Dövlət ağır yükü çiyinlərindən atmalıdır
Yeni ilin ikinci həftəsində Azərbaycan gündəmi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Vidadi Muradovun həbsi xəbəri ilə çalxalandı. Baş Prokurorluğun yaydığı məlumatdan aydın olur ki, V.Muradov “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaiti köçürərək, həmin məbləğin 1 milyon 149 min manatlıq hissəsini mənimsəyib.
Bundan başqa, V.Muradov 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyib.
Keçmiş ASC sədri 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manata alınması mümkün olan yun təmizləmə xəttini Almaniyadakı bir şirkətdən 5 milyon 314 min avroya (10 milyon 167 min manat) almaq üçün müqavilə bağlayıb. Daha sonra isə müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulu həmin şirkətə ödəyib. Bütün bunlara görə V. Muradova qarşı 09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2019-cu ildə Hesablama Palatası “Azərxalça” ASC-də büdcə vəsaitlərindən səmərəli istifadə ilə bağlı yoxlama aparıb. Yoxlamanın nəticələri ictimaiyyətə açıqlanmayıb, lakin görünür, əldə edilən məlumatlar Baş Prokurorluğa göndərilibmiş.
ASC-nin açıqlanan son illik maliyyə hesabatı 2018-ci ili əhatə edir. Hesabatdan məlum olur ki, 2018-ci ildə ASC 424,094 min manatlıq xalça satıb. Bu zaman satışın maya dəyəri 540,049 min manat təşkil edib. Yəni ASC istehsal etdiyi xalçaları maya dəyərindən 20 faizdən də çox aşağı qiymətə satıb. Nəticədə 115,951 manat zərərlə üzləşib. Prokurorluğun aşkarladığı faktlar göstərir ki, xalçalar məqsədyönlü şəkildə ucuz satılıbmış. Həmin faktlardan o da aydın olur ki, V.Muradov və ətrafındakılar “Azərxalça” üzrə hər maliyyə əməliyyatından ayrılan vəsaitin təxminən 30 faizi həcmində “otkat” götürüblər. Nəzərə alsaq ki, 2017-ci il və 2018-ci ilin sonuna ASC-yə dövlətin əlavə kapital qoyuluşu 68 milyon manata yaxın olub, o zaman iki ildə nə qədər dövlət vəsaitinin talandığını hesablamaq elə də çətin olmaz. Özü də hesabata görə, bu vəsaitlə 2017-2018-ci illərdə ölkənin müxtəlif regionlarında 19 istehsal emalatxanası tikilib istifadəyə verilib.
“Azərxalça” rəhbərliyi xalçaları ucuz satıb, avadanlığı baha alıb qazanc götürərkən ASC-nin işçiləri aylarla əmək haqqı ala bilməyiblər. 2020-ci ilin mayında işçilərin şikayəti ictimailəşəndən sonra ASC-dən açıqlama verilib ki, koronavirus pandemiyası səbəbindən xalçaları satmaq mümkün olmayıb, ona görə də fevral-mart-aprel aylarında sayı 1800 nəfər olan işçilərə maaş ödənilməyib. 2018-ci ilin sonuna qurumda işləyən 1500 nəfərə yaxın əməkdaşın cəmi maaş fondu 510 min manat təşkil edib – rəhbərliyin bir “qazanc” əməliyyatından əldə etdiyindən 2 dəfə az…
“Azərxalça” rəhbərinin həbsi böyük rezonans doğursa da, cəmiyyətdə təəccübə də səbəb olmadı. Acı reallıqdır ki, Azərbaycanda insanlar dövlət şirkətlərindəki korrupsiya hallarına təəccüblənmirlər. Çünki sayı onlarla olan bu şirkətlərin hər birində kiminsə 1-2-5 yaxını işləyir və hamı oralarda nələrin baş verməsindən xəbərdardır…
V.Muradovun həbsi ölkə iqtisadiyyatının, hökumətinin ən böyük problemlərindən birini növbəti dəfə gündəmə daşıdı. Söhbət iri dövlət şirkətlərinin fəaliyyətindəki korrupsiya risklərindən gedir. Diqqət yetirək ki, 2018-ci ildə dövlətdən 30 milyon manatdan yuxarı vəsait alan “Azərxalça” ili 4 milyon manatdan yuxarı zərərlə başa vurub. Və ona da diqqət yetirək ki, bizim dövlətdən “Azərxalça”dan yüz dəfələrlə çox vəsait alıb milyardlarla manat zərəri olan şirkətlərimiz az deyil. O şirkətlər barədə Prezident İlham Əliyev keçən ilin avqustunda çox sərt tənqidlər səsləndirmişdi: “Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.
Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır”.
Prezidentin bu çıxışından sonra Azərbaycan İnvestisiya Holdinqi yaradılıb, ötən ilin noyabrında 21 dövlət şirkəti onun idarəetməsinə verilib. Holdinq bu şirkətlərin idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması ilə məşğul olacaq.
Holdinq yeni yaradılıb və fəaliyyətinin hansısa nəticəsindən danışmaq mümkün deyil. Lakin son həbslər göstərir ki, dövlət şirkətlərindəki qapalılığın, qeyri-şəffaflığın, zəif hesabatlılığın qarşısı ən qısa müddətdə alınmasa, onlarda müasir idarəetmə prinsipləri tətbiq olunmasa postpandemiya, postmüharibə dövründə dövlətin maliyyə yükü çəkilməzə çevriləcək. Qeyd edilən addımlar həm də ona görə vacibdir ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək çoxmilyardlıq layihələrə ayrılan vəsaitlər “Azərxalça”nın Almaniyadan yun təmizləmə xətti almasına bənzər əməliyyatlarla şəxsi hesablara ötürülməsin.
İndiyədək həbs olunan yüksək vəzifəli şəxslərin aşkarlanan cinayət əməlləri arasında dövlət vəsaiti ilə həyata keçirilən satınalmalarda yol verilən maxinasiyalar ilk yerdə gəlir. Belə maxinasiyalara isə daha çox satınalmaların kotirovka sorğusu, bir mənbədən alış kimi metodları vasitəsilə həyata keçirilməsi zamanı yol verilir.
Hesablama Palatasının 2019-cu il üzrə dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2019-cu ildə dövlət vəsaitləri hesabına ümumilikdə 5 milyard 720 milyon manat məbləğində satınalma müqavilələri bağlanılıb və 11457 sayda müsabiqə keçirilib. 2019-cu ildə keçirilmiş müsabiqələr arasında say baxımından daha çox kotirovka sorğusuna (6323) üstünlük verilib. Belə ki, bu metod 55,2 faiz paya malik olub. Hesabat ilində rəqabətli satınalma metodları 7,7 faiz daha çox istifadə edilsə də, bu metodların əhatə etdiyi məbləğ 46,7 faiz paya malik olmaqla əvvəlki illə müqayisədə cəmi 2,2 faiz bəndi çoxalıb.
Bundan əlavə, Hesablama Palatası bildirir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də, birmənbədən satınalma metodunun xüsusi çəkisi böyük olmasa da (12,5 faiz), bu yolla xərclənən vəsait ümumi satınalma məbləğinin 53,3 faizini təşkil etməklə əhəmiyyətli paya malik olub.
Və bu gün demək olar ki, bütün iri dövlət şirkətlərinin satınalmalarının böyük əksəriyyəti kotirovka sorğuları yolu ilə reallaşdırılır. Satınalmaların mühüm bir hissəsinin birmənbədən baş tutduğu da heç kimə sirr deyil: adətən hər bir şirkətin satınalmalarında qalib çıxarılan bir neçə MMC-si olur. Ən ucqar bir kənddə qeydiyyatdan keçmiş MMC-nin yarandığının 1 ayı tamam olmamış hansısa bir dövlət şirkətindən çoxmilyonluq sifarişlər alması Azərbaycanda ən adi hala çevrilib.
Nəticə isə göz önündədir: onlarla nəhəng dövlət şirkətindən bu gün mənfəətlə işləyənini barmaqla saymaq olar. Böyük dövlət şirkətlərinin yığılmış zərəri hazırda Azərbaycanın illik dövlət büdcəsinə çatmaq üzrədir.
Məsələn, 2019-cu ildə bütün ölkənin enerji təchizatını həyata keçirən “Azərişıq” ASC-nin xalis zərəri 2018-ci ilin yekunları üzrə 12 milyon 919 min manat məbləğində xalis mənfəətə qarşı 54,863 milyon manat təşkil edib. Cəmiyyətin saytında dərc olunmuş 2019-cu ilə dair maliyyə hesabatına əsasən, onun gəlirləri 1 milyard 232,441 milyon manat (artım 2,3 faiz), satışların maya dəyəri 1 milyard 134,344 milyon manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 3,4 faiz) təşkil edib.
2019-cu ildə “Azərişıq” ASC-nin əməliyyat fəaliyyətindən zərəri 33,236 milyon manat (2018-ci ildə gəlir 36,824 milyon manat), vergi ödənilənədək zərəri 53,037 milyon manat (2018-ci ildə gəlir 30,269 milyon manat) təşkil edib. 2015-ci ildə yaradılmış ASC-nin yığılmış zərəri 2019-cu ildə 17 faiz artaraq 385 milyon manata çatıb.
Ölkənin əsas enerji istehsalçısı “Azərenerji” ASC-nin 2018-ci ilin yekununda 2 333 milyon manatdan çox yığılmış zərəri olub. Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 10 faiz çoxdur. Başqa sözlə, səhmdar cəmiyyətinin nizamnamə fonduna qoyulmuş 1 760 milyon manat vəsait dağıdılıb, onu müflis olmaqdan isə 1 762 milyon manatlıq əlavə investisiya qoyuluşu xilas edib.
Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, 2019-cu ildə dövlət büdcəsindən “Azərenerji” ASC-yə 403 milyon manat ayrıldığı halda, qurumun büdcəyə ödənişləri cəmi 90,8 milyon manat təşkil edib. 2018-ci ildə ASC büdcədən 240,1 milyon manat alıb, ödənişləri isə cəmi 86,8 milyon manat olub. Dövlətdən birbaşa aldıqlarından əlavə, “Azərenerji”nin yanacaq xərclərini də dövlət subsidiyalaşdırır. Belə ki, 2018-ci ildə ASC-yə ucuz satılan qaza görə dövlət büdcəsindən SOCAR-a 300 milyon manat subsidiya ayrılıb. Analoji subsidiyalaşdırma əvvəlki illərdə də həyata keçirilib. Digər tərəfdən, “Azərenerji” ASC-nin xarici təşkilatlardan aldığı kreditlər üzrə ödənişlərin mühüm bir qismi də dövlət büdcəsi hesabına həyata keçirilir. Belə ki, Nazirlər Kabinetinin 2015-ci ildə imzaladığı sərəncama əsasən 2016-2025-ci illər üçün “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub.
Prezidentin sərt tənqid etdiyi AZAL 2018-2019-cu illərin maliyyə nəticələrini açıqlamasa da, 2017-ci ilin yekununda onun 1 milyard 434 milyon manat zərəri olub. Bu isə 2016-ci ilin yekunu ilə müqayisədə təxminən 3 faiz çoxdur.
Son illər böyük investisiyaların axdığı “Azərbaycan Dəmir Yolları” QSC-nin də zərəri kifayət qədərdir. Qurum 2019-cu ilin maliyyə hesabatını verməsə də, 2018-ci ildə onun yığılmış zərəri təxminən 34 faiz artaraq 1 milyard 476 milyon manata çatıb. Bu isə onun nizamnamə kapitalından (806 milyon manat) çoxdur və səhmdar cəmiyyəti 1 milyard 905 milyon manatlıq dövlət investisiyası hesabına ayaq üstə qalır.
2014-2019-cu illər dövründə dövlət büdcəsindən QSC-yə cəmi 2 milyard 481.1 milyon manat investisiya ayrıldığı halda, onun dövlət büdcəsinə vergi ödənişlərinin cəmi məbləği 83.2 mln. manat olub. Başqa sözlə, qeyd olunan dövrdə dövlət büdcəsindən Cəmiyyətə ayrılan investisiyanın məbləği onun dövlət büdcəsinə ödədiklərindən təqribən 30 dəfə çox olub.
“Bakı Metropoliteni” QSC də zərərlə işləyən dövlət şirkətlərindəndir. 2019-cu ildə onun yığılmış zərəri təxminən 13 faiz artaraq 482 milyon manata çatıb.
Kommunal xidmət nəhəngi “Azərsu” ASC 2019-cu ili 592,488 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 23,4 faiz çoxdur. Ümumilikdə səhmdar cəmiyyətin yığılmış zərəri 7 milyard manata yaxındır. Nizamnamə kapitalı cəmi 400 milyon manat olan ASC-yə indiyə qədər 2 milyard 13 milyon manat əlavə kapital, 4 milyard 190 milyon manat dövlət investisiyası qoyulub.
Aydın məsələdir ki, bu zərərlər sadəcə, şirkətlərin öz məhsullarını əhaliyə maya dəyərindən ucuz satmasının nəticəsi deyil. Korrupsiya ittihamı ilə aparılan həbslər zamanı üzə çıxarılan faktlar bunu açıqca ortaya qoyur. Bu baxımdan, dövlət öz “ərkəsöyün” balalarını, nəhayət ki, düz yola qaytarmalıdır…