Azərbaycanda son illərdə aşıqlar qədər ələ salınan, məzə obyektinə çevrilən ikinci sənətçi təbəqəsi yoxdur. Düzdür, muğam da az tənqid olunmur, muğam ustaları da az ironiya ünvanına çevrilmir; ancaq aşıq sənətinə qarşı tənqidin də, ironiyanın da dozası aşırı yüksəkdir.
Mən bu sənətin geniş yayıldığı bölgədə doğulmuşam və oranın insanlarının bu tənqid və məzələnmələrdən necə qıcıq olduqlarının da şahidiyəm. Ancaq qüsura baxmasınlar: aşıqlıq indi böyük əksəriyyətdə qıcıq, ürəkbulanma yaradırsa, bunun birinci səbəbi də, səbəbkarı da elə həmin sənətin daşıyıcılarıdır! Kökü isə nə üç il, nə beş il, nə on beş il əvvələ gedib çıxır.
Bu barədə bir qədər sonra.
Hələliksə öz əminliyimi yazım: bəli, tamam fərqli, texnoloji üstünlükləri olan, bunun da insanların zövqünə, dünyagörüşünə, mədəniyyətinə təsir etdiyi çağda yaşayırıq, zaman artıq fərqli estetikalar diqtə edir, bu estetikalardan kənarda çox şey banal, aqrar, arxaik görünür, adamların ruhunu oxşamır.
Bütün bu reallıqların fonunda sazı artıq “muzey eksponatı” kimi görmək istəyənlərin varlığı təbiidir. Və hətta: onlara qıcıqlanmaq, onlara qəzəblənmək yox, onları alqışlamaq lazımdır!
Çünki sazın toyxana eksponatına çevrilməsindənsə muzey eksponatına çevrilməsi onu daha qiymətli edərdi. Ən azından onun dəyərini aşağı salmaz, onu bu qədər bayağılaşdırmaz, onu bu qədər aşağılamazdı.
Nəticə etibarilə də aşıq hansısa yekəqarın pullunun qarşısında onun az qala yeddi arxa dönəninə şit, əttökən təriflər oxuyan, mədhiyyələr düzən təlxəyə çevrilməzdi! Hansısa polis rəisinin, prokurorun qarşısında meymunluq eləməzdi!
Beləcə, nə saz, nə aşıq camaatın gözündə məzə, həqarət obyekti olmazdı!
Gələk sözümüzün canına: sazın, aşığın bu qədər dəhşətli şəkildə, biabırçı formada ələbaxımlılığı, rüsvayçı bayağılığı nə vaxt və necə başladı?
Bu bir gerçəklikdir ki, keçən yüzilliyin qanlı-qadalı 30-cu illərində aşıqlıq (ozan) sənəti öz köklərindən və yüzillər boyunca formalaşmış ruhundan qoparıldı. Aşıq el (xalq) sənətçisi olmaqdan çıxdı, partiya və hökumət mədhiyyəçisinə çevrildi. “İşıqlıdır lampaları kolxozun” oxumağa başladı. Bir zamanlar haqsızlığa qarşı mübarizə aparan qəhrəmanlar haqqında dastanlar, övgülər qoşan aşıq (ozan) valı 180 dərəcə dəyişdi, kolxoz sədrlərindən, sovxoz direktorlarından, raykom katiblərindən tutmuş prokurorların, müstəntiqlərin şəninə təriflər düzmək yolunu tutdu.
Beləcə, “Fərman padşahındı, dağlar bizimdi” estetikası öz yerini:
Getdi kulak, kontur, müsavat tamam,
Məhv oldu xainlər, gəldi xoş əyyam,
Verildi xalqlara bu gözəl məqam,
Stalinçi nocavanlar yaşasın!
– bayağılığına buraxdı.
“Aşığı el saxlar” deyə məşhur bir misal var. Açması çox bəsitdi: aşıq (ozan) istər maddi, istər ruhi-mənəvi baxımdan elə, xalqa bağlı idi, ilhamını ondan alır, qarnını da onun sayəsində doyururdu.
30-cu illərdən başlayaraq aşığa yeni don biçildi – sözün həqiqi və məcazi mənasında.
Həqiqi mənada ona görə deyirəm ki, həmin illərdən etibarən aşıqlar Stalinvari libasda səhnəyə çıxmağa başladılar: bu, “xalqlar atası”ndan qalma kitel, qəlife şalvar, uzunboğaz çəkmə, enli kəmərdir. Aşıqların bu yeni görkəmi həm də onlara biçilən yeni missiyanın (yaltaqlıq-mədhiyyəçilik) açıq görsənişi, birbaşa təsdiqi idi.
Məcazi mənada ona görə deyirəm ki, aşıqlar xüsusi nəzarətə götürüldü: digərləri ilə müqayisədə xalq yığnaqlarında daha çox göründüklərinə, daim el-el, oba-oba gəzib-dolaşdıqlarına görə onlardan partiya və hökumətin təbliğatı, təşviqatı üçün gen-bol yararlanmaq barədə qərar verildi. Beləcə, “elin saxladığı” aşıq (ozan) yavaş-yavaş “partiya və hökumətin saxladığı” aşığa çevrildi.
Necə deyərlər, “əl əli yuyar, əl də üzü”.
Elə Sovetlər Birliyinin digər “yaradıcılıq” təşkiilatları kimi (Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və s. və i.a.) Aşıqlar Birliyi də sazı öz mübariz ruhundan qoparmaq, aşığı isə təlxəyə döndərmək, ondan sovxozun, kolxozun, Mərkəzi Komitənin, canım sizə desin, leninizm-marksizmin şəninə tərif söyləmək kimi önəmli bir vəzifəni daha uğurla həyata keçirmək planının əsas tərkib hissəsi kimi meydana çıxdı.
Sovet hökumətinin çöküşü ilə birlikdə aşıqlar da ortada qaldılar: “İşıqlıdır lampaları kolxozun” oxuya bilməzdilər, kolxoz yox idi. “Fərman padşahındır, dağlar bizimdir” estetikasına qayıda bilməzdilər, çünki bu ruhdan, bu eşqdən, bu cəsarətdən qoparılıb atılmışdılar.
Belədə yeni çağın tələbinə uymaq lazım gəlirdi: birinci katiblər, Qızıl meydan, Lenin mavzoleyi, canım sizə desin, ispalkomlar, kolxoz sədrləri yox idi, ancaq onların mahiyyət etibarı ilə günümüzdəki analoqları vardı. Qısası, təriflər, mədhiyyələr sadəcə ünvanını dəyişdi.
Bir də dozasını: daha iyrənc, daha idbar olmağa başladı.
Aşıqlıq yerini tamamilə təlxəkliyə, meymunluğa buraxdı.
İstisnalar ola bilər, ancaq təəssüf ki, bu qaydanı dəyişmir.
Sonda: Azərbaycanın aşıqlığın geniş yayıldığı, insanların qanına, iliyinədək işlədiyi bölgəsindən çıxmış biri kimi təəssüflə yazmalıyam: saz bu gün kimlərinsə sinəsində yox, muzeylərin künc-bucağında olsaydı, indikindən qat-qat yüksəkdə dayanardı!
Hörməti də, urvatı da öz yerində…