1348-ci il. Florensiyada taun epidemiyası tüğyan eləyir. İllətdən xilas olmaq istəyən üç nəcabətli gənc və yeddi xanım Santa Mariya Novella kilsəsində görüşərək şəhər kənarında yerləşən villaya gedir və orda qaldıqları on gün ərzində vaxtlarını bir-birilərnə əyləncəli əhvalatlar danışmaqla keçirirlər.
İtalyan yazıçısı və şairi, İntibah ədəbiyyatının nümayəndəsi Giovanni Boccaccio-nun “Dekameron” (1350-1353) əsəri həmin əhvalatların toplusudu.
Yunanca (“deka” on, “mera”- gün) “ongünlük” anlamını verən “Dekameron” yüz novelladan ibarətdi. Onların əksəriyyəti florensiyalıların, neapolluların folklorundan götürülmüş klassik və əfsanəvi motivlərdi. Lakin novellaların, demək olar ki, hamısı bu və ya digər dərəcədə sevgidən bəhs eləyir. Bu hekayətlərdə erotikadan tutmuş faciəyə, komediyaya qədər hər şey var.
Tədqiqatçılar, layiq olduğu diqqəti yazıldığı vaxtdan bir əsr sonra görən “Dekameron”u humanist ideyaları, azad fikirliliyi təbliğ eləyən əsər, sadə və həyatsevər italyan cəmiyyətinin mənəviyyatının panoramı adlandırırlar.
“Dekameron” həm də dünyanın yaradılışı haqqındadı. Amma bu dünyanı tanrı yox, insan cəmiyyəti, altı günə yox, on günə yaradır. Haqsız yerə “tərbiyəsiz” kimi ad çıxarmış əsərdə ilk intibah utopiyasını, utopik idilliyanı görmək mümkündü: mədəniyyət bu ideal cəmiyyətin başlanğıcı rolunu oynayır” (Xlodovski R.İ. “Dekameron”: Böyük məhəbbət haqqında dahiyanə kitab”)
İkinci adı “İnsanlıq komediyası” olan bu əsər, yazıldığı dövrün insanları kimi XX-əsrin kinorejissorlarını da daha çox komik, erotik hekayələri ilə cəzb edib. Məntiqlə əslində elə bu cəhətinə görə “Dekameron” kino tarixində ən çox ekranlaşdırılan kitablar siyahısında olmalıydı, amma ona cəmi-cümlətanı altı dəfə müraciət edilib.
***
İlk dəfə 1953-cü ildə Argentina əsilli Britaniya rejissoru Hugo Fregonese tərəfindən…
Üç novelladan ibarət bu film “Dekameron gecələri” adlanır.
Rejissor, Giovanni Boccaccio-nun real həyatına dair bəzi detalları onun müəllifi olduğu əsərdən götürülmüş sevgi əhvalatları ilə birləşdirir.
Bokkaçço (Louis Jourdan) Florensiyanı yağmalamış hersoq Lorensonun əlindən qaçan sevgilisi Fyamettanın (Joan Fontaine) ardınca şəhərkənarı villaya yollanır. Fyametta beş qadın və onların qulluqçuları ilə birlikdə burda gizlənir. Sevdiyi gözəlin qəlbini fəth eləməyə çalışan Bokkaçço, xanımlara iki əhvalat danışır. Üçüncü hekayət isə Fyamettanın dilindən səslənir.
Xoşbəxt sonluqla bitən filmdə hər aktyor bir neçə rol oynayır.
“Dekameron gecələri”nə qədər daha çox sosial dramları ilə tanınan rejissor Hugo Fregonese 50-ci illərdə Hollivudsayağı kostyum filmlərinə keçmişdi. Onun “Dekameron”unun da əsas diqqətçəkən cəhəti – İspaniyada aparılmış natura çəkilişləri, dəbdəbəli dekorasiyalar və kostyumlardı.
***
Belorus rejissoru, animator, “Belorusfilm” kinostudiyasında çızgi filmləri emalatxanasının yaradıcısı və bədii rəhbəri Oleq Pavloviç Belousovsa 1993-cü ildə “Dekameron“u cizgilərlə vizuallaşdırır. Yəni tammetrajlı animasiya filmi çəkir və adını “Kurtuaz əhvalatları” qoyur. Bu filmdə İntibah dövrü rəssamlarının qəhrəmanlarını xatırladan cizgi personajlar, zərif klavesin musiqisi, nəqlçinin bəlağətli və ironik səsi tamaşaçının erotik nöqtələrinə yox, gözəllik duyğusuna xitab eləyirdi. Buna baxmayaraq, elə çəkildiyi il Rusiya telekanallarında nümayiş olunan film gözlənilən gəliri gətirmir və prodüserlər rejissoru layihədən uzaqlaşdırırlar. Belousov müsahibələrindən birində bu barədə “müasir biznesmenlərin bəziləri kinonun özəl sənət olduğunu, kino satmağın isə ikiqat özəl sənət olduğunu anlamırlar” deyir.
O.Belousov on ildən sonra “Dekameron”a ikinci dəfə müraciət eləyir. Daha doğrusu, istehsalçı şirkətin zibil yeşiyindən tapdığı filminin qalıqları əsasında “Kurtuaz əhvalatları”nın ikinci variantını işləyir. Bura “Dekameron”dan götürülmüş beş novella daxildi. Belousov filmi haqqında danışanda “onun pornoqrafiyaya heç bir dəxli yoxdu. Bu, 600 ildən çox bütün dünyada oxunan normal bir əsərin normal ekranizasiyasıdı. Əgər “Dekameron” kitabını oxuyurlarsa, niyə onu ekranlaşdırmaq olmaz?!” söyləyir.
***
Cəmi bir il sonra O.Belousovun ukraynalı həmkarı, rejissor Andrey Benkendorf “Dekameron”da yeddinci gün danışılan novellalar, Françesko Qraççini-Laska və Anyolo Firentsolonun hekayələri əsasında “Bir neçə sevgi əhvalatı” adlı film çəkir. Bu film ruhən Belousovun animasiyasına yaxın, onun kimi yüngül, oynaq və baxımlıdı. Bir-biri ilə halqavarı birləşdirilmiş sevgi əhvalatlarında gözəl gənc qadınlar yaşlı və axmaq ərlərini aldadır, min bir hiylə quraraq güclü, ehtiraslı məşuqları ilə görüşürlər.
Armen Cigərxanyan, Georgi Vitsin, Oleq Malennikov kimi aktyorların çəkildiyi “Bir neçə sevgi əhvalatı” filmi Odessada keçirilən “Qızıl Dyuk-94” Kinofestivalında “kino sənətində riskə görə” mükafatına layıq görülüb.
***
2007-ci ilə Fellini, Godard, Bergman kimi dahi rejissorlarla işləmiş prodüser Dino de Laurentiis və rejissor David Leland “Dekameron”un bir neçə əhvalatını vahid süjetin içində əridərək “Bakirələr bölgəsi” adlı filmi ərsəyə gətirirlər.
Filmdə hadisələr orta əsrlərin Toskanasında baş verir. Şəhərdə yayılmış taun xəstəliyi gözəl Pompineyanı (Mischa Barton) yetim qoyur. Himayədarı əzazil Cerbino (Tim Roth) qızı aldadır və atasının, ölüm ayağında Cerbinoya ərə getməyini vəsiyyət elədiyini deyir. Pompineya monastıra qaçır və Novqoroddan gələn, heç vaxt üzünü görmədiyi adaxlısı qraf Dzerjinskini (Matthew Rhys) gözləməyə başlayır. Cerbinonun daha bir qurbanı, gənc Lorenso da (Hayden Christensen) monastırdadı. Təbii ki, gözəl qızla yaraşıqlı oğlan bir-birinə vurulur. Pompineya Lorensonu xilas eləmək üçün Cerbinoya ərə getməyə razı olur. Amma hər şey yaxşı bitir.
Bütün bunlar çox gözəl, çox pakizə, bəs “Dekameron”? O, bu filmin süjetində – yaşlı kişi, gənc qadın və onun cavan, güclü məşuqu ilə sevgi səhnələrində gizlənib.
Rejissor Lilend üçün tamaşaçının Boccaccionu tanımağı, “Dekameron”u oxumuş olmağı nəinki vacib deyil, hətta arzuolunmazdı. Çünki əsərdən filmə yalnız erotik əhvalatlar köçürülüb və vahid süjet ətrafında birləşdirilib. Üstəlik “Dekameron”un yumoru müasirləşdirilib və daha çox “Amerikan piroqu”nu xatırladır.
Hadisələrin Renessans dövründə cərəyan etməsinə baxmayaraq, layihənin prodüserləri, müasir tamaşaçıların filmi bəyənməsini istəyirdilər, buna görə də qəhrəmanların kostyumları müasir modanın qanunlarını qoyan insanlardan birinə – Roberto Kavalliyə həvalə olunmuşdu.
Ən əsası isə, “Bakirələr bölgəsi” filminin yaradıcıları bayağılıqla yüngüllük arasındakı incə sərhədi qorumağı bacarmamışdılar. Yəqin, elə buna görə film, tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb – bəziləri bundan axmaq film görmədiklərini deyiblər, digərləri isə zaldan tamamilə razı halda çıxıblar.
***
2011-ci ildə – yeni il ərəfəsində rejissor Stanislav Mitinin səkkiz seriyalı “Moskva dekameronu” adlı televiziya filmi ekranlara çıxır.
Süjet: Keçmişdə məşhur kino aktyoru olmuş Vadim Krasyuk yeni ili bahalı şəhərkənarı oteldə keçirmək təklifi alır və dostları İqor və Vyaçeslavı da götürüb ora yollanır. Oteldə Vadimgildən başqa arvadı və asisstenti ilə birlikdə gəlmiş kinorejissor, başqa dörd xanım, Vyaçeslavın keçmiş sevgilisi, otelin sahibəsi və inzibatçısı var. Qəflətən işıqlar sönür və dəvətlilər vaxt öldürmək üçün öz həyatlarından əhvalatlar danışmağa başlayırlar. Məlum olur ki, biri-birindən xəbərsiz gələn qonaqların arasında əlaqə var. Amma yeni il sehrli bayramdı və saat on ikini vurana qədər bütün düyünlər çözülür, sevgi və sədaqət, xeyirxahlıq qalib gəlir.
“Moskva dekameronu”, MDB, Baltikyanı ölkələrin “Kinoşok” festivalında “hər bir insana vacib olan xeyirxahlığına, ümid işığına görə” mükafatı ilə təltif olunub.
***
Və necə deyərlər, desert…
Dahi italyan rejissoru, şair, nasir, nəzəriyyəçi Pier Paolo Pasolini-nin “Dekameron” filmi.
Yuxarıda sadalanan filmlərin, aşağı-yuxarı hamısının əhəmiyyəti bir statistik rəqəm qədərdi. “Dekameron” deyəndə birinci əsərin müəllifi Giovanni Boccaccionun adı yada düşürsə, ikinci Pasolini xatırlanır. Çünki o, “Dekameron”a yenidən həyat verib. Məhz, onun ekranizasiyası dünya kino tarixinə qızıl hərflərlə yazılıb. Boccaccionun yeddi (bəzi mənbələrdə on göstərilir) novellası əsasında çəkilmiş “Dekameron”, rejissorun 1970-71-ci illərdə başladığı “Həyat trilogiyası”nın birinci filmidi (2-ci “Kenterberi əhvalatları” 1972, 3-cü “Min bir gecə çiçəyi” 1974). Filmdə rolları Neapolun sakinləri, Franco Citti, Ninetto Davoli və Pasolini özü oynayır.
Rejissor, müsahibələrindən birində bu filmi necə çəkməyə qərar verdiyi barədə danışarkən deyirdi: “Trilogiya ideyası təyyarədə ağlıma gəldi. Onda “Medeya”nı çəkirdim – barbar xalqın dünyası haqqında filmi. Və birdən-birə yenə sadə xalqın həyatından bəhs eləyən, amma barbarlığı, faciəni yox, canlı, şən insanların yaşamaqdan, sevgidən zövq aldığını göstərən film yaratmaq istədim. Dərhal da ağlıma Boccaccio gəldi. Bir qədər sonra Yəməndə “Dekameron”u çəkməyə başlayanda “1001 gecə çiçəyi”ni, Neapolda isə “Kenterberi əhvalatlarını” düşünməyə başladım. “Dekameron” məndə gülmək istəyi yaratdı. Mən onu yox, o, məni seçdi. Bunun təməlində mənim ideal insanlara, onların problemlərinə, siyasətə maraq göstərməməklərinə olan həsrətim dayanırdı. Bir sözlə, uşaq vaxtı tanıdığım insanları ekrana gətirmək istəyirdim”.
70-ci illərdə İtaliyada siyasi ab-hava yumşalmışdı, “Dekameron” kimi bir filmin, həm də məhz, Pasolininin arzuladığı tərzdə çəkilməyinə heç bir maneə yox idi. Ancaq prodüser Franco Rosselini lazımi vəsaiti tapa bilmirdi. Həmin vaxt layihənin sorağı başqa bir məşhur prodüsserə – Alberto Grimaldiyə (Fellininin “Satirikon”, B.Bertoluccinin “Parisdə sonuncu tanqo”, Sergio Leonenin “Yaxşı, pis, zalım” və s. filmlərinin prodüseri) çatır. Grimaldi Rosseliniylə danışır və “Dekameron” üçün müqavilə bağlanır. Çəkilişlərin getdiyi müddətdə isə “Həyat trilogiyası”nın digər iki filmi də müqaviləyə daxil edilir. “Dekameron” 750 min dollara, “Min bir gecə çiçəyi” və “Kenterberi əhvalatları” isə bir milyon iki yüz minə başa gəlir. Əslində “Dekameron” kimi bir ekran əsəri üçün 750 min o qədər də çox deyildi, ancaq ulduz aktyorlar olmadığına və Pasolininin komandası yüksək qonorar istəmədiyinə görə kifayət eləyir. Pasolini özü 100 min dollar qonorar və italyan prokatından gələn gəlirin 2%-ni alır. Bu, rejissor üçün fantastik məbləğ idi. Az qala, bütün dahi rejissorlarla işləmiş Grimaldi deyirdi ki, Pasolini onların hamısından yaxşı, məntiqli, ağıllı və xeyirxah idi- əsl mədəniyyət insanı”.
P.P.Pasolini filmində ironik, gülməli əhvalatlarla fəlsəfi-lirik hekayələrin harmoniyasını yaradır və orta əsrlər İtaliyasının məişəitini, mənəvi mənzərəsini uğurla göstərir.
Rejissor, orijinalda hadisələrə təkan verən taun xəstəliyi barədə bütün xatırlatmaları ssenaridən çıxarır və “Dekameron”u neapolitan nağıllarına çevirir, çünki “Pasoliniyə elə gəlirdi ki, məhz, İtaliyanın cənubunda insanlar orta əsrlər qaydalarını və həyat tərzini qoruyublar”.
Növbəti dəyişiklik isə filmə Cotto obrazının daxil edilməsi olur. Bu personaj əsərdə yoxdu, yalnız yaradıcılığı haqqında bir neçə cümlə ilə məlumat verilib. Öz içində və ətrafında harmoniya axtaran rəssam Cotto İtaliya boyu səyahət eləyir, cürbəcür hadisələrə şahid olur, təəssüratları toplayır, reallığın rənglərini yaddaşına yazır. Amma həqiqət ona yuxuda gəlir – çəkmək istədiyi rəsmi – Madonnanın obrazını yuxuda yaradır. Onu reallıqda kətana köçürəndə isə nəticədən razı qalmır: “mən bir əsər yaratdım, amma o, yuxuda daha gözəl idi” deyir.
Cotto rolunu Pasolini özü oynayır.
“Bəli, mən özüm də “Dekameron”da çəkilmişəm. Bunu eləməyə məcbur idim, həmin an vəziyyət elə gətirdi. Nəticədə film başqa bir rəng aldı. Bir halda ki mən kameranın qarşısına keçmişəm, bunun bir anlamı olmalıydı. Bu film reallığın antologiyasına uyğun gələn obyektiv, uzaq, mifləşdirilmiş bütün bir əsər kimi düşünülmüşdü. Mənim iştirakım ona başqa çalar qatdı. Filmdə mən şimallı – yəni tarixlə əlaqəli İtaliyadan olan rəssamam, Neapola Müqəddəs Klara kilsəsini freskalarla bəzəməyə gəlmişəm – (reallığın antologiyasına tam uyğun olaraq). Real həyatda isə mən Şimali İtaliyada – İtaliyanın tarixi hissəsində doğulmuş və Neapola realist filmlər çəkmək üçün gəlmiş yazıçıyam. Bununla da filmdə sanki əsər içində əsər yaranır. Daha doğrusu, kənar, analitik baxış. Hərçənd bu mənim planlarıma daxil deyildi”. (P.P.Pasolininin Nabil Reda Maxiani ilə müsahibəsindən).
Pyer Paolo Pasolininin “Dekameron”u 1971-ci ildə ABŞ-da ən çox gəlir gətirən əcnəbi film olur. O, İtaliyada 5 milyon, bütün dünyada isə 10 milyon dollar toplayır və Beynəlxalq Berlin Kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülür.
Lakin… “Həyat trilogiyası”na daxil olan filmləri özünün ən ideyalı əsərləri sayan Pasolini, cəmi bir neçə il sonra onlardan imtina eləyir. O, bu imtinanın səbəblərini “Həyat tiroligiyasından imtina” adlı məqalədə belə açıqlayırdı:
“Mən “Həyat trilogiyası”ndan imtina edirəm, baxmayaraq ki, onu çəkdiyimə peşman deyiləm. Səmimiyyətimi, məni, ekranda çılpaq bədənlər və onların kulminasiya simvolu olan cinsi orqanları göstərməyə məcbur edən özünüifadə tələbatımı inkar eləyə bilmərəm. Amma bu səmimiyyətin və tələbatın bir sıra tarixi və ideya əsasları var.
Hər şeydən əvvəl 50-60-cı illərdə iki impuls – “ifadə azadlığı haqları” və seksual liberallaşmanın demokratizasiyası uğrunda mübarizənin təkanverici qüvvələri proqressiv meyllərin əsas məqamları idi.
Bir qədər sonra – 60-cı illərin sonlarında vüsət alan mədəni-antropoloji böhranın birinci mərhələsində irreal kütləvi media submədəniyyəti, kütləvi kommunikasiya vasitələri tüğyan etməyə başlayanda “məsum” bədənlər və cinsi orqanların arxaik, həyati çılğınlığı təbiiliyin, orijinallığın sonuncu qalalarına çevrildi.
Erosun Neapolda, Orta Şərqdə təsviri ideyası məni bir insan və müəllif kimi çox cəlb edirdi. Ancaq bu gün hər şey kökündən dəyişib.
Birinci: Özünüifadə hüququ və seksual liberallaşmanın demokratikləşdirilməsi uğrunda gedən proqressiv mübarizə, istehlakçılar cəmiyyətinin hökmranlığı tərəfindən dözümlülük göstərilməsi ilə bağlı qərarla qəflətən və kəskin şəkildə dayandırılıb, neytrallaşdırılıb.
İkinci: İstehlakçı cəmiyyətin hakimiyyəti məsum bədənlərin orijinallığını korlayır, saxtalaşdırır. Dahası, bədənə qarşı bu zorakılıq bəşəriyyətin inkişafında yeni dövrün xarakteristikasına çevrilib.
Üçüncü: İnsanların, o cümlədən, mənim intim həyatım yalançı dözümlülükdən və fiziki cırlaşmadan əziyyət çəkir. Odur ki, seksual fantaziyalar artıq ağrı və sevincin yox, ölümcül məyusluq və apatiyanın mənbəyi olub.
Amma “Həyat trilogiyası”nı nifrətlə tənqid edənlər düşünməsinlər ki, mənim imtinam onlara “düz yolla” irəliləməyə imkan verəcək. Əslində bu imtina başqa bir şeyə aparır. Daha artıq danışmaq fikri məni dəhşətə gətirir, ancaq bu mənim borcumdu.
İstəsəydim belə, mən indi “Trilogiya”ya daxil olan filmlər kimi film çəkə blməzdim. Çünki artıq bədən və cinsi orqanlar məni iyrəndirir. Təbii ki, mən müasir italyan gəncliyinin bədənindən və orqanlarından danışıram.
Əgər mənim əbədi və sarsılmaz Neapola, sonra da üçüncü dünyanın kasıb ölkələrinə köçürdüyüm gənc və müasir romalı lümpen-proletarlar “insanlığın tullantıları” təəssüratı yaradırlarsa, deməli, onlar dünən də elə idilər. Və deməli, onlar mənim yaxşı göstərməyə çalışdığım kütbeyinlər, sevimli xuliqanları, müqəddəs məsumiyyəti oynamağa məcbur edilmiş murdar pisliklər, miskin qorxaqlardır.
Bugünün iflası öz ardınca keçmişin məhvini gətirir. Həyat gülünc və lazımsız xarabalıqlar yığınına çevrilir.
Nəhayət, əsas suala cavab verməyin vaxtı çatdı: “Mənim “Həyat trilogiyası”ndan imtina etməyimin nəticəsi necə olacaq?”
Onun nəticəsi mənim “uyğunlaşmağım, alışmağım” olacaq. Mən, bu sətirləri iyunun 15-də, 1975-ci ildə – seçki günündə yazıram. Mən bilirəm: hətta seçkilərdə sollar da qalib gəlsə – ki, bu, tamamilə mümkündür- səsvermənin nominal əhəmiyyəti real əhəmiyyəti ilə üst-üstə düşməyəcək.
Nominal – modernləşdirilmiş İtaliyanın unifikasiyasını, real nəticə isə İtaliyanın bütünlüklə apolitik ölkəyə, mexaniki reflekslərlə mövcud olan ölü bədənə çevrildiyini göstərəcək (təbii ki, kommunist baxışların tərəfdarları istisnadı).
Yəni İtaliyada öz “cırlaşmağına” alışmaqdan başqa heç nə baş vermir. Hər şey qaydasındadı- ölkədə cinayətə meylli gənclər yoxdu, gecələr sakit və hadisəsiz keçir. Qətllərə, qarətlərə ancaq kriminal xronikanı oxuyanda rast gəlmək mümkündü. Deməli, belə çıxır ki, hər kəs gözlərini yumaraq, ya da özünə “hər şey o qədər də qorxulu deyil” deyərək vəziyyətə alışıb. Hərçənd etiraf eləmək lazımdı ki, hətta heç nəyə göz yummayan və hər şeyi qəsdən dramatikləşdirənlər də “alışqanlıqdan” sığortalanmayıblar.
Mən də alışmağa, əslində qəbulolunmaz olanı qəbul eləməyə başlayıram. Manevrlər eləyirəm, həyatımı yenidən qururam. Hər şeyin əvvəllər necə olduğunu unuduram. Dünən sevdiklərimin simaları bu gün sönükləşir. Və alternativsiz indiki zaman yavaş-yavaş mənə qalib gəlməyə başlayır. Mən öz mövqeyimi vəziyyətə uyğunlaşdırmağa, daha aydın, anlaşılan eləməyə çalışıram. (P.P.Pasolini “Teorema”).
Beləcə, “Həyat trilogiyası”ndan imtina eləyən dahi italyan rejissoru ondan sonra “Ölüm trilogiyası” çəkməyə hazırlaşırdı. Ancaq bu silsilənin ilk filmi – “Salo, və ya Sodomun 120 günü” Pasolininin son filmi oldu. Çünki “uyğunlaşmaq, alışmaq çox qorxunc sözdü. Yalnız normal adamlar uyğunlaşa bilirlər.” (P.P.Pasolini)
***
Maraqlıdı ki, “Dekameron”a görə ömrü boyu cəmiyyətlə, kilsə ilə mübarizə aparan, “Bəlkə kimlərsə, bu novellaları yazarkən, əsərdə qadınları namuslu xanımlara yaraşmayan şeyləri dinləməyə, hərdən də danışmağa məcbur edərkən həddindən artıq sərbəstliyə yol verdiyimi deyəcəklər. Mən bunu qəbul eləmirəm, zira istənilən tərbiyəsiz əhvalatı münasib ifadələrlə çatdıranda hər kəsin qulağına uyğun olur. Və zənnimcə, mən bunun öhdəsindən kifayət qədər gəlmişəm” yazan Giovanni Boccaccio da ömrünün sonuna yaxın ondan imtina eləmişdi, “Dekameron”u yazdığına görə utanmışdı.
Hər iki dahinin ucaldaraq dəyişmək istədiyi cəmiyyət sonunda onları məhv elədi. Boccaccio da, Pasolini də öz dövrlərini geridə qoymuş sənətkarlar idilər və təbii ki, başa düşülmədilər. Heç indi də cəmiyyət onları anlamır. “Bugünün iflası isə öz ardınca keçmişin məhvini gətirir”.