1919-cu ildə işğal altında olan Osmanlı İmperiyası Sultan VI Mehmed Vahidəddin ilə həmin ilin may mayında Samsunda formalaşmış Mustafa Kamal Paşanın rəhbərlik etdiyi müqavimət hərəkatı arasında bölünmüşdü. Bu dövrdə Azərbaycan Demokratik Respublikası hökuməti Türkiyə ərazisində legitim idarəetmə kimi yalnız VI Mehmedi görürdü. Anadoludakı müqavimət hərəkatı da ilkin dövrlərdə bəzi problemlərlə üzləşmişdi. Mustafa Kamalın başçılıq etdiyi millətçilər ilə İttihad və Tərəqqi rejiminə sadiq olanlar arasında fikir ayrılıqları var idi. Öz iqtidarını bərpa etməyi düşünən Gənc Türklər Mustafa Kamalın rəqibləri kimi meydana çıxmışdı. Bu vəziyyətdən xəbərdar olan Mustafa Kamal onların Milli Mübarizə hərəkatında nəzarəti ələ keçirmələrinə mane olmaq üçün 1919-cu ildə Sivas konqresini təşkil etdi. İki qrup arasındakı bölünmə Zaqafqaziyada daha çox hiss olunurdu. Azərbaycanda Gənc Türklərin güclü dayaqları vardı və onlar Mustafa Kamaldan əvvəl bolşeviklərlə əlaqə qurmuşdu (Ağayev, 2016:124-125).
Artıq bu dövrdə Mustafa Kamal Paşa ilə ADR-in fərqli cəbhələrdə olacağı bəlli idi. Bunu Mustafa Kamal Paşanın Osmanlının 1918-ci ildə Azərbaycana ordu göndərməsinin strateji səhv adlandırmasından görmək mümkün idi: “Son zamanlar gözümüzün qabağında baş verən hadisələr bizə bir prinsipə sadiq qalmağı öyrətdi. Müharibə zamanı hökumətimizin başında duran şəxs Qafqazın fəthi, Azərbaycan hökumətinin möhkəmlənməsi və Misirin geri alınması üçün Osmanlı qoşunlarından istifadə etdi. Bu siyasət nəticəsində əsl vətənimiz olan ərazilərdə çox böyük itki vermişik. Çoxlu münbit torpaqlar əlimizdən alınıb. Paytaxtımız və ölkəmizin İzmir, Antalya, Adana kimi bənzərsiz bölgələri işğal altındadır. Digər tərəfdən, əgər biz müharibədə iştirak etməsəydik və ya heç olmasa qüvvələrimizi tamah məqsədləri üçün sərf etmək əvəzinə indiki sərhədlərdə torpaqlarımızı müdafiə etmək üçün istifadə etsəydik, məğlub olmağımıza baxmayaraq, indiki vəziyyətimiz müəyyən qədər fərqli olardı. Ermənistandakı bədbəxt müsəlman xalqın yardımına getməkdən və Azərbaycan müsəlmanları ilə bir düşüncə ilə hərəkət etməkdən çəkinərək vətən və millətin indi cızdığı sərhədlər daxilində məqsədlərinizi həyata keçirməyi zəruri hesab edirik. Düşünürük ki, maddi və mənəvi qüvvələrimizi sərhədlərimizdən kənar məqsədlər üçün istifadə etməklə vətənin müdafiəsi üçün ehtiyacımız olan gücü zəiflədəcəyik.” (Baykara,1975:290).
Anadoluda Milli Mübarizənin formalaşmağa başladığı bir vaxtda Mustafa Kamal Paşa, Kazım Qarabəkir Paşa və Rauf bəy Ərzurum qurultayında hərəkatın xarici siyasət strategiyasının əsası kimi bolşeviklərlə yaxınlaşmaqda gördülər. Bunun üçün Kazım Qarabəkir Ömər Lütfi bəyi Bakıya, Fuat Sabit bəyi isə Moskvaya göndərmə qərarına gəldi. Fuat Sabit bəy də əvvəlcə Bakıya getməli idi (Tekerek, 2019:266). 2 sentyabr 1919-cu ildə Ərzuruma qayıdan nümayəndələrdən Ömər Lütfi bəy Kazım Qarabəkir paşaya belə bir məlumat verdi: “Bolşevik qoşunları Qafqaza hələ girməsə də, regionda gizli bolşevik təşkilatları mövcuddur. Bakıdakı Azərbaycan Müsavat hökuməti ingilislərin əlindədir. Bu hökumət bizə qarşı laqeyddir. Bizim hərəkatı ölü hərəkat hesab edirlər və yardım etmək istəmirlər. Bolşevik ideologiyanın tezliklə məhv olacağına inanırlar.” (Karabekir, 2008:183).
Bakıya gedərək Azərbaycan hökumətinin rəsmiləri ilə görüşən Fuat Sabitin fikirləri də fərqli olmadı: “Azərbaycan hökuməti ingilislərə arxalandığı üçün ehtiyatlı və təmkinli davranır. Sülh konfransı Zaqafqaziyada federasiya yaratmaq düşüncəsindədir. Azərbaycan hökuməti də bunun tərəfdarıdır. Bu baxımdan mən başa düşdüm ki, onlar bizə köməklik göstərməyəcək. Daha sonra bolşeviklərlə görüşdüm. Ölkəmizin ictimai, iqtisadi və ənənə baxımdan bolşevizmi qəbul etməyəcəyi şərti ilə köməklik göstərə bilmələri haqqında onların fikirlərini öyrəndim. İstənilən halda belə bizə yardım edəcəklərinə söz verdilər. Lakin yol olmadığı üçün indiki halda ancaq pul köməkliyi edə biləcəklərini qeyd etdilər.” (Karabekir, 2008:395-396).
Bu dövrdə Anadoludakı müqavimət hərəkatı üzvləri ilə ADR arasında danışıqlar üçün əsas nümayəndə kimi Xəlil Paşa ön planda idi. Kostantiniyyədə ingilislərin saxladığı həbsxanadan qaçan Xəlil Paşa Ankaraya getmiş, Anadolu hərəkatının liderlərindən olan Əli Fuat Cebesoyun məsləhəti ilə Sivasda Mustafa Kamalla görüşmüşdü. Mustafa Kamal Sivasdakı görüşdə əvvəlcə onu İzmir Cəbhəsinin komandanı təyin etməyi düşünmüşdü. Lakin daha sonra fikrini dəyişdi. Cebesoy həmin görüşü belə xatırlayırdı : “Biz Şərqdə sizdən istifadə etmək istərdik. Məsələn, bolşeviklərlə münasibət, onlardan silah, sursat və maddi yardım almaq. Barışıqdan əvvəl siz Qafqazda bizim ordularımızla birlikdə hərəkət etmisiz. O vaxt bolşevikləri yaxşı tanıyırdız. Ona görə də sizin o bölgədə Anadoluya verəcəyiniz yardım, digər tərəflərdən edəcəyiniz yardımdan daha dəyərli olacaq. Əgər bu vəzifəni öz üzərinə götürsəniz, həm bizi Şərqin vəziyyəti haqqında maarifləndirə, həm də uğurlu olacağı təqdirdə bizə vacib olan köməkliyi göstərə bilərsiniz.” (Cebesoy, 2002:136-137). Xəlil Paşa Mustafa Kamal Paşanın təklif etdiyi vəzifəni tərəddüd etmədən qəbul edərək 1919-cu ilin sonunda Bakıya çatdı. Kazım Qarabəkir 1919-cu il sentyabrın 23-də Xəlil Paşanı danışıqlar aparması üçün naxçıvanlı Böyük xanla birlikdə Bakıya göndərdi. Bu dəfə Kazım Qarabəkir ADR-ə ultimatum irəli sürmüşdü. Şərtlər belə idi.
– Bizim hərəkatı ölmüş kimi qəbul etsəz də, bu hərəkat müstəqil Türkiyəni yaşadacaqdır.
– Tez vəya gec erməniləri əzərək Qafqaza hakim olacağıq.
– Antantanın Ermənistan və Azərbaycana əsgər göndərəcəyi halda körpülər və tunellər dağıdılacaq, hərbi ləvazimatlara əl qoyulacaq.
– Bolşeviklər Qafqaza girəcəyi üçün onlarla anlaşmanız lazımdır. İngilislərin bir müddət sonra Qafqazda sadəcə sözləri qalacaq. Bu səbəbdən bolşeviklərin Arpaçay sahillərinə qədər gəlməsinə mane olmamalısız. (Karabekir, 2008:328).
Lakin Paris Sülh Konfransında İngiltərənin dəstəyinə arxalanan ADR rəhbərliyi müqavimət hərəkatı üzvlərinə dəstəkdən imtina etdi. Bu qərar Kazım Qarabəkir Paşa nümayəndələr məclisinə teleqramda Müsavat hökumətinin İstanbul hökumətindən heç bir fərqi olmadığını vurğulayaraq belə bir qiymət verirdi: “Azərbaycanda Müsavat Partiyası hakimdir. Bu partiya ingilislərin təsiri altındadır. Onlar bu təsirlə bolşeviklərlə müharibəyə cəsarət edə bilərlərmi? Onların zabitləri və əsgərləri çox zəifdir. Erməni silahlılarına qarşı belə müqavimət göstərə bilməyən 20 minlik bu ordu Denikin, Kolçak və Antantanın birləşmiş qoşunlarını darmadağın edən bir orduya qarşı nə edə bilər? Məsələni siyasi yolla həll etmək üçün hələ vaxt var ikən onlar bolşeviklərlə razılığa gedəcəklərmi? Bizim İstanbuldakı Fərid Paşa hükuməti nədirsə Müsavat hökuməti də odur.” (Karabekir, 2008:503-504).
1920-ci ilin əvvəllərində Türkiyə Müqavimət Hərəkatı üzvləri və eləcə də Ənvər Paşanın Bakıdakı tərəfdarlarının yekun fikri Azərbaycan Demokratik Respublikasını devirmək idi. Həm Mustafa Kamal Paşa, həm də Ənvər Paşa bolşeviklər vasitəsilə Türkiyədəki hakimiyyətini legitimləşdirmək niyyətində idi. Bu səbəblə Mustafa Kamal Paşa Türkiyə Kommunist Firqəsi (TKF) formalaşdırmışdı. İttihadçılar isə Karakol cəmiyyəti çərçivəsində hərəkət edirdilər. Bakıdakı Türkiyə Kommunist Firqəsinə Xəlil Paşa rəhbərlik edirdi. Mirzə Bala Məmmədzadə “Yeni Qafqaziya” jurnalında Xəlil Paşa haqqında bunları deyirdi: “Xəlil Paşanın bolşevik casusları olan Viktor və Skaçko arasında sıx əlaqələr var idi. Əslən azərbaycanlı olan, Türkiyəyə gedib oradan ehtiyatda olan zabit kimi qayıdan Yusif Ziya bəy də Xəlil Paşanın təşkilatına daxil idi” (Soysüren, 2018:45). Karakol cəmiyyətinə isə Baha Səid bəy rəhbərlik edirdi. O, 1920-ci ilin əvvəlində bolşeviklərlə müqavilə imzalasa da Milli Müqavimət Hərəkatı üzvləri bu anlaşmanı tanımaqdan imtina etdi (Korkmazcan, 2017:109). Bundan başqa, Bakıda türklərdən formalaşmış üçüncü bir kommünist qrupa Mustafa Sübhi rəhbərlik edirdi.[1] (İleri, 2005: 90). Bu qrupların hər biri ilkin dövrdə müttəfiq idi. 1920-ci ilin fevralında qurulan Azərbaycan Kommunist Partiyasının nəzdində hərəkət edən bu qruplar mart ayından etibarən çevrilişə hazırlığa başladılar.
Ermənilərin Qarabağdakı üsyanı zamanı regiona səfər edən Xəlil Paşa xatirələrində qeyd edirdi: “Müsavat hökumətinin ingilislərlə yaxınlığı diqqətimi çəkməyə başlamışdı. Biz bu dövrdə Anadoluda ingilislərlə döyüşürdük. Rusiya da bizim vəziyyətimizdə idi. Rusiya xarici işlər komissarı Çiçerin mazut göndərilməsi üçün Müsavat hökumətindən izn istəmişdi. Bundan xəbərim olduqdan dərhal sonra hökumət nümayəndələri ilə görüşdüm və onlardan mazutun buraxılmasını istədim. Lakin Müsavat hökuməti mənim tövsiyələrimi dinləmədi və ingilislərlə münasibəti daha da gücləndirdi. Müsavat hökumətinin ingilislərlə bu yaxınlığı xalqda da ciddi etiraza səbəb olmuşdu. Xalq arasında ingilislərə düşmənçilik artdıqca ruslara qurtarıcı gözü ilə baxış formalaşmışdı. Əhali arasında ciddi surətdə kommunizmə meyl var idi. Hökumət buna qarşı mübarizə aparsa da effektiv ola bilmirdi.”(Halil, 1974: 319-320).
Təxminən eyni fikirləri Kazım Qarabəkir Paşa öz xatirələrində qeyd edir: “Denikinin Qafqazdakı ordusu həlledici məhvə uğradı. Dağıstan bolşeviklərlə birlikdə hərəkət edir. Azərbaycanda və Gürcüstanda hakimiyyətdə burjua sinfinə mənsub hökumətlər var. Ancaq bu regionda əhalinin çoxu bolşevik tərəfdarıdır. Bu səbəblə daxili inqilabın baş verəcəyi mütləqdir. Azərbaycanda bolşeviklərə qarşı millətin və ordunun mövqe tutacağını düşünmürəm. Mövcud vəziyyət sürətlə inkişaf edir. Qafqazda və Azərbaycanda türk zabitləri və ziyalıları Mustafa Kamalın nəzərdə tutduğu plan çərçivəsində bolşeviklərlə ittifaqda birləşir.” (İleri, 2005: 89-90). Xəlil Paşa ADR nümayəndələri ilə danışıqlardan sonra yazdığı məktubda Müsavatı “ingilislərin oyuncağı” adlandırdı. Məktubda qeyd edilirdi: “Müsavatçılar Naxçıvan və ətrafını, Zəngəzuru və Qarabağı ermənilərə verməyə hazırdırlar. Qarabəkir cənubdan Elviye-i Selase-yə[2]hücum etməlidir. Əməliyyat başlar-başlamaz, Azərbaycanda hökumət məhv ediləcək və qırmızı bayraq qaldırılacaq. Ordumuzun hərəkəti ləngisə hər şey alt-üst ola və vəziyyət tamamilə bizim əleyhimizə çevrilə bilər.” (Akal, 2014:51).
Ermənilərin mart ayındakı üsyanı, eləcə də hökumət böhranı ADR rəhbərliyində ciddi problem yaratmışdı. Buna qədər artıq Qazax qəzası, Qaryagin (indiki Füzuli) və Zaqatala dairəsində Müsavat hökuməti yerli bolşevik əhali tərəfindən devrilmişdi. Əliheydər Qarayev Qarabağda ermənilərin üsyanından sonra keçirilən məclisin iclasında Qırmızı Ordunun ölkəyə dəvət olunmasını təklif etdi. Həmin anı Rəsulzadə belə təsvir edirdi: “Qarayev bu çıxışı edərkən parlamentin qonaqlar üçün lojasında oturan türk nümayəndənin üzündə ciddi surətdə təsdiq və təqdir ifadələri vardı.” (Resulzadə, 1990:83). Bu dövrdə türk zabitlərin ADR-in təhlükəsizliyində böyük mövqeləri vardı. Dəmiryoluna, parlamentin mühafizəsinə, eləcə dənizdəki qüvvələr tamamilə türk zabitlərinin əlində idi (Rəsulzadə, 1991:42). Baha Səid Bakının müdafiəsi üçün yaradılmış “Yardım alayı” adlı könüllü batalyona rəhbərlik edirdi. (Soysüren, 2018:44). Yardım alayı iştirakçılarından olan kommunist Məhərrəm Sultanov öz xatirəsində yazırdı: “Yardım alayı özünümüdafiə məqsədilə qurulmuş yarım hərbi dəstələr idi. Alayın ilk dəstəsi Təzəpir məscidinin həyətində təşkil edildi, sonra başqa məscidlərin həyətində də belə dəstələr yaradıldı. Yardım alayımızın komandirlərindən biri olan türk zabiti Müftizadə Səlahəddin, sonralar, mən fəhlə fakültəsində oxuyanda bizə dərs deyirdi. Özü də həqiqətən Kommunist Partiyasının üzvü idi.” (Süleymanov, 1987:187-189). Bu batalyonun 27 apreldəki mövqeyi həlledici olacaqdı.
İngiltərənin Azərbaycana silah və ordu göndərəcəyi barədə məlumatlardan sonra türk kommunistlər azərbaycanlı bolşeviklərlə birlikdə çevriliş üçün hazırlığa başladılar. (Şamıyeva, 2018:25). Bu ərəfədə isə Anadoludakı hərəkatın dövlətləşmə prosesinə start verildi. Aprelin 23-də Ankarada toplanan nümayəndələr Türkiyə Milli Müqavimət Hərəkatını dövlət formasında təsisatına başladılar. Həmin gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) hökuməti elan edildi. Mustafa Kemal Paşa yeni hökumətin sədri seçildi. 3 gün sonra Mustafa Kamal Paşa TBMM hökuməti adından RSFSR rəhbərliyinə göndərdiyi məktubda Qafqaz regionu ilə bağlı planlarını açıq şəkildə qeyd etdi :
– Mübarizəmizi və bütün hərbi əməliyyatlarımızı imperialist hökumətlərlə mübarizə aparmaq və bütün məzlumları azad etmək üçün rus bolşevikləri ilə birləşdirməyi öz üzərimizə götürürük.
– Əgər Sovet Rusiyası Gürcüstana qarşı hərbi əməliyyatlara başlamaq və ya Gürcüstanı diplomatik yolla ittifaqa daxil etmək, eləcə də ingilisləri Qafqazdan sıxışdırıb çıxarmaq niyyətindədirsə TBMM hökuməti imperialist Ermənistana qarşı döyüş əməliyyatlarına başlamağı və Azərbaycan Respublikasını bolşevik dövlətlər zümrəsini daxil etməyi öz üzərinə götürür.
– Xalqımızın məskunlaşdığı torpaqlarımızı işğal edən imperialist qüvvələri sıxışdırıb çıxarmaq, imperializmə qarşı birgə mübarizəmizi davam etdirmək üçün Sovet Rusiyasından bizə 5 milyon türk lirəsi qızıl, silah və s. döyüş sursatı, eləcə də Sovet hakimiyyətinin tələb etdiyi kimi Şərqdə istifadə olunacaq ordumuz üçün lazım olan hərbi-texniki vasitələr və ərzaq məhsulları istəyirik. (İleri, 2005: 89-90).
Türkiyə Böyük Millət Məclisinin Moskva hökumətinə ilk təklifi olan məktub Kazım Qarabəkir tərəfindən əlavə edilərək Trabzondan Moskvaya gedən heyətə çatdırıldı (Korkmazcan, 2017:112). Bu məktub çevriliş üçün start verilməsi demək idi. Çevrilişə hazırlıq üçün Süleyman Nuri və digər türk kommunistlər Bakıdakı azərbaycanlı bolşevikləri Həştərxandan gətirilmiş silah və sursatla təmin etdi (Tekerek, 2019:275).
Hərəkat Dağıstanda gözləyən XI Qızıl Ordu ilə koordinasiyalı formada həyata keçirildi. Hətta, Azərbaycana daxil olacaq orduya komandanlığın türk zabitlərə həvalə ediləcəyi bildirilmişdi. Xəlil Paşa xatırlayırdı: “ Bir gün Türkiyə Kommunist Təşkilatının üzvü Baha Səid yanıma gəldi və mənimlə şəxsən danışmaq istədiyini bildirdi. O bildirdi ki, Şimali Qafqazdakı Qızıl Ordu bura düşmən kimi yox, dost kimi gələcək. Siz şəxsən ora getsəniz ordunun komandanlığı sizə veriləcəkdir. Bu qərar ən yüksək mərkəzdən verilib.” (Halil, 1974:320).
27 aprel səhəri Azərbaycan bolşeviklərinin lideri Həmid Sultanov və türk kommunistlər əməliyyata başladılar. Kapitan Mustafa Şevki RSFSR KP Qafqaz komitəsi çərçivəsində əməliyyat inqilab şöbəsinin rəhbəri vəzifəsinə gətirildi. Kapitan İhsan və Bəhaəddin isə inqilabı yaymaq üçün müxtəlif bölgələrə təyin olundu. Dərbənd cəbhəsinin müfəttişi olan kapitan Rıfat inqilab gecəsi stansiyanın tutulmasında iştirak etdi və Bakı quberniyası komandiri vəzifəsinə təyin edildi. Artilleriya rəisi Nurəddin, pulemyotçu Fahri, zabitlər İbrahim Ethem və Rəşad Əfəndi komitənin komandanlığı altında xidmət edirdilər. (Soysüren, 2018:45-46).
Çingiz İldırımın rəhbərlik etdiyi donanma, eləcə də 7-ci Şirvan alayının kommunistlərin tərəfinə keçməsi ilə Bakı mühasirəyə alındı. Şirvan alayının kommunistlərin tərəfinə keçməsində türk zabit Hülusi Məmmədzadənin böyük rolu vardı (Hüseynov, 1967:544). Xüsusilə Baha Səidin rəhbərlik etdiyi Yardım alayının bolşeviklərin tərəfinə keçməsi ilə çevriliş öz məqsədinə çatdı. ADR Əksinqilab ilə mübarizə təşkilatının sədri olmuş Nağı Şeyxzamanlı xatırlayırdı: “Hökumətimiz işğal ərəfəsində təcili olaraq Bakıdan Gəncəyə çəkilmək və Qızıl Orduya qarşı Gəncədə müharibə etmək niyyəti vardı. Bunu etmək üçün maddi vəsaitə ehtiyac vardı. Təcili olaraq Azərbaycan Dövlət Mərkəzi Bankın Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmri verildi. Pullar sandıqlara qoyuldu və vağzala aparılaraq vaqonlara yükləndi. Qatar hərəkət edən anda parlamentin mühafizə alayından qısaboylu türkiyəli zabit olan Xalid əlli-altmış silahlı dəstə ilə vağzala gələrək qatarın hərəkətinə mane oldu”. (Şeyxzamanlı, 1997:100). Yardım alayının hökumətin qaçmasına imkan verməməsini Rəsulzadə özünün “Əsrimizin Siyavuşu” əsərində də qeyd edib. (Rəsulzadə, 1991:44).
Orconikidze Leninə yazdığı teleqramda türklərin çevrilişdə rolunu belə dəyərləndirirdi: “Bakıdakı türk əsgər və zabitləri inqilabın xeyrinə çox fəal rol oynadılar və onların sayəsində hökumətin Bakıdan qaçmasının qarşısı alındı”. (Tekerek, 2019:275). Parlamentin mühasirəyə alınmasından sonra Azərbaycan İnqilab Komitəsi lideri Həmid Sultanov binaya daxil olaraq hökumətin 2 saat ərzində bolşeviklərə təhvil verilməsini tələb etdi. Hökumətin keçirdiyi təcili iclasdan dərhal sonra hakimiyyət kommunistlərə təhvil verildi. Paralel olaraq sərhəddə gözləyən XI Qızıl Ordu Azərbaycana daxil oldu. Nağı Şeyxzamanlı XI Qızıl Ordunun Azərbaycana girməsində Xəlil Paşanın rolunu xüsusilə vurğulayırdı: “Qızıl Ordu sərhəddə dayandığı zaman ADR hökuməti Quba valisinə dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verdi. Vali dərhal bu əmri icra etdi. Bundan xəbərdar olan Xəlil Paşa general Şıxlinski ilə görüşərək təlaşla “Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm təcili tədbir görün”- deyir. General onun sözünə aldanaraq relslərin yenidən yerinə taxılmasını əmr etdi”. (Şeyxzamanlı, 1997:101).
Bakıya girən Qızıl Ordu tərkibində türk əsgərləri var idi[3] (Tekerek, 2019:275). “Qurtuluş” jurnalında XI Qızıl Ordunun Bakıya daxil olması belə təsvir edilirdi: “Rusiya Azərbaycandan keçərək ingilis və fransız imperialistlərinin tapdağında olan məzlum şərq xalqlarının köməyinə gəlirdi. Bunun üçün əvvəlcə istiqlaliyyəti uğrunda mübarizə aparan Anadolu türklərinə yardım etmək lazım idi. Növbədə daha sonra Ərəbistan, İran, Hindistan və Afrika var idi. Türk hərbçiləri şəhərlərdə “Müsavat hökuməti Qızıl Ordunun Mustafa Kamal Paşaya yardım etmək üçün Azərbaycandan keçməsinə mane olur” deməklə əhali arasında təbliğat aparırdı. Qızıl Ordu türk bayraqları ilə Bakıya daxil olmuşdu.” (Soysüren, 2018:43). Bolşeviklərin Azərbaycanda hakimiyyətə gəlişi prosesində rol oynayan və səy göstərən türk zabitləri arasında Xəlil Paşa, Kiçik Tələt, Fuat Sabit, Bahaəddin, Rifat, Yakup, Feyzullah Sacit, Əhməd Bedi Triniç kimi şəxslər iştirak edirdi. Sonuncu daha sonra Sovet xüsusi xidmət orqanlarında işləmişdi. (Soysüren, 2018:44-45).
Aprel çevrilişindən 1 gün sonra Azərbaycanda müstəqil respublika quruldu. TBMM hökuməti RSFSR-dən sonra Azərbaycan SSR-in müstəqilliyini tanıyan ikinci respublika oldu. Bundan sonra danışıqlar aparmaq üçün Xəlil Paşa və Fuat Sabit bəy aprelin 30-da Moskvaya yola düşdülər. Lakin 1 ay sonra Gəncədə ADR ordusunun qalıqlarının həyata keçirdiyi üsyan bu danışıqlar prosesinə mane oldu. Mustafa Kamal Paşa TBMM-dəki çıxışında Gəncədəki üsyanı təşkil edən müsavatçıları, eləcə də Qarabağdakı üsyanda iştirak etmiş Nuru Paşanı sərt dillə tənqid etdi : “Polşada baş verən hadisələr nəticəsində bolşevik hökuməti həmin cəbhə xəttinə mümkün qədər çox qüvvə göndərməli oldu. Polşaya göndərilən ordunun içində Azərbaycanda olan XI Qızıl Ordu və digər Sovet bölmələri vardı. Bu səbəbdən onların Qafqazda ermənilərə, gürcülərə qarşı hərbi gücü azaldı. Məhz bu məqamda ingilislərin təxribatları nəticəsində Gəncə bölgəsində ingilislərə bəndəlik etməkdən zövq alan Azərbaycan Müsavat Hökumətinin təşkil etdiyi bir irtica üsyanı baş verdi. Bu hadisədən sonra XI Ordu topladığı qüvvələrlə qiyamı yatırdı. Bu qiyamda Nuru Paşa da iştirak etmişdi. Bu şəxsin komandanlığı altında iki-üç min nəfərdən ibarət Azərbaycan bölmələri var idi. İngilislər bu şəxsi də hansısa yolla şirnikləndirmiş və onun gücündən öz məqsədləri naminə istifadə etmişdilər.” Mustafa Kamal Paşa Gəncə qiyamından sonra Azərbaycan SSR ilə diplomatik münasibətləri tənzimləmək, eləcə də güclü ittifaq formalaşdırmaq üçün Ankara hökumətinin ilk səfirliyini məhz Bakıda açmışdı.(Şimşir, 2006:24).
Ankara hökumətinin Azərbaycanda ilk səfiri Memduh Şevket Esendal idi. Azərbaycanın sovetləşməsindən sonra keçmiş İttihad və Tərəqqi tərəfdarları olan Ənvər Paşa ilə Mustafa Kemal Paşa arasında ziddiyyətlər çoxaldı. Ənvər Paşanın 1920-ci ilin sentyabrında Şərq xalqlarının birinci qurultayında iştirak etmək üçün Bakıya gəlməsi Ankara Hökuməti tərəfindən narahatlıqla qarşılandı. Lakin RSFSR, eləcə də Azərbaycan SSR rəhbərliyi qərarını vermişdi. Ənvər Paşa ilə alyansdan imtina edən Sovet rəhbərliyi Mustafa Kamalla ittifaqı üstün tutdu. İttihad və Tərəqqi üzvləri bununla da Orta Asiyada Sovetlərə qarşı mübarizəyə başladılar. Mustafa Kamal və dostları isə Türkiyə Qurtuluş Mübarizəsində imperialist qüvvələrə qarşı mübarizədə qələbə çaldı. Bu qələbədə Azərbaycan və Rusiyanın tarixi rolu isə daim xatırlanacaq.
İstifadə edilən ədəbiyyat
Azərbaycan dilində
Rəsulzadə, M. Ə. (1991). Əsrimizin Siyavuşu. Gənclik nəşriyyatı. Bakı.
Şeyxzamanlı, N. B. (1997). Azərbaycan istiqlal mücadiləsi xatirələri. Memoirs of Azerbaijan’s Independence Struggle). Baku.
http://web2.anl.az:81/read/page.php?bibid=26211&pno=1
Süleymanov, M. (1987). Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim. Bakı: Azerbaycan.
https://www.history.az/pdf.php?item_id=20111109055128717&ext=pdf
Türk dilində
Ağayev, M. (2006). Milli Mücadele Yıllarında Türkiye ve Azerbaycan İlişkileri. Yayınlanmamış Doktora Tezi, İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü
http://nek.istanbul.edu.tr:4444/ekos/TEZ/41222.pdf
Akal, E. (2014). İştirakiyuncular, Komünistler ve Paşa Hazretleri: Moskova, Ankara, Londra Üçgeninde: Moskova-Ankara-Londra Üçgeninde. İletişim Yayınları.
Baykara, H. (1975). Azerbaycan istiklal mücadelesi tarihi. Azerbaycan Halk Yayınları.
Cebesoy, A. F. (2002). Moskova Hatıraları, Milli Mücadele ve Bolşevik Rusya. Hazırlayan: Osman Selim Kocahanoğlu, Temel Yayınları, İstanbul.
DAĞISTAN, A. (1996). Millî Mücadele’de Mustafa Suphi Olayı. Atatürk Araştırma Merkezi Dergisi, 12(34), 171-193.
https://dergipark.org.tr/en/download/article-file/1680709
İleri, R. N. (2005). Atatürk ve komünizm: Kurtuluş Savaşı stratejisi. İleri Yayınları.
https://turuz.com/book/title/Ataturk+Ve+Komunizm-Rasix+Nuri+Ileri-1970-362s
Karabekir, K. (2008). İstiklal Harbimiz. İstanbul: Yapı Kredi Yayınları.
https://www.ebooks.az/download/I7wP5beO.pdf?token=lBkz7HE3Ju
KORKMAZCAN, N. S. Atatürk’ün Dış Politika Anlayışının TBMM’nin İlk Dış Politika Kararı Üzerinden Değerlendirilmesi. Aydın İnsan ve Toplum Dergisi, 2(4), 99-124.
https://dergipark.org.tr/en/download/article-file/651172
Paşa, H. (1972). Bitmeyen Savaş,(haz. Taylan Sorgun). Yaylacık Matbaası, İstanbul.
https://turuz.com/az/book/title/Bitmeyen+Savash-Xelil+Pasha-1972-331s
RESULZADE, M. E. (1990). Azerbaycan Cumhuriyeti (Keyfiyet-i Teşekkülü ve Şimdiki Vaziyeti),(Haz.) Yavuz Akpınar. İrfan Murat Yıldırım, Sabahattin Çağrı, İstanbul: Azerbaycan Türkleri Kültür ve Dayanışma Derneği Yayınları.
Soysüren, A.H. (2018) Azerbaycanın’ın Bolşevikleştirilmesi süreci ve Türkiye’nin rolü bağlamında Azerbaycanlı milliyetçilerin yaklaşımı , 27-66.
https://www.atam.gov.tr/wp-content/uploads/2-ali-haydar-soysuren.pdf
Şamıyeva, H. (2018). Milli Mücadele dönemi Mustafa Kemal Paşa ve Kazım Karabekir Paşa’nın Azerbaycan ve bolşeviklik hakkındaki düşünceleri , 17-30.
https://dergipark.org.tr/en/download/article-file/609879
Şimşir, B. N. (2006). Cumhuriyetin İlk Çeyrek Yüzyılında Türk Diplomatik Temsilcilikleri ve Temsilcileri (1920-1950). Atatürk Araştırma Merkezi Dergisi, 22(64-65-66), 15-90.
https://dergipark.org.tr/en/download/article-file/680774
Tekerek, M. (2019). Azerbaycan Türkiye İlişkilerinde Azerbaycan Yardımları ve Azerbaycan’ın Sovyetleşmesi Meselesi (1918-1920). Atatürk Üniversitesi Atatürk Dergisi, 8(2), 263-283.
https://dergipark.org.tr/en/download/article-file/895182
Rus dilində
Гусейнов И. (1967). Борьба за победу Советской власти в Азербайджане, 1918-1920: документы и материалы. Издательство АН АзССР.
[1] Qeyd etmək lazımdır ki, bu qruplar arasında həqiqətən də kommunist ideallara sahib olanlar üçüncü qrupdakı Mustafa Sübhi və tərəfdarları olub. (Dağıstan, 1996:176-177).
[2] Osmanlının Brest-Litovsk müqaviləsi əsasında nəzarətinə keçdiyi ərazilər (Batum,Qars, Ərdahan sancağı) belə adlanırdı.
[3] Ümumilikdə, 1918-1920-ci illərdə türk əsirlərdən ibarət 4 batalyon formalaşdırılmışdı.







