İyunun 18-də AFFA-nın növbəti iclası keçirildi. Bütün faktorlar və tövsiyələr nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarışların dayandırılması qərarı verildi. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirildi (UEFA Çempionlar Liqası: “Qarabağ” FK; UEFA Avropa Liqası: “Neftçi” PFK, “Keşlə” FK, “Sumqayıt” FK).
Bununla da Azərbaycanda 2019/2020-ci futbol mövsümü qapandı. İndi futbol klubları yalnız mövcud məhdudiyyətlər şəraitində yeni mövsümə hazırlaşa bilərlər. Yaxşı, bəs Azərbaycanda futbol özü-özlüyündə necə fəaliyyət göstərir? Avropanı müşahidə edərkən, biz görürük ki, orada futbol tam biznes növünə çevrilib. Bəzi klubların dövriyyəsi iri sənaye şirkətləri səviyyəsinə çatıb. Misal üçün, İngiltərənin Mançester United klubu 2018/2019-cu illər mövsümündə 710 milyon avro gəlir əldə edib. Onun mənfəəti isə 56 milyon avro təşkil edib. Müqayisə üçün, demək olar ki, bütün Azərbaycanı işıqla təmin edən “Azərişıq” ASC 2019-cu il ərzində 1,2 milyard manat qazanıb. Bu da 630 milyon avro edir. Yəni bir klub Azərbaycanın işıq operatorundan daha çox qazanıb. Mənfəət cəhətindən isə hətta müqayisə etmək çətindir.
Ona görə Azərbaycanda futbol biznesinin hansı vəziyyətdə olması maraqlıdır. Vaxtilə Qarabağ FK-nın Çempionlar Liqasının qrup mərhələsinə çıxması nəticəsində Azərbaycan klubları UEFA-dan 22 milyon dollar vəsait almışdılar. Yəni başqa sözlə biz o zaman faktiki futbol “ixrac”-ından 22 milyon dollar qazanmışdıq. Müqayisə üçün, 2018-ci ildə kartof ixracından Azərbaycan 29 milyon dollar əldə edib. Yəni Azərbaycan şəraitində normal qazanc gətirən bir sahəyə çevrilmişdi. Nəticə etibarilə hətta Qarabağ FK özü il ərzində sponsordan pul götürmədi və hətta xalis mənfəət əldə etdi (oyunçu və personalın yüksək maaşına baxmayaraq). Bəs 2019-cu ilə işlər necə olub?
Futbol sahəsi barədə müəyyən qədər təəssürat yaratmağa futbol klublarının maliyyə hesabatları imkan verir. Keçən ildən bəri futbol klubları da maliyyə hesabatlarını yerləşdirməyə başlayıblar. Bu il nəsə məsələ uzandı, amma iyun ayında premyer-liqada iştirak edən bütün 8 klub maliyyə hesabatlarını təqdim ediblər. Məlum oldu ki, 2018-ci ildən fərqli olaraq, 2019-cu ildə bir çox klublarda problemlər müşahidə olunurdu. Əgər rəsmi hesabatlara görə 2018-ci ildə 5 klub mənfəət əldə etmişdisə, 2019-cu ilin nəticələrinə görə yalnız 3-ü mənfəət əldə etdi: Neftçi (keçən ilə nisbətdə mənfəəti 1/3-ə azaldı), Zirə (sabit olaraq mənfəət əldə edir) və Sabah (100 min manat zərərə qarşı indi 397 min mənfəət əldə edib).
Başqa tərəfdən mənfəətin azalmasına baxmayaraq (ümumi klublar üzrə zərar 3,7 milyon manat təşkil edib) futbol klublarının dövriyyəsi artdı və 61,4 milyon manat təşkil etdi (yəni 29% çox). Artım əsasən üç klubun hesabına baş verib: Qarabağ, Sabah və Keşlə. Ayrıca olaraq klublar barədə də bəzi qeydlər edə bilərik. Misal üçün, Qarabağın Avropadan əldə etdiyi qazancı azalmasına baxmayaraq (2017-ci ildə 33,3 milyon manat, 2018-ci ildə 12,2 milyon, 2019-cu ildə 12,3 milyon manat), onun xərcləri əksinə artıb. Əgər 2018-ci ildə 14,4 milyon manat xərcləmişdisə, 2019-cu ildə müvafiq xərcləri 22,3 milyon manat təşkil etdi. Əsas artım əməkhaqqı ilə bağlıdır: 8,3 milyondan 13 milyon manata kimi artıb. Nəticədə Qarabağ sponsora müraciət etməli olub və ondan 8 milyon manat alıb. Buna baxmayaraq əgər 1 il əvvəl 764 min manat mənfəət əldə etmişdisə, 2019-cu ildə artıq 1 milyon manat zərər ilə bitirib.
Keşlə FK nəyəsə görə 2018-ci ilin bütün göstəricilərinə yenidən baxıb və bir çox hallarda müvafiq göstəricilərini azaldıb. Misal üçün, keçən ilə aid olan aktivlərini, öhdəlikləri və hətta gəlir ilə xərclərini də azaldıb. Bəzi hallarda göstəricilər 2 dəfəyə kimi azaldılıb. Qəbələ keçən ilki kimi, bu dəfə də aktiv və öhdəliklər barədə məlumat verməyib (keçən dəfə ən azı ümumiləşdirilmiş şəkildə idi, bu dəfə heç məlumat verməyib). Digər klublarda vəziyyət sabitdir. Yeganə qazancını sponsor hesabına ciddi sürətdə artıran Sabah FK-dır. Sponsorlardan 4,8 milyon manat alaraq, öz ümumi qazancını 6,2 milyon manata çatdırıb.
Göründüyü kimi vəziyyət çox da ürəkaçan deyil. Başqa tərəfdən yerli futbol klubları çox hallarda birbaşa fəaliyyətdən qazanmırlar. Əgər Avropa kuboklarında iştirak olmasa, əsas qazanc mənbəyi sponsorların ayırmalarıdır. Bilet satışına gələndə görə bilərik ki, 2018-ci ildə yalnız 4 klub bununla məşğul idisə, 2019-cu ildə artıq 3 idi. Rəsmi verilən məlumata görə, Qarabağ 2019-cu ildə bilet satışında 494,8 min manat, Neftçi 80,4 min manat və Keşlə 1,96 min manat qazanıblar. Əgər Neftçi bilet satışından qazancı 8 dəfə artırıbsa (2018-ci ildə müvafiq göstərici10 min manat idi), Qarabağda əksinə azalıb (2018-ci ildə 733 min manat idi). Sonuncunun bilet satışı da əsasən Avropa kuboklarında iştirakı ilə bağlı idi.
Faktiki olaraq yuxarıda qeyd olunanlar ilə də Azərbaycanda özəl futbol biznesi məhdudlaşır. Adətən futbol qazancının vacib hissəsi olan yayım haqları ölkəmizdə çox da yüksək deyil və bir çox hallarda heç ödənilmir. Yəni başqa sözlə futbol Azərbaycanda ayrıca iqtisadi sahə kimi formalaşmayıb. Əsas qazancı da digər sahələrdə əldə olunan vəsaitin bölgüsündən asılıdır. Başqa tərəfdən, Azərbaycanda futbolu digər sahələrdən fərqlərindən cəhətlərdən biri də əsasən bir mənbədən asılı olmasıdır. Açıq məlumatlara görə AFFA gəlirlərinin 40%-i, Bakı Olimpiya Stadionunun saxlanılması, CBC Sport telekanalı, ən azı 6 futbol klubunun maliyyəşməsi SOCAR hesabına baş verir. Bəzi məlumatlara görə SOCAR-ın futbola dəstəyi bununla məhdudlaşmır və daha da genişdir. Yəni əgər 2019-cu ildə futbol sahəsinin dövriyyəsi 100 milyon manat təşkil etmişdisə, əsas yeri SOCAR və ya UEFA-dan kömək (2019-cu ildə bizim futbolumuza UEFA 24 milyon manat ayırıb) təşkil edir.
Beləliklə, Azərbaycan futbolu Azərbaycan iqtisadiyyatının faktiki təcəssümüdür. Azərbaycan iqtisadiyyatı da bir mənbədən (neftdən) asılıdır, futbol da eyni vəziyyətdədir. Hətta hər ikisinin mənbəsi də eynidir. İqtisadiyyatımızda da qeyri-neft sektoru və digər sahələrin inkişafı əsasən neft gəlirləri hesabına baş verir (məhz neft gəlirləri hesabına müxtəlif müəssisələr tikilir). Və nəticə etibarilə digər sahələr nefti əvəz edəcək səviyyəyə çatmır. Eynən futbolda da digər gəlirlərin nə qədər çoxalmasına baxmayaraq, onlar SOCAR maliyyəsini əvəz edə bilmir. Ən yaxşı halda digər asılılıq (UEFA-dan ödənişlər) yaradır. Yeri gəlmişkən, iqtisadiyyatımızda da neft vəsaitləri hesabına tikilməyən obyektlər də müxtəlif beynəlxalq təşkilatların kreditləri hesabına həyata keçirilir.
Bəlkə iqtisadiyyatda vəziyyət dəyişsə, futbol da dəyişər? Hələ ki, futbolumuzda yalnız marağın azalması müşahidə olunur. Hətta AFFA-nın məlumatlarına görə müxtəlif klubların oyunlarına gələn azarkeşlərin da sayı azalır (misal üçün, 2017/18-də Neftçinin oyunlarına orta hesabla 3696 nəfər gəlirdisə, 2018/19-cu mövsümündə 1625 idi). İndiki mərhələdə bizim futbolumuz ən azı maraq oyatmalıdır. O zaman ola bilər davamı da gələr.