Kassandra kompleksi, yoxsa “Mehdiyev qiyamı”?
Deyəsən son günlər tez-tez dejavu hissini keçirən təkcə mən deyiləm. Fransızcadan tərcüməsi “artıq görülmüş” anlamını verən bu termin insanın öncələr bənzər bir situasiya, yaxud hansısa çox oxşar bir məkanda olduğunu hiss etdiyi, lakin bu “yaddaşı” konkret nə iləsə bağlaya bilmədiyi ruhi vəziyyətə deyilir. Qısası, bizə dumanlı gələn, konkretləşdirə bilmədiyimiz keçmişdən müəyyən bir məqamın artıq bir, və ya bir neçə dəfə baş verməsi hissi.
Əvvəllər də eyni vəziyyətin yaşandığı hissini oyadan bu hal “Kassandra kompleksi” ilə də bağlı ola bilər, çünki dejavu hissini yaşayan insan bundan sonra da nələr baş verəcəyini bilir, lakin bunu kimsəyə məntiqli surətdə izah edə bilmir.
Son zamanlar bu hissi yaşamaq üçün çox səbəb vardı. Bir vaxtlar AzTV-də gedən “Tanış üzlər, tanış səslər” proqramı yadınızda olar, indiki ictimai məkan o proqramı xatırladır. Artıq keçmişdə qalmış ən yeni tariximizin kabusları birdən-birə mediada xortlamağa başladı, palitra olduqca rəngarəng idi:
27 il susub birdən-birə bütün “xalq hərəkatının” KGB ünsürlərindən ibarət olduğunu deyən keçmiş MTN nazirinin müavini Sülhəddin Əkbərdən tutmuş, 27 ildən bəri susan keçmiş baş nazir Surət Hüseynova kimi. Azərbaycandakı mövcud korrupsion sistemin memarlarından biri, nazir olduğu dönəmdə “qlavvraç”dan tibb bacısına kimi bütün səhiyyə sistemini bu prinsiplərlə qurmuş, əvvəl YAP-ın qurucularından biri olan, 1 il öncə uzunmüddətli həbsdən çıxan kimi isə HƏP yaratmış Əli İnsanovdan tutmuş, məşum 4 iyun qiyamının fəal iştirakçısı, keçmiş AMİP lideri Etibar Məmmədova kimi.
Bütün bunların da kölgələrində sanki alatoran arasından çətinliklə sezilən, uzun illərdən sonra başda akademik Ramiz Mehdiyev olmaqla nəhayət idarəetmədən sıxışdırıldıqları üçün qəzəb dolu olan “köhnə qvardiya” üzvlərinə kimi. Məsələ o həddə çatmışdı ki, ağsaqqal akademik ayrıca açıqlama da verməli olmuşdu.
Bunlar son aylarda görünənlərdir, ardınca iyulun lap əvvəlində sosial şəbəkələrdə “bir azdan müharibə başlanacaq” məzmunlu mesajlar tirajlanır, müxtəlif şayiələr gəzişir, ayın 12-də isə həqiqətən Tovuzda hərbi əməliyyatlar başlanır.
Bu dəfəki əməliyyatlar ərəfəsində diplomatik arenada vəziyyət bizim üçün əvvəlkilər kimi ağır olmadı, Azərbaycan təklənmədi, ermənilərin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ОДКБ) təcili sessiyasının yığılacağı bəyanatı verilsə də bu, alınmadı, təşkilatın sədri bir neçə saatdan sonra sessiyanın qeyri-müəyyən zamana kimi təxirə salındığını deməli oldu.
Məlumat var ki, Ermənistanın tələbi ilə çağırılmış bu sessiyanın keçirilməsinə konkret Qazaxıstanla Belarus kateqorik tərzdə etiraz edib, bu işə qarışmayacaqlarını bildiriblər. Qazaxıstanın təsir dairəsində olan Qırğızıstanla Tacikistan da ehtiyatla davranıb və Azərbaycanın əleyhinə getməyib. Paşinyandan zəhləsi gedən Rusiya rəhbərliyi də çox təkid etməyib. Ermənistanla nəinki ОДКБ üzrə, ikili hərbi sazişlə də hərbi müttəfiq olan Rusiya ümumiyyətlə hər hansı bir açıq dəstək verməyib, yalnız Xarici İşlər Naziri Lavrovun ümumi sözləri ilə kifayətlənib.
Bunun müqabilində 1993-cü ildə bizə 4 helikopter verməkdən belə çəkinən Türkiyə isə tam və qəti dəstəyini verəcəyini bildirdi. Separatizm problemindən əziyyət çəkən və bu anlamda bizə yaxınlığı ilə seçilən Ukrayna Xarici İşlər Nazirliyindən münaqişənin elə ilk günündə gəlmiş bəyanat da kateqorik idi: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Bunun müqabilində elə sabahısı gün Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba ölkəsinin XİN-nin yaydığı bəyanatla əlaqədar hiddətlənmiş Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edildi və ona nota verildi. Qərbdən gələn səslərdə də, çox qəti olmasa da, bircə cümlə ilə Qarabağın Azərbaycana məxsus olması vurğulanırdı, ermənilərin tam və şəksiz dəstək aldığı məşum 90-cı illərdən çox-çox fərqli bir situasiyadır.
Bunlar əsla by default baş vermir, öz-özünə “olmalı” iş deyil, 90-lardakı kimi tam əksi də ola bilərdi, kimsə bizim qara gözümüzə aşiq olmayıb, bunlar yalnız və yalnız praqmatizmimizin nəticəsidir.
Konfliktin yenicə başlandığı həmin illərdə necə təkləndiyimizi, tam ümidsizliyi görmüş birisi kimi mənim üçün Azərbaycanın dünyadakı hazırkı şəraitə adekvat davranması şübhəsizdir.
Bir məsələni də xüsusi qeyd etmək gərəkdir ki, sovetlərin süqutuna şahidlik etmiş 90-cı illərlə indiki zaman çox-çox fərqlidir. O zaman “şər imperiyası” adlanan SSRİ-nin süqutu planetar miqyasda bir hadisə idi və bəşərə “soyuq müharibənin” bitməsi ilə bağlı böyük ümidlər verirdi. Və əgər bizlər, keçmiş SSRİ sakinləri üçün bu müstəqillik və “Azad dünya”ya qovuşmaq anlamını verirdisə, məşhur tarixçi-sosioloq Francis Fukuyama üçün isə eyni proseslər “tarixin sonu” idi.
Bu alimin “The End of History and the Last Man” əsərində liberalizmin son olaraq qələbə çaldığını və bəşər tarixinin burada dalana dirənəcəyini iddia etdiyi zamanlarda bizim də dərin eyforiyaya qapılmağımız kimsəyə əsla təəccüblü gəlməli deyil. Şərti “Elçibəy”in (çünki o zaman elə hamımız aşağı-yuxarı eynisini düşünürdük) meydana çıxıb “Rusiya işğalçıdır, İranı parçalayıb Təbrizi alacağıq (İraq müharibəsindən yenicə çıxmış aslan kimi bir orduya malik dövlət haqda deyilirdi bu!), Orta Asiya ölkələri totalitar rejimlə idarə olunur, Çinlə (Çin e, Çin!) də müharibə edəcəyik!” kimi fikirlər deməsi elə təxmini Fukuyamanın “tarixin sonu” iddiasına yaxın bir cəfəngiyyat idi. Sadəcə bir alimin yanlışlıqla populistcəsinə qələmə alıb iti kəlmələrilə milyonları heyran qoyduğu bu cəfəngiyyatı 20 ildən sonra çıxıb təkzib etməsi ona çox da baha başa gəlmədi, bizimsə praqmatizmdən tamam uzaq eyforiyamız ölkəmizin işğalı, minlərlə insanımızın qətli, milyonlarla adamların qaçqın düşməsi, sındırılmış və xəyal qırıqlığına qurban getmiş nəsillər oldu.
Hazırkı, gözlərimiz önündə gördüyümüz dünya yırtıcı imperialist, ortada timsahların gəzişdiyi cəngəllik qanunları dünyasıdır və bu haqda özümüzə hesabat verməliyik. Artıq kimsə “tarixin sonu”nun xəfif-ilıq-tolerant “liberalizm dalanı”nda bitəcəyinə inanmır. Bu əfsanələr bitib. Dünya liderlərinə bir göz atmaq – Trump, Putin, Si Tsinpin, Johnson, Erdoğan – buna tamamilə dəlalət edir, daha kimləri örnək gətirmək gərəkdir ki, buna tam əmin olaq?
Biz də keçmiş bu zaman ərzində 90-lardakı naiv və sadəlövhcəsinə dünyadan ədalət gözləntilərimizi dəyişməli idik və hadisələrin indiki gedişatı göstərdi ki, Azərbaycanın davranışı kifayət qədər dəyişib. Hazırkı dövr heç bir emosiyanı ehtiva etməyən Realpolitik və praqmatizm zamanıdır – bir daha xəyal qırıqlığına uğramamaq üçün bizə də məhz belə davranış gərəkdir.
Bir daha qeyd edim – diplomatik gedişat bu dəfə bizim üçün əvvəlki kimi ağır olmadı, ən azından sərhədlərimizdə Ermənistanın rəsmi müttəfiqi olan rus ordusunu, Tovuzdakı sərhədlərimizə lap yaxın olan Gümrü şəhərində yerləşmiş 102-ci rus hərbi bazasındakı ordu hissələrini görmədik, halbuki Gürcüstanın başına 08.08.08 tarixində gələnlər təkrarlana bilərdi.
2016-cı ilin noyabrında Rusiya və Ermənistanın Birləşmiş Ordular Qrupunun (Qafqaz Qüvvələri) Qafqaz bölgəsində kollektiv təhlükəsizliyin yaradılması elan edildi – bu barədə saziş Rusiya və Ermənistanın müdafiə nazirləri tərəfindən 30 noyabr 2016-cı ildə imzalanmışdır. Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin bölmələri qrupa daxildir.
Diplomatik mövzunu bitirərkən dünən Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun “Exo Moskvı” radiosuna verdiyi müsahibədən də söz açmaq lazımdır. Həmin müsahibədə lazım olanları resursun jurnalsiti Maksim Kurnikovun laqeyd-istehzalı baxışları (çoxdanın ənənəsidir, fikir verməyinə dəyməz, hələ uzun illər belə olacaq rus jurnalistləri ilə, əslində hamısının əla açarı var, necə ki, ermənilər edir – pul, vəssalam) altında səsləndirdikdən sonra dediyi bir məsələ diqqət çəkdi.
Polad Bülbüloğlu o müsahibədə dedi ki, Ermənistanda “məxməri inqilab” olan zaman diplomatik yollarla xəbər çatdırılıb ki, lütfən həmin zaman heç bir münaqişəyə yol verilməsin, ölkədə daxili proseslərin sona yetməsini gözləsin, yeni rəhbərlik öz hakim şaqüllərini quracaq, yeni strukturlar yaradılmalıdır. Bundan sonra isə problemi həll etmək üçün yeni platformada danışıqlara başlamaq olar. Biz də (yəni ki, Azərbaycan) bunu anlayışla qarşıladıq, gözlədik ki, onlarda bu proseslər bitsin, bundan istifadə etmədik, əksinə bu dövrdə hətta gündəlik baş verən snayper atəşləri də kəsildi. Azərbaycan bu zaman kəsiyində özünü verdiyi sözə uyğun centlmensayağı aparıb. “Bəs ardı nə oldu?” – deyə səfir sözlərinə davam edərək özü-özünə sual ünvanlayıb. “Ardı o oldu ki, yeni baş nazir Paşinyan dedi ki, Qarabağ – Ermənistandır və nöqtə.”
İndi dönək gündəmimizə, hadisələrin gedişatı çox maraqlıdır: demək hərbi əməliyyatların 3-cü günündə orduda, əsgərlər və xalq arasında nüfuzu olan bir general (dərin müəmmalı suallardan general-mayorun olduğu məkanın koordinatlarının ermənilərin əlinə necə gedib çıxmasıdır!), eyni zamanda yüksək zabit heyətimizdən bir polkovnik və iki mayor da öldürülür. Onların dəfni ümummilli matəmə çevrilir, minlərlə insan COVİD-19 qadağalarına məhəl qoymayaraq meydanlara çıxır, ilk öncə patriotik şüarlarla başlayan bu mitinq sonra yürüşə çevrilir. Minlərlə insan gecəykən Parlamentə üz tutur, gəlib Milli Məclisə çatanda kiminsə əmri ilə hakimiyyət mərkəzlərindən olan xüsusi əhəmiyyətli binanın qapıları bir göz qırpımında açılır, bu zaman polisin də heç bir müqaviməti baş vermir.
Həqiqətən çox maraqlıdır, deyilmi? Bakının dörd yanından cərgələrlə gələn kütlə şüar səsləndirib Azadlıq meydanı, Prezident Aparatının qarşısı, Şəhidlər xiyabanı və nəhayət MM-nin qarşısında toplaşır və heç bir müqavimətlə qarşılaşmır, biz deyəsən axı bu kinonu bir neçə dəfə görmüşdük? Filmin adını da yüz dəfə çəkmişik, bir daha deyək: Barri Levinsonun 1997-ci ildə lentə aldığı “Wag the Dog” kinosu.
Bundan sonra daha maraqlı hadisələr baş verir, kütlənin içindən təkbir səsləri, “Allahu-əkbər” nidaları eşidilir, 90-larda dəfələrlə gördüyümüz kinoların əbədi personajları birdən canlanıb ekrana gəlir, həmin eyni sifətli provokatorlar, bilinməyən şüarlar, qışqırıqlar, polisə “erməni” deyilməsi, ilk daşların atılması və nəhayət polis maşınının çevrilməsi. Və bütün bunlar polisin səssiz-səmirsiz durub baxması fonunda.

Bu nə idi görəsən, “xalqın hiddəti”mi? Meydana çıxanların çoxunun tam səmimi, hissləri ilə idarə olunan adamlar olduğuna kimsənin şübhəsi yoxdur, necə ki, bu məsələnin əsla birqatlı deyil, “polifonik” olması da aşkardır, nə istədikləri naməlum qalan, əslində isə bəlli ki, iğtişaş yaratmağa cəhd edən arxa plandakı personajların surətləri də dəfələrlə kameralara da düşdü, onları hamımız gördük. Bu, başımıza gətirilən müsibətlərin klassik sxemi idi – sərhəddə düşmənlə hərbi münaqişə zamanı nə istədiyi naməlum (əslində provokatorların yönəltdiyi) kütlə Bakının küçələrinə çıxır, ara qarışır və çevriliş baş verir, ölkə rəhbərliyində hərc-mərclik düşür və nəticədə ermənilər yeni ərazilərimizi qəsb edir, yeni-yeni faciələrə imza atılır.
Azərbaycan keçmiş hərc-mərclik və iğtişaşlar zamanı itirdiyi Dağlıq Qarabağ və 7 rayonun üstünə başqa əraziləri, nəqliyyat qurşaqlarını da itirsə sonumuzun nə olacağı kimsəyə sirr olmamalıdır. Hazırda döyüşlər gedən Tovuz isə müstəsna strateji əhəmiyyət kəsb edən bir bölgədir, oradan keçən dəmir yolu ölkəni birləşdirir və Gürcüstana çıxır. Bir zamanlar Rus politoloqu Aleksandr Duginin “Геополитическое будущее России” kitabını oxuyarkən orada “1993-cü ilin yayında Azərbaycandakı çevrilişdə erməni xüsusi xidmətləri özünü ən yaxşı tərəfdən göstərdi. Gələcəkdə də bunları davam etdirmək olar.” ifadəsinə rast gəlmişdim.
Yaxşı, sual oluna bilər ki, bu dəfəki işlərin arxasında kim dururdu? Birmənalı cavabı yalnız DTX verə bilər, amma məqalənin əvvəlində qeyd edilmiş personajların da qəflətən xortlaması çox məsələlərdən xəbər verməlidir.
P.S. Bu hadisələrin içində insanı ən çox yandıran Polad Həşimov kimi şərəfli və nəcib bir generalın varlığından ictimai anlamda tamamilə xəbərsiz olmağımız idi. Bizim cəmiyyətdə müstəsna işıqlı, gözəl, istedadlı insanlar var – pessimizmə qapılmazdan öncə bunu bilmək lazımdır.