Cem Yılmazın Azərbaycan konserti və biletlərin qiyməti yeni gündəmimizdir.
Bu məsələ bir neçə gün əvvəl “Qarabağ”ın Avroliqanın qrup mərhələsində “Sevilya” ilə görüşündə bilet qiymətlərinin bahalığı söhbətlərini yadıma saldı. Buna bir azdan qayıdacam…
Cem Yılmazın konsertinə biletlər əksəriyyət üçün əlçatmaz olsa da (70 – 700 manat arası), satışa çıxan kimi, xüsusilə də ön sıraların, yəni ən bahalı biletlərin tükənməsi də maraqlı məqamdı.
Cem Yılmazın intellekti, yumor səviyyəsi, zarafatları, toxunduğu mövzular və s. şübhəsiz ki, kifayət qədər yüksək səviyyəlidir və bu da bilet qiymətində öz əksini tapıb.
Mənə maraqlı olan minimum əmək haqqı 250 manat (cəmi bir ay öncə 180 manat idi), orta aylıq əmək haqqı isə 583.7 manat (Dövlət Statistika Komitəsinin iyul ayından açıqladığı rəsmi rəqəmlər) olduğu ölkədə cəmi bir saata yüksək qiymətli biletlərin satılıb qurtarmasıdır.
Deməli, bu ölkədə görünəndən də böyük bir uçurum var və əhali bir-birindən əks qütblərdə yerləşən təbəqələrə bölünüb.
Bu, öz yerində…
Amma mən adam tanıyıram ki, aylıq gəliri 1500-2000 manat arasındadır və bilet satışa çıxan kimi özü və xanımı üçün iki ədəd ən bahalısından aldı.
Ərkim çatan adam idi, soruşdum ki, bunu necə elədin, bir aylıq maaşın getdi axı? Cavab verdi ki, pis gün üçün (!) kənara atdığım bir az pulum var idi, onu verdim. Zövqlərim üçün bunu etməkdən çəkinmərəm.
Əla. Deməli, bu fədakarlıqda zövq də önəmli rol oynayır. Ən azından mənim tanışım elə dedi.
Bir nəfərdən də eşitdim ki, sözügedən konsertə ən bahalı bileti alan iş yoldaşı kollektivdən geri qalmamaq üçün təcili kredit götürüb və bileti bu yolla alıb. Düşündüm ki, əslində o da zövqünə görə fədakarlıq edib. Onun da zövqü kiminləsə bəhsə girməklə bəslənir.
Sözümü nəyə gətirirəm?!
Bizdə futbolla bağlı müzakirələr zamanı ən çox şikayət olunan məqamlardan biri də azarkeşlərimizin stadionlara gəlməməsidir. Ölkə birinciliyinin oyunlarında stadionlarda necə deyərlər “it ulayır”.
Az-çox milli komandanın və klubların Avroliqa matçlarında azarkeşlər gözə dəyir ki, onda da min cür minnət qoyurlar.
Kimisi oyundan sonra metronun bağlı olduğunu əsas gətirir, bir başqası metro açıq olsa da, basabasdan şikayətlənir, bir ayrısı, məsələn, Bakı Olimpiya Stadionunda keçirilən oyun zamanı arenaya getmək üçün piyada yolunun uzunluğuna deyinir, bilet qiymətlərini qabardanlar da var və s.
Digər şikayətləri qoyuram qırağa. Bəlkə də müəyyən haqlı səbəblər var.
Amma bizdə futbol matçlarına bilet qiymətləri adətən 1 manatdan başlayır və maksimum 50 manat olur.
Avrokuboklarda isə 2 manatdan başlayır və sonuncu “Sevilya” ilə ev oyunu istisna olmaqla yuxarı hədd həmişə 50 manat olub. İspanlarla görüşdə qiymətlər 3-5-15-20-50-100 manat aralığında idi.
Göründüyü kimi, bir oyun istisna olmaqla, digər görüşlərdə ən bahalı bilet belə, Cem Yılmazın konsertinə ən ucuz biletdən daha ucuzdur.
Di gəl ki, azarkeşlərimiz yenə narazıdırlar.
Əgər sənə futbol maraqlı deyilsə, ümumiyyətlə, biletin neçəyə olması, nə qədər satılması da maraqlı olmamalıdır.
Yox, əgər sən azarkeşsənsə və zövqünü futbol bəzəyirsə, onda 3, 5, 10, lap elə 100 manatından keçmək o qədər çətin olmamalıdır axı. Səni təmsil edən klub mümkün olan ən yüksək yerdə mübarizə aparırsa və sən də onu dəstəkləmək, həm də baxıb zövq almaq istəyirsənsə, bu qədər deyingənlik niyə?
Üstəlik nəzərə alaq ki, bu oyunda sən öz komandanı dəstəkləməklə yanaşı, dünya ulduzlarını da canlı izləmək şansına sahib olacaqsan.
Təsəvvür edin ki, 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının final matçına biletləri (35-130 avro, təxminən 70-260 manat arası) əlbəəl gəzən şəxslər bu iki komandanın ayrılıqda “Qarabağ”la Bakıdakı oyunlarında maksimum 50 manatlıq bilet qiymətinə ağız büzürdülər.
Bir neçə il əvvəl “Sevilya”nın Tiflisdəki Super Kubok oyununa yüzlərlə manat xərcləyib gedən azərbaycanlılar, həmin komandanın Bakıdakı oyunundakı qiymətlərdən narazıdırlar.
Mirzə Ələkbər Sabir demişkən, mən belə əsrarı qana bilmirəm…
Cem Yılmaz kimi bir şoumenimiz, yumor ustamız yoxdu, anladım, amma “Arsenal”, “Çelsi”, “Roma”, “Sevilya” səviyyəsində ki komandamız var, onu niyə bu qədər ürəklə dəstəkləmirik?
Bu suala cavab tapsaq, 700 manatlıq biletlərin necə bir saatda tükəndiyini də özümüz üçün aydınlaşdırmış olacağıq.