Uzun müddət iqtisadiyyat üzrə Nobel mükafatı laureatları arasında davranış iqtisadiyyatı adlı istiqamətin təmsilçiləri çoxluq təşkil edirdi. Davranış iqtisadiyyatı psixoloji, mədəni və sosial amillərin insanların və institutların qərar verməsi üzərindəki təsirlərini öyrənən iqtisadi nəzəriyyənin sahəsidir. Mədəni faktor və ya amil deyərkən həmçinin dil də nəzərdə tutulur. Bununla bağlı hətta davranış iqtisadiyyatının bir alt sahəsi də formalaşıb: dil iqtisadiyyatı. Elm sahəsi (daha doğrusu iqtisadi tədqiqatlar sahəsi kimi) dil iqtisadiyyatı 1960-ci illərdə formalaşmağa başlayıb. Məhz o dövrlərdə sosial elmlərin inkişafı nəticəsində, bir neçə sosial elmin sintezi məşhurlaşdı və sosial linqvistika ilə iqtisadiyyatın kəsişməsində dil iqtisadiyyatı anlayışı yarandı.
Dil iqtisadiyyatı bir neçə istiqamət üzrə tədqiqatları əhatə edir:
– Dil inkişafının iqtisadi məntiqi;
– Dil biliyi və insanın gəlir səviyyəsi;
– Ölkədə dil vəziyyəti və iqtisadi vəziyyət;
– Dil siyasətinin iqtisadi nəticələri.
Dil və ya dil biliyi iqtisadi münasibətlərdə böyük rola malikdir. Misal üçün, V. Qinzburq və Ş. Veber qeyd edirlər ki, genişlənən dünyada yaşamaq üçün biz məcburən ikinci dili də öyrənməli oluruq. Ən azı bir xarici dili bilən insan daha çox qazanır, bu da digər insanlar üçün daha bir dili öyrənməyə stimul olur. Misal üçün, Rusiyada keçirilmiş tədqiqatlara görə, ingilis dil biliyi işçinin gəlirini orta olaraq 11% artırır. Əgər işçi ingilis dilində sərbəst danışırsa, bu artıq 27% artım deməkdir. Hətta ölkəyə gələn miqrantlar da yerli dili bildikləri halda, gəlirlərini 35%-ə kimi artıra bilərlər. Vyetnamda eyni göstərici 40-60% təşkil edir. Amma bunun əks nümunələri də var. Belə ki, ABŞ-da xarici dil biliyi gəliri yalnız 2% artırır. Azərbaycanda müvafiq tədqiqatlar aparılmır. Amma bir çox hallarda biz bilirik ki, ingilis dil biliyi iş tapmaq şanslarını artırır.
Yeri gəlmişkən, dil iqtisadiyyatının daha bir tərəfi dil biliyinin xarici ticarətə təsiri ilə bağlıdır. Bəzi tədqiqatlara görə əgər iki ölkə arasında hansısa vahid dil varsa, ya da bu dil biliyi hər iki ölkədə sərbəst səviyyədədirsə, o zaman ticarət 1,5 dəfə artır. Əslinə qalsa Azərbaycanda da biz bunu müşahidə edirik. Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya və Türkiyədir. Hər iki ölkə ilə bizim ən azı bir dil ortaqlığımız var. Başqa sözlə dil və iqtisadiyyatın bir-birinə təsirinin müxtəlif tərəfləri var.
Yuxarıda qeyd olunan nümunələri təsdiqləmək üçün biz genişmiqyaslı tədqiqatlar keçirməliyiksə, dil iqtisadiyyatın daha bir aspekti üçün sadəcə müşahidə lazımdır – bu, dil inkişafının iqtisadi məntiqi ilə bağlıdır. Bu məntiqə görə dilimizə yeni sözlərin əlavə olunması, ya da köhnə sözlərin istifadə üsullarının dəyişməsi iqtisadi şəraitdən və vəziyyətdən asılıdır.
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu xəbər verib ki, AMEA-nın Rəyasət Heyəti tərəfindən nəşr olunmaq üçün “Elm” nəşriyyatına yeni Orfoqrafiya lüğəti təqdim edilib. Bu lüğətin son versiyası 2013-cü ildə nəşr olunub. Müvafiq olaraq son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın sözün daxil ediləcəyi barədə elan verilib. Maraqlıdır ki, internet üzərindən Azərbaycan dili sözlərinin orfoqrafiyası və izahına dair ən azı 3 portal mövcuddur. Onların heç biri bu İnstituta aid deyil. Yəni müasir dünyada müvafiq institutunun əsas işi məhz elektron lüğətlərin təşkili və müvafiq olaraq məlumatın paylaşılması olmalı idi. Amma onlar nəyə görəsə hələ də lüğəti kağız kitab formasında qəbul edirlər. İndiki texnoloji inkişafı və eyni zamanda yazışma həcminin artımını nəzərə alsaq, hər il minə yaxın söz və ya yeni söz birləşməsi yaranır. Bunları artıq ayrıca kitab vasitəsilə izləmək çətinləşir. Yəni indiki halda kitabın olması daha çox dili məhdudlaşdırır: redaktorları və ya alimləri hər yeni söz ilə bağlı müəyyən müddət gözləməyə məcbur edir. Amma ola bilər dilçilik institutu öz işini dili tədqiq etmək yox, məhz məhdudlaşdırmaq formasında görür (daim nəzarət ilə bağlı müxtəlif mənasız təşəbbüslər ilə çıxış edirlər).
Məsələyə qayıdanda, bəllidir ki, yeni sözlər deyiləndə, cəmiyyətə hansı yeni sözlərin əlavə edilməsi maraqlı olur. Təəssüflər olsun ki, bu sözlər ayrıca bir siyahı şəklində ictimaiyyətə təqdim edilməyib. Amma Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli də yeni lüğətə daxil edilən bəzi sözləri açıqlayıb. Məhz bu açıqlama sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub.
Lüğətə əlavə olunan sözlər onsuz da gündəlik həyatımızda istifadə olunan sözlərdir (pide, devalvasiya, dönər, geyparad, magistr və s.), amma bu əlavələrdə maraqlı məntiq də müşahidə olunur. Misal üçün, “makdonalds” sözünü də lüğətə əlavə etmək fikrinə gəliblər. Əslinə qalsa, hətta ingilis dilində McDonalds adətən məhz şəbəkənin adı kimi göstərilir. Çox az hallarda mcdonalds adı adi söz kimi istifadə olunub. Misal üçün, Oksford lüğətinə görə 1980-ci illərdə makdonalds sözünü ingilis dilində dünya miqyasında fəaliyyət göstərən fastfud (maraqlıdır, bu sözü əlavə edəcəklərmi?) şəbəkəsini təsvir etmək üçün istifadə olunub. İndiki dünyada McDonalds ilə bağlı olan daha çox “mcjob” sözü istifadə olunub. Hətta bu söz (mak-quldarlıq və ya perspektivsiz aşağı ödənişli iş kimi tərcümə oluna bilər) Oksford lüğətinə daxil edilib. Amma bizim Dilçilik İnstitutumuz nəyə görəsə yenilik etmək istəyir. Maraqlıdır, KFC və ya Burger-King də əlavə ediləcək?
Amma bizi daha çox iqtisadi terminlər maraqlandırdı. İctimaiyyətə açıqlanan siyahıda bir neçə iqtisadi termin yer tutub: devalvasiya, üzən məzənnə, dezinflyasiya, ekonomiks, ekoturizm, eks-divident, dollarlaşma və institutsional sözləridir. Burada birləşdirici olaraq biz yalnız bir amili qeyd edə bilərik: bu da Mərkəzi Bankın bizim lüğətimizə təsiridir. Ən azı elan olunan sözlər arasında 6 söz Mərkəzi Bankın fəaliyyəti ilə bağlıdır. Bu sözlərin bir çoxunu da E. Rüstəmov tez-tez ya istifadə edir, ya da tənqid edirdi. Misal üçün, devalvasiya və üzən məzənnə sözlərini bir çox insan 2015-ci ildə öyrəndi. Bu da Mərkəzi Bankın birbaşa işi idi. Eyni zamanda da dollarlaşma sözü də istifadə etdiyimiz lüğətə daxil olundu. O günlərdə E. Rüstəmov tez-tez qeyd edirdi ki, iqtisadiyyatımız həddindən artıq yüksək həcmdə dollarlaşmaya məruz qalıb. Bu da devalvasiyanın fəsadlarını daha da ağırlaşdırırdı.
İnstitusional isə onun birbaşa nəzəriyyəsi ilə bağlıdır. Biz bir neçə dəfə bu barədə yazmışdıq ki, E. Rüstəmov iqtisadi elmdə institusional yanaşmanın tərəfdarıdır və öz siyasətindən bu nəzəriyyəyə əsaslandırmağa çalışır (ən azı etdiyi addımlar və özünün dediyi sözlərə əsaslansaq). Faktiki olaraq iqtisadi nəzəriyyənin bu istiqamətini ciddi olaraq məşhurlaşdırır. İndi də bu söz bizim lüğətə əlavə olundu. Bu istiqamətin rəqibləri olan: neoklassik məktəb, neoliberalizm və ya keynsianizmi lüğətə əlavə edilib-edilməməsi barədə məlumat verilməyib.
Yeganə çox da istifadə olunmayan söz – dezinflyasiydır (ingiliscə disinflation). Düzdür Mərkəzi Bank bu sözü öz yazılarında tez-tez istifadə edir. Amma bu hələ devalvasiyadan əvvəlki dövrlər idi. O zamanlar Mərkəzi Bank çox da məşhur deyildi. O zaman öz hesabatlarında və ya proqnozlarında (misal üçün, 2008-ci ildə) dezinflyasiya sözü istifadə olunurdu. Dezinflyasiya əslinə qalsa mövcud maliyyə siyasətidir. Dezinflyasiya inflyasiya səviyyəsinin keçən dövrə qarşı daha aşağı olması deməkdir. Misal üçün, rəsmi rəqəmlərə görə 2018-ci ilin nəticələrinə görə, inflyasiya 2,3% təşkil edib. Eyni göstərici 2017-ci ildə 2,9% təşkil edib. Müvafiq olaraq 2018-ci ildə keçən il ilə müqayisədə daha aşağı inflyasiya dərəcəsi müşahidə olunub. Eyni zamanda Mərkəzi Bankın rəsmi olaraq apardığı siyasət də dezinflyasiya siyasətidir. Amma rəsmi məlumata görə, bu il inflyasiya keçən ilə nisbətdə daha yüksək olacaq. 2020-2023-cü illərdə isə ümumiyyətlə 4,6%-ə kimi artım gözlənilir. Yəni yaxın ən azı 2 ildə dezinflyasiya sözü bir qədər mənasız olacaq.
Daha bir maraqlı anlayış eks-dividenddir. Bildiyimiz dividend səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsidir. Bu söz hətta qanunvericilik normalarına da daxil olub. İndi belə məlum olur ki, eks-dividend sözü də ola bilər ki, bu yaxınlarda həyatımıza daxil olsun. Ən azı Dilçilik İnstitutu özü-özlüyündə yeni sözləri əlavə etməməlidir. Eks dividend – bu səhm satışından sonra verilən dividendin məhz səhm sahibinə yox, ondan əvvəlki sahibinə (və ya müvafiq dövrə bu səhmin kimə məxsus olduğunu) ödənilən dividenddir. Misal üçün, şirkət 2018-ci ilin dekabrın 1-nə olan səhmdarlara dividend ödənişini etməlidir, amma ödənişi 2019-cu ilin fevralın 1-də edir. Müvafiq olaraq fevralın 1-i sahibi kim olmasına baxmayaraq, dividend məhz oktyabrın 1-i səhmin sahibi olan şəxsə ödəniləcək. Azərbaycanda normal səhm bazarı olmadığı üçün belə terminlərin real həyatdan lüğətə daxil olması bir qədər çətindir. Ya da ola bilər ki, Dilçilik İnstitututun işçilərinin şəxsi təşəbbüsüdür. Düzdür, haradan onlar eks-dividend almaq niyyətindədilər – sirr olaraq qalır.
Amma yeri gəlmişkən, iqtisadi elm üçün vacib bir nailiyyət də baş verib. Nəhayət Azərbaycan dilinin orfoqrafiya lüğətinə ekonomiks sözü əlavə edilib. Sovet dövründə biz siyasi iqtisadiyyat elmini keçirdik. Dövran dəyişdi və müvafiq olaraq tədris olunan fənnlər də dəyişməli idi. Adı dəyişməsinə baxmayaraq, dərs olaraq yenə də siyasi iqtisadiyyat və ya daha dəqiq desək klassik formada iqtisadi nəzəriyyə tədris olunurdu. İndi nəhayət ekonomiks sözü Azərbaycan dilinin lüğətində yer tutdu. Ola bilər bundan sonra ekonomiks tədris planlarında da öz yerini tutacaq.
İstifadə olunmuş mənbələr
Orfoqrafiya lüğətinə bu yeni sözlər daxil edilib. URL: https://az.trend.az/azerbaijan/society/3139092.html
Egger P.H. The language effect in international trade: a meta-analysis. Economic Letters, Volume 116. P. 221-224
Ginsburgh V., Weber S. (2018). The Economics of Language. Centre for Economic Policy Research. URL: https://cepr.org/active/publications/discussion_papers/dp.php?dpno=13002
Marschak, J. (1965). The Economics of Language // Behavioral Science, 10, 135—140.
Ражкова К.В., Рощин С.Ю. Вознаграждается ли знание иностранного языка на российском рынке труда? Москва. 2019. 31с.
Рябова И. Экономика языка. URL: https://econs.online/articles/ekonomika/ekonomika-yazyka/