Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən regiondur. Bölgə şimaldan Goranboy (Sovet dövründə Şaumyan və Qasım İsmayılov), şimal-şərq hissədən Tərtər, şərqdən Ağdam, Ağcabədi, Füzuli, cənubdan Cəbrayıl və Qubadlı, qərbdən Laçın və Kəlbəcər rayonları ilə həmsərhəddir.
Orta hündürlük 1100 metr olan regionun ən yüksək zirvəsi Murovdağ silsiləsinə daxil olan Gamışdağdır (3724 metr). Regionun yüksək dağlıq zonası 26 min hektar, orta dağlıq zonası 34,8 min hektar, dağətəyi zonası isə 44,3 min hektar ərazini tutur. Bu region özünün faydalı qazıntıları ilə də məşhurdur. Dağlıq Qarabağda İslandiya şpiti (Hadrut və Martuni rayonu), gips (Ağdərə və Əsgəran rayonu), mərmər (Əsgəran rayonu), qalenit, qızıl, gümüş, qurğuşun, kadmium, kükürd və qalay (Ağdərə və Hadrut rayonu), hematit, maqnetit və mis (Ağdərə, Hadrut və Martuni rayonu) yataqları mövcuddur (Zaxaryan, 1969:8-9).
Bölgə ərazisinin təxminən 1/3 hissəsini yerli meşə emalı müəssisələri üçün xammal bazası rolunu oynayan fıstıq, palıd ağacları tutur. Dağlıq Qarabağın ərazisi Sovet dövründə qurulan muxtariyyətə qədər qeyri-müəyyən idi. Bu səbəbdən, 1923-cü il 5 iyul protokoluna əsasən Azərbaycan SSR MİK tərəfindən Dağlıq Qarabağda muxtar vilayətin yaradılması qərarının verilməsi sonrasında bu regiona hansı ərazilərin daxil edilməsi mübahisə predmetinə çevrildi.
Sərhədlərin ilkin müəyyənləşdirilməsi
Dağlıq Qarabağın ilkin sərhədləri xeyli qarışıqdır. 1920-ci illərin əvvəllərində Qarabağ sərhədlərini göstərən xəritələr çox azdır. Məsələn, 1928-ci ildə nəşr olunan SSRİ-nin ilk atlasında Ermənistan SSR və Azərbaycan SSR xəritələrində Dağlıq Qarabağın fərqli sərhədləri göstərilmişdir. Azərbaycan SSR MİK-in Dağlıq Qarabağa aid sərhədləri ilə bağlı yayımladığı ilkin xəritələr həqiqi bir sərhəd deyil, muxtar bölgəyə daxil olan ərazinin şematik təsvirləri idi. Digər başqa bir metodoloji problem Dağlıq Qarabağın etnoqrafik sərhədinin təhlili ilə ortaya çıxır. Dağlıq Qarabağ sərhədindəki yaşayış məntəqələri üçün etnoqrafik məlumatlar iki mənbədən – 1886-cı ildə Çar hakimiyyəti kameral sayım məlumatları əsasında aparılan kənd anketindən və 1921-ci il Azərbaycan SSR kənd siyahıyaalınmasından əldə edilmişdir.
Bu iki mənbənin müqayisəsi DQMV-nin 1923-cü il sərhədləri daxilində etnoqrafik kompozisiyanın kifayət qədər dəqiq təhlilinə imkan verir. Lakin 1923-cü il sərhədlərindən kənar ərazidəki yaşayış yerləri üçün yeganə etnoqrafik məlumat mənbəyi 1886-cı il kənd siyahıyalması idi. XIX əsrdə və XX əsrin əvvəllərində Kür ovalığı ilə Qarabağın dağlıq hissəsi arasındakı bölgədə yaşayan azərbaycanlı əhalinin bir qismi köçəri idi. Köçərilərin aranlarda müvəqqəti qışlaqları, Qarabağ dağlarında isə yaylaqları olduğundan daimi yaşayış yerlərinin müəyyənləşdirilməsi problemi yaranır.
Köçəri əhalinin böyük hissəsi 1920-ci illərin sonlarından 1930-cu illərin ortalarına qədər Sovet hakimiyyət orqanları tərəfindən aparılan siyasət nəticəsində daimi yaşayış yerləri olan kəndlərdə məskunlaşdırıldı. Nəticə olaraq mövsumi olaraq Qarabağda yaşayan azərbaycanlıların bir hissəsi bu regiondan kənarda qaldı (Saparov, 2014:118). Bundan başqa, Çar Rusiyasının təşviqi ilə regionda XIX əsrin sonlarında ruslar (molokanlar) məskunlaşdırıldı. Təəssüf ki, bu yaşayış məntəqələri barədə etnoqrafik məlumatlar yoxdur. 1886-cı il kənd siyahıyaalınmasından sonra bu əraziyə gələn ruslar vətəndaş müharibəsi zamanı bölgəni tərk etdi. Beləliklə, 1921-ci il siyahıyaalması zamanı rusların yaşadığı məntəqələr barədə məlumat verilmədi. Qarabağ muxtariyyətinin rəsmi elanından qısa müddət sonra Qarabağın nizamnaməsinə və sərhədlərinə qərar verməli olan komissiya ilk sərhəd layihəsini 1923-cü ilin iyul ayında qəbul etdi. Aşağıdakı şəkildə 1923-cü ildə qəbul edilmiş ilk sərhəd layihəsi ilə sonrakı illərdə edilən dəyişiklikləri görmək mümkündür.
(Saparov, 2014:119).
Mübahisəli ərazilər
Layihə Qarabağın dağlıq hissəsindəki əsas erməni yaşayış məntəqələrini göstərirdi, lakin planda erməniləri qane etməyən bəzi vacib istisnalar var idi. İlkin sərhədlə bağlı layihədə bir sıra erməni kəndləri, Şuşa şəhəri və onun ətraf kəndləri muxtariyyətin sərhədlərinə daxil deyildi. Sərhəd layihəsinin hazırlandığı dövrdə Şuşanın əhalisi ətrafdakı kəndlərlə birlikdə əsasən azərbaycanlılardan ibarət idi. 1920-ci ilin mart ayında Müsavat ordusuna qarşı uğursuz üsyandan sonra şəhərin erməni əhalisinin demək olar ki, hamısı şəhəri tərk etmişdi. Şuşa azərbaycanlılar qədər ermənilər üçün də önəmli şəhər idi və onlar Şuşanın Qarabağdan ayrılmasına etiraz etdilər.
Digər bir mübahisəli ərazi isə Birinci Dünya müharibəsindən əvvəl Qarabağın şərq hissəsində Xonaşen (Martuni) bölgəsinin yaxınlığında yerləşən Skobolevskoye rus icmasına aid torpaqlar idi. Rus əhalisi vətəndaş müharibəsi zamanı regiondan qaçmışdı və bu torpaqlara həm ermənilər, həm də azərbaycanlılar iddia edirdi. Coğrafi olaraq bu ərazi düzən Qarabağına daha yaxın idi, lakin Dağlıq Qarabağ erməniləri dağlarda əkin sahələrinin çatışmazlığı səbəbi ilə bu əraziyə iddia edirdilər. Beləcə bir çox müzakirələrdən sonra Qarabağ ermənilərinin iddiaları qəbul edildi (Saparov, 2014:120).
AKP(b) Mərkəzi Komitəsi Rəyasət Heyəti iclasının 16 iyul 1923-cü ildə qəbul edilən protokolu
Həll edildi:
a) Qarabağ muxtariyyətinə Skobelev icmasının dağılmış rus kəndlərindən qalan torpaqları daxil edilsin.
b) Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Bölgəsi ərazisi hesab edilsin.
c) Qarabağın düzən hissəsində 2 rayon təşkil edilsin.
d) Kürdlərin yaşadığı ərazilərdə “Kürdüstan muxtariyyəti” təşkil edilsin.
e) Xalq Komissarları Sovetinə bu bölgələrin sərhədlərini və inzibati mərkəzlərini dəqiq təyin etmək üçün tapşırıq verilsin.
f) 5 nəfərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayətinin İnqilab Komitəsi yaradılsın: Sədr Armenak Karagözov və üzvlər Bünyadzadə, Kostanyan, Kafiyev və Çalyan.
g) Rusiya KP Regional Komitəsindən yoldaş Kostanyanın Obkom (Vilayət Komitəsi) katibi vəzifəsinə göndərilməsi xahiş edilsin. Obkom katibi vəzifəsindən Kostanyan imtina etdiyi təqdirdə onun yerinə Manutsyan təsdiq edilsin.
h) 9 nəfərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Obkomu formalaşdırılsın. Bura Kostanyan (katib), Manutsyan, Karagözov, Bünyadzadə, Arzanyan və Çalyan daxil edilsin.
i) Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamənin son variantının hazırlanması işi Karagözov, Bünyadzadə, Çalyan, Vareykis və Manutsyandan ibarət komissiyaya tapşırılsın. Komissiyanın işi üçün üç günlük müddət təyin edilərək komissiyanın çağırılması Karagözova həvalə edilsin.
j) Kürdüstan və düzən Qarabağın iki bölgəsində rayon komitəsinin və uyezd icra komitələrinin təşkili Mərkəzi Komitənin Rəyasət Heyətinin təsdiqinə təqdim edilməklə Mərkəzi Komitənin Katibliyinə həvalə edilsin.
Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Semyon Kirov.
(Quliyeva,1989:96).
Şuşa şəhərini Dağlıq Qarabağdan çıxarmaq cəhdləri
Şuşa şəhərinin ilkin protokolda Dağlıq Qarabağ ərazisi kimi göstərilməsinə baxmayaraq Azərbaycan kommunistləri şəhərin Kürdüstana birləşdirilməsi üçün mübarizə aparmağa davam etdi. 24 iyul 1923-cü ildə Dağlıq Qarabağ Komitəsi Karagözovun rəhbərlik etdiyi beş nəfərlik Müvəqqəti İnqilab Komitəsi ilə əvəz olundu. Müvəqqəti Revkom, keçid dövründə Vilayət Sovetinin çağırılmasına qədər muxtar bölgəni idarə etməli idi (Quliyeva,1989:98).
Avqustun sonunda Qarabağ Obkomu Azərbaycan SSR MİK-inə müraciət edərək Dağlıq Qarabağ Muxtar Bölgəsi və ərazi tərkibi haqqında Əsasnamənin nəşrinin sürətləndirilməsini xahiş etdi. Bu dövrdə Azərbaycan SSR MİK-i yeni qurulan Kürdüstan qəzası rəhbərliyi vasitəsi ilə Qarabağda ərazi məsələsində birincilərin lehinə güzəşt istədi. 1923-cü ilin avqust ayının 9-da Şuşa şəhər əhalisinin adından onların səlahiyyətli nümayəndələri Rüstəm Əliyev, İbrahim Musayev, Bəşir Sarabi və Hacı Şəmşıyev Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə məktub göndərir. Məktubda deyilir:
“Şuşa şəhərinin və ətrafdakı müsəlman kəndlərinin Muxtar Qarabağ Vilayətinin tərkibinə daxil edilməsinə etiraz edərək bildiririk ki, Şuşa şəhəri və onun ətrafında olan müsəlman kəndləri iqtisadi baxımdan yeni yaradılan Kürdüstan qəzasının əhalisi ilə bağlıdır. Ona görə əhali bizi vəkil edibdir ki, şəhərin və onun ətraf kəndlərinin Kürdüstan qəzasına birləşdirilməsi məsələsini qaldıraq. Yuxarıda deyilənlərə əsasən biz əminik ki, Sovet hökuməti əhalinin maraqlarından yan keçməz, əksinə həmişə onun ədalətli istəklərini xoş məramla qarşılayar. Ona görə də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsindən xahiş edirik ki, Şuşa şəhəri və onun ətraf kəndlərinin əhalisinin Kürdüstan qəzasına birləşdirilməsi ilə bağlı müraciətini təmin etməkdən imtina etməyəsiniz”. (Həsənli, 2012:5).
Ərizənin sonunda Şuşanın və ətrafdakı müsəlman kəndlərinin səlahiyyətli nümayəndələri yazırdılar: “əgər hər hansı dövlət və digər mülahizələrlə bizim yuxarıda ifadə olunmuş xahişimizi yerinə yetirmək mümkün deyilsə, onda xahiş edirik Şuşa şəhərini Dağlıq Qarabağın mərkəzi kimi saxlayasınız, mərkəzi Xankəndinə keçirməyəsiniz”. Şuşa əhalisi nümayəndələrinin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə müraciətindən xəbər tutan kimi yeni yaradılmış muxtar vilayətin erməni rəhbərliyi Sergey Kirova teleqram vurub bunun ehtikarlıq xarakteri daşıdığını bildirdilər. Şuşa qəza İcraiyyə komitəsinin katibi S.Manutsyan yazırdı ki, belə müraciətlər mərkəzin köçürülməsinin Şuşada ticarətin bağlanmasına gətirib çıxaracağıni hiss edən tacirlərin, gözlədikləri gəlirdən məhrum olacaqları təhlükəsinin açıq ifadəsidir. Lakin vilayətin erməni rəhbərliyinin müqavimətinə baxmayaraq Şuşa əhalisi muxtar vilayətin tərkibində qalmamaq üçün öz səylərini davam etdirdilər. 1924-cü ilin yanvar ayının 4-də Şuşa əhalisinin adından səlahiyyətli nümayəndə kimi Miriş Mirbağırov və Ələsgər Quliyev Sergey Kirov, Mir Cəfər Bağırov və Serqo Orconikidzeyə olmaqla Zaqafqaziya sovetlər qurultayına göndərdikləri teleqramda Şuşanın azərbaycanlı əhalisinin adından bu şəhərin Kürdüstan qəzasına birləşdirilməsini tələb edirdilər. Yalnız Şuşa şəhərinin azərbaycanlı əhalisinin ciddi cəhdlərindən sonra AKP MK 1924-cü ilin aprel ayının 17-də keçirilən iclasında Qarabağ Vilayət Komitəsinə tapşırdı ki, ətrafdakı türk kəndləri ilə birlikdə Şuşa şəhərini ayrıca inzibat rayona ayırsın (Quliyeva,1989:145).
Yeni yaradılan Kürdüstan qəzasının İcraiyyə Komitəsinin sədri Hüsü Hacıyev “Bakinskiy Raboçiy”qəzetində belə bir təklif irəli sürmüşdü: “Abdallar kəndi (indiki Laçın) Kürdüstanın mərkəzi ola bilməz. Bu ərazidə su çatışmır. Şuşa şəhərinin Kürdüstan mərkəzi olaraq qəbul edilməsi bizim üçün məqbuldur. Həm Şuşa, həm də Keçəldağın iqlimi və mövqeyi Abdallarla müqayisədə bizim üçün daha əlverişlidir.” (Saparov, 2014:120).
Bu kimi məsələlərlə bağlı sərhəd komissiyası toplandı. Düzən Qarabağ ilə Dağlıq Qarabağ, eləcə də Dağlıq Qarabağ ilə Kürdüstan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün komissiyanın iclası keçirildi. Bu komissiyanın qərarı ilə Cavanşir, Şuşa və Qubadlı mahalının ümumilikdə 169 kəndi Dağlıq Qarabağ Muxtar Vilayətinə verildi. İclasın protokolu aşağıdakı kimi idi.
Dinlənildi:
- Dağlıq Qarabağ Muxtar Vilayətinin vəziyyəti.
- Dağlıq və düzən Qarabağ arasındakı sərhədlər haqqında. Kürdüstanla birlikdə Dağlıq Qarabağ ərazisinə daxil olan kəndlər.
- Düzən Qarabağın idarəetmə forması və inzibati bölgüsü haqqında.
- Kürdüstanın idarəetmə forması və inzibati bölgüsü haqqında.
Həll edildi:
Dağlıq Qarabağ Muxtar Vilayətini tənzimləmə üçün əsas olaraq 1923-cü il əyalət icraiyyə komitələri haqqında Əsasnamə qəbul və tətbiq edilsin. Dağlıq Qarabağ ərazisindəki aşağıdakı erməni və türk kəndləri daxil edilsin:
Cavanşir qəzası: Həsənriz, Umudlu, İmarət Qərvənd, Kasapet, Çapar, Qozlu, Qızılqaya, Yayıcı, Zardaxaç Bulluqaya, Lüləsaz, Bazarkənd, Kolatağ, Damğalı, Dovşanlı, Çormanlı, Vəng, Drmbon, Getavan, Kiçik Qarabəy, Ulu Qarabəy, Şahmasur, Neriştad, Ağdərə, Çərəktar, Oratağ, Srxavənd, Marquşevan, Həsənqaya, Levonarx, Mingrelsk, Çardaqlı, Dəvədaşı, Orlovo-Denisovka, Qazançı, Canyataq, Gülyataq, Talış, Mehmana, Çıldıran, Karmiravan, Dastagir, Tonaşen, Madagiz, Dəmirli, Yuxarı Çaylı və Aşağı Çaylı.
Şuşa mahalı: Qarakötük, Ulubaba, Qayabaşı, Sadıqeşik, Şəlvə, Qışlaqkənd, Başqulaq, Mehdikənd, Badara, Suncinka, Xinzestan, İsmayılbəyli, Mikayıllı, Aylıslı, Xəlfəli, Xocalı, Quşçular, Körpəfət, Zarıslı, Naxiçevanik, Pircamal, Dəhrəz, Cavadlar, Ağbulaq, Aranzəmin, Lısoqorsk, Kərkicahan, Cəmilli, Ballıca, Qaybalıkənd, Xankəndi, Xanəgah, Mədətkənd, Yuxarı Yemişcan, Dəmirçilər, Sığnaq, Bəhlul, Çanaqçı, Aşağı Qılıncbağ, Qarabulaq, Quşçubaba, Pirlər, Xaçmaç, Mirzəkəndin, Təzəbinə, Qaralı, Muxtarkənd, Dağdağan, Harov, Daşkənd, Şuşikənd, Daşaltı, Keşişkənd, Kəndhurt, Qozludərə, Canhəsən, Ağakənd, Yolabakənd, Şüşülü, Mirikənd, Güneyçartar, Takir, Qaradağlı, Sos, Sxtoraşen, Xırman, Zavadıx, Qarqar, Mavas, Aramas, Bilbilyak, Ağbulaq, Quzumkənd, Ninqican, Tuğ, Azıx, Zərdanaşen, Şexer, Aşağı Qılıçbağ, Kiçik Dəmyə, Heşan, Şahyeri, Pirmahalı, Ataqut, Akaku, Suslu Qovşanlı, Domi, Susanlıq, Salakətin, Çiraquz.
Qubadlı mahalı: Ağcakənd, Arakül, Bünyadlı, Pənahlı, Dağdöşü, Qağartsi, Daşbaşı, Qarıtəpə, Cəmiyyət, Böyük Tağlar, Çağadüz, Kababyurd, Vəng, Aruş, Çinarlı, Qoçbəyli, Müşkülat, Mülküdərə, Noraşen, Tağaser, Sor, Mirikənd, Edişə, Ağbulaq, Axullu, Kiçulu, Bulutan, Güdükçü, Qızıloba, Xırmancıq, Cilən, Heşan, Çörəkli, Hədərli. (Quliyeva,1989:102).
Muxtar Qarabağ Vilayətinin yaranması haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekretinin sonuncu, 5-ci bəndində göstərilirdi ki, Vilayətin əsasnaməsini hazırlamaq və Muxtar Qarabağ Vilayətinə faktiki olaraq inzibati vahid vermək, habelə muxtar vilayətin sərhədlərini müəyyən etmək üçün Dağlıq Qarabağın, düzən Qarabağın, Kürdüstan və Azərbaycan SSR-in mərkəzi orqanlarının nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın. Komissiyaya tapşırılırdı ki, avqust ayının 15-nə qədər öz işini başa çatdırsın. Ona görə də, Muxtar Qarabağ vilayətinə hüquqi məzmun verməkdən ötrü 1923-cü ilin iyul ayının 14-də AKP(b) MK-nın Rəyasət Heyəti onun əsasnaməsinin hazırlanması məsələsini müzakirəyə çıxardı. Əliheydər Qarayevin iştirak edə bilməyəcəyini nəzərə alaraq A.Karagözov, Ç.İldırım, M.Xanbudaqov, M.Çalyan və S.Manutsyandan ibarət komissiyaya rəhbərlik etmək Dadaş Bünyadzadəyə tapşırıldı. Komissiya ən qısa zamanda əsasnaməni hazırlayıb Rəyasət Heyətinin təsdiqinə verməli idi.
1923-cü ilin iyul ayının son günlərində Muxtar Qarabağ Dağlıq Vilayətinin əsasnaməsini hazırlayan komissiyanın geniş iclası keçirildi. İclasda 1923-cü ildə quberniya icraiyyə komitələri üçün qəbul edilmiş əsasnamə Muxtar Qarabağ Dağlıq vilayəti üçün də əsas kimi götürüldü. İnzibati baxımdan muxtar vilayət Qarabağda yaşayan erməni əhalisi bəhanəsi ilə yaradılsa da, komissiyanın iclasında Qarabağın çoxlu sayda türk kəndlərinin də onun tərkibinə daxil olması haqqında qərar qəbul edildi. Hətta, komissiya üç nəfər əleyhinə olmaqla, böyük səs çoxluğu ilə Şuşa şəhəri və Xonaşen kəndinin düzən Qarabağa aid olması haqqında qərar qəbul etsə də, A.Karagözov təkid etdi ki, Şuşa şəhəri və Xonaşen ərazisi Dağlıq Qarabağın tərkibində qalmalıdır. Bir Karagözovun mövqeyi komissiyanın sədri də daxil olmaqla iclasda iştirak edən altı nəfər azərbaycanlı rəhbər işçinin mövqeyindən güclü çıxdı (Həsənli, 2012:5).
Mir Cəfər Bağırov başdan-başa müsəlmanlardan ibarət olan Şuşa şəhərinin Dağlıq Qarabağın tərkibinə verilməsini səhv addım hesab edirdi. O yazırdı: “Xankəndi, Şuşa və Abdallar ətrafında 8 min əhalisi olan Xəlfəli, Zarıslı, Musulmanlar və digər bir sıra müsəlman kəndləri vardır ki, onları Abdallardan idarə etmək daha asandır, nəinki Xankəndindən. Bu müsəlman kəndləri yalnız ona görə Dağlıq Qarabağa verilib ki, həmin kəndlərin arasında 1150 nəfərə yaxın ermənin yaşadığı Qaladərəsi kəndi yerləşir. Bütün bu ərazilər nədənsə Xankəndinə birləşdirilib”. (Alekseyeva, 2010:41).
DQMV sərhədlərinin rəsmən elan edilməsi
Qarabağın sərhədləri məsələsi 18 oktyabrda yenidən müzakirə edildi. Bir ay sonra, 15 noyabr 1923-cü ildə, sərhəd komissiyasının üzvlərindən biri Bünyadzadə Xonaşen (Martuni) bölgəsinin mübahisəli torpaqları ilə bağlı çıxış edərək ərazinin bölünməsini, bir qisminin müsəlmanlara, bir qisminin isə ermənilərə verilməsini təklif etdi. 1924-cü ilin aprelinə qədər Qarabağ sərhədləri məsələsi hələ həll olunmamışdı. Azərbaycan MİK AKP (b) Rəyasət heyəti, 17 aprel tarixində 6 nəfərlik yeni bir komissiya yaratdı. Bu komissiya “Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini tam müəyyənləşdirilməsi” ilə məşğul olmalı və bu məsələni 1924-cü il mayın 1-dək başa çatdırmalı idi. Lakin bu məsələlərlə bağlı müzakirələr yenə uzandı. 1924-cü ilin iyun ayında sərhəd komissiyası “Skobolevskoye cəmiyyəti” torpaqlarını (xüsusilə Kuropatkino) kəndi ətrafında yaranan ziddiyyətli vəziyyəti müzakirə edirdi. Komissiya kəndin Dağlıq Qarabağ vilayətinin bir hissəsi olaraq qalmasını təsdiqlədi. 1924-cü ilin yayında Qarabağın hüquqi statusunun müzakirəsi hələ də davam edirdi. Dağlıq Qarabağ erməniləri regionun konstitusiyasını hazırlanmış və bu məsələ Azərbaycan MİK-inin iclasında müzakirə edilmişdi. Ancaq Sovet inzibati iyerarxiyasına görə Dağlıq Qarabağ mümkün olan ən aşağı muxtar statusa sahib idi və buna görə də konstitusiya məsələsi qəbul edilmədi (Saparov, 2014:121).
26 noyabr 1924-cü ildə “Dağlıq Qarabağ Muxtar Vilayətinə dair” Əsasnamə “Bakinskiy Raboçiy” qəzetinin əlavəsində dərc olundu. Əsasnamənin birinci maddəsində təsbit edilirdi ki, “Muxtar Qarabağ Dağlıq vilayəti Azərbaycan SSR-in tərkib hissəsidir”. İkinci maddəyə görə MQDV-də kargüzarlıq və məhkəmə işləri, məktəblərdə təlim ana dilində aparılmalı idi. Üçüncü maddəyə görə MQDV Azərbaycanın respublika orqanlarının işində proporsional prinsip üzrə iştirak etməli idi. Muxtar Vilayət əhalisinin dövlət və ana dili ilə bağlı Əsasnamədə göstərilirdi ki, Vilayətin dövlət, ictimai idarələrində və təşkilatlarında ümumi istifadə dili erməni əhalisinə münasibətdə erməni dili, türk əhalisinə münasibətdə isə türk dilidir.
1923-cü ilin sentyabr ayının 18-də Manusyanın sədrliyi və Ter-Zaxarovun katibliyi ilə keçirilən AKP (b)-nin Qarabağ vilayət komitəsinin iclasında Xankəndi şəhərinin adının dəyişdirilməsi məsələsi müzakirə edildi. İclasın qərarında deyilirdi: “Stepan Şaumyanın və 26 Bakı komissarlarının xatirəsini yad etmək məqsədilə Xankəndi şəhəri Stepanakert adlandırılsın”. Elə həmin gün Muxtar Qarabağ Dağlıq vilayəti Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilib Stepanakert qoyuldu. Azərbaycan rəhbərliyi bu dəyişikliyi “Stepankənd” kimi təsəvvür etsə də və hətta bir sıra rəsmi sənədlərdə bir müddət Xankəndini “Stepankənd” kimi adlandırsa da, ermənilər şəhərin adını “Stepanakert” kimi rəsmiləşdirdilər.
Beləliklə, ilk dəfə Dağlıq Qarabağın sərhədlərinin rəsmi təsviri yayımlandı. Muxtar vilayətə 201 kənd daxil idi. Yeni layihə əsasında 1923-cü ilin əvvəlindəki layihəyə bir sıra kəndlər, ən başlıcası Şuşa şəhəri, Qaladərəsi kəndinin ərazisi və “Skobolevskoye cəmiyyəti” torpaqları əlavə edildi. Buna baxmayaraq qərarda bəzi istisnalar oldu. Kuropatkino kəndinin Qarabağın tərkibinə daxil edilməsi barədə əvvəlki qərar dəyişdirildi və dərc olunan 201 kənd siyahısında yer almadı. 1925-ci ildə DQMV-yə daha 13 kənd verildi. Bu kəndlər içində mübahisəli Kuropatkino kəndi və ucqar erməni anklavı Maralyansarov da daxil edildi (Saparov, 2014:121). Beləliklə ilkin qurulduğu zamanda 4161 kvadrat kilometr olan Dağlıq Qarabağ ərazisi 4338 kvadrat kilometrə qədər böyüdü (Geukjian, 2012:74).
Beləliklə, Zaqafqaziyada sovet hakimiyyətinin ilk illərində Dağlıq Qarabağın ərazi məxsusluğu uğrunda mübarizəyə yekun vuruldu. Azərbaycana rəhbərlik edən Sergey Kirov AKP (b)-nin 1924-cü ilin may ayında keçirilən VI qurultayında Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı deyirdi: “Bizim bu sahədə diqqəti cəlb edən ən böyük uğurumuz budur ki, ola bilsin tam olmasa da, hər halda Qarabağ məsələsi deyilən məsələ əhəmiyyətli dərəcədə həll edildi.” (Quliyeva,1989:9).
Qarabağ ermənilərinin iddiaları
Vladimir Priaxin və Aleksandr Manasyan kimi bəzi bir sıra müəlliflər 1923-cü ildə Azərbaycan sərhədləri daxilində yaradılmış DQMV ərazisinə Laçın, Şaumyan və bütün Cənubi Qarabağ ərazilərinin də daxil olduğunu iddia edir (Geukjian, 2012:72). Priarxin və Manasyan 1923-cü il iyulun 5-ində qəbul edilmiş protokola əsaslansalar da bu protokolda bununla bağlı bir kəlmə də keçmir. Bundan başqa Qarabağ erməniləri DQMV və Ermənistan arasında bufer zona olan Kürdistan qəzasının 1929-cu ildə ləğv edilərək Azərbaycan SSR-ə verilməsini, 1936-cı il Stalin konstitusiyasında bu rayonların hüquqi olaraq Azərbaycanda saxlanmasını ədalətsiz addım hesab edir. Bu konstitusiyada Laçın, Kəlbəcər və Qubadlının Azərbaycan subyektləri olması ilə DQMV Azərbaycan SSR içində anklava çevrildi.
Digər bir iddia isə keçmiş Qarabağ məlikliyi olan Gülüstanla bağlı idi. “Erməni publisisti, I Qarabağ müharibəsi dövrükdə aktiv döyüşlərdə iştirakçı olmuş Aşot Xaçaturyan adlı şəxsin öz xatirələri əsasında 2008-сi ildə Moskavada çap etdirdiyi “Xalqımın faciəsi” («Трагедия моего народа») adlı kitabında 1920-ci illərdə Azərbaycandakı sovet hakimiyyətinin Qarabağ məsələsinə dair siyasətinə də toxunur. Onun fikrincə, Əliheydər Qarayevin başçılıq etdiyi komissiya 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərini müəyyənləşdirərkən qəsdən bir sıra məhsuldar təsərrüfat əraziləri və Şaumyan rayonunu bütövlükdə (indiki Goranboy) DQMV-in tərkibindən kənarda saxlayıb. Müəllif yazır: “Qarayev və əlaltıları Qarabağın tarixi Gülüstan vilayəti və Dizaqın şərq ətəklərindəki onlarla kənd və məhsuldar torpaqları özbaşına şəkildə “ana vücud”dan ayıraraq, Dağlıq Qarabağdan kənarda saxladılar.” (Xaçaturyan, 2008:23).
Gülüstan məlikliyi olan ərazidən sadəcə Talış kəndi indiki DQMV ərazisinə (Ağdərə rayonu) daxil olub. Bundan əlavə ermənilər keçmiş Xanlar rayonuna daxil olan Getaşen və Martunaşen kəndlərinin, Şəmkirin bəzi kəndlərinin (Çardaqlı, Barsum və s.), Daşkəsənin, Gədəbəyin bir hissəsinin də Dağlıq Qarabağa birləşdirilməsini istəyirdi (Geukjian, 2012:75). 1988-ci ilə qədər erməni millətçilərinin bu iddiaları davam etdi. Bu iddiaların kəsilməyəcəyini Nəriman Nərimanov da hiss edirdi. O 1924-cü ilin may ayının 27-də yazırdı: “Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Komitəsində keçirdi”. Nəriman Nərimanov yaxşı başa düşürdü ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi ermənilərin iddialarını aradan qaldırmayacaq. O deyirdi: “Daha sonra Gəncənin dağlıq hissəsi məsələsi gəlir.” (Zeynalova, 2004:48).
Nəticə
Nəticə olaraq sərhəd məsələsində olan müzakirə ilə muxtariyyətin qəbul olunması müzakirəsinin paralelini aparmaq mümkündür. 1923-cü il 4 iyulunda Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərar qəbul edəndə Nərimanovun etirazı ilə məsələ RKP-də baxılmış və Azərbaycan lehinə qərar qəbul edilmişdi. Sərhəd məsələsində isə tam əksi olaraq sərhəd komissiyasında çoxluq Xonaşen və Şuşanın düzən Qarabağına aid edilməsi barədə səs versə də Armenak Karagözovun inadı ilə məsələ ermənilərin xeyrinə qəbul edildi. Buna baxmayaraq Azərbaycan kommunistləri Şuşanın Dağlıq Qarabağdan çıxarılması məsələsini yenidən gündəliyə salaraq bunun Kürdistan qəzası lehində dəyişdirilməsi üçün mübarizəyə davam etdilər. Lakin Qafqaz Komitəsi tərəfindən qəbul edilmiş ilkin protokol dəyişilmədi. Bundan sonrakı inad azərbaycanlı bolşeviklərin millətçiliklə ittiham edilməsi ilə nəticələnə bilərdi. Bu səbəbdən Şuşa rayonu məsələsi bir daha müzakirəyə çıxarılmadı. Qarşı tərəfin isə ətraf rayonlara olan iddiaları 1988-ci ilə qədər və sonrasında davam etdi.
İstifadə olunan ədəbiyyat
Гулиева, Д (1989) К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918— 1925. Документы и материалы.
Saparov, Arsene (2014) From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh.
Geukjian, Ohannes (2012) Ethnicity, Nationalism and Conflict in the South Caucasus: Nagorno-Karabakh and the Legacy of Soviet Nationalities Policy.
Zeynalova, Təranə (2004) ·Azərbaycanda milli-dövlət quruculuğu tarixindən (1920-30-cu illər)
Хачатрян, Ашот (2008), Трагедия моего народа
Гасанлы, Джамиль (2011) Вопрос о Нагорном Карабахе на Кавказском бюро ЦК РКП(б) в 1920-1923 годах
(https://www.ca-c.org/c-g/2011/journal_rus/c-g-1-2/12.shtml)
Алексеев, Георгий (2010) От Майендорфа до Астаны: принципиальные аспекты армяно-азербайджанского нагорно-карабахского конфликта
Həsənli, Cəmil (2012), Azərbaycanın sovetləşməsi və Qarabağın qara günləri. Diplomat qəzeti, №10 (158), s. 5
(http://www.arsivakurd.org/images/arsiva_kurd/kovar/diplomat/diplomat_158.pdf)
Захарян, А.(1969) Нагорный Карабах за годы Советской власти: краткий статистический сборник.