Xalq yazıçısı və dramaturq Mir Cəlal Paşayevin ili (1908-1978) elan olunmuş 2018-də mən, bir tarixi faktı araşdırdım. Çox təəssüf ki, bu fakt, yazıçının ədəbi irsinin tədqiqi zamanı diqqətdən kənarda qalıb.
Böyük Vətən Müharibəsinin (1941-45) qızğın illərində yaradıcı gücünün çiçəklənən çağında olan Mir Cəlal yeganə azərbaycanlı müəllif olub ki, vaxtilə Sergey Eyzenşteynin köməkçisi qismində çalışmış, Amerika səfəri zamanı onu və Eduard Tisseni müşayiət etmiş, 30-cu illərin sonlarında isə artıq məşhur sovet komedioqrafı olan Qriqoriy Aleksandrov onunla əməkdaşlıq etmək qərarına gəlmişdi. Həmin dövrdə adları Stalin kinosunun qızıl fonduna daxil olan Qriqoriy Aleksandrovla həyat yoldaşı Lyubov Orlovanı arxa cəbhəyə- Bakıya təxliyə etmişdilər və onlara gələcək “Azərbaycanfilm” kinostudiyasının səviyyəsini qaldırmaq kimi inzibati-yaradıcı səlahiyyətlər verilmişdi.
Aleksandrovla Mir Cəlalın əməkdaşlığının nəticəsi isə Bakı kinostudiyasında istehsal edilən əzəmətli və özünə görə unikal “Bir ailə” (1943) film-utopiya oldu.
Keçən əsrin 30-cu illərinin sonlarında ölkəni Stalin repressiyaları dalğası bürümüşdü. Azərbaycanda elmi və yaradıcı elitanın ən parlaq nümayəndələri, millətin altyapısı – XX əsrin əvvəllərində Qafqazın hər üç mərkəzində – Bakıda, Tbilisidə və Yerevanda kübar mühitdə müsəlman kiçik burjuaziyasını formalaşdıran insanlar məhv edilmişdilər. O amansız illərdə Mir Cəlal Paşayev “Bir gəncin manifesti” adlı hekayə və povestlər məcmusunu nəşr etdirir. İlk dəfə “İnqilab və mədəniyyət” jurnalında (1937-1939) dərc olunan əsər ümumittifaq oxucu auditoriyasının rəğbətini qazanır. Məcburi komsomol təbliğatını nəzərə almasaq, müəllifin bu əsərləri indi də aktualdır. Müəllifin sadə və əbədi şeylər barədə düşüncələri azərbaycanlı milli-mədəni kimliyinin formalaşması ilə üst-üstə düşür, respublikanın yeni – Azərbaycan SSRİ statusunda humanitar yüksəlişinə xidmət edirdi. “Bir ailə” filminin ssenarisi bu əsərin əsasında quruldu.
Lev Vaysenberq və İosif Prutun iştirakı ilə yazılan və üç novelladan ibarət ssenarinin qəhrəmanlarının taleləri fərqli olsa da, onlar faşizm üzərində qələbə çalmaq uğrunda birləşir və bir-birindən keçirdi.
Mir Cəlal ssenari üzərində işləyə-işləyə yeni, milli özünüdərkə sahib sovet elitasının ideoloji bünövrəsini qoyurdu.
Müəllif, “incəsənətin ən vacib növü” vasitəsilə Azərbaycan və azərbaycanlı zəhmətkeşlər – Hitler Almaniyası ilə mübarizə aparmaqdan ötrü hərbi gəmiləri, təyyarələri, tankları, artilleriyanı hərəkətə gətirən “neft” cəbhəsinin qəhrəmanları mövzusunu təsdiqləyir və önə çəkirdi.
Əfsus ki, ssenarinin azərbaycan dilində olan ilkin mətni də (sinopsis), onunla birlikdə filmin azərbaycanca nüsxəsi də itirilib və tamaşaçıların, Paşayevin orijinal dilindən tam şəkildə zövq almaq imkanları yoxdur.
Müharibəsiz, ekransız kino
Stalin zamanında qızıl ortanı tutmaq kəskin ülgücün üzərində addımlamağa bərabər idi. Filmin ssenari müəllifi və quruluşçu rejissoru istedadlı və uğurlu insanlar idilər, belələri isə bütün dövrlərdə bacarıqsızların paxıllığına səbəb olur. Sovet sistemi isə miskinlərin mənsəbdə yüksəlmələri üçün hüdudsuz imkanlar açırdı. Beləliklə də, çox güman ki, “Bir ailə” filmində “millətçilik meyli” görənlərdən ibarət bütöv bir ordu meydana çıxıb və film tamaşaçılara çatmayıb.
Filmin üçhissəli kompozisiyası sovet vətəndaşının ailə həyatından bəhs edən tipik sosial filmlər silsiləsindən fərqlənirdi. Arxa cəbhədə yaşayan internasional ailənin idillik həyatı cəbhə xəbərləri ilə uyuşmurdu və müharibə atmosferinin gərginliyini azaldırdı.
“Bir ailə” filmini SSRİ Dövlət Film Fondunun uzaq rəflərinə qoydular, ancaq məhv olmaqdan xilas etdilər.
RF Dövlət Film Fondundan alınan cüzi məlumatlara görə, ekspert komissiyasının tərkibində “Bir ailə”yə baxan Sergey Eyzenşteyn, Q.Aleksandrovun Amerika təcrübəsi ehtiyatlarının tükəndiyinə işarə edərək deyibmiş ki: “Axır ki, Hollivud bloknotu bitdi”. Lakin çox ola bilər ki, filmin qadağan olunmasına, adətən, heç bir kinolenti diqqətdən qaçırmayan Stalin özü göstəriş verib.
“Bir ailə” filmində hadisələr 1942-ci ildə, sovet tanklarının döyüşdən əvvəl təmirə göndərildiyi cəbhəyanı bölgədə cərəyan edir. Ssenarist Mir Cəlalın istedadı özünü hər şeydən əvvəl orijinal ideyada büruzə verir. Süjetin standart inkişafı (təmirçilərin rus briqadiri azərbaycanlıdan – dəstə komadirindən yaxınlıqdakı şəhərə getməyi və onun Sadovıy küçəsində yaşayan valideynlərinə baş çəkməyi xahiş edir. Ancaq qəlpənin sındırdığı lövhədə “Sadov… küç…” yazısının bir hissəsini görən komandir Sadovıy dalanına girir və başa bir rus ailəsinin evinə qonaq olur) tamaşaçını tamamilə fərqli hadisələrə yönəldir və sanki gələcəkdə çəkiləcək “Yanlış adam” (Alfred Hiçkok; 1956) və “İki həyat” (Leonid Lukov; 1961) filmlərinə salam göndərir. Sözügedən filmlərdə hadisələr əsas qəhrəmanın xatirələri üzərində qurulub və gözlənilməz finalla bitir.
Paşayev və Aleksandrovla yanaşı gənc, lakin artıq özünü peşəkar kimi təsdiqləmiş bəstəkar Qara Qarayev də haqlı olaraq filmin həmmüəllifi hesab oluna bilər – çünki filmboyu musiqili səhnələr ard-arda düzülüb.
Filmdə novellaların ardıcıllığı “1001 gecə”ylə assosiasiya yaratmaya bilməz, orda da hər əhvalatın finalı növbəti əhvalata start verir.
Qədərində infantil-şıltaq Lyubov Orlovanın da iştirak etdiyi ailəlikcə musiqi ifa olunan, akademik fortepianonun Azərbaycan xalq aləti tarı müşayiət etdiyi epizod – mədəniyyətlərin və xalqların birliyini simvolizə edir – 40-cı illər sovet kinosu üçün cəsarətli eksperimentdir. Tankçı Nəcəf rolunu oynayan Xosrov Məlikov isə kinogenikliyi və hollivudsayağı təbəssümü ilə Azərbaycanın ən cazibədar aktyorlarından biri adını qazanıb.
Həmçinin azərbaycanlı aktyorların özlərini rus dilində səsləndirmələri, Moskvanın ton-studiyalarının dublyaj səslərindən istifadə olunmaması kimi nadir hadisəni də qeyd etmək lazımdır. Yerli aktyorların regional dialekti personajlara xüsusi folklor koloriti verir.
Tarixi, yaradıcı və senzura kontekstləri
Mir Cəlalın qələmindən çıxmış “Bir ailə”də Azərbaycan kinosunda ilk dəfə olaraq Əlisəttar Atakişiyevin quruluşunda genişmiqyaslı kütləvi səhnələrdən ibarət dərin kadrlar peyda olub.
“Bir ailə”də təsvir olunan hüzurlu sovet Bakısı –30-cu illər Stalin dövrü kinolentlərinə xas “insanların azad nəfəs aldığı” cənnətin mükəmməl rəsmidir.
Ümumi planda neftçi Nəcəfin Abşeronun yüksək yerində yerləşən, həyətində üzümlük olan, “potyomkinsayağı” pilləkənləri (Eyzenşteynə ommaj) sahilə qədər uzanan bağ evi görünür. Dövrün məcburi elementi olan neft buruqlarının yanında yelkənli qayıqlar yarışır, sahildə şəhərkənarı elektrik qatarları və mazut sisternlərinin hərəkəti üçün nəzərdə tutulmuş dəmiryolu stansiyası var.
“Bir ailə” filminin quruluşçu operatoru Əlisəttar Atakişiyevin ikili ekspozisiyaların quraşdırılması, kadrları vahid kadrda birləşdirmək işində öz sirləri vardı. O, Hollivudda təcrübə keçməmişdi, amma onun ustalığı Eduard Tissedən öyrəndiyi nəzəriyyəyə əsaslanırdı, Tisse operatorluq sənətinin özəlliklərini istedadlı tələbəsinə ötürə bilmişdi.
Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən, Azərbaycan səssiz kinosunda azad Azərbaycan qadınının obrazını təcəssüm edən “Sevil” (1929) filmindən sonra Mir Cəlal Paşayevin azərbaycanlı qadını taleyin iradəsi ilə 1941-ci ilin 22 iyununda neftçıxarma platformasında peyda olaraq ana vətənin plakat simvoluna çevrilir. Üstəlik müharibənin başlanması barədə xəbər tamaşaçıya həmişəki kimi Levitanın səsi ilə, amma mərkəzi meydanlarda səsgücləndiri dirəklərin yanında donmuş nəhəng kütlələrin ənənəvi ümumi planları olmadan çatdırılır. Yaşlı nəsil tamaşaçılar 50-ci illərin zəruri pafoslu və operator incəlikləri ilə zəngin (aşağıdan işıqlandırılan iri planlar, çoxqatlı kadrlar və sair və ilaxır) kino-hitlərini – “Əsgər haqqında ballada”, “Durnalar uçur” vəs. yaxşı xatırlayırlar. Aleksandrovda isə hər şey lakonik və sadədir: “Hə, ana, müharibə başlayıb. Cəbhəyə gedirəm!”.
Maraqlıdır ki, eyni dövrdə Fridrix Ermlerin Alma-Ata kinostudiyasında Aleksey Kaplerin ssenarisi əsasında çəkdiyi “O, vətəni qoruyur” (1944) filmində də Vera Maretskayanın ifasında bir ana obrazı təsvir olunub – faşistlər tərəfindən qətlə yetirilmiş oğlunun və ərinin qisasını alan rus ananın obrazı. Lakin o, intiqamını partizan dəstəsinin tərkibində yox, qatilləri əzən tankla alır. Sovet hərbi senzurası bu obrazı məqbul bilmişdi, amma dünən evdar qadın olan, bu gün isə oğlunun tələbi ilə Xəzərin qoynunda buruqqazma aqreqatının üzərinə çıxmış azərbaycanlı neftçi anası obrazını inandırıcı hesab etməmişdi – çox güman, səbəb o idi ki, simvol rolunda azərbaycanlı, ya da qazax anaları yox, rus anaları çıxış etməliydi.
Hollivudu qabaqlamaq…
Dalğıc dənizçi Məmmədlə həyat yoldaşı Leylanın sevgisindən bəhs edən novella əvvəldən sona qədər Paşayevin dramaturji ustalığının örnəyidir. Məmməd (Əlisəttar Məlikov) zorla hiss edilən şəfqətli öpüşlə həyat yoldaşından (cazibədar və ehtiraslı Hökümə Qurbanovanın ilk ekran işi) ayrılır. Xilasedici dəstənin komandiri (Kazım Ziya) “doğru” xeyir-dua sözlərini deyərək Məmmədə o illərdə hələ mövcud olmayan telefon rabitəsi ilə təchiz edilmiş skafandrı geyindirir və qəhrəman suya dalır. O, neft borusunda yaranmış dəliyi bağlamalıdı ki, yanğınsöndürənlər dəniz səthindəki alovu zərərsizləşdirə bilsinlər. Operator Atakişiyev, Aleksandrovun Hollivud fəndləri ilə yaraqlanaraq kadrda qəhrəmanın həyat yoldaşını elə çəkir ki, o, “Sirk” filmdəki “amerikalı” Orlovadan heç də geri qalmır.
Elə əsmər gözəl Qurbanovanın küləkdə yellənən sarafanı da möhtəşəm sarışın Merilin Monronun donundan pis görünmür. Qulaqlarında sırğaları parıldayan və retro-telefonun dəstəyinə “Alo, ay Məmməd, qurban olum! Danışan sənin Leylindi” pıçıldayan aktrisanın iri planı isə kinoantologiyaya daxil edilməyə layiqdir.
Çətin ki, bütün yuxarıda sadalananlar müharibə dövrünün qaydalarını başından çıxartmayan sovet kinotəbliğatının kontekstinə uyğun gələydi. Lakin illər sonra dünya kinosu, kosmik epopeyalarda sırf məişət kolliziyalarının fövqəladə vəziyyətlərlə toqquşması üsulundan uğurla istifadə edəcəkdi.
“Bir ailə” filmi, əslində post-avanqard dövrü sovet kinosunun inkişaf istiqamətini göstərirdi. Əgər film qəbul olunsaydı, kassa uğuru və janrlı kinonun eksperimental nümunəsinə çevrilə bilərdi.
Ülvi Mehdi