Posttravmatik stress pozuntusu (PTSP), adətən, fərd, ölüm və ya ciddi cəsarət təhlükəsi hiss etdiyi bir travmatik hadisə yaşayandan sonra özünü göstərməyə başlayan psixi pozuntudur. Bu pozuntuya təkan verə bilən hadisələrdən biri də müharibədir. Hətta daha çox Vyetnam müharibəsi ilə əlaqələndirildiyi üçün PTSP, müharibə dövrü diaqnozunun sinonimi kimi də istifadə olunur. Belə ki, sözügedən mövzu ilə bağlı ilkin genişmiqyaslı araşdırmaların böyük hissəsi Vyetnam müharibəsi veteranlarının arasında aparılıb.
Bizdə “kontuziya” adı ilə də bilinən bu pozuntunun simptomlarına rastlamaq “müharibənin acı reallığı” kimi təsbit edilir və normal qarşılanır. Əslində, dünya müharibələrindən sonra da sözügedən pozuntudan çox sayda əsgərin əziyyət çəkdiyi müəyyənləşdirilib. Lakin həmin dövrlərdə bu psixoloji hala döyüş bezginliyi və ya müharibə psixozu kimi, müharibə ilə əlaqədar olan, ya da depressiya və ya şizofreniya adı altında ümumiləşdirilən fərqli diaqnozlar qoyulurdu. Daha dəqiq diaqnoz məhz Vyetnam müharibəsindən sonra qoyulmağa başlanıb, buna görə də, bəzən PTSP-ni “post-Vyetnam sindromu” da adlandırırlar.
PTSP ilə bağlı ən diqqət edilməli məqamlardan biri odur ki, bu psixi pozuntudan əziyyət çəkən fərdlər intihar baxımından risk qrupunda sayılırlar. Başqa sözlə, bəzən müharibə hətta bitdikdən sonra da can almağa davam edir. O, fiziki olaraq öldürməsə də, fərdin şüurunda dərin yara izləri buraxır.
Pulitzer laureatı David Finkel, “New Yorker” üçün yazdığı “Qayıdış” (“The Return”) adlı məqalədə amerikan ordusunun iştirak etdiyi müharibələrin cəmiyyətə təsirini belə izah edirdi: “Hər müharibənin sonrası da var: depressiya, narahatlıq, kabuslar, yaddaş problemləri, şəxsiyyət dəyişikliyi, intihar düşüncələri. Araşdırmalar doğrudursa, İraq və Əfqanıstandakı müharibələr zehnən yaralanmış, təxminən, beş yüz min amerikalı veteran yaratmışdı”.
Sitatda da qeyd edildiyi kimi, bu hal sadəcə psixi sağlamlıqla bağlı olmayıb, həmin əsgərlərin cəmiyyətə yenidən inteqrasiyası baxımından da əhəmiyyət kəsb edir. Həmçinin sosial qəbul daha gənc yaşlı əsgərlərin (Azərbaycan ordusunda da yetəri qədər gənc əsgər olduğunu nəzərə alanda) travmanın öhdəsindən gəlməsində dəstəkləyici rol oynayır. Bu mənada müharibə səbəbilə posttravmatik stress pozuntusundan əziyyət çəkən əsgərlərə xüsusi diqqət ayrılmalıdır.
Digər yandan, bu pozuntu tibbə yeni – ən azından, müharibə fenomeninin özündən daha yenidir– məlum olduğu üçün mümkün qədər mövcud ən yeni və uğurlu praktikaların tətbiqinə də üstünlük verilməlidir.
Qeyd etmək lazımdır ki, sözügedən pozuntu yeni təsbit edildiyinə görə hətta inkişaf etmiş ölkələrdə belə, müharibə iştirakçısı olmuş əsgərlərə hələ də yetəri qədər diqqət və qayğı göstərilmir. Belə ki, “The Nation” jurnalında dərc olunmuş məqalədə bu mövzu ilə bağlı narahatlıq dolu, müəyyən qədər də ittihamedici bir sual qoyulub:
“Ruhi sağlamlıq üzrə mütəxəssislər müharibənin dərin emosional travmalarını çoxdan tanıyırlar. ABŞ ordusu onları nə vaxt tanıyacaq?”
Bəs Azərbaycan ordusunda bu məsələyə nə qədər diqqət ayrılır? Yaxud Azərbaycan cəmiyyəti “kontuziya” deyib keçdiyi bu psixi pozuntuya kifayət qədər ciddi yanaşırmı? Hər iki sualın cavabı mənfidirsə, o zaman, təəssüf ki, müharibənin, ardında travmalı vətəndaşlar buraxması qaçınılmaz olur.