İnsan övladı ətraf dünyanı qavramaq üçün öz duyğu üzvlərindən: görmə, eşitmə, dadbilmə, qoxubilmə və toxunma qabiliyyətindən istifadə edir. İllərlə topladığımız məlumatlar bizlərdə bərkimiş bir təsəvvür yaradır. Bu şəkildə əmələ gələn qənaətə mütləq həqiqət kimi inanırıq, çünki görərək, eşidərək, toxunaraq və s. gəlmişik.
Amma həyatda bəzən qəribə şeylər də olur. Məsələn, bütün ömrünü Sahara səhrasında yaşamış 45 yaşında bir tuareqə suyun həmişə maye halında olmadığını, suyun da bərkiyəbildiyini izah etmək çox çətindir. Biz hamımız dəmirin daş kimi sərt olduğunu bilirik, amma dəmirin maye şəklində də olabiləcəyinə inanmarıq. Lakin artıq Yer kürəsi əhalisinin əksəriyyəti savadlanma sayəsində dəmirin müəyyən şərtlər altında, yəni yüksək temperaturun təsiri ilə əriyəbildiyini bilir.
Qısaca – hamımız ətraf mühit haqqında müəyyən təsəvvürə malikik və bu təsəvvürümüzə mütləq həqiqət kimi inanırıq.
İnsan cinsi haqqında fikirlərimiz də elədir. “Burada nə var ki? Bir var kişi, bir də var qadın” – deyə düşündüyünüzə inanıram.
Lakin məsələ əslində daha mürəkkəbdir. Təbiətdə, bəli, sizin indiyə qədər görə-görə gəldiyiniz məhz bu təbiətdə kişi və qadın məfhumu mütləq həqiqət deyildir.
Elə isə necədir? Əslində, bizim Azərbaycan dilində də bu mürəkkəblik göstərilmişdir.
Cins, cinsi özünüdərk və cinsi meyl haqqında ümumi fikirlər
İnsanda cinsi davranışı müəyyən edən 3 faktor vardır: Cins, cinsi özünüdərk, cinsi meyl.
İnsanın cinsi onun cinsiyyət üzvlərinin şəklinə görə müəyyən edilir. Cinsiyyət üzvləri də öz növbəsində 2 yerə bölünürlər: daxili və xarici cinsiyyət üzvləri.
Dişilər üçün:
Daxili cinsiyyət orqanları: yumurtalıq, uşaqlıq boruları, uşaqlıq, uşaqlıq yolu (vagina)
Xarici cinsiyyət orqanları: Böyük cinsiyyət dodaqları, kiçik cinsiyyət dodaqları, klitor.
Erkəklər üçün:
Daxili cinsiyyət orqanları: xaya, xaya artımı, toxum kanalı, əlavə cinsiyyət vəzləri (prostat, toxum kisəsi, bulbo-uretral vəz)
Xarici cinsiyyət orqanları: penis, xayalıq
Əksəriyyətin nəzərində insanın cinsinin müəyyənləşdirilməsi asandır. Xarici cinsiyyət üzvlərinə baxan kimi insanın cinsiyyətini asanlıqla söyləyirlər. İnsanları da iki cinsə bölürlər: erkək və dişi. Diqqət edin, “kişi və qadın” demirəm, məhz “erkək və dişi” deyirəm. Azərbaycan dilində olan fərqi heyvandarlıq və onun dilimizə təsiri ilə izah etməyə çalışırsınız, – anlayıram – amma biz balaca qız uşağına “qadın” demirik axı?!
Çünki insanın hansı “cinsə” aid olduğunu buluğ çağında bilmək olur. Bu gün qarşımızda xayalığı və penisi ilə tullanıb-düşən oğlanın əslində hansı cinsə mənsub olduğunu buluğ çağında görəcəyik.
Azərbaycanlılar insanın doğulduğu tarixi deyil, ona ad qoyulduğu, ad qazandığı tarixi daha önəmli sayıblar. Hə, indi biz bir az ətraf xalqlarla qaynayıb-qarışıb keçmiş anlayışlarımızı unutmuş ola bilərik, amma keçmişin izləri dilimizdə yaşayır axı!
İnsanın cinsiyyəti haqqında bioloji təsnifat
Biologiya elmi üçün cinsiyyət anlayışı 3 qrupa bölünür: Erkək, Dişi və Hermofrodit.
Xarici və daxili cinsiyyət orqanları erkək tipində olan fərdlər erkək adlanır.
Xarici və daxili cinsiyyət orqanları dişi tipində olan fərdlər dişi adlanır.
Çox sadə görünsə də, bir insanda xarici cinsiyyət orqanları erkək kimi, daxili cinsiyyət orqanları isə dişi kimi olan fərdlər də var. Hətta, daxili və xarici cinsiyyət orqanları dişi kimi olub, əslində erkək olan fərdlər də var.
Gəlin, daha sarsıdıcı bir fakt da söyləyim. Xarici və daxili cinsiyyət orqanları tamamilə erkək kimi olub, əslində qadın olan fərdlər də var və mən belə fərdləri öz gözümlə gormuşəm.
Beynəlxalq idman yarışları keçirilir – yəqin, bilirsiniz?! Bu yarışlar çəki və cins kateqoriyalarında aparılır. Yəni bir qadınla bir kişinin güləşməsi prinsipcə mümkündür, amma bu, bir beynəlxalq idman yarışında ola bilməz. Eyni idman növündə qadınlar və kişilər üçün ayrı yığmalar var. Bir də, nə qədər seksist səslənsə də, fizioloji olaraq erkək və dişi gücü arasında fərq də mövcuddur. Bir erkəyi qadın kimi bəzəyib başqa bir qadınla güləşə göndərmək haqsızlıq deyilmi?
İlk baxışdan, idman hakimləri və həkimlərinin yığma üzvlərinin cinsini müəyyənləşdirmək üçün onların xarici cinsiyyət orqanlarına baxdığını düşünə bilərsiniz, amma yanılırsınız. Beynəlxalq idman yarışlarında idmançıların hansı cinsə aid olduğu qan və tüpürcək təhlillərinə görə müəyyənləşdirilir. Bunun niyə belə edildiyinin izahı isə növbəti yazımızda.