Rayonların bir-bir təhvil verilməsi ilə bərabər, işğaldan azad olunmuş yaşayış məskənlərinin bərpası da aktuallaşır. Amma bununla bağlı hələ də dəqiq bir plan təqdim olunmadığına görə biz, adətən, hansısa müxtəlif layihələrə və ya proqnozlara istinad etməli oluruq. Əslində, əlimizdə real praktika da mövcuddur: 1993-1994-cü illərdə işğaldan azad edilmiş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi.
Uzun müddət kənddə yalnız bir ailə yaşayırdı və normal yaşayış üçün şərait mövcud deyildi. Ancaq 2016-ci ildə aprel əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinə nəzarət Azərbaycan Ordusuna keçmiş və bununla da kənddə yaşayış üçün şərait yaranmışdı.
Kəndin tarixi çox da geniş deyil. Bəzi məlumatlara görə, Cocuq Mərcanlı XIX əsrdə salınıb. XIX əsrin sonuna doğru kənddə 300-ə yaxın insan yaşayıb. Əhali, əsasən, kənd təsərrüfatı ilə məşğul olurdu (yalnız 4 nəfər mollalıq edirdi). O zamanlar bu kənd, Mərcanlı kənd icmasına daxil idi (Böyük Mərcanlı ilə müqayisədə Cocuq Mərcanlı eyni tayfaya məxsus daha kiçik kənd idi. Yeri gəlmişkən, rəsmi məlumata görə, Böyük Mərcanlı, ümumiyyətlə, Cəbrayıl rayonunda əhalisinə görə ən böyük yaşayış məntəqəsidir). Sovet dövründə bölünmə nəticəsində Cocuq Mərcanlı Mehdili kənd Sovetinə aid edilir. 1991-ci il yanvarın 7-də Cocuq Mərcanlı kənd Soveti yaradılır. Məlumata görə, ana kənddə 283 ailə (və ya 1075 nəfər) yaşayıb. 2017-ci ilə olan məlumata görə isə, kəndin təsərrüfat uçotunda 1447 nəfər qeydiyyatdadır.
2016-ci ildə Lələtəpə yüksəkliyi azad olunub möhkəmləndiriləndən sonra kənddə bərpa işlərinə başlanılıb. Məhz bu işlərin əsasında biz bütöv Qarabağa aid hansısa təxmini proqnozlar verə bilərik.
Cəbhəyanı bölgələrin hamısında ilk bərpa işləri minalı sahələri təmizləməklə başlayıb. Azərbaycanda bu işlərə Azərbaycan Respublikası Ərazilərin Minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) baxır. Agentliyin 2017-ci ilə aid hesabatında qeyd olunur ki, kənddə təmizləmə əməliyyatları 126 gün davam edib. Bu müddət ərzində ümümilikdə 4 590 878 kv.m ərazi müxtəlif üsullarla (613 094 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 2 257 644 kv.m minaaxtaran itlərin köməyi ilə və 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb. Nəticədə 74 ədəd partlamamış hərbi sursat (PHS), 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Eyni zamanda kəndə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı da aparılıb və bu, 32 gün davam edib. Bu günlər ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina aşkar olunub, 511 300 kv.m (51.13 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində, 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitəsi ilə təmizləmə üçün hazırlanıb və 231 479 kv.m (23.15 ha) ərazi isə yoxlanılıb. Beləliklə, ANAMA tərəfindən 5 751 123 kvadrat metr əraziyə baxış keçirilib.
Bəs bu əməliyyatlar neçəyə başa gəlib? Bunu dəqiq demək çətindir. Təəssüflər olsun ki, ANAMA öz hesabatında yalnız fəaliyyəti barədə məlumat verir, birbaşa olaraq maliyyə vəsaitlərinin əldə olunması və xərcləməsi barədə bilgi yoxdur (yeri gəlmişkən, azad olunmuş torpaqların bərpasında şəffaflıq da vacib rol oynamalıdır). Lakin Agentliyin xərclərinə dair məlumatı Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəydə tapa bilərik. Məlumata görə, ANAMA-nın minalardan təmizləmə əməliyyatları dövlət büdcəsinin “Faydalı qazıntılar” bölməsi üzrə maliyyələşdirilir. Eyni sənədin verdiyi digər məlumata görə, agentlik ayrıca olaraq hansısa başqa maddəyə istinadən maliyyələşdirilmir (qurumun inzibati xərcləri istisnadır). Müvafiq maddə üzrə isə həmin vaxt agentliyə 6,7 milyon manat ayrılmış və icra edilmişdi. ANAMA-nın 2017-ci il üçün hesabatına görə, ölkə üzrə 9,3 minə yaxın hektar təmizlənib. Xərclənən vəsaiti təmizlənən əraziyə bölsək, bir kvadrat metrin təmizlənmə işlərini ortalama olaraq 0,07 AZN-ə başa gəldiyini görə bilərik. Cocuq Mərcanlıda təmizlənmiş ərazinin sahəsini nəzərə alsaq, bu, 415 min AZN edəcək. Başqa sözlə, minalardan təmizləmə əməliyyatı 158 günə və ən azı, 415 min manata başa gəlib.
Bu əməliyyatdan dərhal sonra tikinti işlərinə start verilib. 2017-ci il ərzində bununla bağlı prezident 4 sərəncam imzalayıb. Əvvəl – 2017-ci ilin yanvarında 50 fərdi yaşayış evinin, məktəb binası və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon AZN ayrılıb. Yaşayış evlərinin tikintisi başlamamış kəndə gedən yolun tikinti işlərinə start verilib. Bununla bağlı 2017-ci ilin fevralında imzalanmış sərəncama əsasən 4,3 milyon manat ayrılıb. Tikilən yolun bir kilometri 477,7 min AZN olaraq hesablanıb.
İlkin müddətdə həyata keçirilən işlərdən və rəsmi açılış mərasimindən sonra ikinci mərhələyə keçid edilib. Bu zaman 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi üçün 9 milyon AZN ayrılıb.
İlk ailələr artıq iyul-avqust aylarında – faktiki olaraq bərpa işlərinə start veriləndən 6 ay sonra kəndə qayıtmağa başlayıblar və onların iş yerləri ilə təminatı tələb olunurdu. Kənd yerində isə yeganə faktiki iş yeri – əkinçilikdir. Odur ki, əkin sahələrinin suvarma suyu ilə təminatı üçün sərəncamla 1,5 milyon manat ayrılmışdı.
Bu xərclər yalnız prezident sərəncamına uyğun olaraq 2017-ci ildə həyata keçirilmişdi. Amma prezidentin sərəncamından kənar da müxtəlif qurumlar xərc çəkiblər. Misal üçün, Azəristiliktəchizat ASC Cocuq Mərcanlı kəndində yeni tikilən məscidin istilik təchizatı sisteminin qurulması layihəsi üzrə tələb olunan material və avadanlıqların satın alınması məqsədilə 33 min AZN, Mədəniyyət və Turizm nazirliyinin Biləsuvar Regional İdarəsi isə Cocuq Mərcanlı kəndinə qayıdışla əlaqədar konsert proqramının keçirilməsi işlərinə 4,5 min manat ayırıb.
Həmçinin Aztelekom MMC kəndə 10 kilometr məsafədən optik kabel çəkib, 64 nömrəlik ATS, 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Bu işlərin dəyəri barədə məlumat verilmir. Amma satınalmalar reyestrində buna oxşar nümunələr əsasında bu işlərin dəyərinin, ən azı, 150 min AZN həcmində olduğunu təxmin edə bilərik. Beləliklə, yalnız 2017-ci ilə aid açıq mənbələrdən əldə etdiyimiz məlumata görə, ümumi olaraq, kəndlə bağlı işlərə 19,4 milyon AZN ayrılıb.
Amma işlər 2018-ci ildə də davam edib. Belə ki, suvarma xətlərinin inşası ilə bağlı əlavə 700 min AZN ayrılıb. Həmçinin kənddə subartezian quyu da qazılıb. Sonuncunun layihələndirilmə və qazılma işləri 70 min AZN-ə başa gəlib. Yəni ümumi olaraq yalnız suvarma təminatı işlərinə 2,27 milyon AZN-ə sərf edilib.
Dövlət büdcəsindən birbaşa xərclərdən başqa Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu da Cocuq Mərcanlı kəndində bərpa işləri məqsədilə satınalmalar üçün “Aqrolizinq” MMC şirkətinə 73 845 AZN ayırıb. Maraqlıdır ki, il ərzində Mərkəzi Bank da kəndin bərpası üçün vəsait ayırıb. Onlar həm bayram sovqatları göndəriblər, həm də yerli məktəbə kompüter alıblar. Bu işlər də 28 min AZN-ə başa gəlib. Yəni 2018-ci ildə bu və ya digər üsulla dövlət və ya dövlətin nəzarətində olan qurumlardan kənddə bərpa işləri üçün 871,8 min AZN ayrılıb.
Yalnız açıq mənbələrə əsasən deyə bilərik ki, ümumilikdə dövlət büdcəsindən Cocuq Mərcanlı kəndinin bərpasına 20,3 milyon manat ayrılıb. Nəzərə almaq lazımdır ki, bu dövrdə kəndə 90-dan bir qədər çox ailə qayıdıb (sonuncu məlumata görə, kənddə 508 insan yaşayır). Əhalinin hələ 2/3-i kəndə qayıtmayıb. Rəsmi məlumata görə, hazırda kənd sakinləri, əsasən, təsərrüfatla məşğuldur. Yeri gəlmişkən, kəndə müxtəlif özəl təşəbbüslər və özəl şirkətlər də vəsait yatırıblar. Məsələn, Cocuq Mərcanlıda “Oba” marketi fəaliyyət göstərir. Rəsmi olaraq, kəndin adı ilə bağlı Kommersiya hüquqi şəxslərin reyestrində 3 şirkət qeydiyyatdan keçib. Eyni zamanda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirilib (kənddə istixanalar tikilib, sakinlərə arı ailələri paylanılıb). Hətta 2019-cu ildə sakinlər kənd təsərrüfatı üçün vacib olan gübrələrlə pulsuz təmin olunublar.
Yəni ümumi olaraq kəndə real dəstək 20 milyon manatı üstələyib. Misal üçün, dövlət tərəfindən tikilmiş məscidin dəyərinə dair heç bir məlumat yoxdur. Ancaq hətta məscidi çıxsaq belə (ən azı, kəndin bərpa işləri ilə heç bir əlaqəsi yoxdur), fikrimcə, dövlət tərəfindən Cocuq Mərcanlı kəndinin bərpasına 25 milyon manat sərf olunub. Kəndə qoyulan özəl investisiyaların həcminin isə 1 milyonu keçdiyini demək çətindir. Məsələn, kənddə 160 kvadrat metr istixana ərazisi mövcuddur. Azərbaycanda istixananın 1 kv. metri maksimum 136 AZN-ə başa gələ bilər ki, bu da ümumilikdə 22 min manat edir (reallıqda daha da ucuz). Arı ailəsi də çox baha deyil. Hətta maksimum hesablasaq, bununla bağlı bütün işlər cəmi 30 min manat tələb edir. Bir qədər bahalı layihələrə inkubator məntəqəsi və suvenir istehsal müəssisəsi aid edilə bilər. Birincisi USAİD tərəfindən, ikincisi isə TÜİB tərəfindən həyata keçirilib. Amma hər bir halda bir neçə yüz minlik investisiyalardır.
Beləliklə, ən azı, 500 nəfər əhalinin iş və evlə təminatı üçün Cocuq Mərcanlı kəndinə, təxminən, 25 milyon manata qədər vəsait ayrılıb. Bu vəsaiti təxmini olaraq yaşayış məntəqələrinin sayına vursaq, ümumilikdə 20 milyard manata qədər vəsait alınacaq. Amma yaşayış məntəqələri müxtəlifdir. Misal üçün, Böyük Mərcanlının əhalisi, ən azı, 2 dəfə çoxdur. Ona görə, əhali nisbətində müqayisə etsək, bu, haradasa 35 milyard manat edir. Özəl şirkətlər tərəfindən keçiriləcək işləri də nəzərə almaq lazımdır. Hər yaşayış məntəqəsində, ən azı, 1 mağazanın olması və bu bölgəyə iri riteyl şirkətlərin gəlməsi artıq bir neçə min iş yeri deməkdir. Faktiki dövlət 150 min ailənin yox, onun, ən çoxu, 80-90%-nin işlə təminatı barədə düşünməli olacaq (Cocuq Mərcanlıda özəl adlandırılan layihələr belə İqtisadiyyat nazirliyi və ya yerli İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Amma digər şəhər və kəndlərin iqtisadi potensialı bundan qat-qat çoxdur). Odur ki, 35 milyardın bir hissəsi özəl sektorun payına düşəcək. Keçən məqalədə yazdığımız kimi, təxmin etmək olar ki, bu məbləğdə dövlətin payı 20-25 milyard, özəl sektorun payı isə 10-15 milyard manat təşkil edəcək.