Qulağına bayraq taxıb özünə təm-təraqlı ad günü keçirən və rednecksayağı ət şaqqalayan məktəb direktoru sosial şəbəkələrdə, mediada xeyli müzakirə olundu. Bu müzakirələr onunla nəticələndi ki, direktor istefa verdiyini bildirərək cəmiyyətdə yaranmış mübahisəni sonlandırdı.
Bu məktəb direktorunda orta statistik Azərbaycan müəllimi üçün zərərli olan hər şey vardı: sallaq buxaq, fərqində və məlumatı olmadığı dövlət və dövlətçilik barədə tədbirlərdə saatlarla danışaraq şagirdlərin zəhləsini tökmək, çətin də olsa, 20 Yanvar, Xocalı tədbirlərində dramatik ab-hava yaradıb şeirlər demək və s.
Söz düşmüşkən, artıq müəllimlərin işi xeyli çətinləşəcək. İlham Əliyev, söz yığını və səfsətədən ibarət nitqlərini sonlandırmaq üçün vacib olan “O gün olsun, bu günü Şuşada keçirək” kimi cümlələri onların əllərindən aldı. Artıq nitqlərinin əvvəli olmadığı kimi sonu da olmayacaq.
Amma mən pafoslu ab-havada ət doğranan videonu müzakirə etmək niyyətində deyiləm, orada hər şey gün kimi aydındır. Keçək məsələnin məğzinə.
Gedən müzakirələrdə mənim diqqətimi çəkən bir məsələ, hətta bir cümlə oldu. Yalnız “Facebook”da fəaliyyət göstərən bir “mətbuat orqanı”nın məktəb direktorundan aldığı müsahibədə, direktor çox önəmli bir məsələni vurğulayıb: “Hər bir deputatın, hər bir məmurun, dövlət adamının biz müəllimlərə borcu var. Nolar ki, indi bir səhvdir də, etdik. Bunu bu qədər böyütmək, üstümə getmək nəyə lazım idi?”
Bəli, əslində o məktəb direktoru, müəllimə həqiqəti deyirdi. Soyuq müharibə qalığı olan bəzi mediaların jurnalistləri kimi böyük bir nitqdən bir cümləni kəsib, hansısa şəxsi soydürmək məqsədim yoxdur. Əksinə, bu cümləni bir həqiqəti, özü də hər bir azərbaycanlının bildiyi həqiqəti açmaq üçün dəyərli oxuculara təqdim edirəm. Çünki biz azərbaycanlılar bəzən bildiyimiz həqiqətləri bilməklə kifayətlənirik, danışmağı, müzakirə etməyi özümüzə qadağan edirik. Bəli, hər bir deputat buxaqlı, kifayət qədər əsəbi, sifətindən zəhrimar yağan müəllimlər önündə borcludur və onların arabir etdikləri dəcəllikləri gizlətməlidir. Çünki hər bir deputatın seçilməsində, Milli Məclis adlı qurumda pafoslu çıxışlar edib sadə xalqdan xal yığmasında səbəbkar Azərbaycan müəllimidir. O Azərbaycan müəllimi ki, tonlarla bülleteni sandıqlara doldururdu, və bunu medianın, vətəndaş cəmiyyətinin, müşahidəçilərin, dünyanın gözü önündə edirdi. Bunu edərkən də heç bir vicdan əzabı çəkmirdi.
Bəli, o müəllim ideoloji bazası ağ vərəq olan azyaşlı şagirdlərə dərsdə dövlət və dövlətçilik, milli ruh, vətənpərvərlik təbliğ edə bilər, lakin seçki günü bunların hamısı unudulur, dövlətə yox, məhz özləri kimi buxaqlı millət vəkillərinə xidmət başlayır. Səngərlər qazılır, seçki sandıqları müəllimlər ordusunu gözləyir, qarşı cəbhədə isə ölkənin taleyi, gələcəyi var. Gəlin, “müəllimlik müqəddəsdir, alidir, ilahidir, sufilikdə bir mərtəbədir” kimi söhbətləri yaddan çıxaraq, razılaşaq ki, belə söhbətlərdən sovet dönəmində istehsal edilən parketlərdən qalxan, özündə adilik ehtiva edən iy gəlir. Müəllimlər ordusu seçki saxtakarlıqlarına birbaşa, şüursuz şəkildə xidmət edən, təbliğ etdiyini iddia etdiyi dəyərlərin fərqində olmayan, o dəyərlərə bir günün içində tüpürən böyük bir ordudur. Biz bunu minlərlə utancverici kadrlarda görmüşük. Bu səbəbdən də məktəb direktoru ilə bağlı pafoslu danışan millət vəkilləri mübahisəsiz riyakardırlar, azərbaycanlılar demişkən, hər biri yediyi qaba tüpürür.
Yazıçı Seymur Baycanın bir kəlamını çəkmək istəyərdim: faşizm yalnız insanları qaz sobalarına doldurub öldürmək deyil, faşizm – insanların ümidlərini, gələcəklə bağlı xəyallarını da baltalamaq, məhv etməkdir, bunun adı azərbaycansayağı faşizmdir. Azərbaycan müəllimləri bu faşizmin də sadiq əsgərləridir, bunu kifayət qədər yaxşı bacarırlar. Şagird isə bütün bu proseslərə məsum-məsum baxır, anlam verə bilmir, lakin onun əlindən tənəffüsünü, özünü ifadə etmək haqqını alan müəllimdən hər şey gözləyir.
Bu gün Avropada təhsil almış, nazir təyin olunmağına hətta müxalifətin də sevindiyi Təhsil Naziri Emin Əmrullayev var. Mənzərəni gözünüzün önünə gətirin: Avropada təhsil almış (bu azərbaycanlılar üçün böyük meyardır), xalqın həmrəylik sədaları altında nazir təyin edilmiş bir gənc və dövlət və dövlətçilik adı altında hər cür anti-dovlətçi aktı gündəlik ehtiyac kimi icra edən böyük müəllimlər ordusu. Bu mübarizədə hələ çox hekayələr görəcəyik, media üçün çox başlıqlar çıxacaq, lakin siyasi xalq olmaq istəyiriksə, bu prosesi çox yaxından izləməliyik. Bu mübarizə əslində gələcəyimizin inşası üçün aparılacaq mübarizədir.
Bir də hər bir dəyərli oxucudan kiçik xahişim var. Bu yazını oxuduqdan, mənzərəni gözünün önündə (ağır da olsa) canlandırdıqdan sonra özlərinə bir sual versinlər:
“Azərbaycan müəllimi müqəddəsdirmi?”