Norveçli jurnalist Mikal Hem “Diktator olmaq: praktik təlimat” adlı kitabında tanınan və tanınmayan diktatorların həyatını və siyasi təcrübələrini araşdırıb.
Həmin kitabdan diktatorların ədəbiyyat sevgisi ilə bağlı hissəni ixtisarla təqdim edirik:
“Diktatorların çoxu kitab yazır. Onların öz tərcümeyi-hallarını yazmalarında, ya da siyasi nəzəriyyələrini əsərə çevirmələrində qəribə heç nə yoxdur: əksər siyasətçilər bunu eləyir. Ancaq diktatorlar həm də bədii ədəbiyyat yazırlar. Avtoritar ideologiya ilə ədəbi istedadın belə uzlaşması kiməsə əcaib təsir bağışlaya bilər, ancaq bu, həm də əsl diktator kimi “uğur qazanmaq”dan ötrü son dərəcə hərtərəfli inkişafın tələb olunduğunu göstərir. Üstəlik yaradıcılığa təzə başlayan müəlliflərdən fərqli olaraq diktatorun nəşriyyatların kandarında keşik çəkməyə, əlyazmalarını naşirlərə göndərməyə, təkar-təkrar rədd cavabı alaraq dünyadan küsməyə ehtiyacı yoxdur. Əgər siz diktatorsunuzsa, sizə “yox” deməyə çox az adam cəsarət eləyə bilər. Diktator olmağın bir üstünlüyü də var: sizin kitabınız mütləq bestsellerə çevriləcək.
Əksər diktatorlar öz kitablarını şəxsiyyətəpərəstiş kultunun vacib elementinə çeviriblər.
MUƏMMƏR QƏDDAFI – “Cəhənnəmə qaçış”
Liviya lideri, polkovnik Muəmmər Qəddafi bədii ədəbiyyat sahəsində xeyli uğur qazanmışdı. Onun novella və esselərdən ibarət “Cəhənnəmə qaçış” adlı toplusu diktator ədəbiyyatının klassıkası sayılır və dərin fəlsəfi mülahizələr, siyasi ideyalarla zəngindir. Qəddafi əsərlərində ənənəvi Liviya cəmiyyətini romantikləşdirir, onun müasirliklə ziddiyyətini birincinin xeyrinə xüsusi vurğulayırdı. Kitabdakı ilk iki novellada şəhər həyatı stress, yalqızlıq, sakit, ənənəvi kənd həyatı isə gözəl, mənalı yaşam məkanı kimi təsvir olunur.
Təbii ki, Qəddafi siyasi ideyalarını da kağıza köçürürdü. Onun “Yaşıl kitab” adlı siyasi proqramının həddindən artıq iddialı yarımbaşlıqları var: “Demokratik problemlərin həlli; İqtisadi problemlərin həlli; Üçüncü dünya nəzəriyyəsinin sosial əsasları”.
Qəddafinin ideyalarını oxuyanda ağla gələn ilk fikir o olur ki, demokratiya probleminin həlli diktaturanın tətbiq edilməsidir. Ancaq müəllif sübut eləyir ki, qərb demokratiyası da mahiyyətcə zülmkardır. Qəddafi siyasi partiyaları diktaturanın müasir forması adlandırır: “Siyasi partiya yalnız öz üzvlərini təmsil edir və yalnız öz maraqları uğrunda mübarizə aparır. Demokratik nöqteyi-nəzərdən ayrı-ayrı partiyalar bütün ölkəni idarə etməməlidilər”.
Qəddafi bu problemin həlli məqsədilə özünün “Üçüncü dünya nəzəriyyəsi”ni təklif edir. Onun fikrincə, parlamentə üzvlər seçmək əvəzinə, xalq konqresslərinin nəzarəti altında fəaliyyət göstərən xalq komitələri təsis olunmalıdır. Qəddafiyə görə, qanunverici toplantı, komitə, ya da fərd tərəfindən verilmiş istənilən qanun mahiyyətcə antidemokratik və qeyri-təbiidir, ancaq orqanik qanunlar qəbul eləmək lazımdır: “İstənilən cəmiyyətdə təbii qanunverici proses ya dinə, ya da ənənələrə əsaslanacaq, istənilən başqa mənbəyə istinadən qanunlar yaratmaq məntiqsiz və doğru olmayacaq”.
Bu nəzəriyyəyə inansaq, Qəddafinin idarə üsulunun da legitim olmadığını söyləmək mümkündür, amma “Yaşıl kitab” dövlət ierarxiyasının başında güclü liderin olmasının vacibliyini də arqumentlərlə isbatlayır: “Bu, nəzəri cəhətdən əsl demokratiyadır, amma reallıqda həmişə güclülər başda durur. Cəmiyyətin güclü üzvləri hökumətin tərkibinə daxil olaraq onu idarə edirlər”.
“Üçüncü dünya nəzəriyyəsi”nin vacib sosial əsaslarından biri də təhsildir. Bu məsələdə liberallıq nümayiş etdirən polkovnik hesab edirdi ki, cəmiyyət fərdə təhsilin bütün növlərini təklif etməli, hər kəs istədiyi ixtisası seçmək imkanına sahib olmalıdır: “İnsanları konkret bir proqram əsasında təhsilə məhkum etmək despotizmdir”.
Xatırladaq ki, Qəddafinin ölümünə qədər kitabları Liviya məktəblərində məcburi proqrama daxil edilmişdi.
SƏFƏRMURAD NIYAZOV TÜRKMƏNBAŞI – “Ruhnamə”
Mərhum türkmən lideri Səfərmurad Türkmənbaşının “Ruhnamə” əsəri də Türkmənistan məktəblərində məcburi qaydada tədris olunurdu. Ümumiyyətlə, müəllifin sağlığında bütün türkmənlər “Ruhnamə”ni oxuyurdular: ibtidai sinif şagirdlərindən tutmuş universitet tələbələrinə qədər. Demək olar ki, bütün imtahanlara (hətta sürücülük imtahanında da) bu kitabdan suallar salınırdı. Dövlət idarələrində işləmək istəyən hər kəs “Ruhnamə”dən imtahan verməyə məcbur idi.
Türkmənistan təhsil sistemində “Ruhnamə”nin tədrisi o qədər vacib yer tuturdu ki, ondan daha az əhəmiyyətli hesab edilən bir neçə fənn proqramdan çıxarılmışdı.
“Ruhnamə”nin 2001-ci ildə işıq üzü görən ilk cildi müəllifin tərcümeyi-halının, tarix, siyasət, fəlsəfə və din haqqqında fikirlərinin məcmusu idi.
2004-cü ildə nəşr olunan ikinci cilddə isə fəlsəfəyə və etikaya dair daha dərin analizlər, həmçinin yaxşı türkmənin davranış qaydaları ilə bağlı bir sıra məsləhətlər yer almışdı.
Kitabın ilk fəslində Türkmənbaşı, xalqının köklərinin Nuh peyğəmbərə qədər gedib çıxdığını sübut eləyirdi. Sən demə, Nuh peyğəmbər türkmən torpaqlarını öz oğlu Yafəsə bağışlayıbmış. Digər fəsillərdə isə müəllif türkmən tarixi haqqında o vaxta qədər yazılanların yalan olduğunu isbatlayırdı.
Türkmənbaşının idarəçiliyi dövründə ölkədə sentyabr ayının adı dəyişdirilərək “Ruhnamə” qoyulmuş, Aşqabadda kitabın şərəfinə böyük abidə ucaldılmışdı. Mexaniki elementlərlə təchiz edilmiş abidə-kitab hər axşam saat səkkizdə açılır və əsərdən hissələr səsləndirilir.
Türkmənbaşı öz ideyalarını bütün dünyaya çatdırmaq məqsədilə ölkəsinə investisiya qoymaq istəyən xarici şirkətləri kitabın xaricdə tərcüməsini və nəşrini dəstəkləməyə məcbur edirdi. Beləcə, “Ruhnamə” “Siemens”, “Daimler-Chrysler”, “Caterpillar” və “John Deere” kimi nəhəng korporasiyaların dəstəyi ilə 41 dilə tərcümə olunmuşdu.
Ancaq Türkmənbaşıya bu da kifayət eləməmişdi. 2005-ci ilin avqustunda kitabın bir nüsxəsi rus raketində Yer planetinə yaxın orbitə göndərilmişdi. Türkmən qəzetlərinin yazdığına görə, kosmosu fəth eləməyə…
Səfərmurad Türkmənbaşı təkcə tarixçi, filosof və siyasətçi deyildi, həm də lirik şair idi. Hətta 2003-cü ildə Məhtimqulu adına Beynəlxalq Mükafata da layiq görülmüşdü.
Türkmənbaşının xələfi Qurbanqulu Berdıməhəmmədov da ədəbiyyat həvəskarıdır, ancaq hələlik daha çox atçılıqdan, itçilikdən, xalq təbabətindən yazır. Bu vaxta qədər 35-ə yaxın kitaba müəlliflik eləyib.
SƏDDAM HÜSEYN – “Zibaba və hökmdar”
Diktatorlar arasında ən məhsuldar yazanlardan biri də mərhum İraq lideri Səddam Hüseyn olub. O, həyatının son illərində dörd roman yazmışdı.
Əslində yazıçılıq istedadı Səddamın genlərindən gəlirdi: onun əmisi, Bağdad meri Xeyrullah Tulfah da “Allahın səhvən yaratdıqları: farslar, yəhudilər və milçəklər” adlı pamfletin müəllifiydi və həmin kitab ölkədə ən çox satılan kitabların siyahısına düşmüşdü, çünki… Çünki İraq hökuməti məktəblərin hər birinə o kitabdan 50 min nüsxə almağı tapşırmışdı. Tulfah İraqda həm də rüşvətxorluğu ilə məşhur idi və bu “qüsur”unun öhdəsindən gələ bilmədiyinə görə Səddam Hüseyn onu vəzifədən uzaqlaşdırmaq məcburiyyətində qalmışdı.
Qayıdaq Səddamın özünə. İraq diktatorunun ilk və ən məşhur romanı “Zabiba və hökmdar” adlanırdı. Əsər orta əsrlərdə İraqda yaşamış bir hökmdarın Zabiba adlı kəndli qızla münasibətindən bəhs eləyirdi: Hökmdar Zabibanın ağlına heyran qalır və yavaş-yavaş ona vurulur. Ancaq Zabiba xoşagəlməz bir kişi ilə evlidir. Bir gün Zabibanın əri, sevgilisinin yanından qayıdan arvadını küçədə zorlayır. Hökmdar da qəddar əri və onun adamlarını cəzalandırmaq üçün qoşunlarını göndərir. Əsərin sonunda hökmdar da ölür, sevgilisi də…
Bu əsərdə Zabiba İraq xalqını, onun qəddar əri isə ABŞ-ı simvolizə edirdi. Yəqin, hökmdarın prototipinin kim olduğunu deməyə ehtiyac yoxdur. Əsərdə Zabiba yanvarın 17-də təcavüzə məruz qalır – birinci Körfəz müharibəsinin başlandığı gün. Finalda düşmənlər – amerikalılar məğlub olur.
“Zabiba və hökmdar” satışa buraxılandan sonra dərhal bestsellərə çevrilmiş, milyon nüsxədən çox satılmışdı. Birincisi ona görə ki, kitaba vur-tut bir dollar qiymət qoyulmuşdu, ikincisi isə dövlət başçısının kitabını oxumaq hər kəsin borcu idi. Bir qədər sonra “Zabiba və hökmdar” əsəri əsasında 20 seriyalı televiziya filmi çəkilmiş və müzikl hazırlanmışdı.
Şayiələrə görə, sözügedən kitabı S.Hüseynin əmri ilə başqa adamlar yazıb və sonra həqiqət üzə çıxmasın deyə onları zəhərləyərək öldürüblər. Bu şaiyələrin yalan və ya doğru olduğunu müəyyənləşdirmək çətindir, amma kitabın yazı üslübündan aydın görünür ki, müəllif peşəkar yazıçı olmayıb.
S.Hüseynin növbəti romanları – “Sarsılmaz qala” keçmiş əsgərlə kürd qızının sevgisindən, “Kişilər və şəhər” “Baas” partiyasının necə yaranmasından bəhs eləyirdi. Yeri gəlmişkən, bu əsərin qəhrəmanlarının əksəriyyəti Səddam Hüseynin qohumlarıydı.
Yazıçının iki düşmən qəbilə – amerikalılar və yəhudilərlə mübarizə aparan ərəbə həsr olunmuş “Rədd olun, şeytanlar!” kitabı Bağdadın süqutu ərəfəsində işıq üzü görmüş və 40 000 nüsxə ilə satılmışdı.
Səddam Hüseyn hakimiyyətdən devrilib həbs olunandan sonra da ədəbi fəaliyyətini davam etdirmişdi. Deyilənə görə, həbsxanada “Böyük oyanma” adlı kitab yazırmış, ancaq edama qədər bitirə bilmişdi, ya yox – məlum deyil.
KİM ÇEN İR – “KİNO SƏNƏTİ HAQQINDA”
Şimali Koreyanın, demək olar ki, bütün liderləri ədəbiyyata və incəsənətə xüsusi maraq göstəriblər. Məsələn, Kim İr Sen II Dünya Müharibəsi zamanı koreyalıların yapon işğalçıları ilə mübarizəsindən bəhs eləyən “Qan dənizi” adlı roman və eyniadlı opera yazmışdı. “Qan dənizi” operası indi də Pxenyanda ən məşhur əsərlərdən biridir və həftədə bir neçə dəfə nümayiş olunur.
Kim İr Senin oğlu və varisi Kim Çen İr isə kino aşiqiydi. Şimali Koreyanı dünyanın ən böyük kinoindustriyalarından birinə çevirmək arzusu ilə yaşayan Kim Çen İr hətta Cənubi Koreyadan rejissor da oğurlamışdı.
Və ən əsası… Kim Çen İr “Kino sənəti haqqında” və “Opera sənəti haqqında” kitablarının müəllifi idi. Müəllif bu kitablarında sənətlə məşğul olmaq istəyən oxucularına son dərəcə qiymətli məsləhətlət verirdi. Məsələn, o yazırdı: “İstənilən müasir sənət əsərinin qəhrəmanı son dərəcə yaradıcı və azad insan olmalıdır, həyatda və fəaliyyətində inqilabi hərəkatın sənətkarına uyğun şəkildə davranmalıdır. Sənətdə feodalların, aristokratların, milyonerlərin əsas qəhrəman olduğu dövr çoxdan keçib”.
Kim Çen İrin kino nəzəriyyəsi istehsalatın həm yaradıcı, həm də siyasi aspektlərini əhatə edirdi. Kinematoqrafiyanı yaradıcı aspektdən təhlil edərkən müəllif, “musiqisiz, mahnılarsız bir filmi tamamlanmış hesab eləmək olmaz” yazırdı, siyasi nöqteyi-nəzərdən isə bir ekran əsərinin fəhlə inqilabının nailiyyətlərini əks etdirməli olduğunu deyirdi: “Siyasi yanaşma – hər şeyə partiyanın gözü ilə baxmaq və reallığın bütün fenomenlərini inqilabi mövqedən dəyərləndirmək deməkdir”.
MAO TSZE DUN – “Rəhbər Maodan sitatlar”
Bəşəriyyət tarixinin ən çox satılan kitablarından biri də Mao Tsze Dunun Qərbdə “Qırmızı kitabça” adı ilə məşhur olan “Rəhbər Maodan sitatlar” kitabıdır. Kitabın bu uğurunun çox bəsit bir səbəbi vardı: hər bir çinli, təsadüfən həbs olunmamaqdan ötrü “Qırmızı kitabça”dan, ən azı, bir nüsxə almağa və üzərində gəzdirməyə məcbur idi. Çində isə bir milyard insan yaşayırdı. Ancaq kitab radikal gəncliyin sayəsində Qərbdə də kifayət qədər populyarlaşmışdı. Nəticədə “Qırmızı kitabça” 800-900 milyon nüsxə satılmış, bundan daha çox nüsxəsi havayı paylanmışdı. Ümumilikdə, Mao Tsze Dunun kitabı 6 milyard nüsxə ilə çap olunmuşdu və tirajına görə yalnız Bibliyadan geri qalırdı.
Maonun digər kitabları da “Qırmızı kitabça” qədər çox satılmışdı. Tarixçi Jenyan Funun yazdığına görə, 1966-76-cı illərdə Çində fəaliyyət göstərən 1820 dövlət nəşriyyatında Mao Tsze Dunun “Qırmızı kitabça”sı 6,5 milyard, dörd cildlik “Seçilmiş əsərləri” 840 milyon, şeirlər toplusu 400 milyon nüsxə ilə çap olunmuşdu.
Mao həm də “Kitabların təzyiqinə qarşı mübarizə aparın” adlı kitabın da müəllifi idi.