, özlərinə nəzarəti itirir və fiziki hücuma keçirlər. Əsəblərini heç cür cilovlaya bilməyən bu kişilər səmimi qəlbdən inanırlar ki, belə idarəetmə ilə onlar öz arvad-uşaqlarını sadəcə “tərbiyə” edirlər. Sən demə əslində bütün bunlar onların “xeyirinə” işləyirmiş.
Həmin ailədəki qadın müti bir qula çevirilir. Onun dili həmişə qısa olur. Bir şey də var ki, həmin fağır qadın klassik səhvə yol verir və uşaqlara “atanız həmişə haqlıdır” fikirini aşılayır. Bu da despotu kumirə çevirməklə yanaşı, mütiliyin dolayı yolla uşaqlara ötürülməsinə yol açır. Beləcə evdədəki ümumi “sabitlik” atmosferi kişinin istibdadını daha da gücləndirir.
Despotik ailə “başçısı” üçün məntiqi və rasional mülahizələr keçərsizdir. O, həmişə haqlıdır. Bütün hallarda həmin tiranlar çox vaxt yaxşı kamuflyaj da oluna bilirlər. Onlar başqalarına, eyni zamanda evə gələn qonaqlara etik davranışları ilə özlərini “nümunəvi ailə başçısı” kimi də göstərə bilirlər. Yaxşı aktyorluq qabiliyyətləri onları pis reputasiyadan qoruya bilir.
Təəssüf ki, belə ailədə böyüyən uşaqlar sabah özləri də tirana, tərbiyəsiz bir insana çevirilirlər. Həmin ailədən çıxan oğlan uşaqları öz arvadlarına qarşı eyni aqressiyanı nümayiş etdirir, qız uşaqları isə müti və qeyri-adekvat uşaqlar yetişdirirlər. Belə ailələrdən çıxan uşaqlar infantil və kompleksli olur. Belə olduğu halda hansı müstəqil və azad düşüncədən söhbət gedə bilər?!
İosif Stalinin atası Bezo öz oğlunu uşaq ikən dəfələrlə döymüşdü. Hətta bir dəfə onu göyə qaldırıb, yerə də çırpmışdı. Düzdür anası Keke də Stalinə heç düzgün tərbiyə verməmişdi. Nəticədə elə bir tiran yetişdi ki, milyonlarla insanın ölümünə səbəb oldu. Stalin təbiətə vurğun idi, o, aya mədhiyyə qoşur, şeirlər yazır, toylarda mahnı oxuyur, ədəbiyyatı fəal şəkildə mənimsəyir, ancaq insanlara nifrət edirdi. Bunun kökündə əlbəttə ona atasından “miras” qalan travmaları yer alırdı.
Anton Çexov məktublarının birində böyük qardaşı Aleksandra yazır: “Xahiş edirəm, unutma ki, despotizm anamızın gəncliyini məhv etdi. Despotizm bizim uşaqlığımızı o dərəcədə korladı ki, indi də yada salmaq ürəkbulandırıcı və qorxuludur. Xatırla – atam nahar süfrəsi arxasında duzu bir az çox olan şorbaya görə qiyam qaldıranda, yaxud anamızı danlayanda bizdə necə qorxu və nifrət yaranırdı…”
Diktator kişi öz səhvlərini boynuna almır və kiminsə ona irad tutmasına tolerant yanaşa bilmir. Təbii ki, onun bu halı psixoterapiya vasitəsi ilə düzələ bilir. Bir şey də var ki, həmin kəslər kiməsə ciddi xəsarət yetirmədən psixoterapevt yanına getmirlər. Bu özü də az rast gəlinən hallardandır.
Ailədaxili despotizm və onun ortaya çıxardığı fəsadlardan xilas olamaq asan deyil, ancaq mümkünsüz də sayılmır. Əlbəttə dəyişmək istəyən dəyişir, ancaq dəyişmək istəməyəni biz heç cür dəyişdirə bilmərik. Belə hallarda insan əgər baş verən şeyləri obyektiv görmə imkanı əldə edirsə, özü öz ruhunu xilas etməklə qurtuluşa yaxınlaşa bilər. Əgər həmin vəziyyətdən duyuq düşən evin xanımıdırsa, o, bir ana kimi öz övladlarını despotun zəhərinə qarşı sağaldıcı zərdabla, yəni, müsbət tərbiyə ilə xilas edə bilər. Prinsipcə belə fikirlər aşılana bilər: “Reallığı qəbul etməliyik. Atanız belə adamdır və bu hal onun üçün ləyaqətli hal sayıla bilməz. Biz onu dəyişə bilmərik. Ancaq dünyada həm də xeyli istilik gətirən yaxşı əməllər və insanı insan edən mərhəmət duyğusu var. Əgər siz həmin xoş istiliyi öz gələcək ailələrinizə gətirsəniz, onda vəziyyət dəyişəcək və siz tamamilə başqa cür yaşayacaqsınız. Atanız özünü həmişə haqlı sayır, ancaq bu belə deyil. Onunla mübahisə etmək mənasızdır. Biz bunu etməyəcəyik. Biz bir-birimizi sevəcəyik və ondan heç bir şey gözləməyəcəyik.”
Despotla ya maksimum diplomatik münasibət qurmalı, ya da imkan varsa ondan bir dəfəlik uzaqlaşmalısan. Bir də elə doğrudan da valideynlərdən gözlənti azalanda həyat əvvəlkindən daha yaxşı olur…
Əzizi oxucu, sənə müstəqil və keyfiyyətli həyat diləyirəm!