İnsan təbiətindəki narazılıq təbii haldır. Bizi hələm-hələm nədənsə qane ola bilmirik. Həyatımızda çox şey yolunda getsə də, həmişə narazı qaldığımız nəsə tapılır. Bu, bizim mürəkkəb strukturumuzdan xəbər verir. Həm də həyatın özü də o qədər sadəlikdən, asanlıqdan ibarət deyil.
Zehnimiz də probemləri şişirtməyə qabildir. Biz insanlar, bizi əhatə edənlərdən, idarəçi hakimiyyətdən və əlbəttə ki, özümüzdən narazı ola bilirik. Həmin narazılıqlar şikayətlənməyimizə, deyinməyimizə gətirib çıxarır. Bunun ən faydalı tərəfi az da olsa nitqimizin inkişafına və ağızətrafı əzələlərin bərkiməsinə səbəb olmasıdır. Bütövlükdə bu aktı gerçəkləşdirmək ilə neqativ məlumatın istehsalı və ixracatı ilə məşğul oluruq. Şikayətləndikcə, xoşagəlməz emosiya həm bizi, həm də ətrafdakıları əhatələyir və bununla da həmin emosiyalar gözəgörünməz qalın zəncir kimi ruhumuzu kilidləməyə başlayır.
Yenə deyirəm, insanın nədənsə narazılığı ən təbii hallardandır. Bir şey var ki, biz nədənsə narazıyıqsa, onun dəyişməsini istəyirik. Ancaq istəmək dünyadakı ən asan şeydir. Bu heç bir zəhmət tələb etmir. Əlbəttə istəmək, xəyal etmək hisslərindən uzaq olan kəslər də var. Təəssüf ki, onların halı lap xarabdır. Çünki bu hal hisslərin kütləşməsindən xəbər verir. Ancaq indi biz xəyal edə bilməyənlərdən yox, aktiv narazılıq edib, deyinməklə kifayətlənənlərdən danışırıq.
Bu gün azərbaycanlıların əksəriyyətinin nitqinin əsasını narazılıq və şikayət tutur. Xalq vəziyyətdən narazıdır. Onlar hətta danışmasalar belə, narazılıq üzlərindəki ifadədən çox rahat anlaşılır. Buna baxmayaraq narazı olan həmin kütlə elə fəal konformistlərdən ibarətdir. Görürsünüz paradoksun şüası gözümüzü necə deşir. Sorğulamaq davranışından məhrum düşən bu boyunduruq dəstə ancaq öz aralarında deyinməkdən savayı hələ heç nə edə bilmir.
Belə bir vəziyyətdə unikal və məntiqli çıxış yolu narazı qaldığın şeyi dəyişməyə qərar verməkdir. İnsan görkəmindən, üst-başından narazı olanda dəyişikliyə başlayır. Artıq çəkilidirsə idmana və pəhrizə başlayır, gigiyenasına fikir verir, gözəllik salonlarına gedir və s.
“İdman etmək və pəhriz saxlamaq” – bu sözlər necə də asan ifadə olunur. 120 kiloqramdan 80 kiloqrama düşən birindən soruşanda ki, bəs, necə oldu ki, belə, çəki atıb, qəşəng formaya düşə bildin?! Onun cavabı sadə olur:
“Pəhriz saxladım və idman etdim.”
Lakin bu sadə sözlərin arxasında çox böyük zəhmət durur. Həmin adam günlərlə-aylarla alışdığı qida rasionundan vaz keçib, özünü sağlam qidalardan istifadəyə öyrəşdirir. Başqaları dincəldiyi vaxt o, idman zallarında tər töküb, çalışırdı. Bu dəyişikliyi əldə edənə qədər o, aylarla mübarizə aparıb. Həmin çalışma və zəhmət güclü iradənin hesabına başa gəlib. Əslində iradənin özü də əzələ kimidir. İşlətdikcə, onu impulslaşdırdıqca iradə güclənir.
Bəli, dəyişiklik iradə və zəhmət tələb edən işdir. Gərək bağışlayasınız, ancaq o, deyinmək qədər asan başa gəlmir. Mübarizə aparmadan nə özünüzdə, nə ətrafınızda heç nə dəyişməyəcək.
Mən kiməsə narazı qalma, bunu dilinə gətirmə, sus demirəm. Belə çağırış axmaqlıq olardı. Onsuz da kütlənin deyinti xorunun qarşısını almaq mümkün deyil.
Beləliklə, əgər sən “bu xalq elədir-belədir, insanlarımız mədəniyyətsiz və aqressivdir” tipli cümlələr qurur və müsbət dəyişiklik naminə heç bir addım atmırsansa, bu sadəcə populizm və riyakarlıqdır. Hətta belə davranış özü də yetərincə mədəniyyətin olmadığının göstəricisidir. Niyə riyakarlıq? Ona görə ki, vəziyyətin pis olduğunu görüb, onu müsbətə doğru dəyişmək üçün heç bir zəhmət çəkmirsənsə və məsuliyyəti unudursansa, bu sadəcə neqativ ötürməyə xidmət edən ikiüzlülük göstəricisidir.
Müsbət dəyişiklik üçün nə etmək olar?
Əlbəttə birinci özünü dəyişməkdən başlamaq olar. Onsuz da başqalarına təsir gücü özünü dəyişməklə ahəngdədir. Özümü fərqli, başqalarından dərrakəli sanmıram. Müşahidə etdiklərimi yazmağa, bu nüansları vurğulamağı özümə borc bilirəm. Yoxsa didaktika ilə işim yoxdur, səhv başa düşülməsin. İçimizdə qayğıkeşlik hissini impulslaşdırsaq, çox şey dəyişəcək. Qayğıkeşliyi olmayan adam eqoist biridir. O, heç özünü də yaxşı şəkildə düşünmür. Qayğıkeşliyin inkişafının göstəricisi – haqsızlıq görəndə susmamaqla, daxilində və ətrafında təmizlik yaratmaqla, insanlara imkan düşdükcə kömək etməklə və bunu heç kimə göstərməməklə olur.
Ədəbiyyatın vəziyyətindən narazı olan imkanlı biri mesenatlıq edib hansısa gənc yazıçının kitabının nəşrini gerçəkləşdirsə, təhsilin keyfiyyətindən narazı adam hansısa tələbəyə özü pulsuz repetitorluq etsə və ya təhsil təqüdü ayırsa və s. bu kimi oxşar qayğıkeşlik nümunələri artsa, ölkədə çoxlu gözəl dəyişikliklər olar.
Bunların baş tutmasına təbii ki, hökümət maraq göstərməlidir. Ancaq höküməti siz seçməmisiniz, seçkiyə getməmisiniz ki, o da sizə xidmət etsin, ölkədə islahat aparsın. Seçkilər ərəfəsində siz əvvəlki ampluanızda idiniz və xorla belə deyirdiniz: “Əşşi, seçkilərə getmək nədir?! Guya nə xeyri var e?! Onsuz da heç nə düzələn deyil…”
Ona görə də gözləntilərinizin antenalarını özünüzə çevirin.
Əlbəttə bütün insanlardan dəyişikliyə cəhd etmələrini gözləməyin özü də sadəlövhlükdür. Onsuz da yazıdan özünə pay götürən beş, üç adam olur. Kütlənin böyük hissəsi oxumur. Xitab etdiyimiz auditoriya da özünü dəyişməyə qərar verənlərdir, yoxsa bizi niyə oxusunlar? Elastikliyi olmayanlar oxuduqları təqdirdə də islahat barədə düşünmürlər. Onlar sanır ki, artıq hər şeyi bilir və ağılları kifayət qədərdir. Ağıllı olmaq ilə müdrik olmaq arasında isə incə bir fərq var. Müdriklik – mehribanlıq və mərhəmətə qarışmış, onların şirəsi ilə islanmış idrak formasıdır. Quru formada ağıl isə hiyləgərlik pudrasına batmış olur. Müdrik şəxslər təkcə özləri üçün yaşayıb, adamlara dözümsüzlük nümayiş etdirmirlər. Onlar hər gün öz üzərlərində işləyir, əldə etdikləri bilgi resursu ilə başqalarına da faydalı olurlar.
Əlbəttə ki, şikayətlənməyi buraxıb, hərəkətə keçsəniz, hər şey olmasa da, çox şey yaxşı olacaq!