Cerald Koen – analitik fəlsəfənin bir qolu olan analitik marksizmin yaradıcısı, ingilisdilli elmi standartlar kontekstində intellektual marksist ənənələrin yenidən qurulmasını həyata keçirmiş siyasi filosofdur. Onun 1980-ci illərdə televiziyada verilən mühazirəsini təqdim edirik.
Söhbətimə amerikalı rəssam El Kappın vaxtilə mənə danışdığı bir əhvalatla başlamaq istəyirəm. Əhvalat, 10 düymlük boya və gözəl ağ-krem rəngli görünüşə malik “Şmu” adlı əfsanəvi məxluq haqqındadır. Şmunun əlləri olmadığına görə, o, təkcə balaca ayaqları və burnunun altındakı böyük bığları ilə fəxr eləyə bilirdi. Onun bircə arzusu vardı – insanlara xidmət etmək; çünki vücudu bu işə ideal şəkildə uyğun gəlirdi – dərisi istənilən materiala çevrilə, əti yeməli ola bilirdi; Şmu insanlara inşaat işində kömək edə bilərdi, bığları isə ağlasığmaz dərəcədə faydalıydı. Təsəvvür eləyin, əgər belə məxluqlar kifayət qədər çox olsaydılar, dünyadakı aclıq və digər problemlər necə asanlıqla aradan qalxardı.
Beləliklə, sözügedən məxluqlar sürətlə çoxalırlar və ictimai tərəqqiyə təkan verirlər, amma bəzi insanlar onların bacarıqlarının yayılmasında maraqlı deyil. Böyük kapitalistlər şmulara nifrət eləyirlər, çünki onlar insanlara lazım olan hər şeyi istehsal eləyə bilirlər. İnsanlar kapitalistlər üçün işləmək zərurətindən qurtulublar, çünki artıq heç kimin həmin kapitalistlərdən özünə lazım olan malları almaqdan ötrü məvacib qazanmağa ehtiyacı qalmayıb. Nəticədə amerikalı burjuylar sürətlə cəmiyyətdəki nüfuzlarını itirməyə başlayırlar. Ki, bu da onları qətiyyətli tədbirlər görməyə vadar edir. Onlar hökumətin resurslarından yararlanaraq əhalini şmuların Amerikaya nifrət etdiklərinə, xaos yaradaraq ictimai sabitliyi pozduqlarına inandırmağa başlayırlar. Guya insanlar şmuların ucbatından işləmək və mağazalardan mal almaq istəmirlər. Nəhayət, dövlətin təbliğatı işə yarayır, ABŞ prezidenti FTB-yə bütün şmuları tutub yox etməyi tapşırır. Beləcə, hər kəs əvvəlki həyatına qayıdır. Ancaq Lil Abner adlı kəndli oğlan bir dişi və bir erkək Şmunu gizlədərək xilas edir. O, şmuların gizli məkanda təhlükəsizlikdə olacaqlarını düşünür, çünki insanların artıq onları görməyə gözü yox idi. Əslində, Lil Abner yanılırdı, çünki insanların böyük əksəriyyətinin şmulara münasibəti pis deyildi, təkcə kapitalistlərin onlardan zəhləsi gedirdi, zira şmular insanları kapitalistlərə işləmək məcburiyyətindən xilas eləmişdilər. Zəhmətkeşlər kapitalistlərə işləməyi dayandıranda sonuncular cəmiyyətdəki imtiyazlı mövqelərini itirməyə başlamışdılar.
Əlbəttə, insanlar hər zaman kapitalistlərə işləməyiblər. Məsələ El Kappın əhvalatındakı məxluqlar da deyil. Məsələ ondadır ki, bir vaxtlar – kapitalizmə qədərki dövrlərdə insanlar torpağı özləri becərirdilər. Düzdür, yekunda torpağı əkib-becərmək yolu ilə əldə etdikləri məhsulların hamısı onlara qalmırdı. Monarxlar, müxtəlif lordlar və feodallar istehsal olunan məhsulun müəyyən bir hissəsini müsadirə edirdilər, lakin zəhmətkeşlərin sağ qalmaları ağaların şıltaqlıqlarından birbaşa və sərt şəkildə asılı deyildi.
Feodal mülkədarlığı ilə müşayiət olunan uzun dövrün sonunda zəhmətkeşlərin əksəriyyəti öz əməkləri xaric, digər istehsalat vasitələrindən məhrum olmuşdu. Bunun nəticəsi olaraq, insanlar sağ qalmaq xatirinə bütün istehsalat vasitələri üzərində hüdudsuz ixtiyar qazanmış kapitalistlərin yanında işləməyə başlamışdılar. Yəni, biz yeni bir dövrə qədəm basmışdıq. Elə bir dövrə ki, orda fəhlələr bilavasitə öz əməklərini satmağa, kapitalistlər isə ondan istifadə etməyə məcbur idilər. Üstəlik, burda fəhlələr istisnasız olaraq gəlir götürmək məqsədi daşıyan alətlər qismində qavranılırdı. Amma bu alətlər xeyli çoxalanda işə düzəlmək istəyən insanların bir çoxu rədd cavabı almağa başladı. Onların öz torpaqları, ya da kənardan kömək ala biləcəkləri başqa bir yeri olmadığına görə, ya avaraya, ya da fəhlə evlərinin dustaqlarına çevrilirdilər.
Təbii ki, indi vəziyyət bir qədər dəyişib. Artıq kapitalizm keçmişdəki qədər sərt və düzxətli deyil. Əvvəllər səfilliyə məhkum olanlar indi fəhlə ittifaqları, müştərək müəssisələr yaradırlar. Ümumxalq rifahı dövlətinin gəlişindən sonra isə ən məzlum insan qruplarının öz işverənlərinin şıltaqlıqlarından asılılığı tamamilə azalıb. Bütün bunların fonunda kapitalistlər, azad bazar mübadiləsi kimi təsbit edilən “saf kapitalizm” adlı normalara qayıdış ideologiyasının köməyilə həmkarlar ittifaqlarının, müxtəlif sosial xidmətlərin hökmranlığına qarşı müqavimət göstərməyə başlayıblar. Onların interpretasiyasında sosialistlər, sözügedən münasibətlərin (azad bazar iqtisadiyyatı) sərbəstlik verdiyini və ədalətliliyini inkar edir, deyirlər ki, bu şərtlərdə bazarın bəzi iştirakçıları nəhəng vəsaitlərə sahib olurlar, eyni zamanda əksər insanların da işləmək bacarığından başqa heç nələri olmur.
Bu, sosializmin xeyrinə olan əsas arqumentlərdən biridir. Amma kapitalistlər və onların ideoloqları buna belə cavab verəcəklər: “… bir dəqiqə! Doğrudur, bizim böyük sərvətimiz var, ancaq biz işə başlayanda biznes istedadı və müəyyən qədər cəsarətdən başqa, demək olar, heç nəyimiz yox idi. Biz öz sərvətimizi sırf onların sayəsində toplamışıq. Buna görə də, siz bizi ədalətsizlikdə ittiham edə bilməzsiniz, çünki hər şey dürüst, açıq şəkildə baş verib…”.
Sosialistlər onların bu iddialarına cavab olaraq “hazırkı şərtlərdə kapitalistlər biznes fəaliyyətinə nadir hallarda sıfırdan başlayırlar” deyə bilərlər, amma mən başqa şeyə diqqət yetirmək istəyirəm: sözügedən “zəhmətkeş kapitalistlərin” var-dövləti, həqiqətən, tamamilə qanuni görünə bilər. Lakin daha detallı baxsaq, görərik ki, onların bütün sərvəti sadəcə-kağızlardan, cürbəcür sənədləşdirmələrdən və s. ibarətdir. Bütün bunların ciddi dəyərə malik olmasının səbəbi isə odur ki, onlar öz sahiblərinə təbii xammal, sənaye müəssisələri, elektrik şəbəkələri, ya da hektarlarla torpaq sahələri kimi maddi resusrlardan istifadə haqqı verir. Kapitalist bütün bu sadalananları məhz onun aldığını məmnuniyyətlə xəbər verərkən, çox güman ki, belə deyəcək: “Bilirsiniz, mən bütün bunları sırf öz səylərim nəticəsində əldə etmişəm, fabrik və zavodlar mənə valideynlərimdən miras qalmayıb, onlara fırıldaqla, ya da oğurluqla sahib olmamışam…”
Cavabında biz daha dəqiq bir sual verə bilərik. Elə bir sual ki, onu cavablandırmaq xeyli çətin olacaq. Bizim sualımız ona sahib olduğu hər şeyin nə vaxtsa tamamilə yad insanlara məxsus olduğunu xatırlatmaq məqsədi daşıyacaq. Yəni biz sadəcə soruşacağıq ki, sənin var-dövlətin başlanğıcda kimin şəxsi mülkiyyəti olub?
Kapitalist cavabında öz sərvətini azad bazar vasitəsilə, yəni savadlı hesablamalar sayəsində qazandığını söyləyəcək. Belə ritorika o deməkdir ki, o öz mövqeyini öz uğurlarına istinadən müdafiə edir. Bu halda məni bir şey maraqlandırır: onların öz şəxsi mülkiyyəti üzərində haqq almalarının təməlində nə dayanır?
Təbii ki, cavab sözügedən haqqı əvvəlki sahibkardan aldıqları ilə bağlı tezis olacaq və bu, anlaşılandır. Onların mülkiyyətlərinin mənşəyinin tarixini analiz etsək, torpaqların və təbii resursların ən birinci sahiblərinə gedib çıxacağıq. Məhz onlar öz mülkiyyətlərini əvvəlki sahiblərdən almayıblar, sadəcə müxtəlif təbii resurslara yiyələniblər. Bu halda mən onlara təbiətdən istifadə eləmək haqqını kimin verdiyini soruşmazdım, çünki bu, normaldır. Mən soruşardım ki, onlara öz sərvətlərini, başqalarının istifadəsinə imkan verməyəcək şəkildə vəsiyyət eləmək haqqını kim verib? Bizim hipotetik “zəhmətkeş kapitalistimiz” də öz var-dövlətini həddindən artıq namuslu yolla qazandığı barədə uzun-uzadı danışacaq, amma həmin sərvətin, mülkiyyətin daha erkən tarixinə toxunmaq istəməyəcək, çünki orda ümumi şeylərin (xüsusilə də, daşınmaz əmlakın) necə şəxsi əmlaka çevrildiyi ilə bağlı xöşagəlməz təfərrüatlar üzə çıxa bilər. Yəni biz bəyan edə bilərik ki, maddi resurslar nə vaxtsa ümumxalq sərvəti olub və onların ictimai mülkiyyət məcrasına qaytarılması sosialist ideyanın şüarıdır.
İndi isə kapitalizmin intellektual müdafiəsinin başqa bir xəttini nəzərdən keçirmək istəyirəm. Bu yanaşmanın tərəfdarları deyirlər: “Gəlin, keçmişi unudaq, çünki ilk kapitalistlərin öz mülkiyyətlərini necə əldə etdikləri müasir insan üçün o qədər də vacib deyil. Kapitalizm indiki formasında əla iqtisadi sistemdir, çünki bu sistemdə hətta əhalinin ən yoxsul təbəqələrinin belə, istənilən başqa ictimai-iqtisadi quruluşda olduğundan daha çox yaxşı yaşamaq imkanı var”…
Bu arqumentin mahiyyəti ondan ibarətdir ki, kapitalizm insanın rifahının yaxşılaşdırılmasına yardım edir. Mənə elə gəlir ki, bu, son dərəcə populyar iddiadır. Əgər müxtəlif şirkətlərin iş məntiqinə diqqət yetirsək, görəcəyik ki, onlar yalnız stabil gəlirləri olduğu təqdirdə sağ qalırlar, lakin həmin stabil gəliri digər şirkətlərlə kapitalist rəqabəti çərçivəsində və tutduqları yüksək mövqe sayəsində əldə edirlər. Sözügedən rəqabət çərçivəsində sadəcə ən səmərəli istehsalçının sağ qalmaq şansı var. Elə buna görə də, müxtəlif firmalar minimal xərclərlə böyük qazanc əldə etmək məqsədilə öz səmərəliliklərini artırmalıdırlar, bundan ötrü isə istənilən fürsətdən yararlanmalıdılar. Amma bir şeyi unutmamalıyıq: istənilən özəl şirkətin hədəfi insanların tələbatlarını ödəmək deyil, gəlirin maksimum artırılmasıdır. Digər tərəfdən, bəsit bir reallıq var: heç bir şirkət insanların tələbatlarını təmin etmədən gəlir götürə bilməz.
Bir faktı etiraf etməliyik: kapitalist rəqabəti vaxtilə insan cəmiyyətinin inkişafına təkan verib. Ancaq indiki şərtlərdə kapitalizm özündə tərəqqipərvərlik daşımır.
Burda kapitalizmin müdafiəsi üçün deyilən mülahizə nədən başlayırdısa, mənim kapitalizm əleyhinə arqumentim də ondan başlayır.
İstənilən özəl şirkətin hədəfi mümkün qədər çox gəlir götürməkdir, hətta prinsip etibarilə bu, kimlərinsə tələbatlarını ödəməklə bağlı olmasa belə. Əgər bu tezisi kapitalizmin xeyrinə genişləndirsək, belə deyə bilərik: “…qoy kapitalistlər pullarını qazansınlar. Əgər bu, paralel olaraq, bizim tələbatlarımıza da xidmət edirsə, niyə də yox?!” Çünki onlar hansısa işi pis görməyə başlasalar, dərhal öz gəlirləri ilə vidalaşmalı olacaqlar, elə deyil?
İndi mən, kapitalistlərin hər şeydən əvvəl təmiz gəliri hədəfləmələrinin pis nəticələri olduğunu isbatlamağa çalışacağam. Əgər özəl şirkət sağ qalmaq istəyirsə, əmək məhsuldarlığını artırmağa məcburdur. Ki, öz növbəsində bunun, iki mümkün nəticəsi ola bilər. Birinci halda, məhsuldarlığın artmasını iş saatının azaldılması və əməkdaşların asudə vaxtlarının çoxaldılması üçün istifadə etmək olar. İkinci halda isə gəlir artırıla bilər, amma iş saatları əvvəlki qədər qalar. Gəlin, razılaşaq ki, nə qədər çox məhsul istehsal olunsa, bir o qədər yaxşıdır. Ancaq o da həqiqətdir ki, insanların çox böyük hissəsi üçün iş özü-özlüyündən həzz gətirən bir şey deyil, əmtəə bolluğunun, ya da ondan da vacibi, iş gününün mümkün ixtisarı və asudə vaxtın artmasının verdiyi qədər zövq vermir.
Özünüz fikirləşin: “əgər tanrı bizə istifadə edə biləcəyimiz müəyyən maddi vəsait veribsə, məntiqlə həmin maddi vəsaitlərdən yararlanmağımız üçün boş vaxt da verməliydi…” Başqa sözlərlə, əmək məhsuldarlığının artırılması məntiqi olaraq bizə iki mümkün nəticə göstərməlidir: ya asudə vaxtın artırılması, ya da iş saatlarının azaldılması (hər iki nəticənin kombinasiyası da mümkündür).
Amma kapitalizm yalnız birinci nəticənin – asudə vaxtın artırılması ehtimalı – reallaşdırılmasında maraqlıdır, çünki ikinci variant – iş vaxtının azaldılması istehsaldan asılı olan gəlirə ciddi zərbə vura bilər.
Yaxşı, bəs hər hansı şirkət üçün məhsuldarlığın artırılması səmərəli olarsa, o neynəməlidir? Əlbəttə ki, əməkdaşların iş vaxtının azaldılması, eyni zamanda məhsul istehsalının əvvəlki tempdə və miqdarda saxlanımasından söhbət getməyəcək. Bu situasiyada əsas məqsəd istehsal edilən məhsulun miqdarının artırılması olacaq. Əgər sözügedən məhsula tələbat artmasa, kapitalistlər investisiya üçün başqa yollar axtarmalıdırlar, çünki gəlir səviyyəsini daim qorumağa məcburdurlar. Nəticədə yeni işçi yerləri yaradılır, istehsalat da genişlənməyə davam edir.
Uzun sözün qısası, istehsalatın genişlənməsi – ki, bu, kapitalizmin məntiqinə uyğun şəkildə baş verir – istehlakçının əmtəələr ardınca qaçmağını sürətləndirməyi nəzərdə tutur. Ona görə ki, özəl şirkətlər insanların tələbatlarının ödənilməsini yox, məhz gəlir götürməyi hədəfləyirlər. Vaxtilə ABŞ-da “General Motors” şirkətinə rəhbərlik etmiş Alfred Stoun bir dəfə demişdi ki, biznesin əsas hədəfi gəlir götürmək idi, avtomobil buraxmaq yox. Mən onun fikriylə razıyam. Bu fikir niyə bu qədər çox maşın buraxıldığını da izah edir – əgər hədəf gəlir götürmək olmasaydı, daha az maşın buraxardılar. Əgər istehsalatın hədəfi insanların tələbatlarını ödəmək olsaydı, sözügedən şirkətlər daha effektiv və müasir nəqliyyatın yaradılması barədə düşünərdilər. Ki, bu da həddindən artıq yüksək istehlak səviyyəsini avtomatik aşağı salardı və biz daha zəngin, rəngarəng həyata, o cümlədən özünüinkişaf üçün daha çox gücə və enerjiyə malik olardıq.
Aydınlıq üçün deyim ki, şəxsən mən əmtəə bolluğu əleyhinə çıxış eləyən radikal asket deyiləm. Əmtəə bolluğu, əlbəttə, yaxşıdır, amma elə bu nöqtədə kapitalist sistemi çərçivəsində istehlak malları ardınca qaçış probleminə çatırıq. Sözügedən problemin mahiyyəti ondan ibarətdir ki, əhalinin böyük hissəsi ala biləcəyindən daha çox mal əldə eləməyə çalışır. İstehlakçı sistemi məhz belə işləyir. Sözügedən sistemin məntiqi belədir: insanları müxtəlif mallar əldə etməyə ruhlandırmaq, eyni zamanda onların daima daha çox almalarına nail olmaq.
Təbii ki, biznes təmsilçilərinə məmnun müştərilər lazımdır, lakin alıcılar daha az mal alsalar, əmtəə istehsalı da azalacaq. Məhz buna görə də, kapitalist cəmiyyətdə əhali arasında istehlak səviyyəsini artırmaq üçün böyük səylər sərf olunur. Bundan ötrü reklama, təbliğə və insanları daima gərginlikdə saxlamaq məqsədi daşıyan vaxtından əvvəl köhnəlmə prosesinə nəhəng sərmayələr qoyulur. Rokfellerlər əmindilər ki, Smitlər mütləq daha təminatlı qonşularının güzəranını izləməlidilər və heç bir vəchlə onlardan geri qalmamalıdırlar. Çünki orta səviyyəli yaşayışdan geri qalmaq müəyyən mənada ictimai qınağa məruz qalmaq təhlükəsi yaradır. Odur ki, insanlar, istifadəsinə imkan tapmayacaqları – çünki həddindən artıq məşğuldurlar – əşyaları əldə etməkdən ötrü hətta ikinci işə düzəlirlər.
Kapitalizmin inkişafının daha erkən dövrlərində ictimai istehlak elementar sağqalma istəyi ilə bağlı olan səviyyədən daha yüksəyə qalxa bilmişdi. Əlbəttə, bu, kifayət qədər proqressiv hal idi, həmin o ən aşağı səviyyəli istehlak da vaxtilə təbii hal sayılırdı. Müasir mürtəce kapitalizmin tərəfdarları bu faktı qəsdən xatırlamırlar, çünki məhz süni kapitalist məhdudiyyətlər insanları həyatlarında daima nələrinsə çatmadığını düşünməyə vadar edir.
Kapitalizm, həqiqətən, insanın imkanlar qəfəsinin qıfılını açır, amma ən son anda ona təzə kilidlər vurur. Hərdən bu kilidlər təkcə məhdudiyyətlər qoymur, həm də zərər vurur. Lap yaxınlarda bu ölkədə eynilə bu baş verdi. Təbii ki, mən hazırda Böyük Britaniyada son dərəcə kəskin şəkil almış işsizlik problemini nəzərdə tuturam. Gəlir götürməyi məqsədə çevirmiş kapitalistlər sərfəli olmayanda yeni işçilər götürməkdən imtina edirlər. Onda biz nə qazanırıq? Gözlədiyimiz şeyi yox. Çünki hazırkı vəziyyətdə əhalinin bir təbəqəsi üçün məşğulluq – digərləri üçün işsizlik deməkdir. Və bütün bunlardan sonra necə deyə bilərik ki, kapitalist sistem, insanların ehtiyaclarını səmərəli şəkildə ödəməyə qadirdir? Müasir Britaniyada nəhəng miqdarda evsiz-eşiksiz, elementar qazanca ehtiyacı olan işçilər var. Belə olan halda kimsə belə bir sistemin ictimai rifaha xidmət etdiyini necə düşünə bilər? Bir halda ki, əslində, o, mahiyyətcə bir ideyanı ehtiva edir: özünü reallaşdırmağın yeganə üsulu BMW, ya da, məsələn, Ford Sierra sahibi olmaqdır. O ki qaldı yerdə qalanlara… onların qismətinə sadəcə həddindən artıq ucuz və aşağı keyfiyyətli malların istehlakı ilə müşayiət olunan səfil həyatı düşür.
Yəqin, başa düşdünüz ki, mən özüm insan tələbatlarının ödənilməsi sistemi kimi kapitalizmin səmərəliliyinə son dərəcə skeptik yanaşıram, çünki hər zaman tələbatları zəruri minimumdan kənara çıxan insanlar mövcuddur və kapitalizm, çətin ki, onların öhdəsindən gələ bilsin. Odur ki, söhbətimizin davamını tələbatlar mövzusunun müzakirəsinə ayırmağı təklif eləyirəm. İnsanların ehtiyaclarının ödənilməsi sahəsində əhəmiyyətli proqress müasir dövrümüzdə xüsusilə vacib olan təhsillə təminatdır. Lakin təhsilin əmək bazarının dar standartlarına uyğun olmasına çalışanların ucbatından kapitalist sistemi çərçivəsində uşaqların təhsil və tədrisi təhlükə altındadır. Bir sıra kapitalistlər açıq şəkildə deyirlər ki, gəlirlilik məqsədilə ucuz, ixtisaslaşmış əməkdən istidafə etmək, hətta əhalinin müəyyən təbəqələrinin təhsil almaq imkanlarını məhdudlaşdırmaq pis olmazdı. Məsələn, Böyük Britaniyanın xəzinədarlıq kansleri Naycel Louson (1983-1989) bir neçə il əvvəl bir çıxışında bəyan eləmişdi ki, biz indi insanların fəaliyyətə hazırlanması barədə fikirləşməliyik. Onun dediyinə görə, bu fəaliyyət ixtisaslaşdırılmışdan daha çox ixtisaslaşdırılmamış olacaq. Bu bəyanatda təhsilin hansı forması nəzərdə tutulurdu? İnanmıram ki, söhbət gənc insanların yaradıcı potensialını açan təhsildən getsin. Çox güman ki, Naycel Louson təhsilli insanların xeyli çoxaldığını və onların aşağı əmək ixtisaslılığı tələb edən yerlərdəki işlərə uyğun gəlmədiklərini demək istəyirdi. Bundan əlavə, Britaniya elm və təhsil departamentinin nümayəndələri də bu yaxınlarda bildirmişdilər ki, hazırkı cəmiyyətdə əmək bazarının ayaqlaşa bilmədiyi meyllər hökmranlıq edir. Yəni gənc insanların əksəriyyəti əldə edə bilməyəcəkləri işlər arzulayırlar. Başqa sözlərlə, insanlara məhz hansı təhsilə ehtiyacları olduğunu başa salmaqdan ötrü təhsil sisteminə rasional yanaşmalıyıq.
Bu bəyanatda bir məqama diqqət yetirməliyik: burda təhsil sisteminin düşünülmüş şəkildə məhdudlaşdırılması açıq-aydın ifadə olunur və bu, dövlət məktəblərinə də aiddir. Təhsil sisteminə bundan daha antidemokratik yanaşma təsəvvür eləmək çətindir, lakin qeyd etmək lazımdır ki, sözügedən kontekstdə alternativ yanaşma təhsil baxımından hər kəsin hər şeyə qadir olduğunu nəzərdə tutmur. Əslində, elə Naycel Louson da əhalinin böyük hissəsinin yaxşı təhsilə layiq olmadığını demək istəmirdi. Problem ondadır ki, bir çox insanlar yaxşı təhsil almağa qadirdilər, hər insanda, xüsusilə də uşaqlarda müəyyən istedadlar tapmaq mümkündür. Ancaq əksər insanların istedadı sadəcə inkişaf etməyib və çünki işlədiklərinə görə istedadlarını inkişaf etdirməyə vaxtları yoxdur. Əgər tarixə baş vursaq, görərik ki, uzun əsrlər boyu öz istedadını üzə çıxarmağı yalnız məhdud azlıq bacarıb və bu, qaçınılmaz idi. Amma indi çoxları özünü reallaşdırmaqdan ötrü bütün imkanlara sahibdir. Müasir texnologiyalar sayəsində biz cəmiyyəti ixtisaslaşdırılmamış əməkdən müəyyən qədər xilas edə bilərik. Lakin hazırkı kapitalist sistemin buna ehtiyacı yoxdur, o, müasir texnologiyaları bu məqsədlər üçün istifadə eləmir. İndiki kapitalizm əhalinin böyük əksəriyyətini ağır işlərə göndərməyə davam edir və cəmiyyət üçün yararlı ola biləcək texnoloji potensialı məhdudlaşdırır.
Əlbəttə, Britaniya kapitalizminin tərəfdarları Lousonun, bazarın ucuz işçi qüvvəsinə ehtiyacı olması fonunda əhalinin təhsil səviyyəsinin həddindən artıq yüksəldiyi ilə bağlı fikriylə razılaşmaya bilərlər.
Mən əminəm ki, hazırkı vəziyyətdə kimin haqlı olmasından asılı olmayaraq, kapitalist əmək bazarının hipotetik tələbatları ucbatından övladlarımızın gələcəyini qurban verməməliyik. Düşünürəm ki, təhsil sistemi biznes adamlarının ərköyün tələblərinə tabe olmamalıdır. Onlar əhalinin böyük hissəsinə gəlir mənbəyi kimi baxmağa çoxdan alışıblar. Ancaq həmin böyük qisim gəlir götürmək üçün sərfəli vasitə olmaqdan çıxanda, kapitalistlər yalnız necə qənaət edəcəkləri barədə fikirləşirlər.
Beləliklə, həm nəzəri, həm də praktik baxımdan kapitalizm çərçivəsindən çıxan bir cəmiyyətin mövcudluğu mümkündürmü? Məncə, çoxları bu ideyanı sadəlövh xəyal adlandırardı. Elə həmin insanlar da kapitalizmin ünvanına səslənən, mənim də burda dilə gətirdiyim tənqidi fikirlərlə razılaşardılar. Onların baxışlarının təməlində bu fikir dayana bilər: müxətlif növlər arasında bərabərsizlik bəşəriyyətin bütün tarixi boyu mövcud olub və bundan sonra da olacaq. Lakin məncə, tarixə belə baxmaqdan dərin pessimizm qoxusu gəlir, çünki indi bərabərsizlik səviyyəsi, məsələn, yüz il əvvəl olduğundan daha azdır. Halbuki düz yüz il əvvəl bir ovuc radikal, əhalinin böyük əksəriyyətinə səsvermə hüququ verməyi nəzərdə tutan ideyanı ortaya atmışdı. Elə onda da çoxları bunun həddindən artıq təhlükəli, üstəlik tamamilə qeyri-real olduğunu düşünürdü. Amma indi indi səsvermə hüququmuz var, bizdə siyasi demokratiya hökm sürür, amma hələ də iqtisadi demokratiya yoxdur, çünki maddi resurslar bir çoxlarımız üçün əlçatar deyil. İndinin özün də Böyük Britaniya əhalisinin əksəriyyəti bütün bunları əsl utopiya kimi dəyərləndirə bilər, ancaq mən əminəm ki, onun da vaxtı çatacaq. Onda cəmiyyət düşmən siniflərə – maddi resurslara sahib olanlara və öz əməyini satmağa məcbur qalanlara bölünməyəcək. Təbii ki, yeni cəmiyyətla bağlı layihələrin hazırlanması xeyli vaxt və ondan da vacibi, daimi mübarizə tələb edir. Ancaq biz kəndli icmaları dövrünə qayıda bilmərik. Hətta ora qayıtsaydıq belə, vaxtilə kapitalizmin gətirdiyi böyük miqdarda nailiyyətləri qurban verməli olardıq. Yeni nailiyyətləri isə sehrli çubuqla qazanmaq mümkün deyil. Düzdür, əsl iqtisadi demokratiyaya gedən yolda son dərəcə ciddi əngəllər var. Amma ümid edirəm, elə bir gün gələcək ki, heç kim azlığın rifahının çoxluğun istismarı hesabına təmin olunduğu bu ictimai-iqtisadi quruluşu müdafiə edə bilməyəcək.