Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə “Azərbaycanın on ən böyük şəxsiyyətindən və simgələrindən biri” adlandırdığı Cəfər Cabbarlı barədə danışarkən mistik bir məqama – onun doğum gününün də, ölüm gününün də Yeni ilə təsadüf etdiyinə diqqət çəkirdi: 20 mart 1899-cu il və 31 dekabr 1934-cü il!
Yenilik – bu, Cabbarlını ən yaxşı ifadə edən söz ola bilər. Onun həyata, dünyaya, insanlara baxışı da, yazıçı kimi mövzuları və üslubu da xeyli dərəcədə yeni idi. Hətta özünü “sosrealizm” çərçivəsinə salmaq məcburiyyətində qalanda belə!
***
Lakin bu yazıda məqsədimiz heç də Cabbarlının həyat və yaradıcılığına işıq tutmaq deyil.
Niyyətimiz onun ölümü ətrafında müəmmalara mümkün olduğu qədər işıq tutmaqdır.
Cabbarlı həyatla vidalaşarkən cəmi 35 yaşında idi, lakin psevdoyazıçılarımızın sözü olmasın, o, bu qısa həyatına bir-birindən qiymətli xeyli əsər sığdıra bilmişdi.
Yazıçının qəfil ölümü hələ o zamanlar çoxlu suallar yaratmışdı, baxmayaraq ki, bu sualları dilə gətirmək bir yana, ağlından keçirmək belə asan məsələ deyildi. Sadə səbəbdən: 30-cu illərin əvvəllərindən başlayaraq Azərbaycanda siyasi-ideoloji təftişçiliyin getdikcə daha da gücləndiyi hiss olunur, insanların içindəki xof getdikcə böyüyür, bir sözlə, 37-ci il repressiyasının ayaq səsləri hər gün bir az da aydın eşidilirdi…
***
Azərbaycan istiqlal hərəkatının tanınmış simalarından biri, ömrünün böyük hissəsi mühacirətdə keçən Əbdülvahab Yurdsevər Cəfər Cabbarlının intihar etdiyini yazıb. Səbəb kimi də ona qarşı artan təzyiqləri göstərib.
Əbdülvahab bəy Azərbaycanda Sovet rejiminin qurulmasından sonra Cabbarlı ilə birgə məhbəs həyatı yaşayıb. Onların hər ikisi “Gizli Müsavat” təşkilatının üzvü olmaqda günahlandırılmışdılar. Yəni bir-birlərini çox yaxşı, xeyli dərəcədə yaxından tanıyırdılar. Ancaq bu, Ə.Yurdsevərin ortaya atdığı iddiaya qeyd-şərtsiz inanmaq üçün əsas vermir, çünki böyük yazıçı vəfat edərkən onların əlaqələri məcburən kəsilmişdi: Əbdülvahab bəy həmin vaxt xeyli uzaqda – mühacirətdə, Varşavada idi.
Bununla belə, onun Cəfər Cabbarlının ölümü ilə bağlı iddiasını tamamilə görməzdən gəlmək də mümkün deyil. Hər halda Ə.Yurdsevər bu barədə bir cümlə yazaraq keçmir, ətraflı, ən əsası isə xeyli inandırıcı şəkildə bəhs edir. Sitat: “Vəfatından bir gün əvvəl QPU-ya (Baş Kəşfiyyat İdarəsi – E.A) dəvət edilən Cəfər çekistlərin küfr və təhdidləri ilə qarşılaşmışdı. Uzun müzakirələrdən sonra düşünmək üçün ona bir neçə gün möhlət verilib, keçmiş nöqsanlarını tamamilə aradan qaldırması təklif edilib. Pərişan bir halda evinə dönən şair kimsə ilə danışmadan və yemək yemədən öz otağına çəkilib, paltarını çıxarmadan yatağına girib. Ertəsi gün onu ölü tapıblar və təhqiqat nəticəsində zəhər içdiyini aşkar ediblər…”
Lakin təbii ki, hökumət rəsmiləri işin üstünü vurmayıblar və Cəfər Cabbarlıya təntənəli vida mərasimi təşkil ediblər. 1935-ci il yanvarın 2-də “İsmailiyyə” binasında keçirilən bu vida mərasiminin başlıca səbəbi də çox güman ki, böyük yazıçının yaradıcılığına hörmət deyildi. Hökumət daha çox onun basqılara görə intihar etdiyinə dair həmin vaxt yayılan şayiələrdən sığortalanmaq istəyirdi. Yəni, “baxın, bizim Cabbarlı ilə heç bir ixtilafımız yoxdur, olsaydı, onu belə təntənəli şəkildə son mənzilə yola salmazdıq”.
Hər halda Yurdsevərin iddiası doğrudursa, məlum vida mərasimi ilə bağlı ilk ağıla gələn budur.
Üstəlik, Əbdülvahab bəyin yazdığına görə, həmin iddianı “son illər ərzində Bakıdan vətənlərinə sürgün edilən iranlılar” da bir ağızdan təsdiqləyirmişlər…
***
Daha bir maraqlı məqam. Cəfər Cabbarlı öldüyü gün Mərkəzi Komitəyə (MK) getməli idi. Belə ki, “Pravda” qəzeti üçün yazdığı “Bakı” adlı novellanı Azərbaycanın o vaxtkı rəhbəri Mir Cəfər Bağırov oxumaq istəmişdi.
Odur ki, dekabrın 31-də səhər saat 10-da MK-da olmalı idi.
Lakin bu, baş tutmadı: gecə saat 4-də böyük yazıçı həyata gözlərini əbədi yumdu.
***
Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım isə onun son gününü belə xatırlayır: “Həmin gün nahara qədər Cəfərin halı yaxşı idi. Nahardan sonra özünü zəif hiss etməyə başladı. Bir az əvvəlki nikbin söhbətlərini, heç gözləmədiyimiz halda birdən ümidsizlik bürüdü.
– Sonası, – dedi, – Bizim nəsil çox yaşamır və bir də, adam bilsə ki, düz min ildən sonra öləcək, indidən bağrı çatlar. Ancaq nə vaxt öləcəyini bilmədiyindən ümidlə yaşayır.
Dərhal söhbəti dəyişdim. Ancaq o, çox fikirli idi. Nə qədər təsəlli verirdiksə, ürəyi açılmırdı. Həkim çağırmaq istədim. “Eh, qaya uçan günü toz qopacaq”, – deyə razı olmadı” (S.Cabbarlı, “Onu kim unudar” kitabından).
Gəlin razılaşaq ki, Sona xanımın bu xatirələrində də xeyli mübhəm məqamlar var. Necə deyərlər, “şeytan detallarda gizlənir”.
Məsələn, yazıçının əhvalının qəfil dəyişməsinin – nikbin ovqatının birdən-birə ümidsizliklə əvəzlənməsinin sirri nə imiş görəsən? Ya da, mənsub olduğu nəslin nümayəndələrinin adətən az yaşadığını təsadüfənmi xatırlayıb? “Eh, qaya uçan günü toz qopacaq” – bunu Cabbarlı həqiqətənmi sözgəlişi deyib?
Yoxsa, doğrudanmı, insanın ölümü öncədən ona agah olur? Bu bir az fatalist sual hardan ağlıma gəldi bilmirəm. Ancaq həyat yoldaşının xatirələri, kim nə deyir desin, Cabbarlının ölümü ilə bağlı yetərincə ciddi mətləblərdən xəbər verir.
Sona xanımın yazdığına görə, xeyli təkiddən sonra Cəfər axşamçağı nəhayət ki, yatıb, yuxuya getməzdən əvvəl isə düz saat doqquzda onu oyatmağı tapşırıb: “Saat doqquzda otağına girdim. O isə artıq oyanmışdı. Qalxdı geyindi, həyətə çıxıb bir az gəzindi. Haraya isə getmək fikrində idi. İçəri girib bir neçə damcı dərman istədi… Sonra çarpayının kənarında oturub bir qədər fikrə getdi və birdən dilləndi:
– Bilirsiniz nə var: indicə yatmışdım, yuxuda gördüm ki, ölmüşəm, məni aparırlar, özüm də ayığam. Siz ağlayırsınız, mən isə sizə: “Ağlamayın” demək istəyirəm, lakin deyə bilmirəm. Axırda bütün qüvvəmi yığıb sizə dedim: “Ağlamayın, ölməmişəm!”
Bir an susub əlavə etdi:
– Əgər işdir ölüb-eləsəm, uşaqlardan muğayat ol…
Mən zarafata salıb dedim:
– Yuxuda ölmək ölməməkdir, ağlamaq da gülmək.
Bu sözümə özü də güldü…”
Beləcə, aydın olur ki, Cəfər Cabbarlının dünyasını dəyişməsindən öncəki son bir neçə saatı tamamilə ölüm mövzusuna köklənib.
Qəribədir, çox qəribədir!
Və bu qəribəliyi hansısa fatalist fikrin arxasına sığınmaqla izah etmək mümkünsüzdür…
(I yazının sonu)