Adətən ilin son həftəsi ölkəmizdə ərzaq bazarındakı qiymət bahalaşmasının müzakirələri ilə yadda qalırdı. Başa vurmaqda olduğumuz ildə işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi bu ənənəni tamamilə arxa plana keçirdi. Hazırda cəmiyyətin diqqətində olan əsas məsələ müharibə qəhrəmanlarının sosial-maddi təminatı, onlara münasibətdir. Kiçik bir kəsim isə ölkənin baş maliyyə sənədinin – 2021-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirə olunan layihəsini çək-çevir etməkdədir.
Kiçik kəsim deyirəm, ona görə ki, böyük əksəriyyəti dövlət büdcəsinin necə, nə cür qəbul və icra olunması heç maraqlandırmır. Bu maraqsızlığın bir səbəbi insanlarımızın öz laqeydliyidirsə, digər səbəbi, dəyərli ekspertlərimizə görə, onu hazırlayan və icra edənlərin məqsədyönlü siyasətidir. Məqsədyönlü siyasətin məqsədi də ölkənin maliyyə qazanına nəyin gəlib, nəyin getdiyi ilə mümkün qədər az vətəndaşın maraqlanmasına nail olmaqdır. Ki, qazan mümkün qədər qapaq altında qaynasın: ondan kimlərin nə qədər pay aldığına diqqət yetirən olmasın.
Lakin şükür ki, Azərbaycanda büdcə prosesini izləyərək, hökumətin açıqladığı layihəyə müstəqil şərh verən, cəmiyyətin müəyyən bir kəsimini məlumatlandıran iqtisadçı-ekspertlərimiz var. Beləliklə, sizlərə cəmiyyətin sözünə etimad etdiyi ekspertlərimizin gələn ilin büdcəsinə dair şərhlərinin ən maraqlı məqamlarını təqdim edirik:
İqtisadçı-ekspert Rövşən Ağayev:
– 2020-ci ilin büdcəsi ilə bağlı müzakirələr Türkiyə Parlamentinin büdcə komissiyasında 19 dəfə müzakirə edilib, yalnız komissiya müzakirələrinin stenoqramı 2714 səhifədir;
– Hesablama Palatası 2021-ci il dövlət büdcəsilə bağlı rəyində iri özəl investisiya layihələrinə 2021-ci ildə 535 milyon manat dövlət dəstəyinin verilməsinin hüquqi cəhətdən poblemli olmasına diqqət çəkib.
Palata bildirir ki:
1) Bu xərclər qanunvericiliyə zəruri dəyişikliklər olunmadan Dövlət İnvestisiya Proqramına daxil edilib;
2) Proqnozlaşdırılan vəsaitin istiqamətlər üzrə bölgüsü təqdim olunmayıb;
3) “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na görə, investisiya xərcləri dövlət orqanlarının, büdcədənkənar dövlət fondlarının və dövlət müəssisəsi aktivlərinin artırılması üçün nəzərdə tutulan xərclər kimi müəyyən edilir.
4) Bu xərclər Qaydaların tələblərinə uyğun hesablamalar və əsaslandırlmalar aparılmadan Dövlət İnvestisiya Proqramına daxil edilib.
5) Yalnız sosial-iqtisadi cəhətdən səmərəliliyi müəyyən edilən layihələr Proqrama daxil edilə bilər.
Rəydə o da vurğulanır ki, 2021-ci ilin büdcə sənədləri dəstinə qanunvericiliyin tələbinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi deyil, 3 illik Dövlət İnvestisiya Proqramının əsas istiqamətlərinin layihəsi təqdim edilmişdir.
Eyni zamanda, təqdim edilmiş layihədə əvvəlki illərdən fərqli olaraq Dövlət İnvestisiya Proqramı üzrə nəzərdə tutulan xərclərin sektorlar (sahələr) üzrə bölgüsü də əks etdirilməmişdir;
-Büdcə ilə bağlı publik müzakirələrdə belə rəylərə rast gəlirəm ki, işğaldan azad edilmiş ərazilərin bərpası büdcə xərclərini artırıb, hökumət artan xərcləri qarşılamaq üçün manatı ucuzlaşdıracaq. Bu yanlış məlumatdır, ən azından bərpa nəticəsində büdcə xərcləri artmayıb. Çünki bərpa xərcləri investisiyaların tərkibində nəzərdə tutulub. İnvestisiya xərclərinin həcmində isə ciddi dəyişklik yoxdur – 2020 və 2021-də təxminən 5 milyard manat ətrafındadır. Sadəcə, hökumət digər ərazilərdə investisiya layihələrini yarıbayarı azaldaraq investisiya xərclərinin xeyli hissəsini bərpa ərazilərinə yönəldir.
Ümumiyyətlə, gözləntilərin əksinə olaraq, büdcə xərcləri kəskin (ən azından 15-20 faiz) artmadı, cəmi 3.8 faiz və ya təxminən 1 milyard manat artdı. Bu artım da əsasən 2 istiqamətə – müdafiə xərclərinin və pensiya-müavinət xərclərinin artımına gedir;
-2020-ci illə müqayisədə səhiyyə xərcləri 18 faizə yaxın (308 milyon manat) az proqnozlaşdırılıb. Güman ki, bu, icbari tibbi sığortanın tətbiqi və sığorta haqlarının yığımı ilə bağlıdır
Sosial müdafiə xərcləri 14 faiz (456 milyon manat) artırılır. Bu artım əsasən pensiya xərclərinin artımı ilə bağlıldır. Sosial Müdafiə Fonduna transfertlərdə 40 faiz (466 milyon manat) artım nəzərdə tutulur.
Şəhidlərin uşaqları üçün müavinət xərclərində 19 faiz, müddətli hərbi xidmətdə olan uşaqları üçün müavinət xərclərində 18 faiz artım nəzərdə tutulur.
Ümumilikdə büdcə sahəsində çalışanların əmək haqqı xərclərində artım nəzərdə tutulmayıb – 2020-də olduğu kimi 2021-də də büdcənin əmək haqqı xərcləri 6,6 milyard manat proqnozlaşdırılıb.
Büdcədən mal və xidmət alınması xərcləri 31 faiz azaldılıb;
-Bu büdcə iqtisadiyyatın (istər biznesin, istərsə də ev təsərrüfatlarının) suyunu çıxarıb büdcə üçün resurs almaq imkanının artıq tükəndiyinin etirafıdır. Əslində bu sıxma-boğma, “şirəçıxarma” prosesi devalvasiya dövründə başladı, pandemiya ilində pikə çatdı. İndi biznes çökmüş vəziyyətdədir.
Niyə bu nəticəyə gəldiyimin səbəbini də deyim: indiyə qədər dövlət şirkətlərindən büdcəyə 3-5 milyon manat dividend alan hökumət gələn üçün həmin mənbədən 168 milyon manat cəlb etməyə qərar verir. Yəni indiyə qədər aldıqlarından az qala 40-45 dəfə çox;
-Hökumət heç vaxt olmadığı qədər daxili borclanmaya getmək istəyir – 2 milyard manat həcmində;
– Büdcəyə Borcların Təminat Fondundan 880 milyon manat, Mərkəzi Bankın mənfəətindən 250 milyon manat cəlb etməyi planlayır. Halbuki son 3 ildə Mərkəzi Bankın mənfəətinə büdcə ehtiyac hiss etmədiyi üçün Təminat Fonduna yönəldilirdi. Təminat Fondunun büdcə köçürülməsinə gəldikdə, Fondla bağlı qaydaların 3.2-1-ci maddəsinə görə, dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir. 2020-ci ilin əvvvəlinə Təminat Fondunda 1 milyard 228 milyon manat toplanmışdı (əsasən Mərkəzi Bankın mənfəətindən köçürmələr hesabına).
İqtisadçı-ekspert Natiq Cəfərli:
– 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 faiz çoxdur.
2021-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 11,851 milyard manat nəzərdə tutulub. Məlumata görə, gəlirlərin 48,7 faizini və yaxud 5 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5 faizini və yaxud 3 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6 faizini və yaxud 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, 8,1 faizini və yaxud 947 milyon manatını isə digər gəlirlər təşkil edəcək.
-Bu, proqnozdur, həyata keçməsi üçün iqtisadi aktivlik də bərpa olunmalıdır, bu isə çox çətin məsələdir. 2020-ci il kiçik-orta sahibkarları dizi üstə qoyub, onların özünə gəlməsi üçün böyük maliyyə dəstəyi lazımdır ki, o da 2021-ci büdcəsində görünmür, yəni yenə biznesi “minməklə” pul toplayacaqlarını düşünürlər.
Neft Fondundan büdcəyə transfert dəyişmir, 2020-ci ilin avqust büdcə düzəlişlərində nə qədər idisə, o qədər də qalır – 12 milyard 200 milyon manat. Bu isə o deməkdir ki, büdcənin neftdən asılılığı azalmır, azalması üçün institutsional heç bir ciddi addımlar atılmır;
-Büdcə kəsrinin həcmini və başqa dolayı parametrləri nəzərə alsaq, 2021-ci il büdcəsindən devalvasiya “qoxusu” gəlir. Ola bilər ki, bu addımı bu il yox, gələn ilin fevral-mart aylarında atsınlar;
-Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimiz üçün 2,2 milyard manat vəsait ayrılacaq – az məbləğ deyil, ictimai nəzarət, şəffaflıq olsa xeyli iş görmək olar;
2021-ci ildə Azərbaycan büdcədən 2,2 milyard manat ayırıb xarici borc (o cümlədən 466,27 milyon manatı faiz ödənişləri) qaytaracaq. Gələn il büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün Azərbaycan 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirməyi planlaşdırır – bu da elə əlavə borclanmaq deməkdir;
İqtisadçı-alim Qubad İbadoğlu:
-Uzun illərdir ki, Azərbaycanda dövlət büdcəsi daha çox neft pulları hesabına formalaşır. Neftsiz büdcəmiz dövlətin cari xərclərini belə tam ödəmir. Belə ki, 2021-ci ildə dövlət cari xərclərə ümumi xərclərin 63,1 faizi və ya 18,01 milyard manat vəsait ayrılacaq. Gələn il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi və ya 11,65 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Beləliklə də qeyri-neft sektorunun gəlirləri ən yaxşı halda cari xərclərin 64,7 faizinə bəs edəcək. Bu isə o deməkdir ki, büdcəyə neft pulları transfert edilmədiyi halda qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin (idarəetmə, əmək haqqı, sosial müavinət və sairə) hər 3 manatdan 1 manatı kəsirdə qalacaq;
-Bildiyiniz kimi, büdcə yalnız cari xərclərdən ibarət deyildir. Gələn ilin büdcəsinin 29,2 faizi və ya 8,3 milyard manatı əsaslı xərclərə, 7,7 faizi və ya 2,2 milyard manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
İqtisadçı-ekspert Elman Sadiqov:
-Diqqət yetirdiyim əsas məqamlardan birincisi büdcə xərclərinin ÜDM-ə nisbətinin 38 faizə çatmasıdır. İnanıram ki, büdcə tariximizdə bu, ən yüksək hədd olacaq. Çünki büdcə xərclərinin ÜDM-ə nisbətinin bundan sonra da artması iqtisadiyyatımız üçün müsbət amil və göstərici sayıla bilməz, əksinə, həyəcan təbili çalınar. Qeyd edim ki, dünyada inkişaf etmiş və etməkdə olan ölkələrdə (təbii ki, 3-cü dünya ölkələrini nəzərə almıram) bu nisbət ən çox 15-30 faiz arasındadır. Pandemiya ilə əlaqədar olaraq istisnalar əlbəttə ki, bu il ola bilər (bizim də büdcədə olduğu kimi). Bu payı azaltmaq deyəndə büdcə xərclərinin azaldılması, əlbəttə, mümkün deyildir;
-Ümumiyyətlə, büdcə hər il artmağa məhkumdur. Əks halda, iqtisadiyyatda ciddi problemlər yaranar. Artmağa məhkum olduğu üçün də büdcə kəsiri deyilən qaçılmaz amil vardır. Deməli, 2021-ci ildən etibarən əsas hədəf ÜDM-in artırılması olmalıdır ki, büdcənin ÜDM-də payı nisbətən aşağı düşsün;
Bəs büdcədə ÜDM-nin payının yüksək olması nələrin nəticəsidir?
– ÜDM artımı ilə büdcə artımı arasındakı əlaqənin büdcənin xeyrinə, arzuolunmasa da, məcburən ciddi şəkildə pozulması;
– ÜDM artımını şərtləndirən amillərin zəifləməsi;
– ÜDM artımı ilə inflyasiya arasındakı əlaqənin pozulması (ÜDM artımı inflyasiyanın altındadır, ya da ÜDM azalmışdır. 2020-ci il ərzində məsələ aydındır, amma illər ərzində inflyasiya və ÜDM artımı arasındakı məcmu nisbət də önəmli rol oynayır);
– Büdcə xərclərinin geri dönüş effektivliyinin zəif olması və sair.
İqtisdçı-ekspert Rəşad Həsənov:
-Büdcə layihəsi açıqlandıqdan sonra devalvasiya ehtimalım 80 faizdən 50-60 faizə düşdü. Təbii ki, məzənnə üzərində təzyiqlər çoxdur. Lakin mən büdcə kəsininin işğaldan azadolunma xərclərinin 4-6 milyard arasında olacağını güman edirdim. Bu isə büdcə kəsirini 5-7 milyarda yüksəldə bilərdi. Nəticədə devalvasiya yolu ilə Neft Fodundan transfertlər daxil olmaqla büdcənin valyuta ilə gəlir mənbələrindən daxilolmalarının manatla ifadədə şişirdilməsinə gediləcəyini düşünürdüm. Lakin işğaldan azad edilmiş ərazilərdə hərbsizləşdirmə və infrastrukturun yenidən qurulmasına 2.2 milyard manat ayrıldı və büdcə kəsiri də 3 milyard manat ətrafına çəkildi…
Enerji məsələləri üzrə ekspert İlham Şaban:
– Büdcənin neftin 40 dollar qiyməti ilə hesablanması normal yanaşmadır. Çünki gələn il üçün neftin qiymətinə dair heç bir proqnozda orta illik qiymətin 40 dollardan aşağı olması gözləntisi yoxdur. Bütün proqnozlar 45-50 dollar ətrafındadır. Hətta bəzi beynəlxalq qurumlar 51-55 dollardan da bəhs edirlər.
Söhbət əlbəttə, orta qiymətdən gedir. Müəyyən qısamüddətli qiymət oynamaları mümkündür, amma illik orta qiymət büdcədə götürüləndən yuxarı olacaq.