100 il əvvəl baş vermiş hadisələri tədqiq edərkən, adətən həm tarixçilər, həm siravi vətəndaşlar Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə maraqlanırlar. AXC-nin süqutundan sonra baş vermiş hadisələrin araşdırılması bir çox hallarda ya repressiyalar, ya da Brejnev dövrü ilə çərçivələnir. Amma SSRİ-yə daxil olduğumuz tarixi dövr də çox geniş və maraqlıdır. Keçmiş məqalələrdən birində qeyd etdiyimiz kimi, Azərbaycan tarixinin Sovet dövrü özü-özlüyündə bir-biri ilə heç bağlı olmayan bir neçə dövrdən ibarətdir. Bəzi dövrləri həm iqtisadiyyata, həm inkişafa müsbət təsir edib, başqaları barədə isə danışmağa meyllənmirik (misal üçün, repressiya – həm müəyyən qədər müzakirə olunan, başqa tərəfdən isə müzakirəsi aparılmayan mövzudur).
Ən az tədqiq olunan dövr isə 1920-ci illərdir. AXC-nin süqutundan sonraki dövr əsasən AXC xadimlərinin fəaliyyətini öyrənməklə məhdudlaşır. Bəzən elə təsəvvür yaranır ki, Azərbaycan 1920-ci ildən birbaşa repressiya və İkinci Dünya müharibəsinə keçib. Əvvəlki məqalədə biz o dövrün iqtisadiyyatını təsvir etməyə çalışdıq. Azərbaycan Sovet respublikaları arasında belə demək olarsa, inkişaf templəri üzrə irəlidə idi. Buna həm sərhəd vəziyyəti, həm də o dövrdə mövcud olmuş bir çox azadlıqlar kömək edirdi. Amma yaxşı, bəs bu Azərbaycanı kim idarə edib? Adətən 20-ci illər barədə danışarkən, əsasən Nərimanovu qeyd edirlər. Amma Nərimanov 1922-ci ildən Bakıda fəaliyyət göstərməyib. Martdan etibarən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının İttifaq Şurasının sədri idi, ilin sonunda isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsinə keçdi. 1922-ci ildə Xalq Komissarlar Şurasının sədri və xarici işlər naziri olaraq Nərimanov Genuya konfransında iştirak etmişdi.
Yəni Azərbaycanın bərpasında, iqtisadiyyatın inkişafında N. Nərimanovdan başqa digər xadimlərin də rolları var və hətta onların rolu daha böyük idi. Maraqlıdır ki, bir çoxları haqda biz tez-tez eşidirik, amma ciddi olaraq önəm vermirik. Şəhərdə bu insanlara həsr olunmuş barelyeflər və küçələr var, amma çox insan onların rolu barədə məlumatsızdır. AXC hökumətinin baş nazirlərini isə çoxları tanıyır. Baxmayaraq ki, onların dövründə Azərbaycanda nə iqtisadi inkişaf, nə də digər sahələrdə ciddi irəliləyişlər müşahidə olunmayıb.
1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə keçməsi ilə yeni hökumət formalaşmalı idi. İlk qərara görə, müvafiq Konstitusiyanın qəbuluna kimi, ölkə Azərbaycan SSR İnqilab Komitəsi tərəfindən idarə olunacaqdı. Bu İnqilab Komitəsi bir ildən çox (sonuncu sənəd 1921-ci ilin mayın 30-da qəbul edilmişdi) fəaliyyət göstərmişdi. Onun tərkibinə: Nəriman Nərimanov (sədr), Mirzə Davud Hüseynov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Abid Alimov, Əli Heydər Qarayev və Dadaş Bunyadzadə daxil edilmişdi. Eyni gündə, İnqilab Komitəsi müvəqqəti Xalq Komissarlar Şurasının tərkibini də təsdiq etdi: N. Nərimanov (sədr və xarici işlər üzrə xalq komissarı), Çingiz İldırım (hərbi-dəniz məsələləri üzrə), H. Sultanov (daxili işlər), Ə.H. Qarayev (əmək və ədliyyə), Q. Musabəyov (əkinçilik, sənaye və ərzaq), M.D. Hüseynov (maliyyə), D. Bunyadzadə (maarif və dövlət nəzarəti), Cəmil Vəzirov (poçt, teleqraf və yollar), A. Alimov (səhiyyə və sosial). Eyni zamanda iki xalq komissarına müavin də təyin edilmişdi. Bunlar, maliyyə xalq komissarının müavini Nəsir Tağıyev və səhiyyə sahəsi üzrə Ağahüseyn Kazımovdur. 2-3 gündən sonra Q. Musabəyovun rəhbrəlik etdiyi komissarlıq 3 bölməyə bölündü: əkinçilik (Səməd Ağa Ağamalıoğlu), ərzaq (Q. Musabəyov) və Xalq Təsərrüfat Şurası (sədri Moskvadan Bakıya göndərilmiş N.İ. Solovyev təyin edilmişdir).
İlk Azərbaycan hökumətinin milliyətcə tərkibi 10 Azərbaycanlı, 1 kürd (Ç. İldırım), 1 tatar (A. Alimov) və 1 rusdan (N.İ. Solovyev) ibarət idi. Maraqlıdır ki, sonuncu, N.İ. Solovyev, Leninə göndərdiyi hesabatda xəbər verir ki, “Çevrilişdən sonra yaradılmış Azərbaycan hökumətinin bütün üzvləri azərbaycanlılardan ibarət olsa da, heç kimə sirr deyil ki, bu hökumətin üzərində də bir hakimiyyət var. Bu Azərbaycan Kommunist partiyasıdır”. Onun sözlərinə görə, məhz AKP bütün məsələləri idarə edirdi və AKP-nin Mərkəzi Komitəsini də eyni insanlar təşkil edirdi. Belə ki, AKP Mərkəzi Komitəsinin Prezidiumunun rəhbəri M.D. Hüseynov idi və o, mayın ortasına kimi İnqilab Komitəsinin sədri vəzifəsini icra edirdi.
Bununla belə, Sovet tarixində ilk Azərbaycan hökumətinin adını unutdurmağa çalışırdılar. Belə ki, 13 nəfərdən 8 nəfər 1937-1941-ci illərdə güllələnmişdi. Qalanları arasında N. Nərimanov və S. Ağamalıoğlu müvafiq olaraq 1925 və 1930-cü illərdə vəfat etmişdilər (Bağırov dövründə onların adları da silinmişdi). N. Nərimanovun ölümü hələ o dövrdə bir çox şübhələr yaratmışdı. Daha biri, A. Alimov 1935-ci ildə Leninqradda müəmmalı şəraitdə vəfat etmişdi (rəsmi versiyaya görə, pilləkənlərdən yıxılıb ölmüşdü). Normal olaraq pensiyaya kimi yalnız Nəsir Tağıyev (1953-cü ilə kimi yüksək vəzifələrdə çalışıb) və N.İ. Solovyev (1936-ci ildə pensiyaya çıxıb və 1947-ci ildə vəfat edib) yaşayıblar. Maraqlıdır ki, ilk Azərbaycan SSR hökumətində iki bəy var idi: Cəmil Vəzirov və Nəsir Tağıyev. Birincisi 1938-c ildə həbs olunub və 1941-ci ildə Stalin tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq güllələnib, ikincisi isə sona kimi vəzifələrdə qalıb.
Bir il ərzində hökumətdaxili bir çox dəyişikliklər baş vermişdi. Xalq komissarlıqları bölünürdü, yeniləri yaranırdı. Adətən sadəcə daxildə vəzifə dəyişiklikləri baş verirdi. Amma sonradan hökumətə Behbud Şahtaxtinski (ədliyyə), Möhsün İsrafilbəyov (Qadirli, sosial təminat üzrə), Teymur Əliyev (xarici ticarət üzrə) qatıldılar. Onlar arasında da yalnız B. Şahtaxtinski öz əcəli ilə 1924-cü ildə vəfat etdi. Həm T. Əliyev, həm Qədirli repressiya qurbanları oldular. Daha bir maraqlı tərəf ondan ibarətdir ki, repressiya olunanların bir qismi (T. Əliyev, Ə. Qarayev, Q. Musabəyov və s.), 1936-1938-ci illərdə artıq Azərbaycanda çalışmırdılar, amma buna baxmayaraq onları Bakıya gətirib, burada məhkəmə qarşısına çıxardılar (güllələnmə artıq müxtəlif yerlərdə baş verirdi).
1921-ci ilin mayın 6-da Birinci Ümumazərbaycan Şuralar Qurultayı keçirildi. Bu Qurultay ölkənin ən ali qurumu hesab olunurdu. Qurultay ölkənin ilk Konstitusiyasını təsdiq etdi. Ali Qanuna görə qurultay 2 ildən bir yığılır və qurultaylar arası dövrdə ölkəni Mərkəzi İcraiyyə Komitəsi və onun Prezidiumu idarə edirdi. Bu Komitə isə Qurultay tərəfindən seçilirdi. MİK hər 2 aydan bir yığılırdı. Faktiki olaraq ölkəni idarə edən MİK Prezidiumu və onlar tərəfindən təyin olunan Xalq Komissarlar Şurası idi. İlk MİK-ə 73 üzv və 26 namizəd seçilmişdi. Onlar arasında ilk prezidium Muxtar Hacıyev (sədr, 1938-ci ildə güllələnib), S. Ağamalıoğlu (sədr müavini) və Teymur Hüseynov (katib, 1938-ci ildə güllələnib) və üzvlər: N. Nərimanov, Ə. Qarayev, Mir Başir Qasımov (Bağırov dövründə Ali Sovetin sədri idi), Tağı Şahbazov (1937-ci ildə güllələnib), M.Q. Pleşakov (1938-ci ildə güllələnib) və İ.M. Konuşkin seçilmişdi.
Prezidiumdan sonra Xalq Komissarlar Şurasının tərkibi də təsdiqləndi: N. Nərimanov (sədr), M.D. Hüseynov (xarici işlər üzrə və Ali İqtisadi Şuranın sədri), Ə. Qarayev (hərbi və dəniz), H. Sultanov (daxili işlər), S.M. Əfəndiyev (torpaq, 1938-ci ildə güllələnib), D. Bunyadzadə (maarif), M. Qadirli (sosial təminat), A. Kazımov (səhiyyə), B. Şahtaxtinski (nəzarət), Çvanov (ədliyyə), L. Mirzoyan (əmək, 1938-ci ildə güllələnib), Böyükağa Talıblı (Xalq Təsərrüfat Şurasının sədri, 1938-ci ildə güllələnib), C. Vəzirov (poçt və teleqraf), N. Tağıyev (maliyyə), A.P. Serebrovskiy (Neft komitəsinin sədri və 1938-ci ildə güllələnib) və M.C. Bağırov (Fövqəladə Komissiyanın sədri). Beləliklə, göründüyü kimi, ilk müvəqqəti olmayan kabinetdə də təmsil olunan bir çox xadimlər gələcəkdə repressiya olunublar. Yalnız S.T. Çvanov barədə dəqiq məlumat yoxdur. Qalanları isə M.C. Bağırovun repressiyalarının qurbanı olublar.
Maraqlıdır ki, vaxtilə AXC deputat və nazirlərini tədqiq edərkən, müəyyən etdim ki, 121 nəfərdən 1920-ci ildəki repressiyaların qurbanı yalnız 7-si olmuşdu. Amma sonradan (artıq 30-cu illərin proseslərində) onların da bir çoxu repressiyalara məruz qalmışdı. Belə ki, son AXC kabinetində olan 14 nəfərdən yalnız beşi mühacirətə getmişdi. Azərbaycanda qalanlardan yalnız biri – S. Mehmandarov o dövrki repressiyalara məruz qalmamışdı. Qalan 8 nəfərdən 6-sı ya güllələnmiş (H. Məmmədbəyli, Ə. Pepinov, R. Kaplanov), ya da həbsdə və ya sürgündə ölmüşdü. Yalnız N. Şahsuvarov sürgündən qayıda bilmişdi. Faktiki olaraq, ilk Azərbaycan SSR Xalq Komissarlar Şurasının 68,75%, sonuncu AXC hökumətinin isə 50%-i 30-cu illərdə güllələnmişdi.