Böyük gözləntilərlə Azərbaycan Respublikasının Təhsil Naziri vəzifəsinə təyin olunan Amerika Birləşmiş Ştatlarının məşhur Kolombia universitetinin magistr pilləsi üzrə məzunu Emin Əmrullayevin son zamanlar feysbukda tirajlanan cümlələri mənim də qabağıma çıxdı. Həmin hissəni olduğu kimi bura yazıram.
“Hərgün sosial medianı izləyirəm. Çalışıram ki, insanların yazdığı şərhləri oxuyum. Gün ərzinə buna bir saat vaxt ayırıram. Bu mənə təhsil sahəsində olan abu-havanı anlamağa şərait yaradır.”
Səsləndirilən fikirlərin yalanmı, gərçəkmi olduğunu təyin etmək çətindir. Hər halda, yekə kişidir yalan danışmaz. Hesab edək ki, o düz deyir. Bəs yaxşı, nazir Əmrullayev oxuduğu statuslardan, işarələndiyi kommentlərdən bir nəticə çıxara bilirmi? Görünür yox. Böyük ümidlərlə, gözləntilərlə başa keçən, tələbələrdə proqressiv “tələbə dostu” imici yaradan, gənc, xarici dil bilən, Amerika görmüş təvazökar Emin Əmrullayev niyə heç bir iş görə bilmir? Onun əlini, qolunu, ağzını bağlayan, ona işləməyə icazə verməyən və ən əsası onu yararsız hala salaraq, öz təhsilinə, ölkəsinin təhsilinə xəyanət etdirən nədir? Emin Əmrullayev kimi gənc kadr niyə qırx ilin harınlamış naziri təəssüratı yaradır? Suallar çoxdur, əvvəcə, Emin Əmrullayevin sələfi, indiki Xarici İşlər Naziri Ceyhun Bayramovdan başlayaq. Şəriştəsiz təhsil naziri irsi Azərbaycanda Misir Mərdanova qədər gedib çıxsa da, biz pandemiya illəri qədər rüsvayçı akademik illər görməmişik. Buna görə də ədalətli olar ki, sözügedən illərə nəzər yetirək.
Sabiq təhsil naziri Ceyhun Bayramov Covid-19 pandemiyasına görə dərsləri online rejimə keçirdikdən sonra tələbələr arasında bölünmələr, ziddiyyətlər yarandı. Kimi dedi belə yaxşıdır, kimi dedi belə yaxşı deyil. Həmin dövrü və tələbələrin yaşadığı problemləri “Məzundan yeni tələbələrə 10 məsləhət” adlı yazımda təsvir etmişəm, istəyən tapıb oxusun. Uzunçuluq nəyə lazımdır? Hər nəysə, işlər elə gətirdi ki, online təhsilə yox deyən bir qrup tələbə Təhsil nazirliyinin binası qarşısında öz etirazlarını bildirməli oldu. Nəticə bəllidir. Tələbələrdən birini həbs elədilər, digərlərini cərimələdilər. Əslində, bu, böyük faciə, tələbələr üçün acınacaqlı bir təcürbə idi. Tələbələr məğlub olmuşdu. Həmin etirazdan iki ay sonra, 27 iyul 2020-ci ildə isə qəfildən Ceyhun Bayramov öz şücaətinə görə mükafatlandırıldı, təhsildən daha uca pilləyə yüksəldildi, siyasətə gətirildi. Belə baxanda, ölkədə siyasiləşməmiş heç bir sahə yoxdur, heç bir ciddi səbəb olmadan tələbəni 15 sutka həbs etdirə bilən təhsil naziri kifayət qədər siyasiləşmiş personaj idi. Onun xarici işlər naziri olmasına da təəccüblənmək lazim deyil, təbii ki, mənim bilmədiyim, ağlımın kəsmədiyi mətləblər, həqiqətlər var. Hadisələrin sonrakı gedişatı da bunları göstəridi. Odur ki, ağrımayan başımıza yaylıq bağlamayaq, qayıdaq, fağır nazirimiz Emin Əmrullayevə.
27 iyul 2020-ci il nazir Əmrullayev Azərbaycan Respublikasının son illər ən sürüşkən və narahat kreslosuna- təhsil naziri kreslosuna əyləşdi. Yuxarıda nazirin təhsili ilə bağlı bir-iki kəlmə yazmışdım. Bu abzasda oxuduğu universitetlərin adını qeyd edəcəm ki, nazirimizin savadına yaxından bələd olaq.
- 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir.
- 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb.
- 2010–2012-ci illərdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Fulbright” proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
Yuxarıdakı məlumatları oxuyan adam düşünər ki, bu qədər təhsil almış şəxs üçün elm hər şeydən üstündür, bu qədər təhsil alan şəxs elə təhsil naziri olsa yaxşıdır. Di gəl ki, yaranmış reallıq tamam başqadır.
Özünün 25 illik ali təhsil həyatı olan Emin Əmrullayev niyəsə azərbaycanlı tələbələrin dörd il normal təhsil alması üçün şərait yaratmaq niyyətində deyil. Yox, mən pandemiyanın yaratdığı qeyri-adi vəziyyətdən şikayətlənmirəm. Nazir Əmrullayev dərsləri online rejimdə saxlamaqla heç də böyük səhvə yol vermədi, bununla hamı razıdır, yoluxmaların pik həddə çatdığı semestrlərdə dərslərin açılmağı əlbəttə ki, ağılsızlıq olardı. Amma aşağıdakı nüanslara diqqət etməklə, nazir heç olmaya bu stressli illərdə tələbələrin könlünü xoş edə bilərdi.
- Brifinqlərin birində pulsuz təhsillə bağlı verilən suala ağıllı-başlı cavab verə bilsə idi. (Əmrullayev demişdi ki, pulsuz təhsil rəqabəti öldürür, halbuki, əksinədir. Hər il minlərlə tələbə qəbul imtahanına bərabər şəraitdə hazırlaşa bilmir deyə, rəqiblərindən daha az bal toplayaraq təhsildən kənarda qalır. Yaxud, minimal şərtləri ödəyərək ödənişli əsaslarla qəbul olsa da, sonradan maddi problemlərə görə təhsilini yarmçıq qoyur. Qısacası, Emin Əmrullayevin fikirləri kökündən səhvdir. Tam tərsi, pullu təhsil rəqabəti öldürür.)
- Əyani təhsillə distant təhsil arasındakı təhsil haqqı fərqindən xəbərdar olsa idi. (Bu lap sadə məsələdir. Qiyabi təhsil əyani təhsildən ucuzdur, eləcə də distant təhsil ucuz olmalıdır. Həm də tələbələr qəbul olduqları universitetin əyani dərslərində iştirak üçün pul ödəmişdilər. Deyə bilərlər ki, heç kim Covid-19 pandemiyasını öncədən görə bilməzdi. Əlbəttə, elədir. Sadəcə, ziyana niyə tələbə düşməlidir axı? Təhsil Nazirliyi səxavət göstərib müəyyən endirimlər edə bilərdi.)
- 2020-ci ilin avqust ayında yoluxma sayı 20-25 nəfər arasında olduğu vaxt icmal dərsləri ənənəvi formada təşkil etsə idi. (Bu gün yoluxmların dörd rəqəmli olduğunu və dərslərin ənənəvi açıldığını düşündükdə, bir ay üçün dərslərin çox az sayda olan icmalçı tələbələr üçün ənənəvi açılmağını təşkil etmək çətin olmazdı.)
- MİQ imtahanlarını ədalətli keçirə bilsə idi. (Bu il keçirilən etriazlar buna sübütdur. Ölkədəki ən ədalətsiz qəbul şərtləri MİQ-dədir.)
- Tələbəlik illərinin romantikasından xəbərdar olsa idi. (Emin Əmrullayev ya bunu bilir ya da bilmir, izahı mümkün deyil.)
Təəssüf ki, Emin Əmrullayev qeyd etdiklərimin heç biri ilə maraqlanmır. Bundan isə o nəticəni çıxarmaq olar ki, Emin Əmrullayev bizi aldadır, o heç bir kommenti, statusu oxumur. Ümumiyyətlə o, təhsil sahəsinin ab-havasından xəbərsizdir. Kaş Emin Əmrullayev təsdiq olunmuş profilində ona yazılan bircə kommenti cavablayardı, heç olmaya layk atıb “nəzərimdədir” mesajını verərdi. Əfsuslar olsun ki, vəziyyət başqadır. Hətta, nazir sosial şəbəkədəki paylaşımları da özü etmir. Yaranan vəziyyət bizi gələcəklə bağlı bədbin olmağa vadar edir. Çox keçməz nazir Əmrullayev sosial şəbəkə hesablarını silib qeybə çəkilər. Bu, bizdə ənənədir axı, dağ kimi nümünə Erkin Qədirli və İlqar Məmmədovdur bu məsələdə. Hər yerli siyasətçi kimi, onlardan özlərinə lazım olanı aldıqdan sonra, qara xalqa quyruq göstərdilər.
İndi, yazının əvvəlində verdiyim sualı cavablandırım. Cavab tək əvvəldəki suala yox, yazı boyu verilən bütün sualllara aiddir: Emin Əmrullayev SƏMİMİ qəlbdən tərəfində olduğu təhsil sistemini vecinə almır