Belarusda baş verənlər bizim cəmiyyətdə böyük əks-səda doğurdu, toplum daxilində kəskin mübahisələrə səbəb oldu. Şübhəsiz ki, Belarusdakı bu dəfəki seçkilər xüsusi bir əhəmiyyət daşıyırdı və onu həm bizim iqtidar, həm də müxalif qüvvələr diqqətlə izləyirdilər.
Ətrafında baş verən geosiyasi təbəddülatlar, Qərb və Rusiyanın qarşılıqlı manevrləri, bu münasibətlər çərçivəsində Batyanın (hazırkı prezident Aleksandr Lukaşenko) öz virtuoz gedişlərilə hər iki tərəfə yönəltdiyi mesajlardan başqa, bu seçkilər həm də çox dərin bir planetar krizis kontekstində keçirildiyi üçün ümumi tarazlıq, balans anlamında çox vacib əhəmiyyət daşıyırdı.
Baş verənlər hamının gözləri qarşısında oldu, XXI əsrdə edilən heç bir şeyin anonim qalması artıq qeyri-mümkündür və rus demişkən тайное становится явным, yəni ki, istənilən sirr gec-tez aşkar olur.
Əslində hamıya aydın idi ki, müxalif qüvvələrin şansı o qədər də çox deyil, çünki artıq əsrin dörddə biri qədər zamandır ki, Belarusiyada siyasət terra incognita kimi qorxunc bir anlama çevrilib. Məlumdur ki, 90-cı illərin sonunda prezidentliyə iddialı Yuri Zaxarenko və Viktor Qonçar izsiz-tozsuz yoxa çıxdılar, daha sonra, 2000-ci illərdə gələn prezidentliyə namizədlər Aleksandr Milinkeviç və Andrey Sannikov həbs edildilər, müxalifət partiyalarına isə ümumiyyətlə qadağa qoyuldu, alternativ media redaksiyaları da darmadağın edildi. Siyasətçilər, fəallar və jurnalistlərin çoxu ya həbs edildi, ya da ölkədən çıxarıldı. Lukaşenko gəldiyi gündən üzərində ardıcıl olaraq çalışdığı məqsədinə çatıb müdhiş bir repressiya maşını yaratdı. Repressiyalar ardıcıl olaraq nəinki ictimai təbəqədə, eyni zamanda hakimiyyət daxilində aparılır, boşuna yerə deyildi ki, cəmi bir il əvvəl Batya öz şəxsi mühafizə xidmətinin başçısını rus FSB-nə işləməkdə şübhəli bilərək həbs etmişdi.
Bu il də prezidentliyə müxalifətin üç namizədindən heç birinə seçkilərə çıxmağa şans verilmədi: Viktor Babariko və Sergey Tixanovski həbsdədir, Valeri Tsepkalo isə ölkəni tərk edə bildi. Yalnız Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya (bir çox müşahidəçilər qeyd edir ki, bu evdar qadın əslində ciddiyə alınmadığına görə nəticə belə oldu) namizəd kimi qeydə alındı. Ardı isə hamıya məlum – Batya gözlənilmədən evdar qadından çox ağır zərbələr aldı, həmin günə kimi siyasətlə ümumiyyətlə maraqlanmayan Svetlana isə qətiyyətli və cəsarətli bir nümunə göstərdi. Öncələr heç bir ictimai-publik çıxış təcrübəsi olmayan bu evdar qadın, nəticəsinin necə olmasından asılı olmayaraq, istənilən halda böyük etiraz mitinqləri toplaya bildi və bunlar alqışa layiqdir.
İndi keçək Batyaya – öz aramızda “kolxoznik” deyib ifadələrinə ürəkdən güldüyümüz Lukaşenko şübhəsiz ki, çıxarlarını əla bilən və artıq əsrin dörddə biri qədər zaman kəsiyində iki nəhəng – Rusiya və Qərb arasında “batut oyunu” oynayan (eyni zamanda hamını oynadan) çox-çox təcrübəli və hiyləgər bir siyasətçidir.
Uzun illər adı Qərb mətbuatında “Avropanın sonuncu diktatoru” kimi keçən Batya bu 26 ildə neçə Qərb siyasətçisini tarixin zibilliyinə yolladı, 2014-cü ildə Ukrayna məsələsində isə xüsusi mövqe tutaraq (əslində Rusiya ilə müttəfiq dövlət sazişini imzalamış birisi kimi kor-koranə Putinin mövqeyini müdafiə etməli və Krımı Rusiyanın hissəsi kimi tanımalı idi) bütün dünyanı danışıqlar üçün Minskə, öz ayaqlarına gətirdi. Krım məsələsindən sonra isə “sonuncu diktator” söhbəti nədənsə Qərb mətbuatından birdəfəlik yığışdırıldı.
Batya çox konkretdir, Azərbaycana münasibətində də – bizimkilərdən pul alıb silah satır, başqa gözəl iqtisadi əlaqələri də necə lazımdır qurub, qısası, xeyri var. Xatirimdədir ki, daşnaklar ondan bunun üçün hesab sormağa gələndə cavabı belə olmuşdu ki, gəlin siz də pul verin, münasibət quraq, vəssalam, bu qədər konkret yəni.
Lakin Batyanın da sırf maddi anlamlardan kənar hissləri mövcuddur, real olaraq hazırkı erməni iqtidarından, şəxsən “məxməri inqilab” müəllifi Paşinyandan (Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sərkisyana qarşı cinayət işlərinin açılması, ODKB baş katibi general Yuri Xaçaturovun kimsə ilə məsləhətləşmədən həbsi) zəndeyi-zəhləsi gedir, hətta nifrət edir də deyə bilərik. Ukraynalı jurnalist Qordonla seçkilərdən bir neçə gün əvvəl baş tutan məlum müsahibəsində də bir daha (Gürcüstan epizodunda) xüsusi vurğuladı ki, istənilən ölkənin tam ərazi bütövlüyünün tərəfdarıdır, yəni ki, istər ODKB çərçivəsində, istərsə Ukrayna məsələsində də onun prinsipial mövqeyi budur.
Bu da aydındır ki, Belarusda “məxməri inqilab” (əgər baş tutsaydı) sayəsində iqtidara gələcək insanların mövqeyinin nə olmasından asılı olmayaraq bu münasibət tərs mütənasib dəyişəcəkdi – “demokratik Ermənistan” onlara təbiətcə qat-qat yaxın olacaqdı. O anlamda əlbəttə ki, Batyanın qalması bizim MDB daxilindəki mövqelərimiz üçün pis deyil.
Bilmək lazımdır ki, ODKB (yəni Putinin NATO-su) içərisində 2-ci slavyan dövləti olan Belarusun mövqeyi müstəsna əhəmiyyət daşıyır və hətta Qazaxıstan kimi qüdrətli potensialı olan bir ölkə də bütün məsələlərdə məhz ona orientasiya edir, daha doğrusu, onun ardınca gedir, bu qurum daxilindəki başqa ölkələrdən isə danışmağa dəyməz. Eyni zamanda ölkələrimiz arasında silah mübadiləsi (çox gözəl xatirimdədir – zaman vardı ki, bizə quş tüfəngi də satan yox idi!) də loyallığın dolayı yolla alınması, eyni zamanda Belarusla Azərbaycanın ikibaşlı siyasi oyundur: əgər Rusiya Ermənistana “İskander” kimi bir silahı ikitərəfli müqavilə çərçivəsində bəxşiş verirsə, bizimkilər də onun dəqiq analoqu olan “Polonezi” Rusiyanın Müttəfiq Dövlətindən – Belarusla Rusiya belə adlanır – alır. Belarusla Rusiya artıq 25 ilə yaxındır ki, müttəfiq dövlətdir və hətta Rusiya hava limanlarında da pasport keçidi Rusiya vətəndaşları ilə belaruslar üçün bir yerdə olur.
İndi gələk ictimai sektor və liberal kəsimimizin Belarusda hipotetik olaraq baş verə biləcək dəyişikliklərə ümidlərinə və bu proseslərin Azərbaycana ola biləcək müsbət təsir gözləntilərinə. Postsovet məkanında 2003-cü ildən bəri artıq 4 ölkədə “məxməri inqilab” baş verib – bunlardan ikisi, yəni Gürcüstan və Ermənistan bizim qonşuluğumuzdadır. Başqa ikisi – Ukrayna (burada inqilab 10 il ərzində 2 dəfə oldu və hər dəfə eyni fiquru (eks-prezident V.Yanukoviç) prezidentlikdən kənar etmək məqsədi daşıyırdı) və Qırğızıstan da müxtəlif anlamlarda tərəfdaşlarımızdır. Sual edilir – bu proseslərin Azərbaycana necə təsirləri oldu? Şübhəsiz ki, hər anlamda çox böyük təsirləri olmuşdu, xüsusən Gürcüstandakı reformasiyanın bizim ölkəmizə birbaşa təsiri olub – “aşağı” səviyyədə korrupsiyanın yoxa çıxması, ASAN Xidmət və s. institusiyaların yaranması kimi. Bəs daha artığı, bu inqilabların bizim cəmiyyətə domino effekti təsiri necə, mümkündürmü? Zənnimcə yox, çünki bizim iqtidarın məsələsi daha çox geosiyasi məsələdir, nəinki daxili.
2003-cü ilin payızında bu məsələ artıq tam bəlli oldu. Xatirladım ki, o zaman dünyada mövcud olan bütün əks qütblərin (ABŞ və Rusiya, İran və İsrail, AB və Erdoğan kimi) hamısı müstəsna olaraq bu iqtidarın qalmasını dəstəklədi və hazırda da bunu davamlı olaraq etməkdədirlər. Qeyd etdiyimiz kimi, postsovet məkanında baş vermiş dörd “məxməri inqilabın” da bu anlamda Azərbaycana təsiri olmayıb və indi də çətin ki, Belarusdakı proseslərdən təsirlənəcəkdi.
Ölkəmizdəki durumu dəyişdirmək istəyənlərin sosial problematika ilə beynəlxalq siyasəti qarışdırmaması məsləhətdir. Azərbaycandakı ağır sosial durumu dəyişmək üçün ardıcıl olaraq həqiqi islahatlar aparılmalıdır. Cəmiyyətdə partlayışların baş verməməsi üçünsə hökmən sosial liftlər açılmalı, siyasi sferada da liberal islahatlara, yumşalmaya gedilməlidir. Azərbaycanın beynəlxalq vəziyyəti isə belədir ki, istənilən iqtidar ölkə xaricində eyni problemlərlə üzləşəcək.
Belarusdakı hadisələrinsə nə ilə nəticələnəcəyini öncədən görmək üçün çox da böyük fəhm gərəkmir. Bizim tək-tənha, müttəfiqlərsiz qaldığımız 90-cı illərdə çox ağır, faciəli məğlubiyyətlərimiz olub və hazırda qarşımızda duran başlıca vəzifə revanşa hazırlıq, bu yolda etibarlı müttəfiqlər əldə etməkdir. Bu anlamda Lukaşenko yaxşıdır, ya pisdir, demokratdır, ya diktator – fərq eləməz. Ona qalsa, Erdoğan ümumiyyətlə özünü az qala sultan kimi aparır, Türkiyədə son bir neçə ildə minlərlə insan həbsə atıldı, nələr-nələr baş verdi – indi nə edək, onunla da əməkdaşlıqdan imtina edək? Zamanında mərhum Elçibəy başımıza bu oyunu açmışdı, ölkəsi dəhşətli fəlakətlərlə üzləşmiş dövlət başçısı dəqiqəbaşı “Orta Asiya diktatorları”nı tənqid edirdi. Nəticəsini özünüz bilirsiniz, odur ki, Realpolitik və yalnız Realpolitik. Ən etibarlı müttəfiqlik yalnız qarşılıqlı maraqlar üzərində qurulmuş müttəfiqlikdir və bu anlamda da heç bir illüziyamız olmamalıdır.
Lakin şübhəsiz ki, heç kim bu həyatda əbədi deyil – Azərbaycan istər Lukaşenko, istər ondan sonra gələcək qüvvələrlə istənilən müstəvidə əməkdaşlığa hazır bir siyasətə malik olmalıdır. Maraqlar müstəsna olaraq hansısa bir fiqurla bağlı ola bilməz və siyasət çoxşaxəli aparılmalıdır.