11 may 1960-cı il, Argentina, Buenos Ayres. Mercedes-Benz zavodunun işçisi Rikardo Klement başına gələcək hadisələrdən xəbərsiz halda, həmişə olduğu kimi axşam işdən çıxaraq evinə qayıdır. İsrail xüsusi xidmət orqanı Mossadın xüsusi qrupu, nəhayət ki, Rikardonu yaşadığı yerin yaxınlığında qaçıra bilir. Cəmi iki il sonra İsrail məhkəməsində ona ölüm hökmü oxunacaqdı. Əslində, o, hərbi cinayətkar, Holokost memarlarından biri kimi tanınan Adolf Ayxman idi.
Əsl adı Otto Adolf Ayxman (Eichmann) olan bu alman zabiti 19 mart 1906-cı ildə Almaniyanın Solingen şəhərində anadan olmuşdu. I Dünya Müharibəsi vaxtı Adolfun ailəsi Almaniyadan Avstriyanın Linz şəhərinə köçür. Nasist partiyasına üzv olmazdan əvvəl, Yuxarı Avstriyada (Oberösterreich) bir neft şirkətinin səyyar satıcısı kimi fəaliyyət göstərir. Lakin bütün dünyanı iflic edən Böyük (İqtisadi) Böhran nəticəsində Adolf da işsiz qalır.
1932-ci ilin aprel ayında Adolf Ayxman Nasist partiyasına daxil olur. O vaxt heç kəs bu orta boylu zabitin 6 milyon insanın ölümündə müstəsna rol oynayacağını düşünə bilməzdi. Artıq noyabr ayında o, Himlerin təşkil etdiyi SS qüvvələrinə qəbul edilir. Bir il sonra isə Linz şəhərini tərk edərək Almaniyaya qayıdır və Lexfelddəki (Lechfeld) Avstriya Legionunun məktəbinə qoşulur. Nasist partiyasındakı fəaliyyətlərinə görə, qısa müddətdə karyerasında irəliləyişlər baş verir, nəticədə 1 yanvar 1934-cü ildə Daxaudakı SS bölməsinə təyin edilir. Bir müddət sonra yeni təyinat üzrə SS-in Berlindəki mərkəzi ofisinə göndərilir. Burada o, “Təhlükəsizlik Xidmətinin (Sicherheitsdienst)” “yəhudi məsələləri” üzrə bölməsində işləyir.
Ayxman həm bacarıqlı bürokrat, həm də qatı anti-semit idi. SS daxilindəki karyerasında sürətlə yüksələn Ayxman, Avstriyanın anşlüsündən sonra şəhəri yəhudilərdən təmizləmək üçün Vyanaya göndərilir (Mart, 1938). Eyni missiya ilə bir il sonra Praqada fəaliyyət göstərir. 1939-cu ildə Haynrix Himler (Heinrich Himmler) Reyx Təhlükəsizlik Mərkəzi Ofisini yaradır və Ayxmanı Berlindəki ofisə “yəhudi məsələləri” üzrə işləməyə dəvət edir.
İşğal edilmiş ərazilərdə yəhudilər artıq konslagerlərə göndərilirdi, ancaq bu işi daha sistemli təşkil etmək üçün 1942-ci ilin yanvar ayında Berlinin Vanze (Wannsee) bölgəsində yüksək rütbəli nasist zabitləri logistika məsələləri üzrə iclas keçirirlər. İclasda yəhudi məsələsində “yekun həll”in yəhudiləri kütləvi məhv etmək olduğu deyilməsə də, əslində, Ayxman artıq bu iş üçün baş cəllad seçilmişdi.
İclasdan sonra Ayxman, Almaniyanın işğal etdiyi Avropa ölkələrindəki yəhudilərin müəyyən edilməsi, toplanması və (əsasən, Polşada yerləşən) ölüm düşərgələrinə göndərilməsinə rəhbərlik edirdi. Düzdür, sözügedən iclasda Ayxman qərar verənlərdən biri deyildi, lakin qərarın icrasının həyata keçirilməsindəki rolu danılmazdır. Hətta o, yüksək rütbəli nasistlərə Avropa yəhudilərinin necə məhv edilməsi barədə məlumatları və şəxsi qeydlərini təqdim etmişdi.
Almaniya, II Dünya Müharibəsində məğlub olduqdan sonra almanlar üçün Nürnberq məhkəməsi qurulsa da, bir sıra yüksək rütbəli alman zabiti kimi, Ayxman da bu məhkəmədən qaça bilir. Amerikalılara əsir düşməsinə baxmayaraq, oradan canını qutarır. 4 il ərzində bəzi Avropa (hətta Yaxın Şərq) ölkələrini gəzdikdən sonra, nəhayət, İtaliyaya gələ bilir. Maraqlı məqam ondadır ki, özlərini “Qisasçılar – Nokmim” adlandıran yəhudi əsilli britaniyalı əsgərlər qaçıb canlarını qurtarmağa çalışan keçmiş SS zabitlərini tutmağa və onların cəzalandırılmasına səy göstərirdilər. Eyni zamanda bu qrup yəhudilərin qeyri-qanuni yollarla Fələstinə getməsinə də kömək edirdi. Fəqət Ayxman bu qrupun da əlinə düşmür və yeni həyata başlamağın yollarını axtarır.
Bir neçə dəfə şəxsiyyətini təsdiq edən sənədləri dəyişmək məcburiyyətində qalan Ayxman, İtaliyadakı nasist meylli katolik rahiblərin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin də köməkliyi ilə 1 iyun 1950-ci ildə özünə yeni pasport ala bilir. Pasportdakı məlumatlara əsasən, Ayxmanın yeni adı Rikardo Klement, anadan olduğu yer İtaliyanın Bolzano şəhəri, ixtisası mexanik idi. Eyni zamanda o, vətəndaşlığı olmayan şəxs statusundaydı.
Yeni pasportunu aldığı ildə dostlarının sayəsində Argentinada sığınacaq tapan Ayxman 3 ilə yaxın paytaxt Buenos-Ayresin yaxınlığındakı San Fernando qəsəbəsində yaşayır. Burada o, metal zavodunda işləyir, maaş alırdı. 1952-ci ilin ortalarında Ayxman ailəsini (həyat yoldaşı və iki oğlunu) də Argentinaya gətirə bilir. Bir il sonra – 1953-cü ildə Buenos Ayresdən 600 mil məsafədə yerləşən Tukuman (Tucuman) əyalətinə köçür və mühəndislik şirkəti olan “Capri firm”də işləməyə başlayır. Aprel ayında “Capri firm” şirkəti müflis olduğunu elan edir və Ayxman ailəsi yenidən Buenos-Ayresə köçmək məcburiyyətində qalır. Keçmiş SS zabiti, övladlarını çəkinmədən “Eichmann” soyadı ilə alman məktəblərinə göndərir. Qeyd etmək lazımdır ki, həmin dövrdə Argentina hökuməti keçmiş nasistlərin lehinə siyasət izləyirdi və buna görə, Argentina nasistlər üçün cənnətə çevrilmişdi.
Bir neçə il fərqli sahələrdə işləsə də, 1959-cu ilin mart ayında Ayxman, Mercedes-Benz şirkəti tərəfindən işə qəbul edilir və saxta Rikardo Klement adı ilə işləməyə başlayır. Maraqlıdır ki, Ayxman özünə saxta pasport düzəldib, saxta ad-soyadla işləsə də, öz nasist keçmişini danmırdı. Üstəlik Argentinada yaşayan keçmiş nasist partiyasının çoxsaylı üzvləri ilə də sıx əlaqələri var idi. Nasistlərə simpatiyası ilə seçilən bir jurnalistə verdiyi geniş müsahibədə Avropanın bütün yəhudilərini öldürə bilmədiyinə görə təəssüfləndiyini də etiraf edirdi. Ayxman haqqında şayiələr artıq Avropa və Amerikada yayılmağa başlamışdı, lakin nə Qərbi Almaniya, nə də ABŞ bu məsələ ilə maraqlanmırdı. İsrail isə artıq nasistlərin ovuna çıxmağı planlaşdırırdı.
Əslində, Ayxman haqqında məlumatlar, İsrail xüsusi xidmət orqanlarının əlinə təsadüfən keçir. Belə ki, Argentinada yaşayan yəhudi Lothar Herrman, qızı Silvia ilə Ayxmanın oğlu arasında münasibətin sayəsində Adolf Ayxmanın Buenos-Ayres yaxınlığında yaşadığını öyrənir. Herrman özü gözdən əlil idi və Argentinaya qaçıb xilas olmadan əvvəl Daxau əsir düşərgəsində olmuşdu. O, qızının vasitəsilə əldə etdiyi məlumatları Almaniyada yaşayan, Hesse əyalətinin yəhudi əsilli hakimi Fritz Baurə göndərir. Öz növbəsində məlumatların nasistlərin tərəfdarlarının əlinə keçəcəyindən ehtiyat edən Bauer, 1957-ci ilin payızında İsrailin xarici işlər naziri Walter Eytana zəng vuraraq onu məsələdən xəbərdar edir.
Walter Eytan, Ayxmanla bağlı məlumatları Mossadın rəhbəri İsser Harelə ötürür. Harel bir payız günündə Ayxman dosyesini ciddi araşdırır, çünki onun haqqında elə də dərin məlumat sahibi deyildi. O, sonralar yazdığı “Qaribaldi küçəsindəki ev” adlı kitabında Ayxman barədə belə deyir: “Ayxmanın necə adam olduğu haqqında məlumatsız idim… Mən bilmirdim ki, o, uşaqların qətlinə fərman verə, eyni zamanda özünü intizamlı əsgər kimi apara bilər. Mən bilmirdim ki, o, qadınlara qarşı zorakılıq edə, eyni zamanda da əsgər andına sədəqəti ilə öyünə bilər. Mən bilmirdim ki, o, yaşlı insanları ölümə göndərə, eyni zamanda özünü “idealist” adlandıra bilər”. Bundan sonra İsser Harel hərbi cinayətkar Adolf Ayxmanın tutularaq məhkəmə qarşısına çıxarılmasının vacibliyini dərk edir, çünki başqa heç kəs onu axtarmırdı.
Əməliyyat planını hazırlamaq və həyata keçirmək üçün İsrailin Baş Naziri David Ben-Gruiondan icazə almaq lazım idi və Harel qısa müddətdə bu izni əldə edir. Mossad, Ayxmanı tutmaq və qaçıraraq İsrailə gətirmək üçün yaxınlarını Holokostda itirmiş xüsusi xidmət orqanı işçilərindən ibarət yeni qrup hazırlayır.
Əslində, Harel və onun əməliyyat qrupu Ayxman haqqında dəqiq və təfsilatlı məlumata sahib deyildi. Bilinən şeylər isə, bir mənada bəsit idi – Ayxmanın oğlu olduğu ehtimal edilən Nikolasın Silvia ilə münasibəti vardı və onlar Buenos-Ayres yaxınlığında yaşayırdılar. Nikolas Silvianın yəhudi olduğunu bilmədiyi üçün ona, atasının Avropada yəhudilərin kütləvi qətlində oynadığı rol barədə danışmışdı. Nikolas, nasistlər “işi yekunlaşdırsaydı (yəni yəhudiləri tam məhv etsəydi), daha yaxşı olardı” fikrini səsləndirməkdən də çəkinməmişdi. Hətta o, Ayxman soyadını açıq şəkildə istifadə edirdi. Fəqət qrup izində olduqları adamın, həqiqətən, Adolf Ayxman olub-olmadığını dəqiq bilmirdi.
Adolf Ayxman özünə aid şəxsi məlumatları çox ustalıqla məhv etmişdi, barmaq izləri olan sənədlər də qalmamışdı. Bütün SS kişi zabitlərinə məxsus qoltuğaltında olan döyməni belə silmişdi. 1959-cu ilin axırlarına doğru israilli qrup Ayxmanın saxta sənəd düzəltdirdiyini və Rikardo Klement adı ilə Buenos-Ayresin San Fernando bölgəsində, Qaribaldi küçəsində yaşadığını öyrənə bilir. Bundan sonra qrup evlə bağlı bütün detalları dəqiqləşdirir: suvaqsız divarlar, taxta qapı, hətta evi əhatə edən hasar belə yoxdur. Aparılan müşahidələr vaxtı ailəsi ilə birgə yaşayan eynəkli, keçəl bir kişinin günlük vərdişlərini qeyd edirdilər. Çox böyük ehtimalla, bu, Adolf Ayxman idi!!! Ancaq israillilər, yenə də tam əmin deyildilər.
21 mart 1960-cı ildə qrup, axır ki, axtardığı dəlili tapa bilir. Həmin axşam Rikardo Klement işdən evə qayıtdığı avtobusdan enir və aram addımlarla evinə doğru hərəkət edir. Onun əlində bir dəstə gül vardı. Klement gülləri onu qapıda qarşılayan xanıma verir. Uşaqlar da xüsusi günü qeyd edirmiş kimi yeni paltarlar geyinmişdilər. Daha sonra evdən gülüş səsləri eşidilir.
İsrailli qrup həmin günü araşdırır. Gəlinən nəticəyə əsasən, artıq müşahidə etdikləri adamın Adolf Ayxman olduğuna heç bir şübhə qalmır.
Adolf Ayxmanın 21 martda evlənmişdi və 1960-cı ildə həyat yoldaşı ilə toylarının gümüş ildönümü idi. Əllərində olan bütün dəlilləri birləşdirdikdən sonra qrup, Adolf Ayxmanı tapdığına əmin olur.
Harel, Ayxmanın qaçırılaraq İsrailə gətirilməsi planına şəxsən rəhbərlik etməkdən ötrü Argentinaya gəlir. Qaçırılma planına “Operation Finale” adı verilir və bütün detallar nəzərə alınmaqla hazırlanır – ən xırda səhv sadəcə planı pozmaz, Ayxmanın qaçması və israilli agentlərin həbsi ilə nəticələnə bilərdi.
1960-cı ilin may ayında Argentina dövləti müstəqilliyinin 150 illiyini qeyd edəcəkdi. Bunu bəhanə edən İsrail hökuməti aralarında Mossad əməkdaşlarının da olduğu İsrail nümayəndə heyətini Argentinaya göndərir. Təkcə Ayxmanı qaçırmaq üçün Harelin qrupunda 30 adam işləyirdi. Bu agentlərin hər biri Argentinaya fərqli şəhərlərdən gəlmişdi. Onlar etibarlı ev kirayələyir, maşınlarını tez-tez dəyişirdilər.
11 may 1960-cı ildə Ayxmanı qaçırmaq planı həyata keçiriləcəkdi. Artıq Ayxmanın günlük rutinini əzbər bilən qrup üzvləri onun, təqribən, axşam saat 7:40 radələrində avtobusdan düşüb evinə doğru gedəcəyini bilirdilər. 7:35-də israillilər guya maşın təmir edirmiş kimi yolun kənarında dayanmışdılar, bir neçə metr aralıda isə ikinci maşın gözləyirdi. Beş dəqiqə sonra Ayxman evinə gələcəkdi. O anda, bir velosipedçi, az qala, bütün planları alt-üst edəcəkdi. Belə ki, o, yaxınlaşaraq maşının təmirinə kömək edə biləcəyini demişdi. Bunu gözləməyən Mossad üzvləri bir yolunu tapıb həmin şəxsi oradan uzaqlaşdırmalı idilər. Onların ağıllarına isə sadəcə bir fikir gəlmişdi –təklifi qəbul etməmək.
Gözlənilən saatda avtobus yaxınlaşdı, ancaq Ayxman yox idi. Bir müddət sonra ikinci avtobus da gəldi, Ayxman yenə avtobusdan enmədi. Pusquda duranlar həm şübhələnməyə, həm də həyəcanlanmağa başlamışdılar. Onlar artq dörd gün idi ki, Ayxmanın evini müşahidə etmirdilər, bəlkə o, günlük evə gəlmək rutinini dəyişmişdi? Bəlkə bu gün evə tez gəlmişdi və artıq evdə idi?
Saat 8 idi və Ayxman bu vaxta qədər gəlməli idi. Qrup üzvləri arasında qaçırma əməliyyatını təxirə salmaq istəyənlər də var idi, ancaq əməliyyat rəhbəri Qabi yarım saat da gözləməyi təklif etdi. 8:05-də növbəti avtobus dayanacağa yaxınlaşdı. Qaranlıqda bir nəfər avtobusdan endi və Qaribaldi küçəsinə doğru hərəkət etdi. Birinci maşının yanında olan adam Ayxmanı dərhal tanıdı, ikinci maşında olanların onu tanıması isə 15 saniyə çəkdi. Maşına yaxınlaşanda əməliyyat qrupundan Peter Malkin, Ayxmana ispanca bildiyi cəmi üç sözü dedi: “Un momentito, Señor (bir dəqiqə, senyor).” Ayxman yaxınlaşan kimi onun üzərinə hücum çəkib yerə yıxdılar. Çətinliklə də olsa, o, var-gücü ilə bir dəfə qışqırmağı bacardı, ancaq onu cəld maşına otuzdurub əllərini arxadan bağladılar. Başını aşağı əyib gözlərini də bağladılar və heç kəs görməsin deyə maşının içərisində yerə uzatdılar. Ona “tərpənsən, vuracağıq” dedilər və Ayxman sual vermədən, səsini çıxarmadan maşında uzanmalı oldu. Bir neçə dəqiqə sonra o, əvvəlcədən kirayə götürülmüş evə gətirildi, paltarı çıxarıldı və pijama geyindirildi. Onu, bir ayağından çarpayıya bağladılar və dərhal ağzını yoxladılar (Nasistlərin bir çoxu ələ keçəndə ağızlarında gəzdirdikləri zəhər kapsullarını dişləyib özlərini öldürürdü). Dustaq, əvvəlcə Ayxman olduğunu inkar etsə də, göstərilən dəlillər və psixoloji təzyiqlər qarşısında axırda həqiqi kimliyini etiraf etdi. Mossad qrupu, əslində, Ayxmanı daha cüssəli, zəhmli insan kimi təsəvvür edirdi, odur ki, qaçırdıqları adamın xarici görünüşü onları bir az təəccübləndirmişdi. O, əslində, heç kəsə zərər vurmağa qadir olmayan insan təsiri bağışlayırdı.
Planın ikinci hissəsinə əsasən, Ayxman 20 may 1960-cı ildə Argentinadan El-Al təyyarəsi ilə çıxarılmalı idi. Onu ekipaj üzvü kimi geyindirdilər və guya beyin zədəsi almış kimi göstərdilər. Xəstə görünməsi və müqavimət göstərməməsi üçün Ayxmana bədəni süstləşdirən dərmanlar verdilər. Ona xəstəxana sənədləri də hazırladıqdan sonra planlaşdırılmış tarixdə Ayxmanı, axır ki, Argentinadan qaçıra bildilər.
Ayxmanın qaçırılması İsrail ilə Argentina arasında qısa müddətli diplomatik problem yaratsa da, bu məsələ tezliklə unuduldu. Keçmiş SS-çinin məhkəməsi 11 aprel 1961-ci ildə başladı, 15 dekabrda sona çatdı. Məhkəmənin qərarına əsasən, Adolf Ayxmana ölüm hökmü oxundu və İsrail dövləti tarixində birinci və axırıncı dəfə ölüm hökmü icra edildi. 31 may 1962-ci ildə Otto Adolf Ayxman asılaraq edam olundu, cəsədi yandırıldıqdan sonra külləri Qırmızı dənizə töküldü.
2018-ci ildə Mossadın bu əməliyyatını əks etdirən “Operation finale” adlı film istehsal olunub.