“Tanrı saatı yaratdı, indi saat Tanrının köməyi olmadan işləyir.”
Deizm haqda folklordan
Tədris fəaliyyətimin ilk illərində qarşılaşdığım fəlsəfi cərəyanlardan ən çox vüsət alanı deizm idi. İşlədiyim liseydə gənclərin durmadan bu istiqamətə yönəlməsi çox diqqətimi çəkmişdi. O zamanlar tələbələrimi belə düşüncələrin təsirindən qorumaq üçün əlimdən gələni edirdim. Çoxlu fəlsəfi kitablar oxuyur, sadəcə əks arqumentlərlə tanış olub şagirdlərimin ağır və cansıxıcı suallarına cavab tapmağa çalışırdım. İnsafən deyə bilərəm ki, bu işi çox yaxşı bacarırdım.
Bu təcrübənin üzərindən uzun illər keçib. O illər, həqiqətən də, mənim öz üzərimdə işlədiyim ən verimli illərim idi. Bir müddət hər şeyin artıq aydınlaşdığına, qəlbin aram tapdığına və həqiqətin gün kimi ortada olduğuna qənaət gətirirsən. Bu rahatlıq insanı tənbəlləşdirir. Məndə də belə bir duyğu yaransa da, araşdırmaq, hardasa bilmədiyim şeylərin olduğu şübhəsinə qapılmaq və əskik bildiklərimi ortaya çıxarmaq hissi məni rahat buraxmırdı. Hər il qarşılaşdığım yeni tələbələr öncəkilərlə müqayisədə din, inanc, mənəviyyat və başqa bu kimi mövzularda fərqli, daha ciddi suallar verməyə başlayırdılar. Mənim qorxduğum ən ciddi məsələ kiminsə fərqli inanca sahib olması deyil, inancın doğru təməllər üzərində oturub-oturmaması və kimin əlindən alındığı məsələsidir.
Çox təəssüflər olsun ki, deizm də din kimi bizim gənclərə səhv izah edilirdi. Bu vəziyyəti dəfələrə yanıma gələn gənclərin düşüncələrində görürdüm. Qəribədir ki, özünü deist adlandıran “ustad”lar müxaliflərini camaat, sekta, qrup yaratmaqda təqsirləndirsələr də, gənclərə verdikləri təlimlərlə özləri də bu tələyə düşür, həqiqət, doğruluq, sağlam düşüncə əvəzinə kin, nifrət və təhqir aşılayırdılar.
Bu dəfə strategiyamı dəyişdim və nəyə görə gənclərin bu və ya digər istiqamətə meyilləndiklərini araşdırmağa başladım. Heç şübhəsiz, cavabı yenə də onlara aşılanan din dilinin izah şəklində tapdım. Bəli, gənc inanmaq istəyir. Dünyaya gələrkən içində yaşadığı dəyərlərlə qaynayıb-qarışır, bir yerə qədər ona ötürülənlərin mütləq həqiqət və toxunulmaz olduğuna inanır. Ağ kağız kimi istədiyin şeyi o uşağın düşüncələrinə yaza bilirsən. Mənim hesablamalarım və təcrübəmə əsasən, bu dövr 12-13 yaş aralığını əhatə edir. Hazırda isə bu yaş bir az aşağı düşüb. Çünki hər kəs oxuyur, görür və saf-çürük edə bilir. 2000-ci ilin əvvəllərində hansısa bir dini qrupun baş kəsməsini sadəcə əlçatmaz olan internet vasitəsi ilə müəyyən insanlar əldə edə, görə bilirdilər. Ancaq bu gün elə kadrları hər kəs görə bilir. İndi siz o kadrları görən bir gəncin qarşısına çıxın və ona sahib olduğunuz dinin ən ülvi dəyərlər aşıladığını izah edin. Düzünü bilmək istəyirsinizsə, bunu etmək mümkündür, “əsl İslam, əsil din bu deyildir” deyib yenə də bir müddətlik tempi aşağı sala bilərsiniz. Ancaq qarşınızda dayanan insan gəncdir. Sakit durmur, axtarır, inana bilmir ki, illərdir ona aşılanan dəyər bir sözlə, bir hərəkətlə yerlə yeksan ola bilər. Ona görə də cavab tapa bilməyən gənclərin ateizm, ya da deizm kimi düşüncə cərəyanlarına qoşulması sürətlə artırdı və bu gün də bu tendensiya durmadan davam etməkdədir.
Yaxşı bəs, ürək açmayan bu mənzərə qarşısında deizm bir xilas yolu kimi göstərilə bilərmi? Əslində, bu suala birmənalı şəkildə “hə” cavabı vermək çətindir. Ancaq elə düşünürəm ki, deizmin çıxış məqsədi, hədəfləri, tarixi mütləq doğru araşdırılmalıdır.
Bizim gənclərə aşılanan deizm sadəcə səthi şəkildə izah edilir, bu fəlsəfi fikrin necə ortaya çıxdığı, demək olar ki, müzakirə olunmurdu. Sadəcə deyilirdi ki, “Deizm bir yaradıcının varlığını qəbul edir, ancaq dinlərin boş, mənasız olduğunu deyir, dini köklü şəkildə rədd edir.”
Onu qeyd etmək istərdim ki, bu cərəyan həm teizm, həm də ateizmə qarşı ortaya çıxan bir doktrinadır və bu doktrinanın bir istiqaməti yoxdur. Məlumat üçün qeyd edim ki, bu fəlsəfi cərəyana ən tutarlı cavablardan birini Samuel Clarke verib. O, tənqidlərini, əsasən, Nyutona yönəltmişdi. Mən bu yazıda tənqidlərə toxunmayacağam. Qeyd edim ki, Samuel Clarke, əsasən, dörd qrup deistdən söhbət açır:
- Dünyanı mükəmməl şəkildə yaradan, əzəli, sonsuz, azad, ağıllı bir varlıq olaraq yaradıcının mövcudluğunu qəbul edib, dünyanı saat kimi dəqiq quran və idarəsini təmin edən, ancaq dünya ilə heç bir bağı olmayan, içində baş verənlərlə maraqlanmayan bir tanrıya inanan deistlər;
- Tanrının dünya ilə maraqlandığını, ancaq bu marağın əxlaqi dəyərlər ehtiva etmədiyini deyənlər; onlara görə dua edən, ancaq duası qəbul olunmayan bir insan başa düşməlidir ki, Tanrının iradəsi altdan yuxarı göndərilən tələbə uyğun olaraq dəyişəcək bir iradə, ayrı-ayrı insanların arzu və istəklərinin obyekti deyildir. Onun iradəsi birbaşa kosmik hadisələrə müdaxilə edir;
- Digər bir qrup Tanrının əxlaqi sifətlərini qəbul etsə də, ruhun ölümsüzlüyünə, bir sözlə, ölümdən sonrakı həyata inanmırlar,
- Bu qrupunun düşüncəsi isə çox fərqlidir. Onlara görə, bütün doğru olan dini və əxlaqi doktrinalar qəbul edilə bilər və bu dəyərlər vəhy tərəfindən verilə bilər. Ancaq bu vəhyin tək mərkəzinin Xristianlıq olması şərt deyildir.
Digər bir qrup deistlər isə inanırlar ki, ağlın kəşf etdiyi həqiqətlərlə yanaşı, ilahi vəhyin də dəstəkləyici bir ünsür olaraq qəbul edilməsinə ehtiyac var. Məsələn, deistlərin öndərlərindən biri hesab edilən Benjamin Whichcote yazır: “Ağıl təbii olanı kəşf edir, təbiətüstü olanı isə qəbul edər. Ancaq burada əsas şərt təbiətüstü olanın bizim ağıl testimizdən keçməsidir. Əks təqdirdə, bir kənara atılmalıdır. Bu səbəbdən də bizə ötürülən məlumatların analiz edilməsində ən üstün hakim ağıldır.”
Göründüyü kimi, bəzi deistlər dinin varlığını rədd etsələr də, bəziləri ağlın süzgəcindən keçən dini qəbul edirlər. Ancaq bu məsələdə də “hansı ağıl” və “kimin ağlı” məsələsi əsas suallardan biridir. Deistlər bu suala “Tanrının ağlı” deyə cavab verirlər. Desitlərə görə, insan tanrının əzəli xüsusiyyətlərindən öz payını almışdır. İnsan əsasən 4 xüsusiyyəti tanrıdan əxz etmişdir:
- insanın təbiəti;
- daxili duyğularımız;
- xarici duyğularımız (beş duyğu orqanı ilə hiss etdiklərimiz);
- Ağlımız
Onlara görə, tanrıya ən yaxın olan yönümüz təbiətimizdir. Belə ki, “iman” xilasedici bir faktor deyildir, əsas faktor doğuşdan bizimlə gələn intuitiv məlumatlardır. Bu səbəbdən də katoliklərin “Kilsəyə qoşulmaq xilas yoludur!” iddiaları doğru deyildir. Habelə onlar iddia edirlər ki, tanrının yaratdığı kainat ağlın kriteriyalarına və qanunlarına görə işləyirsə, bu əxlaqi dəyərlər prizmasında da belə olmalıdır. Yəni, insanların xilasını təbii və rasional qanunlar çərçivəsində işləyən dünyada axtarmaq mümkündürsə, onu hər hansı bir kilsəyə tabe olaraq axtarmağın mənası nədir?
Bu, Kalvinizmin Tanrı inancına da bir rəddiyədir. Kalvinə görə, Tanrı istədiyi insanı seçə, digərlərini də əbədi cəhənnəmə sala bilər. XVII əsrdə ingilis platonçuları da bu kimi sualların ətrafında müzakirələr apararaq getdikcə geniş vüsət alan fatalist düşüncəni rədd etmişdilər.
Bu düşüncə universal bir din təsəvvürünün formalaşmasına gətirib çıxarmışdı. Bu fikirlərin ən bariz öndərləri, heç şübhəsiz, alman teoloq Nikolay Kuzalı(1401-1464) (Nicolaus Cusanus) və Marsilo Fiçinodur (1433-1499). Qeyd edim ki, Nikolay Kuzalı Quranın ilk tərcüməçilərindən biri olmuşdur. Kuzalının “Öyrədilmiş cəhalət” adlı kitabını oxumağı hər kəsə məsləhət görürəm. Kuzalıya görə, xristianlıq tək həqiqətə sahib olduğunu iddia etmək haqqına sahib deyildir, epistemoloji qavrayış fərqliliklərinin tələbinə uyğun olaraq, digər fərqlilikləri də qəbul etmək məcburiyyətindədir. Bu fikirlər həmin dövrdə inqilabi xarakter daşıyırdı. O, İbrahim peyğəmbəri bütün din mənsublarının, hətta çoxtanrılı dinlərin tərəfdarlarının da xilaskarı kimi göstərirdi. Bu səbəbdən də o, fərqli ritualların tək dinin mənbəyindən qaynaqlandığını demişdir. Kuzalıya görə, bütün dinlər tək bir dinin (una religio) kölgə şəklində təzahürləridir.
Buna bənzər fikirləri Fiçinoda da görmək mümkündür. “İnsanı insan edən dindir. Bu, əzəldən bəri belədir. Din fərqli rituallarda özünü büruzə versə də, kökü birdir. Dinin insan üçün mövcudluğu atın kişnəməsi, itin hürməsindəki təbiilik qədər təbiidir.” O öz əsərində Xristianlıq sözünü bir isim kimi yox, sifət kimi qəbul edir. Ona görə, xristianlıq din modellərindən sadəcə biridir, İsa isə fədakarlıq və hikmət abidəsidir. Onun üçün xristian olmaq bir dinə aid olmaq deyil, bir yaşam tərzini ifadə edir.
Quranda da bu tərif “Üsvə əl-həsənə”, yəni, gözəl bir örnəkdən əxz edilən yaşam modeli mənasına gəlir. Deizmin, haqqında danışdığımız öndərləri bir doktrina deyil, yaşam modeli olaraq peyğəmbərlərin həyatına diqqət çəkirlər. Onlara görə, bu bölgü dinləri parçalama və dözümsüzlük təhlükəsindən xilas edəcək bir yoldur.
Digər bir məsələ isə Tanrının dünyadakı pisliklərə icazə verməsi məsələsidir. Qeyd edək ki, bu məsələdə deistlər Tanrını tamamilə paklaşdırma (tənzih) mövqeyinə sahibdirlər. Onlara görə, Tanrının özünü büruzə verdiyi məkan təbiətdir, insanın həyatı deyil. Bu iddianın təməli dünyanın, Tanrının mükəmməliyi ilə tərs mütənasiblik göstərməsidir. Dünyada yaşadığımız nöqsanlar, pisliklər ya bizdən qaynaqlanır, ya da Tanrıdan. Tanrı pisliklərin insandan qaynaqlandığını dediyinə görə, “Niyə dünyada şər işlər mövcuddur?” sualına verəcəyimiz cavab, bunun insandan qaynaqlandığı deməkdir. Bu isə əxlaqən mənfi hesab etdiyimiz davranışlarımızı Tanrının boynuna yıxmaq vərdişinin qarşısını alacaq bir düşüncədir.
Deistlər nəyə görə dinə bu qədər sərt tənqidlər yönəldirlər? Bu, dinin özündən qaynaqlanır? Yaxud tənqid səbəblərindən biri fərdin, ya da cəmiyyətin insan ağlı və təcrübəsindən kənar bir varlıq tərəfindən idarə edilməsi ola bilərmi? Tənqidin əsas hədəfi dinlərin zaman içində mənsubları tərəfindən cığırından çıxarılıb təhrif edilməsi, təhrifin yaratdığı parçalanma və dözümsüzlük ola bilərmi?
Deistlərin ən ciddi tənqidi təşkilatlanmış dinlərin “iman”la bağlı müzakirələridir. Onlara görə, bu müzakirələr və mübahisələr insanlar arasında parçalanmaya və insanı insan edən təməl qabiliyyətlərin iflic olmasına zəmin yaradır.
Təşkilatlanmış xristianlıq və deistlər arasındakı ciddi müzakirələrdən biri J.Kalvin və Yakob Arminus arasında baş vermişdir. Müzakirələrin təməlində bu sual dayanır: “Tanrı insanları öz azad iradələri ilə etdikləri davranışlara görə xilas edir, yoxsa heç bir şərt olmadan öz seçdiyi insanları xilas edir?” Kalvinə görə, insanların heç bir seçim haqqı yoxdur. Bu düşüncə İslam ənənəsində də mövcuddur. Cəbriyyə adlanan bu məktəbin tərəfdarları sözügedən düşüncənin müdafiəçiləridir. Kalvin imanı olanın xilas olacağını, ancaq bu imanı seçib-seçməmək prosesində insan iradəsinin iştirak etmədiyini deyir.
Kalvinin imanı əsas götürən doktrinasının əvəzinə, deistlər inanc məsələsini ortaya atmışdılar. Onlara görə, imanın mahiyyəti müzakirəyə açıq deyildir. İnancın doğru və ya yalnış olması isə müzakirə edilə bilər. İman mütləq bağlılığı ifadə edərkən, inanc bağlandığın dəyərlərin mahiyyətini saf-çürük edib təhlil etmək imkanı yaradır.
Bununla deistlər ağılı Tanrının yer üzərindəki tərəzisi hesab edirlər. Onlara görə, Tanrının varlığını sübut etmək üçün hiyləgər vasitəçilərə ehtiyac yoxdur. Onlar ilk əvvəl insanlara Tanrı qorxusunu aşılayır, sonra bu qorxudan xilas etmək üçün özlərinə kölə edirlər.
Əvvəlki sualımıza bir daha qayıdaq: təşkilatlanmış dinləri tənqid edib, onlardan uzaqlaşanların əsas məqsədi nədir? Mənim xeyli sayda xristian dostum var. Bəzən onlarla söhbət edirik, dünya üçün, insanlıq üçün əllərindən gələni edirlər. Dünyanı gözəlləşdirməyə çalışırlar. Belə qəbul etsək, onların bu əməllərinin heç bir faydası yoxdur. Çünki onlar mənim “iman”ımda deyillər? Sizcə, bu məsələnin altından çıxmaq vicdanı və ağlı olan bir insan üçün nə qədər asan ola bilər? İllərlə tələbələrimin bu sualları ilə qarşılaşmışam və inanmıram ki, Kalvin düşüncəsinə sahib olan bir kəs o suallara tutarlı cavab versin.
Bir inanclı olaraq mən də Quran oxuyuram, ancaq fərqli oxuyuram. Çox vaxt Quranda “haqq din”in mövcudluğundan bəhs edildiyi deyilir, ancaq bir də “haqqın din”i var. Əgər dininiz haqq olana söykənirsə, bütün parçalanmalar və təfriqələrin qarşısının alınması qaçınılmazdır, yox əgər dininiz sadəcə özünün “haqq” olduğunu deyirsə, burada mən sadəcə üç nöqtə qoymağa üstünlük verirəm…
Dinlə münasibət cəza və mükafat üzərində qurulmamalıdır. Deizmin tənqid hədəflərindən biri də budur. Mən əlimizdə böyük bir dəyərin olduğuna inanıram. Məhəmməd İqbalın da hər zaman istinad etdiyi alman tarixçi Herderin, xristianlıq tarixini dəyərləndirərkən istifadə etdiyi bu kəlimələri söhbətlərim zamanı çox xatırlayıram. O deyir: “İslamın və Quranın gətirdiyi təbiilik bizim əlimizdə olsaydı, bu, dağıdıcı, parçalayıcı mədəniyyətdən xilas olardıq.”
Sonda qeyd etmək istərdim ki, deizm bir düşüncə cərəyanıdır. Hər bir düşüncə tənqidə açıq olmalı və tənqid edilərək yeni düşüncələrin formalaşmasına töhfələr verməlidir.
Mən bu yazıda bir çoxlarının bəlkə də xəbərsiz olduğu məqamlara toxunmuşam. Deizmdə tənqid etdiyim məqamlardan biri onların insanın duyğu dünyasını görməzdən gəlmələridir. Ancaq digər tərəfdən bu duyğuların da əksər hallarda dinlər tərəfindən istismar edilməsi də bir faktdır.
Gerisini sizə həvalə edirəm…
Ədəbiyyat:
- Samuel Clarke, A Demonstration ofthe Being and Attributies of God And Other Writings Cambridge: Cambridge University Press. 1998.
- Walter Raleigh, History of the World. 1.11.VII
- Peter Harrison, Religion ‘ and Religions in the English Enlightenment, Cambridge, 1990, s. 1 1
- Şaban Ali Düzgün. Deizm.