Böhran zamanı, Azərbaycan iqtisadiyyatının bəzi sahələri digərlərindən fərqli olaraq tənəzzülə yox, əksinə sürətli inkişaf dövrünə qədəm qoydu. Əhalinin gəlirlərinin müəyyən mənada azalması onların inkişafı üçün bir stimul oldu. Müvafiq sahələr sırasına biz taksi xidməti, ərzaq riteyli və kino bazarını aid edə bilərik. Kino sahəsində son illərdə baş vermiş inkişafı nəzərə alsaq, bu yaxınlarda Azlogos portalında dərc olunmuş «Şanxay-Bakı» – cəmiyyətə güzgü kimi» adlı məqalədə rast gəlinən bəzi fikirlərlə, heç bir halda razılaşmaq mümkün deyil. Qeyd olunan məqalə müəllifinin fikrincə, «uşaqlı-böyüklü on milyona yaxın əhalisi olan Azərbaycanda kinematoqrafiya gəlirli sahə sayılmır». Müəllif belə vəziyyətin iki səbəbini göstərir. Birinci səbəb qismində «ölkədə kino bazarının olmaması»nı, ikinci səbəb kimi isə «dövlətin… incəsənətin bu növünü də inhisarda saxlaması»nı.
Zənnimcə bu fikirlər 5 il əvvəlki dövrə aid ola bilər, amma indiki vəziyyət bunun tam əksidir. Həm Azərbaycanda kino bazarı formalaşıb (ya da formalaşmaqdadır – məsələyə hansı bucaqdan baxılmasından asılıdır), həm də dövlətin kino bazarında rolu demək olar ki, yoxdur ya da aşağıdır.
Kino bazarında yeni dönəm 2015-ci ildə başladı. 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün heç də qaneedici il deyildi. Bir çox azərbaycanlı bu ili yalnız devalvasiya ili kimi yadda saxlayacaq. Amma bir sıra iqtisadi sahələr üçün, iqtisadi böhran yeni imkanlar açdı. Hələ 2014-cü ildə bir sıra şirkətlər ya marketinq, ya da digər səbəblərdən film çəkilişinin maliyyələşdirilməsinə qərar verdilər. Qeyd etməyə dəyər ki, film çəkilişləri seriallardan sonra başladı. Uzun müddət MTRŞ-ın qoyduğu qadağalara görə, yerli telekanallar yalnız yerli serialları göstərə bilirdilər və bu məşhurluqdan istifadə edib, eyni şirkətlər kino çəkilişlərinə başladılar. Başqa sözlə, bu bazarın inkişafında qismən hökumətin də rolu va).
Planlara görə 2014-cü ilin sonu və 2015-ci ilin əvvəlində, prokata bir neçə film buraxılmalı idi. Burada bir ilk onunla bağlı idi ki, kinoteatrlar filmləri göstərməyə imkan verirdilər. Bundan əvvəlki dövrdə, yerli filmlər nəyəsə görə kinoteatrlarda göstərilmirdi. Misal üçün, 2012-ci ildə iki məşhur film buraxılmışdı. Bu “Dolu” və “Çölçü” filmləri idi. Bu filmlər, dövlət hesabına çəkilmişdi (müvafiq olaraq 1,5 və 1,1 milyon manata başa gəlmişdi). Amma böyük həcmdə xərcə baxmayaraq, onlar nə prokata buraxılmışdı, nə də geniş auditoriya bu filmlər ilə tanış olmaq imkanı tapmışdı. Düzdür, bu filmlər müxtəlif mükafatlara layiq görülmüşdülər (xüsusən də, “Çölçü” filmi 29 festivalda iştirak edib), amma filmlərin birbaşa məqsədi mükafat almaq deyil. Filmlər əsasən auditoriya üçün çəkilir. Amma nəyəsə görə, heç kim bu filmlərin prokata buraxılmasına maraq göstərmədi (indi onlara onlayn olaraq baxmaq olar).
Kinoteatrlar da filmlərin göstərilməsində öz maraqlarını təqib edirdilər. Onlar gəlirlərini artırmaq məqsədilə, daha böyük auditoriyaya çıxış əldə etmək niyyətində idilər. Bazarın vəziyyəti də əlverişli idi – böhran vaxtı insanlar daha çox «tamaşa» axtarırlar. Xarici filmlərin sayı isə həm bütün kinoteatrları doldurmağa imkan vermirdi, eyni zamanda da yeni auditoriya cəlb etmirdi. O zaman, kinoteatrlar türk filmlərini artırmağa başladılar və bu müəyyən effekt verdi. Türk filmlərinin məşhurluğu göstərdi ki, Azərbaycandilli filmlərin göstərilməsi daha böyük auditoriyanı kinoteatrlara cəlb edə bilər. Nəticədə yerli kinoteatr şəbəkələri də buna razılıq verdilər. 2015-ci ilin əvvəli çətin dövr olmasına baxmayaraq, ilk dəfə Azərbaycan filmi böyük bir büdcə yığa bildi.
Belə ki, bunlardan birincisi “Xoxan” filmi oldu. Bu filmə dörd ay ərzində 250 minə yaxın tamaşaçı baxdı (standard Hollivud blokbasterlərinə adətən 70-80 min insan baxır). Filmin də ümumi yığımı 1 milyon manat təşkil etdi. Düzdür, film istehsalçılarının payına təxmini 370 min manat düşdü (buradan vergiləri də çıxmaq lazımdır). Amma filmin istehsalına xərclənən 65-70 min manatı nəzərə alsaq, bu çox yaxşı qazancdır. Onunla eyni dövrdə prokatda olan “My name is İntiqam” filmi də yarım milyona yaxın vəsait yığa bildi.
Bazarda bu məlumat əks-səda doğuran kimi, ölkədə dərhal film istehsalı bir neçə dəfə artdı. Artıq ən azı ayda bir dəfə, bəzən isə həftədə bir yeni Azərbaycan filmi prokata çıxmağa başladı. Bunu nəzərə alaraq, 2017-ci ilin kino bazarını təhlil edib, maraqlı rəqəmlər aşkarladım. Filmlərə dair açıq məlumatlar olmadığından, bu təhlili kinoteatrların saytlarında göstərilən seanslar əsasında etməli oldum. Qeyd etmək lazımdır ki, il ərzində bizim hesablarımıza görə, 155 min seans keçirilməli idi. Dövlət Statistika Komitəsi xəbər verir ki, seansların sayı 103,6 min idi. Nəzərə alsaq ki, səhər seanslarının bir çoxuna tamaşaçı gəlmir və bəzi kinozallar haqda məlumatlar DSK-ya daxil olmur, deyə bilərik ki, rəqəmlər üst-üstə düşür. Bu seanslar 10 min nəfərlik 60 kinozalda həyata keçirilib.
İlk əvvəl qeyd etmək lazımdır ki, seansların 78% xarici filmlərin payına düşüb. Amma burada bir məqamı qeyd etmək lazımdır. İl ərzində 86 min seansda ABŞ istehsalı filmlər nümayiş olunub. İkinci yerdə isə Azərbaycan filmləri gəlir. Bizim filmlər 34 min seansda nümayiş olunub. Ümumi seanslarda Azərbaycan filmlərinin payı 22% təşkil edir. Türkiyə və Böyük Britaniya istehsalı olan filmlərin payına isə seansların 12 və 10% düşür. Göstərilən filmlərin sayında da, yerli filmlər ikinci yerdədir. Filmlərin sayına görə üçlük belədir: ABŞ (135), Azərbaycan (62) və Türkiyə (50).
Maraqlı fakt kimi qeyd edə bilərik ki, ölkədə mövcud olan şəbəkələr arasında müəyyən növ rəqabət də yaranıb. Belə ki, Azərbaycan və Türk filmlərini kinoteatrlar faktiki olaraq bir-biri ilə bölüblər, bəzi filmləri “CinemaPlus”, digər filmləri isə “ParkCinema” göstərir. Orta olaraq hər bir şəbəkə yerli filmlərə cədvəlin 1/3 ayırır. Eyni zamanda mərkəzdən daha uzaq olan kinoteatrlarda cədvəlin əsasını adətən Azərbaycan və Türk filmləri təşkil edir.
Seansların sayına dair daha bir maraqlı fakt ondadır ki, bu göstəriciyə görə ilk onluqda 6 Azərbaycan və 3 ABŞ filmi var (birinci yeri isə 2017-ci ildə Türkiyə istehsalı olan Recep İvedik-5 filmi tutub). Bu, əsasən Azərbaycan filmlərinin daha uzun müddət göstərilməsi ilə bağlıdır. Müqayisə üçün, “Stalinin başı” filmi prokatda 207 gün qalıb, amma “Forsaj-8” filmi isə yalnız 28 gün (orta olaraq birincisi bir gündə 17, Forsaj isə 87 seansı göstərilib). Ümumiyyətlə, 49 film 1000-dən artıq seansda göstərilib. Onlar arasında 33 ABŞ istehsalı və ya ABŞ-in iştirakı ilə və 13 Azərbaycan istehsalı filmlərdir.
Yuxarıda göstərilən rəqəmlər əsasında deyə bilərik ki, Azərbaycanda bu dəqiqə yerli kino bazarı ən azı formalaşmaqdadır. Düzdür bu bazarın ümumi həcmi o qədər də böyük deyil. Ən bahalı yerli filmin istehsalı təxmini 150-200 min manata başa gəlir. Film istehsalçılarının da birbaşa gəliri 300-400 min manat civarındadır. Amma Azərbaycan filmləri həmçinin bir çox rəqabət üstünlüklərinə malikdir. İlk əvvəl, Azərbaycanda azərbaycandilli əhali bir çox hallarda yeni filmlərə baxmaq imkanından məhrumdur. Filmlərin çoxu rus dilində gedir və Azərbaycan dilində alt yazılar isə aşağı keyfiyyətlidir. Buna görə yerli və türk filmlərinə maraq artır. Eyni zamanda bir çox kinoteatr şəbəkəsi maraqlı bir marketinq sxemi seçiblər. Belə ki, şəhərin kənarlarında yerləşən kinoteatrlarda yerli filmlər daha çox və daha uzun müddət göstərilir. Buna görə, Azərbaycan filmlərinin müəyyən qədər qazanmaq imkanları yaranır. Bununla bərabər, Azərbaycan filmləri həmçinin vaxtından əvvəl internetdə yerləşdirilmir. Bunu yalnız istehsalçı edir. O da təxmini olaraq filmin premyerasından 1 il sonra yerləşdirir (son zamanlar marketinq məqsədləri ilə bağlı bu dövr nisbətən azalıb). Bu, filmlərin disk və ya internet bazarı vasitəsilə satışının zəif olmasını göstəricisidir. Başqa tərəfdən, bu vəziyyət onlara filmi uzun müddət prokatda saxlamağa imkan verir. Misal üçün, Forsaj-8 filmini, pis keyfiyyətdə də olsa, növbəti gün internetdə tapmaq olur, yaxşı keyfiyyətdə isə 1 aydan sonra yerləşdirilir. Ona görə, bu filmlərin uzun müddət prokatda qalmaq imkanı olmur.
İkinci səbəb kimi, dövlətin inhisarı göstərilir. Qeyd etməyə dəyər ki, kino bazarı faktiki olaraq dövlətin heç bir rolu olmadan inkişaf edib. Dövlətin rolu bu bazarda yalnız “Nizami Kino Mərkəzi”-nin mövcudluğu ilə məhdudlaşır (əlavə edə bilərik ki, Zirədə olan kinoteatr bələdiyyəyə məxsusdur. Bakı və Gəncədən başqa rayonlarda yerləşdirilmiş kinozallar Cinemaplus-a aid olmasına baxmayaraq, ASAN Xidmət binalarında yerləşir). Onlar da əsasən özəl şirkətlər ilə işləyirlər. Başqa sözlə faktiki olaraq, bu dəqiqə Azərbaycanda ən iri templə inkişaf edən bazarlar dövlətin rolu olmadan böhran vəziyyətinə baxmayaraq, inkişaf edirlər. Kino bazarı eyni zamanda bir çox digər bazarlara da təsir edir (dizayner, operator, ssenari, reklam və s.). Nəticə etibarilə müəyyən qədər idxalın əvəzedilməsi baş verir. Təxmini olaraq 4 il əvvəl bazarda adi film çəkmək üçün şirkət tapmaq çətin idi, indi isə bir filmi bir aya çəkə bilirlər. Eyni şirkət həm reklam, klip və digər video məhsullar da istehsal edə bilir.
Başqa tərəfdən deyilə bilər ki, bazarda ən böyük maliyyəyə sahib olan dövlətdir. Misal üçün, bu yaxınlarda Prezidentin ehtiyat fondundan film istehsalına 5 milyon manat ayrılmışdı. Ümumiyyətlə, dövlətin iştirakı ilə çəkilmiş filmlərin büdcəsi böyük olur. Amma onları prokatda da az görürük. Ən məşhuru “Əli və Nino” idi. O da 15 milyon funt sterlinqə başa gəlib (büdcədən maliyyəşib-maliyyəşməməsinə dair dəqiq məlumat yoxdur). Amma prokatda heç də uzun müddət göstərilməyib. Başqa tərəfdən, qeyd etmək lazımdır ki, uzun müddətdir ki, dövlət filmlərin çəkilməsinə pul ayırmır (bu il ayrılan pul son dövr üçün bir yenilik idi). Bundan əvvəlki dövrlərdə, dövlət qismən film istehsalında iştirak edirdi. Misal üçün, bu ilin martında prokata buraxılan “Qız qalası” filmi təxmini 400 min manata başa gəlib, onun da 298 min İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhər Tarixi Muzeyi tərəfindən ayrılıb. Filmin öz maliyyəsini bağlamaq üçün isə, təxmini 250 min tamaşaçısı olmalıdır. Bu isə indiki şəraitdə (“Xoxan” vaxtı daha asan idi) çox çətin məsələdir. Bazarda ciddi rəqabət mövcuddur.
Düzdür, ola bilər keyfiyyət cəhətindən, bu filmlər ciddi dəyər kəsb etmir. Amma keyfiyyət məsələsi və kino bazarı bir qədər müxtəlif yanaşmalardır. Misal üçün, sosial şəbəkə istifadəçiləri tərəfindən yaxşı qarşılanan “Yoxdurbeləsöhbət” filminə kinoteatrda 1-2 min insan baxmışdı (youtube-da 140 min), amma “Stalinin başı” filminə kinoteatrda 150 min (youtube-da 4,4 milyon) tamaşaçı baxmışdı. Kino bazarı üçün nə vacibdir – keyfiyyət, ya qazanc – bu artıq diskussiya mövzusudur. İqtisadi cəhətdən qazanc daha vacibdir. Bu da kino bazarında əldə olunur və ildən-ilə filmlərə xərclənən vəsait də artır.