Bəlkə bir ildir ki, publisistika ilə məşğul olmuram və açığı heç yazı yazmaq üçün bir qram da həvəsim yoxdur. İndi də, özümü çox mənasız bir iş görürmüş kimi hiss edirəm, amma bir damcı ümid var ki, bəlkə bu səslər, bağırtılar, nifrət çığırtıları, absurd bolluğunda kiməsə bu sözlərin zərrə təsiri oldu.
Əlbəttə, Avropada, Amerikada, rifah içindəki ölkələrdə rahat yaşayan, yayda sərin, qışda isti evlərdə oturub, yayda yay, qışda qış tətilinə çıxan, bu ölkələrin vətəndaşlığını alıb və ya alacağı günü gözləyən, amma uzaq Azərbaycanda müharibə istəyən adamlara nəsə demək, nəsə izah etmək çətindir, zülmdür, mənasızdır.
Öz övladlarını avropalı, amerikalı uşaqların arasında, sülh, əmin-amanlıq, tolerantlıq söbətləri içində, əllərində meyvə suyu və şokoladla böyüdərək, cəbhə bölgəsində yaşayan uşaqların mərmi, atəş səsləri altında böyüməsini istəyən insanlara nəsə demək çətindir.
Hər iki oğlu və özü avropada biznes qurub, həyatını yaşadığı halda, kasıb-kusubun balasına “İgid əsgər, sən səngərdə möhkəm dayan!” deyə Avropadan çağırış edən adama necə nəsə izah etmək olar axı… Belə bir şey mümkündürmü? O özü nə qələt etdiyini bilmirmi? Çox gözəl bilir. Müharibə istəyən bütün adamların ağzı da, üzr istəyirəm, götü də isti yerdədir.
Müharibə istəyən ona görə istəyir ki, müharibə istəmək vətənpərvərlik kimi görünür, kənardan xalq, vətən təəssübkeşi kimi görünür. İgidlik kimi görünür, cool görünür. Günü bu gün 5-10 min tapıb, iki qardaşımı və onların uşaqlarını ölkədən çıxardıb, avropada yerləşdirib, sonra “Qarabağ bizimdir! Haydı, Azərbaycan əsgəri!” deyib, ailəsi kasıb komalarda yaşayan əsgəri ölümə göndərmək çağırışları etsəm, necə vətənpərvər görünərəm, deyilmi?
Amma, nə etməli, əxlaq var, vicdan var, bəzi şeylər var ki, onlardan keçmək çətindir, ayıbdır.
Təsəvvür edin ki, Qarabağı heç vaxt görməyən, görmək fikri də olmayan, Avropa, Amerikada yaşayan, qərbdəki rifah dolu ölkələrdə vətəndaşlıq almaq istəyən, Qarabağda yaşamağı ağlından keçirməyən insan deyir ki, “Azərbaycandakı əsgər, get, Qarabağ uğrunda öl! Orda, indi yaşayan bütün erməniləri də öldür. Qarşına keçəni öldür, özün də öl! Düzdü, mən Qarabağda yaşamayacam, amma Qarabağ bizim olsun, siz ölsəniz də, olar…”
İlahi, bunu demək üçün insanda necə həyasız, sırtıq, dəmir sifət olmalıdır! Dəhşət, sadəcə dəhşət!
Hə, bəs biz nə etməliyik?
Ondan başlayaq ki, nə etməməliyik…
Məsələn, Kim Kardaşyana “pornoulduz”, “fahişə” demək nifrət nitqidir, azərbaycanlıların dünyadakı imicinə ziyandır. Bizim öz marağımızda olmalıdır ki, auditoriyası Azərbaycan vətəndaşlarının sayından 20 dəfə çox olan, dünya şöhrətli modeli sırf ermənidir deyə, təhqir etməyək.
“Ermənilər bizim düşmənimizdir!” demək, nifrət nitqidir, bütün bir xalq düşmən olmur. Bizi Qarabağdan didərgin salan erməni xalqı olmayıb, ordusu olub. Əgər biz Qarabağa qayıtmaq istəyiriksə, bu, ancaq indi orda yaşayan ermənilərlə birlikdə yaşayacağımız halda mümkündür. Əgər biz erməniləri düşmən elan edir, onlara nifrət saçırıqsa, bu “birlikdə yaşamaq” mümkün görünərmi? Görünməz.
Biz nifrət nitqi, faşist çağırışlar, erməni əsilli məşhurları təhqir etməklə, şəksiz bizə tanınmalı olan və Qarabağ problemində ilkin mərhələ ola biləcək ən vacib şansımızı, qayıdış haqqımızı uduzuruq. Çünki dünyanın gözündə qana susamış, Qarabağa qayıdarsa, ordakı erməniləri qıracaq bir toplum oluruq.