İqtisadi vəziyyət ilə yanaşı daxili siyasi vəziyyət daha da mürəkkəb idi. Mövcud siyasi-iqtisadi vəziyyətlə əlaqədar 1919-cu il sentyabrın 12-də parlament fraksiyaları hökumətə etimad məsələsini qaldırdı. Əhrar partiyası və sosialistlər tərəfindən hökumətə etimadsızlıq Baş nazir tərəfindən rədd edildi. Sosialistlər N. Yusifbəylini hökuməti bir sıra demokratik reformları həyata keçirməməkdə günahlandırırdı. Məsələn, Yusifbəyli hökuməti dövründə Fətəli xan Xoyskinin bəyannaməsində mövcud olan zemstvo institutlarının tətbiqi parlamentdə ümumiyyətlə müzakirə edilməmişdi. Hökümətə etimad tələbinin nəticələri, koalisiya hökumətindəki partiyalar arasında heç bir blok olmadığını və təsadüfi bir çoxluğa söykəndiyini göstərdi. 13 Sentyabr 1919-cu ildə Nazirlər Kabinetinin sədri N. Yusifbəyli parlament sədrinə müraciət edərək koalisiya partiyaları və hökumətə etimad etməyən sosialistlər arasında dərin fikir ayrılığının olduğunu, nəticədə gələcəkdə hökuməti dərin böhrana gətirib çıxaracağını bildirərək istefa ərizəsini təqdim etdi. Bu müddəanın xüsusiyyəti istefa verən bütün kabinetin deyil, yalnız Baş nazirin olması idi (F.Maksudov, İ.Aliyev, N. Agamaliyeva, Ş.Alışanlı, 1998:233).
Yusifbəylinin istefası heç nəyi dəyişmədi. Ağır iqtisadi şərait davam edirdi. Bunun əsas səbəbi Rusiya ilə iqtisadi əlaqələrin, xüsusilə neft sənayesindəki böhran nəticəsində ixracın həyata keçirilməməsi idi. Rusiyada vətəndaş müharibəsinin davam etməsi neft ixracının minimuma düşməsi və işsizliyin artmasına səbəb olmuşdu. Bütün bunlar fəhlələr arasında bolşevik tərəfdarlarının sürətlə artmasına gətirib çıxarırıdı. Yusifbəylinin istefasından dekabrın 20-nə qədər Azərbaycanda gərgin siyasi vəziyyət davam etdi. Şimalda Rusiya ilə ənənəvi iqtisadi bağların bərpasına müdaxilə edən Denikin ordusu, Ermənistan ilə müharibə, Türkiyədə davam edən müharibəyə görə qurula bilməyən əlaqələr, İran ilə ziddiyyətli münasibətlər kimi faktorlar yeni bir kabinetin qurulması və kompleks iqtisadi tədbirlərin görülməsinə mane olurdu. Bu dövrdə respublikanın siyasi həyatında bir sıra mühüm hadisələr baş verdi.
25 sentyabr 1919-cu ildə Qazax mahalında hökumətin torpaq siyasəti ilə bağlı kəndli qurultayı keçirildi. Qurultaya qatılan bolşeviklər və sosial demokratlar arasında mübarizə başladı. Müsavatçılar bu qurultaya gəlmədilər, çünki bu mahalda sosial dayaqları çox zəif idi. Sosial demokratlar torpaq komissiyasında parlamentin əkinçilik siyasətini həyata keçirəcək bir proqram hazırladılar. Bolşeviklər isə kənd təsərrüfat proqramlarını təqdim etmədilər, sadəcə sosial demokratların proqramını tənqid etməklə məhdudlaşdılar. Kəndli qurultayı sosial demokratların bu proqramına dəstək verdi. Qurultayın qəbul etdiyi qətnaməyə aşağıdakılar daxil edildi: “Rusiya inqilabının ən böyük uğurlarından biri torpaqları işçi insanlara təhvil vermək şüarı idi. Buna görə də parlamentdən və hökumətdən bu məsələnin ən qısa müddətdə həll olunmasını və kəndlilərin tələblərinə cavab verilməsini istəyirik.” (Tokarzhevski, 1957:230).
İqtisadi vəziyyətin ağırlığı kommunistlərin mətbuat yolu ilə insanlara təsir etmə imkanlarını artırırdı. Mətbuata nəzarət etmək üçün 25 oktyabr 1919-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən mətbuat tənzimləməsi layihəsi Məclisdə müzakirə edildi. Ümumilikdə layihədə mətbuat, xüsusən dövri nəşrlərə əlavə bəzi məhdudiyyətlərin tətbiqi təklif olunurdu. İlk oxunuşda qanun parlamentdə müzakirələrə səbəb oldu. Məsələn, təklif olunan tənzimləmə nəşriyyat redaktorunun savadlı bir şəxs olması, daha dəqiqi savad dərəcəsinin idarə, qubernator, rayon və şəhər qubernatorları tərəfindən təyin edilməsi ilə bağlı idi. Başqa sözlə, mətbuat azadlığı inzibati idarəetmə aparatına birbaşa bağlı olmalıydı.
Sosialistlər bu qanunu mətbuat azadlığının ağzına vurulan “xalta” adlandırdılar. (N. Agamaliyeva, R. Xudiyev, 1994:70). Müsavat partiyasından Baş nazir Nəsib Yusifbəyli, bu qanunla bağlı məruzə ilə çıxış edən Şəfi bəy Rüstəmbəyov, Rəsulzadə, A.Kazımzadə və Y. Əhmədov qanun layihəsinin lehinə çıxış etdilər. Müxalifətdən Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu qanunla bağlı hökuməti çox sərt formada tənqid edən çıxışla yadda qaldılar. Sosialistlər Əhrar, İttihad və bitərəflər tərəfindən dəstəkləndi. Səsvermə böyük sürprizlə nəticələndi. Müsavatın qanun layihəsi 31-ə qarşı 27 səslə rədd edildi. Ancaq Müsavat fraksiyası qanun layihəsini ikinci dəfə səs verməyə qoymağa nail oldu və layihə qəbul edildi. Müsavat artıq bundan sonra ölkədəki mətbuata total nəzarəti ələ keçirirdi. Mətbuata nəzarət xüsusən bolşeviklərin aktiv agitasiyası səbəbilə vacib bir faktora çevrilmişdi.
Azərbaycanda sol partiyalar
Azərbaycanda bu dövrdə müxtəlif sosialist partiyalar və cərəyanlar var idi. Bunlardan ən aktivi sol eserlər idi. Sol eserlər 1919-cu ilin ortalarından etibarən bolşeviklərlə çox sıx təmasa girərək onlarla ittifaq qurdular. Bu partiya inqilabi sosializmi müdafiə edir və Azərbaycanda Sovet hakimiyyəti qurmaq istəyirdi. Ancaq bu partiya rus sol eserlərindən fərqli olaraq milli mövqedə dururdu. Sol eserlər Azərbaycan Respublikasının müstəqilliyinin tam tanınmasının, onun idarəçilərinin tam olaraq azərbaycanlılardan təşkil edilməsinin tərəfdarı idilər. (Axmedov, 2006:27). Bu partiyanın fəal üzvləri Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov və başqaları idi.
Müsavat partiyasının özündə də hökumətin xarici və daxili siyasətini kəskin tənqid edən çox güclü sol qanad var idi. Parlamentdəki bitərəf qrupun lideri Behbud xan Cavanşir və Məmməd Həsən Hacınski də Rusiya ilə dostluq əlaqələri qurulmasının tərəfdarı idi. Bütün bu amillər bolşeviklərin hökumətə güclü təzyiq etmə imkanını yaradırdı. Bolşeviklərin qarşısında duran əsas problem sol yönümlü partiyaların vahid bir təşkilata çevrilməsinin önündəki maneələr idi. Xüsusən də sol eserlər vahid bir partiya olacağı halda partiyada təkcə azərbaycanlıların olmasını inadla təkid edirdi. Hümmətin menşevik qanadı isə ümumiyyətlə vahid partiya olmağın əleyhinə idi. Sonda kompromis əldə olundu. 1920-ci il fevralın 11-də və 12-də keçirilən ilk qurultayda sol partiyalar Azərbaycanda Kommunist Partiyasının qurulduğunu elan etdilər. (F.Maksudov, İ.Aliyev, N. Agamaliyeva, Ş.Alışanlı, 1998:227).
Bu dövrdən etibarən artıq kommunistlər Müsavat üçün real təhlükə olmağa başladı. Bu real təhlükəni İngiltərə komandanlığı görürdü. Azərbaycan sosialistlərinə yaxınlığı ilə bilinən Daxili işlər naziri Hacınskinin yumşaq siyasəti İngiltərənin ürəyincə deyildi. Azərbaycan işçilərinin dövlətə təsirini minimuma endirmək üçün İngiltərənin təzyiqi ilə Hacınski vəzifəsindən çıxarıldı və onun yerinə Müsavatın sağ fraksiyasından olan, işçilərə qarşı qəddarlığı ilə bilinən Şəfi bəy Rüstəmbəyov gətirildi. (Karayev, 1926:109-110). Rüstəmbəyov buna qədər Daxili işlər naziri müavini vəzifəsini tuturdu. Hacınskiyə isə ezamiyyət verildi. Rüstəmbəyovun sərt metodları kommunistləri zəiflətmək əvəzinə daha da qüvvətləndirdi. Bu metodlar daha sonra Müsavata çox baha başa gələcəkdi.
ADR və beynəlxalq vəziyyət
1919-cu ilin sonlarında Qafqazdakı vəziyyət müttəfiqlərin planlarında ciddi dəyişikliklər yaratdı və onları yeni respublikaların tanınmasına gətirib çıxardan siyasi kurs qurmağa məcbur etdi. 1919-cu il oktyabrın sonunda Rusiyada vətəndaş müharibəsinin bütün cəbhələrində anti-bolşevik qüvvələrinin geri çəkilməsi başladı. Bolşeviklərin 1919-1920-ci illərin qışındakı qələbəsi açıq-aydın görünürdü. Beləliklə, Denikinə olan ümidlər puç oldu və onu dəstəkləmək üçün artıq heç bir səy göstərilmədi.
Böyük Britaniya və Fransa Qızıl Ordunun Qafqazdakı irəliləməsini dayandırmaq üçün yeni tədbirlər görməli idi. Müttəfiqlərin Zaqafqaziya respublikalarını tanımasına səbəb olan son həmlə İngilis Ali komissarı Oliver Uordropun 3 yanvar 1920-ci il tarixində Böyük Britaniyanın Xarici işlər naziri Lord Kurzona göndərdiyi teleqrafı oldu. (Gokay, 1997:70). Uordrop Kurzona Qırmızı Ordunun Qafqazda geniş yayılmış hücumu barədə xəbərdarlıq etdi və bolşeviklərə ən azı bir növ maneə yaratmaq üçün müstəqilliyin dərhal tanınmasını təklif etdi. Bununla əlaqədar yanvarın 10-da İngiltərə, İtaliya və Fransanın xarici işlər nazirləri ingilis nümayəndələrinin tövsiyəsi ilə Ali sülh şurasının iclasını keçirdi. Görüşün təşəbbüskarı Lord Kurzon Qafqazdakı vəziyyətlə bağlı hesabat hazırladı və bütün Qafqazı və Yaxın Şərqi tez bir zamanda nəzarətə götürə biləcək bolşevik-kemalist koalisiya təhlükəsi haqqında məlumat verdi. Ortaq bir mövqe ilə əlaqədar olaraq Lord Kurzon şuranın növbəti iclasında Lloyd Corcun təklifi ilə Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınmasının gündəmə gətirildiyini elan etdi. Nəticədə Ali Şura, 11 yanvar 1920-ci ildə son qərarı verdi. Müttəfiq dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini faktiki (de-fakto) səviyyədə tanıdılar. (F.Maksudov, İ.Aliyev, N. Agamaliyeva, Ş.Alışanlı, 1998:235). Konfransda ABŞ və Yaponiyanın nümayəndələri hökumətləri ilə məsləhətləşmədikləri üçün iştirakdan imtina etmişdilər. Daha sonra yapon nümayəndəliyi Ali Şuranın qərarına qoşulduğunu bildirsə də, ABŞ rədd cavabı vermişdi. ABŞ-ın bu qərarı İngiltərənin Qafqazdakı təsirinin güclənməsi ilə bağlı idi.
Çiçerinin notaları və ADR-in Denikinlə olan münasibəti
Bolşevik ordusunun Cənubi Rusiyaya doğru hərəkəti Sovet Rusiyası ilə Müsavat hökuməti arasında danışıqların başlanması ilə nəticələndi. Bu danışıqlar RSFSR Xarici işlər komissarı Çiçerin və ADR Xarici işlər naziri Xoyski arasında aparılırdı. Çiçerinin Xoyskiyə göndərdiyi 1920-ci il 2 yanvar tarixli birinci notada çar generalı Denikinin Azərbaycan və gürcü xalqlarının düşməni olduğu vurğulanır, onun qoşunlarına yubanmadan cənubdan zərbə endirmək təklif olunurdu: “Biz nə qədər ki, gec deyil, Denikinə qarşı mübarizəyə başlamaq çağırışı ilə Azərbaycana xalqına müraciət edirik. Azərbaycan dövlətinin düzgün dərk edilmiş maraqları və onun zəhmətkeş siniflərinin sosial-siyasi maraqları Azərbaycanı bizim təklifimizə razılıqla cavab verməyə məcbur etməlidir.” (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:317).
Çiçerin, ADR-in Denikinə qarşı mübarizəyə hazır olduğu halda Azərbaycanın “xalqların müqəddəratının həlletmə prinsipi” əsasında müstəqilliyinin tanınmasının müzakirəyə çıxarıla biləcəyindən bəhs etdi. Çiçerinin birinci notasını ADR Xarici işlər naziri Fətəli xan Xoyski yanvarın 6-da aldı. Həmin gün Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi və qərara alındı ki, cavab notasında Azərbaycanın Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara başlamağa hazır olduğu bildirilsin. Xoyski yanvarın 14-də Çiçerinə cavab notasında yazırdı: “Azərbaycan hökuməti öz daxili həyatını qurmaq işində rus xalqının mübarizəsinə müdaxiləni yolverilməz hesab edir. Danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında hər iki dövlətin müstəqilliyi prinsipindən irəli gələn mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır.”
ADR hökumətinin Denikinə qarşı mübarizə apara bilməməsinin 2 əsas səbəbi var idi.
1- İlk olaraq ADR hökuməti İngiltərənin güclü təsiri altında idi və Sovet Rusiyası ilə hər hansı yaxınlaşmaya gedə bilməzdi. Bundan başqa İngiltərə Sovetlərə qarşı vuruşan Denikinin müttəfiqi idi. Belə olduğu halda ADR-in Denikinə qarşı müharibəsini İngiltərə əsla qəbul etməzdi. (Karayev, 1926:110).
2- İkincisi isə 1919-cu ildə Müsavat hökumətinin Denikinlə az qala müharibə şəraitində olmasına baxmayaraq Cənubi Rusiya ordusunun əsas komandanlıq qərargahı Bakıda yerləşirdi. Cənubi Rusiya ordusunun kazak korpusunun rəhbəri Nikolay Baratov Yusifbəyli hökumətindən Sovet Rusiyasını blokadada qoymaq tələbi qoymuşdu. Bu tələb İngiltərənin də təsiri ilə iqtisadi embarqo formasında həyata keçirilmişdi. Eyni zamanda məhz Bakıda Podşibyakinin rəhbərliyi altında rus zabitləri Denikin ordusuna daxil olmaq üçün səfərbər edilirdi. (Borisova, 2006:45). Bu isə birbaşa Sovet Rusiyasına təhdid idi.
Müasir aspektdən baxdıqda ADR-in bu şərtləri qəbul edəcəyi halda RSFSR-in hansı addımları atacağını müəyyənləşdirmək çətindir. RSFSR ADR-in müstəqilliyini tanımasa da 1919-cu ilin iyulun 19-da gələcəkdə qurulacaq Nərimanovun rəhbərliyi altındakı Azərbaycanın müstəqilliyini tanımışdı. (Mustafazade, 2006:64). Bu tanınma Paris Sülh konfransındakı de-fakto tanınmadan 6 ay əvvəl qəbul edilmişdi. RSFSR-in əsas məqsədi ölkədə hərbi çevriliş edərək Müsavat hökumətini, Azərbaycan KP-nin rəhbərliyi altında olan Azərbaycan hökuməti ilə əvəz etmək idi. Beləcə aprelə qədər davam edən nota mübadiləsində heç bir irəliləyiş əldə edilmir. Fətəli xan Xoyskinin Bakı neft mədənlərini yandırma təhdidi də heç bir effekt vermir. (Karayev, 1926:107). Apreldə artıq Sovet ordusu Denikin ordusunun qalıqları üzərində qələbə qazanaraq Azərbaycan-Rusiya sərhəddinə gəlib çatmışdı. Bu zaman artıq danışıqlar aparmanın heç bir əhəmiyyəti qalmırdı.
Daxili böhran
Kommunistlərin yığıncaqları adətən “Mərkəzi Fəhlə Klubu”nda olurdu. Kluba toplaşanların sayısında gün keçdikcə çoxalma olduğunu görən hökumət oranı bağlamaq üçün tədbir görməyə başladı. Hökumət “Mərkəzi Fəhlə klubu”nu ilk dəfə 9 dekabr 1919-cu ildə möhürləmişdi. Buna cavab olaraq Bakı Fəhlə Konfransı rəhbərliyi ertəsi gün fəhlələri böyük bir etiraz aksiyası keçirməyə çağırdı. Hökumət geri çəkilərək 1 gün sonra “Mərkəzi Fəhlə klubu”nu açmağa məcbur oldu. Bu dəfəki vəziyyət isə tamam başqa idi. Bununla əlaqədar 1920-ci il martın 15-də polis bolşevik təbliğatçısı Dadaş Bünyadzadəni, K.İsmayılovu, Sumbat Fətəlizadəni və başqalarını həbs edərək yenidən Fəhlə klubunu bağladı. (F.Maksudov, İ.Aliyev, N. Agamaliyeva, Ş.Alışanlı, 1998:252) Bu hadisə Müsavata çox baha başa oturdu. Azərbaycanın hər yerində Müsavata qarşı üsyanlar başladı. Qazax mahalında üsyan edən Müseyib Əliyevin rəhbərliyi altındakı dəstə rayon qəza mərkəzini ələ keçirdi. Müsavat hökumətinə qarşı ikinci uğurlu üsyan Qaryagində (indiki Füzuli) baş verir. Mart ayının sonunda Zaqatalada Zəkəriyyə Balaxlinskinin rəhbərliyi altında xüsusi komitə qurulur və bu komitə Bakıya tabe olmadığını bildirir. (Karayev, 1926:118). General Əliağa Şıxlinski də hökumətin siyasətinə etiraz olaraq istefa verir. Şıxlinski istefa verdikdən sonra bolşeviklərə qoşulur. (İbragimov, 1975:76).
20 mart 1920-ci ildə sosialist nazir Əhməd bəy Pepinov növbəti parlament iclasında Fəhlə klubunun bağlanmasına və bolşeviklərin həbsinə etiraz etdi. Bu bəyanatı təcili olaraq müzakirə etmək təklifi hökumət tərəfindən rədd edildi. Buna cavab olaraq Əhməd bəy Pepinov növbəti parlament iclasında partiyasının qərarına görə istefaya gedəcəyini söylədi. Pepinov, 23 mart 1920-ci ildə nazirlik səlahiyyətlərindən istefa verdi. (N. Agamaliyeva, R. Xudiyev, 1994: 85) Sosialist nazirin ayrılması vəziyyəti çətinləşdirdi. Həmin gün Azərbaycan hökuməti tərəfindən həbs edilmiş kommunist Əli Bayramovun başı kəsilmiş halda meyidinin tapılması Bakıda çox geniş bir əks səda yaradır.
9 aprel 1920-ci ildə Pepinovdan sonra başqa bir sosialist naziri Camo bəy Hacınski də istefa verir. Sosialistlərin hökumətdən ayrılması hökumət böhranını daha da böyütdü. Əhrar partiyasının rəhbəri Aslan bəy Qardaşov koalisiyadan çıxdığını və nümayəndələrinin hökumətdən çəkildiyini açıqladı. Hökumətdə tək qalan müsavatçılar artıq kabinetin saxlanmasına nail ola bilmədi. Çarəsiz qalan Müsavat partiyası Müsavatın sol fraksiyasından olan Məmməd Həsən Hacınskiyə hökumət qurmağı təklif etdi. Hacınskiyə yeni kabinet yaratmaq və bütün parlament qrupları ilə danışıqlarda sərbəst hərəkət etmək imkanı tanındı.
Sosialist fraksiya 15 aprel 1920-ci ildə radikal sosialist hökuməti qurmaqda təkid etdi. “Əhrar” və “İttihad” Hacınskinin namizədliyini dəstəklədilər. Müsavat Hacınskinin namizədliyini irəli sürsə də eyni zamanda partiyanın sağ qanadı Hacınskiyə qarşı güclü təzyiq göstərirdi. Hökumət yaratmaq səlahiyyətinə sahib olan Hacınski dərhal bolşeviklərlə danışıqlar apardı və nazirlik vəzifələrini təklif etdi. Bolşeviklər bu təklifi rədd etdi. Bununla yanaşı, bolşevik fraksiyası adından danışan Əliheydər Qarayev bunu söylədi: “Əgər Azərbaycanda kommunist hərəkatına qarşı fəal siyasət aparılmasa yaxın gələcəkdə yeni qurulacaq kabinetə qarşı çıxmayacağıq”. Məmməd Həsən Hacınski isə bolşeviklərlə danışıqlardan sonra bu gündən etibarən müsavatçı olmaqdan imtina etdiyini bildirərək bolşeviklərin tərəfinə keçir. (Karayev, 1926:115). Hacınski bolşeviklərə qoşulduqdan sonra 22 apreldə Nəsib bəy Yusifbəyliyə hökumət qura bilməyəcəyi barədə xəbər verir. Bu xəbər Müsavat cəbhəsində şok yaradır.
Türkiyənin sovetləşmədə rolu
1919-cu ildə Kamal paşanın Samsuna gəlməsi ilə Türkiyədə 2 hakimiyyətlilik yarandı. Sevr müqaviləsini tanımayan Kamal paşa və silahdaşları xarici müdaxiləçilərə qarşı mübarizəyə başladı. Bu mübarizədə Kamal paşaya ilk böyük dəstək Sovet Rusiyasından gəldi. Müstəqilliyi üçün müttəfiqlərlə mübarizə aparan və Sovet Rusiyasının hərbi və diplomatik dəstəyinə ehtiyac duyan Türkiyə şimal qonşusu ilə yaxın əlaqələr qurmağa çalışırdı.
Kamal paşanın özü Leninə 26 aprel 1920-ci ildə Sovet qüvvələri ilə birlikdə Ermənistana qarşı hərbi əməliyyatlar keçirə biləcəyini, Gürcüstanla diplomatik münasibətlərin qurulmasına çalışacağını və Azərbaycan respublikasını Sovet dövlətinin sfera dairəsinə keçməyə məcbur edəcəyi ilə bağlı məktub yazdı. (N. Agamaliyeva, R. Xudiyev, 1994: 85) Türkiyə tərəfi Sovet Rusiyasına Xəlil paşanın Dağıstandakı türk dəstələrindən Azərbaycanı ələ keçirmək üçün istifadə etməyi təklif etdi. Kamal paşanın fikrincə, Azərbaycana müdaxilədə Xəlil Paşanın müsəlman bölüyündən istifadə neft ehtiyatlarını məhv olmaqdan xilas edə bilərdi. Türk Milli Hərəkatının İcraiyyə Komitəsi, Bakıdakı türklərə Sovet Rusiyasının Qafqaz Regional Komitəsinin bütün əmrlərinə tabe olmağı əmr etmişdi. Xəlil Paşanın rəhbərlik etdiyi bir qrup türk zabiti Qırmızı Ordunun fəal şəkildə təbliğinə kömək etdi. Türk əsgərləri yerli əhali arasında Qırmızı Orduya müqavimət göstərməməyə çağıran təbliğat aparırdılar. (Marshall, 2010:140). Bu təbliğatlar bolşevik olmayan digər siyasi qüvvələrə də ciddi təsir etmişdi. Məsələn, ittihadçılar və Müsavatın sol fraksiyası türk zabitlərinin inqilabçı Rusiya ilə inqilabçı Türkiyə arasında bir dəhliz yaratmağın zəruriliyi ilə bağlı iddialarından güclü təsirlənmişdilər
Azrevkom-un qurulması və hərbi çevriliş
Aprel ayının ortalarında Hacınskinin hökuməti qura bilmədiyi və siyasi böhranın davam etdiyi bir vaxtda Azərbaycan Kommunist Partiyası qiyam etmək üçün hazırlıqlara başladı. Bu qiyam Qafqaz Regional Komitəsi ilə birlikdə hazırlandı. Aprelin 22-də XI Qırmızı Ordu nümayəndələrinin iştirakı ilə Qafqaz Regional Komitəsinin Bakı Bürosunun və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təcili iclasında aprelin 27-də Azərbaycan hakimiyyətinə təslim olması barədə ultimatumun verilməsi qərara alındı. (Milman, 1971:142). Türkiyə və digər müsəlman ölkələrində yaşanan mənfi təcrübələrin təkrarlanmaması üçün Azərbaycan Kommunist Partiyası nümayəndələri XI Qırmızı Ordudan, hərbi çevriliş olmadan Azərbaycana girməyəcəyinə dair zəmanət aldılar. Hərbi çevrilişə Azərbaycan İnqilab Komitəsi (Azrevkom) rəhbərlik etməli idi.
27 aprel səhəri Azərbaycan kommunistlərinin silahlı dəstələri həm şəhərdə, həm də şəhər kənarında vacib obyektlərin ələ keçirilməsinə başladı. Tezliklə Bakının poçt, teleqraf, radio stansiyası, polis məntəqələri, böyük neft sahələri və sənaye müəssisələri, hərbi və ticarət limanları Azrevkom-un əlinə keçdi. Diversiya qruplarının səyləri ilə Bakı, şimal sərhədi və Gəncə arasında telefon və teleqraf rabitəsi sıradan çıxarıldı. Qiyam başladıqdan qısa bir müddət sonra Bakı qarnizonu bütün əsgərləri ilə birlikdə Azrevkom-un tərəfinə keçdi.
Çevrilişin sürətli olmasında türk əsgərləri və kommunistlərinin fəal rolu var idi. Belə ki, türklərin səyləri sayəsində hərbi qubernator general Murad bəy Tlexas da daxil olmaqla, şəhərdəki bəzi vacib obyektlər ələ keçirildi. (N. Agamaliyeva, R. Xudiyev, 1994: 92)
Müsavat fraksiyasından Rəsulzadə müsavatçıların təslim olmasının əleyhinə olduğunu, lakin Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınacağı və kommunistlərin respublikanın müstəqilliyini təmin edəcəkləri təqdirdə hakimiyyətin təhvil verilməsinin əleyhinə olmayacağını bildirdi. 27 aprel 1920-ci il saat 23.00-da keçirilən səsvermə nəticəsində parlament hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə verilməsi haqqında qərar qəbul etdi. (N. Agamaliyeva, R. Xudiyev, 1994: 93) Hakimiyyət təhvil verildikdən sonra hökumət üzvləri Tiflisə getmək üçün vağzala axışmağa başladı. 27 aprel axşamı stansiyada ilk olaraq Baş nazir Nəsib bəy Yusifbəyli göründü. Lakin o Azrevkom əsgərləri tərəfindən saxlanıldı və çamadanlarında axtarış zamanı 98 milyon rubl pul və qiymətli əşyalar aşkarlandı. (Karayev, 1926:122). Daha sonra azad edilən Yusifbəyli Aşağı Qarxun kəndində Qarxunlu Əşrəf tərəfindən öldürüləcəkdi. Hökumətin digər üzvləri olan Fətəli xan Xoyski və Həsən bəy Ağayev isə ölkəni tərk etməyə imkan taparaq Tiflisdə yerləşdilər. Burda onların hər ikisi “Sentyabr qırğını”nda iştiraka görə erməni terroristləri tərəfindən öldürüldü.
XI Qızıl ordunun Bakıya daxil olması
Azərbaycanda hakimiyyət çevrilişi olduğu zaman XI Qızıl ordu hələ Rusiya-Azərbaycan sərhədində gözləyirdi. 23:30-da XI Qızıl Ordu dörd zirehli qatar ilə sərhədi keçdi. Bu qrupun sürətli hərəkəti Sovet Rusiyası ilə savaşmaq istəməyən Azərbaycan ordusunun sıralarında tam bir çaxnaşmaya səbəb oldu. Yalama, Xudat və Xaçmaz qatar stansiyalarında qısa döyüşlər zirehli qatarın sürətli irəliləyişini dayandırmadı. 28 aprel gecə saat 2-də zirehli qatar Bakıdan cəmi 14 km məsafədə yerləşən Biləcəri stansiyasına daxil oldu. Azərbaycan ordusunda geri çəkilmə kortəbii, bəzən tamamilə spontan forma alırdı. Ələsgər Əsgərov Kəngərlinski bu çəkilməni bu formada xatırlayırdı: “Bolşeviklər o dərəcədə sürətli irəliləyirdilər ki, təcrid zonası qubernatorunun teleqraf hesabatına görə, geri çəkilən Azərbaycan zirehli maşınları sürətlərini saatda 60 verstə qədər artırmalı olurdular.” (Mustafazade, 2006:101).
Səhər saat 5-də “Üçüncü İnternasional” zirehli qatarı Bakı stansiyasına yaxınlaşdı. Onları burada hakimiyyəti təhvil almış Azərbaycan Kommunist Partiyası rəhbərliyindəki işçilər qarşıladı. Aprelin 30-dək əməliyyatın əsas təşkilatçıları Kirov və Orconikidzenin müşayiəti ilə XI Ordunun əsas bölmələri Bakıya girdilər. Elə həmin gün Orconikidze qısa məruzədə Leninə teleqram göndərdi: “27-dən 28-nə keçən gecə Bakıda hakimiyyət Azərbaycan İnqilab Komitəsinə təhvil verildi. Artıq Azərbaycanda Azərbaycan Sovet respubikası elan edilib. Zirehli qatarlarımız isə şəhərə səhər 4-də daxil olublar”. (M.Volkonski, V.Mukhanov, 2007:205).
Moskvaya geniş formada ilk teleqram 4 may 1920-ci ildə Kirov və Orconikidze tərəfindən göndərildi: “Əhalinin, xüsusən müsəlmanların və işçilərin coşğusunu ümumiyyətlə təsvir etmək olmur. Burdakı coşğunu sadəcə Petroqraddakı “Oktyabr inqilabı” ilə müqayisə etmək olar. Hətta orda belə bizə müqavimət göstərilsə də burda heç bir müqavimət olmadı.” (Dubinskiy-Mukhadze, 1977:193).
Beləcə, Müsavat hökumətinin devrilməsi Bakıda və onun ətrafında sovet əleyhinə kütləvi etirazlara səbəb olmamış, hökumətin və onun administrasiyasının xalqın içində dəstəyinin son dərəcə az olduğunu göstərmişdir.
Nəticə
Bu inqilabın Azərbaycan tarixində xüsusi bir əhəmiyyəti vardır. Müstəqil Azərbaycan Sovet Sosialist Respublikasının qurulması ilə ilk dəfə Azərbaycan adlı ölkənin hüquqi olaraq varlığı qəbul edildi. 1918-1920-ci illərdə qurulan ADR de-yure tanınmadığı üçün hüquqi bir dövlət deyildi. ADR-in Rusiya tərəfindən tanınmadığı müddətcə heç bir siyasi varlığı mümkün ola bilməzdi. Müttəfiq dövlətlər də məhz bu səbəblə 1920-ci ilin yanvarına qədər ADR-in müstəqilliyini (de-fakto) tanımırdı. İngiltərə və Fransa I Dünya müharibəsində müttəfiqi olmuş Rusiyanın bölünməsini istəmirdi və bu səbəblə “Vahid və bölünməz Rusiya” üçün mübarizə aparan Denikini dəstəkləyirdi. Məhz bolşeviklərin mərkəzi hökumətə qarşı mübarizəsi nəticəsində Rusiyada ADR kimi onlarla respublika quruldu. 1919-cu ildə Denikinin Azərbaycana müdaxilə etməsinin qarşısını da bolşeviklərin bütün cəbhələrdə irəliləyişi kəsmişdi. İstənilən halda ADR 2 illik mövcudluğunu da bolşeviklərin mübarizəsinə borcludur. Bolşeviklər Rusiya vətəndaş müharibəsində məğlub olacağı təqdirdə Azərbaycanın muxtar vilayət statusu belə olmayacaqdı.
Azərbaycan, beləcə bolşeviklərin “xalqların müqəddərat haqqı“ prinsipi sayəsində hazırda müstəqil dövlət statusunu qoruyur.
İstifadə edilən ədəbiyyat
Ф.Максудов, И.Алиев, Н.Агамалиева, Ш. Алышанлы, (1998), Азербайджанская Демократическая Республика: 1918-1920 : армия : (документы и материалы).
Е. Токаржевский, (1957), Из истории иностранной интервенции и гражданской войны в Азербайджане
Н.Агамалиева, Р.Худиев. (1994), Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг.
А. Ахмедов, (2006), Национальное движение, партии и общественные деятели Азербайджана в 1918-1925 годах глазами очевидца.
А. Г. Караев, (1926), Из недавнего прошлого : Материалы к истории Азербайджанской Коммунистической Партии.
Bulent Gokay, (1997), A Clash of Empires: Turkey Between Russian Bolshevism and British Imperialism, 1918-1923.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, (2004), I cild.
Рахман Мустафа-заде, (2006), Две республики: азербайджано-российские отношения в 1918-1922 гг.
Ибрагимов С. Д, (1975), Генерал Али Ага Шихлинский.
Alex Marshall, (2010), The Caucasus Under Soviet Rule.
Арон Мильман, (1971), Азербайджанская ССР–суверенное государство в составе СССР.
Михаил Волхонский, Вадим Муханов, (2007), По следам Азербайджанской Демократической Республики.
Илья Моисеевич Дубинский-Мухадзе, (1977), Нариманов.
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.