Balkonlardan polisə “zakaza” mahnı oxuyanlardan hamı yazdı, güldü, mırt tutdu, şedevrik zarafatlar da oldu. Muğamçıları linç etdilər, ələ saldılar, ittiham etdilər, doladılar.
Əslində, şəxsən bizim üçün yeni heç bir şey olmayıb, hələ illər öncə, gəncliyin tribunası – “Alma” qəzetində, bu problematika haqda yazmışdım, sonra 10 il əvvəl “Bir daha muğam haqqında” məqaləsində bu fenomeni araşdırmışdım. Ən elementar, çağdaş zamanın optikasından olmazın iyrənc görünən bu mədhiyyəçiliyin mahiyyətini araşdırma cəhdinə görə necə bir qarğış-nifrin obyekti olmuşduq, bir yaradan bilir, bir də həmin zamanı xatırlayanlar. Cəmiyyət bu fikirləri eşitməyə, qavramağa ümumiyyətlə hazır deyildi.
İndi isə buyur, lapdan “Dönərə görə oxu” aksiyası ilə üzləşən camaatımız özünü sanki bunu ilk dəfə görürmüş kimi aparır – təəccüblənir, ələ salır, istehza edir, gülür.
Yaxşı, gəlin bu problematikanın nədən qaynaqlandığını, kökünün harada olduğunu düşünək. Bəlkə həmin muğamçılardan daha çox cəmiyyətin özündədir problem? Çünki həmin o “oxuyançılar” da cəmiyyətin çox orqanik bir hissəsidir axı deyəsən?
Gənclik illərində çox-çox sadəlövh idim, yenidənqurma zamanında, 1989-cu ildə «Новый Мир» (“Yeni Dünya”) ədəbi jurnalında ilk dəfə dərc edilmiş A.Soljenitsın (“Arxipelaq QULAQ”), ondan az öncə V.Qrossman (“Həyat və tale”), A.Rıbakov (“Arbatın övladları”), bundan başqa Y.Zamyatinin “Biz” romanlarını, eyni zamanda M.Bulqakovun o zamanlarda yenicə işıq üzü görmüş “İt ürəyi” (1988-də lentə alınmış filmi bəlkə romandan da güclü alınmışdı) və “Fəci yumurtalar” satirik–sosial fantastikasını, başqa müəllifləri də oxuyub, ən əsası da həmin dönəmdə gürcü rejissoru Tengiz Abuladzenin bütün sovetlərdə guruldamış “Tövbə” filmindən sonra dəhşətə gəlirdim ki, insan necə bu cildlərə girə bilər, necə donos yaza bilər, o nə cəmiyyət, nə ictimai quruluşdur ki, bəşərin xislətində bunca iyrənc qatlar açıb.
Həmin illər homo soveticusun qaxsımış beyinlərində çevriliş yaşanırdı, mən də düşünürdüm ki, (əslində hazırda da bu fikirdəyəm) bütün baş verənlərin önəmli təqsiri cəmiyyətdəki təmayüldür, ümumi ab-hava və ideoloji quruluşdur. Beləcə, o zaman kommunist quruluşuna və ideyasına dərin ikrah hissi yarandı.
O zaman düşünürdüm ki, əsas məsələ ictimai quruluşun dəyişilməsidir, bu baş verən kimi insanlar da dəyişəcək. Fikirləşirdim ki, xalq çox mücərrəd bir anlayışdır və adamların çoxu cəmiyyətdəki ümumi atmosferə uyğun olaraq rezin kimi dəyişir, ən azından dəyişmək olar onları. Əslində həqiqətən də belədir, amma necə deyərlər, problemə gənclik illüziyalarsız, eyni zamanda yaşlıların qallüsinasiyaları olmadan baxanda bir çox məsələnin mahiyyəti aşkara çıxır.
Həmin illərdə əsla inanmazdım ki, bir daha həmin dövrlərin tipajları xortlasın, daha doğrusu yenidən kopyaları çıxsın, çünki həmin personajları yalnız artıq incəsənətdə – kino və ədəbiyyatda görərik, düşünürdüm. Axı onları həmin zaman doğurmuşdu, həmin dövrlə də ölməli idilər – həmişəlik.
Lakin həyat bizə çox dərslər keçdi. Zaman da istənilən ədəbiyyatı, kinonu üstələyəcək görüntülərə, personajlara şahid etdi. “Yəhudiləri Gestapoya satanları” da, “NKVD-yə donos yazan” tipajları da real həyatda gördük, ən azı anladıq ki, bu kimi tiplər görünür əbədidir və heç bir dövrün dəyişə bilməyəcəyi əcaib psixo-fiziologiyaya sahib olur.
Həqiqət bundadır ki, bu tipajlar üçün ictimai quruluşun elə bir əhəmiyyəti yoxdur, bunlar Kantın məşhur “özündə şey” (Ding an sich) anlayışı kimi varlıqlardır və hər zaman, istənilən ictimai quruluşda, istənilən cəmiyyətdə mövcud olacaqlar. Əlbəttə ki, bunların könlü istərdi ki, NKVD, yaxud Gestapo dövründəki tək bir atmosfer hakim olsun, o zaman bakretiyaların ilıq mühitdə necə bir vüsətlə artması kimi, bunların da ilhamlanıb, necə qanad çaldığını görərdik, amma hazırkı halda da mövcudluqlarını qorumaqdadırlar. Sadəcə həmin dövrdən fərqli olaraq, indi çox məsələlər prozaik bir forma alıb.
İndi isə əminəm, necə ki, gördüyünüz bu yaltaqlıq-yarınma olduğu kimi realdır, bütün bu dövrlər ərzində donoslar da daim yazılıb, sadəcə yazanların əməkləri boşuna gedir böyük əmsalla. Çünki göndəriləcək elə bir ünvan yoxdur, harasa getsə də elə bir fikir verən olmur. Yazıqlar necə əzab çəkir, necə yağlılarını yazardılar əyyam o əyyam olsaydı.
Təkrar edirəm – həmin o donosları yazanlar heç bir yerə buxarlanmayıb, ətrafımızda gəzirlər, lap yaxınlığımızdadır, bu cəmiyyətdəki çoxları da 37-ci ilin atmosferini də, hökmləri verən o “troykaları”, yəni “xalq məhkəmələrini” də alqışlarla qarşılardı.
Amma səmimi deyim ki, o zamanlar, 1989-cu ildə bunların belə olacağını, hətta indiki ağlımla da, düşünə bilməzdim. Məsələn, ən sadəsi, incəsənət adamlarına fəxri adların verilməsinin ləğv olacağını düşünmüşdüm. Axı aydın idi ki, əməyə və xalqa apellyasiya edən bu fəxri adlar totalitar rejimin kütlənin idarəsi üçün yaratdığı mükafatlandırmalardır və ən azından səslənməsi olduqca arxaikdir. Lakin yox, şahidi oldum ki, mənim mənsub olduğum nəsil də nəinki bu adlardan imtina edər, tam əksinə, əksəriyyət (yəni ki, əslində hamı, bəzi çox nadir istisnalarla) acgözlüklə bunun həsrətindədir. Bu yaxınlarda AzLogos-da istedadlı pianoçu Zakir Əsədovla müsahibə dərc edildi. Orada Zakir də vurğulayıb ki, “fəxri ad sənət adamı üçün dəyər deyil.”
Amma Zakir o qədər mədəni və nəzakətli insandır ki, bəzi məsələləri dilə gətirmir. Onunla bu tərzdə rəftar edə bilməzdilər, amma Bəstəkarlar İttifaqındakı bir gədanın başqa bir pianoçunu çağırıb “yekə oğlansan, yaşın da gedir, 15 min tap, səni Əməkdar Artist eləyək” – deməsini də səsləndirməyəcəkdi. Çünki privat məlumatdır, hərçənd, musiqiçilərin simsiz teleqrafında hamı bilir bu söhbəti. Belə baxanda, əslində ucuz qiymət oxuyublar. Deyilənə görə camaat onu almaqdan ötrü 50 min verir, hələ üstündə başqa şeylər də.
Nəsə, kimsəyə notasiya oxumaq fikrim yoxdur, “bunların hamısı həyatın prozasıdır” deyəcək indi ağıllıdan ağıllı insanlarımız. İctimai təmayül – bu ən başlıca məsələdir, çünki insan homo sapiens olaraq primatlara aiddir, heyvanın bu növü üçünsə toplumun fikri, yəni ictimai şüur çox vacibdir. İctimai şüuru təməlindən dəyişmək gərəkdir ki, yarınma və donos yazma fikrinə düşən olmasın, xanımlar və cənablar.