Hörmətli oxucular, saytımızın yazarları və tərcüməçiləri.
Azlogos olaraq mədəni bir inqilab cəhdinin bünövrəsini qoymaq qərarına gəldik. Bundan sonra saytımızda orijinalı latın əlifbasında olan xarici şəxs adlarının transliterasiya olunmasına yol verilməyəcək.
Transliterasiya nədirʔ
Transliterasiya – bir yazı sistemindəki hərflərin digər yazı sistemində uyğun hərflərlə əvəzlənməsinə deyilir. Məsələn, orijinalı kiril əlifbasına aid “Маяковский” soyadını biz öz latın əlifbamızla “Mayakovski” şəklində yazırıq. Yaxud fransız rəssamı Renoir-ın soyadı kiril əlifbasında “Ренуар” şəklində yazılır. Misallardan gördüyümüz kimi transliterasiya hadisəsi fərqli yazı sistemi istifadə edən dillər arasında baş verir. Eyni yazı sistemi istifadə edən dillərdə isə buna ehtiyac qalmır. Latın əlifbası istifadə edən bütün dillərdə şəxs adları orijinalda olduğu kimi saxlanılır. Məsələn, ş səsinin almancada Sch, ingiliscədə isə Sh ilə yazılmasına baxmayaraq nə almanlar Shakespeare əvəzinə Schakespeare (yaxud Schekspier) yazır, nə də ingilislər Schiller əvəzinə Shiller. Eləcə də Rousseau-nun (bizdə hələ də soyadı Russo kimi yazılan fransız filosofu) soyadı nə italyancada, nə də ispancada transliterasiyaya məruz qalmır.
Biz isə əvvəllər kiril əlifbası istifadə etdiyimizdən (yuxarıda qeyd etdiyimiz kimi, fərqli əlifbalar arasında transliterasiya nəinki sadəcə olaraq icazəveriləndi, hətta qaçılmazdır) hələ də sanki özümüzü latın yazı sistemi ailəsində rahat hiss eləmirik. Churchill əvəzinə Çörçil, Voltaire əvəzinə Volter yazırıq.
İlk ağıla gələn sual: axı biz onları oxuya bilməyəcəyik. (Lap “Qəm pəncərəsi” filmində Arif Quliyevin qəhrəmanının “axı biz qanmırıq sən nə danışırsan“ replikası kimi.) Buna cavabımız: Canımız çıxacaq, öyrənəcəyik. Latın əlifbası istifadə etmək kimi bir lüks əldə etmiş xalq olaraq, bir balaca əziyyət çəkməyimizin ziyanı olmaz. Həm də necə ola bilər bir azərbaycanlı Descartes-la (Dekart) maraqlansın, amma bu böyük riyaziyyatçı və filosofun soyadının demək olar ki, bütün dünyada (!) necə yazıldığını bilmək onun karına gələsi olmasınʔ
Onsuz da, 1-2 şəxs adının orijinaldakı yazılışından xəbər tutan adam, sistemi artıq anlamağa başlayır və növbəti rast gəldiyi şəxs adlarını get-gedə daha rahat oxuyur. Beləliklə almanların, fransızların, italyanların yazı qaydalarını öyrənmiş olur, bir az dünyagörüşü genişlənir və sivil dünyaya mədəni inteqrasiya prosesində əhəmiyyətli addım atılır – insanlar özlərini Avropa ailəsinin üzvü kimi görməyə başlayır.
Üzvlük demişkən, onun bərabərhüquqlu olmasına da nəzarət lazımdır – xarici ölkələrdə də bizim şəxs adları olduğu kimi yazılmalıdır. Yəni Üzeyir Hacıbəylinin soyadı xaricdə Hajibayli, ya da Hajibeyli kimi deyil, məhz Hacıbəyli şəklində yazılmalıdı. Qoy onlar da bilsin ki, bu gözəl əlifba bizim dilimizə necə uyğunlaşıb. Bizimlə maraqlanırlarsa, zəhmət çəksinlər cəmi 1-2 hərfi necə istifadə etdiyimizi də öyrənsinlər. Əminik ki, bu onların özləri üçün də maraqlı olacaq.
Məsələnin ən ağrılı tərəflərindən biri də budur ki, latın yazı sistemi daxilində transliterasiya edən, yəni ala qarğa yalnız… bizik. Bu yazı sistemindən istifadə edən bütün dillər, hətta İndoneziya və Malayziya dilləri də eyni yazı sistemi daxilində transliterasiyadan çəkinir.
Yəqin çoxumuz bilmirik ki, qonşu və ortaq mədəniyyət yoldaşımız Türkiyədə də 1980-lərə qədər əcnəbi şəxs adları səsləndiyi kimi yazılırdı. Amma demək olar ki, 50 illik latın əlifbası istifadəsindən sonra nəhayət əmin olublar ki, bu doğru yol deyil. Biz o yolun artıq 30 ilə yaxınını keçmişik, belə çıxır hələ azı 20 il də gözləməliyik ki, buna əmin olaqʔ
Eyni zamanda son illərdə Türkiyədə müzakirə edilən oxşar transliterasiya problemi barədə də fikrimizi bildirək, çünki bizim də media – xüsusilə xarici radiostansiyalara aid saytlar bu səhvi buraxır. Söhbət orijinalı ərəb, ya da farsca olan şəxs adlarının ingiliscəyə olunmuş transliterasiyasından gedir. Məsələn, əgər adamın adı ingiliscədə Mohammad və yaxud Hossain kimi yazılırsa, biz azərbaycanca onu Məhəmməd və ya Hüseyn kimi yazmalıyıq. Əvvəla, bu adların orijinalı ərəb əlifbasında yazılır. Ona görə də başqa əlifbaya keçiriləndə hərənin öz dilinə uyğun transliterasiya etməsinə haqq qazandırmaq olar. Yəni ərəbcə محمد yazısını ingilislər Mohammad, almanlar Mohammed, fransızlar Mohamet şəklində yaza bildiyi kimi, biz də Məhəmməd yazmalıyıq. İkincisi də bu ad artıq bizim mədəniyyətimizdə kifayət qədər köklü şəkildə oturduğuna görə, öz istədiyimiz kimi yaza bilərik.
Beləliklə, bizə yazı və tərcümələr göndərən bütün dostlardan xahiş edirik ki, yazılarında əcnəbi şəxs adlarının lüzumsuz transliterasiyasına yol verməsinlər. İstəyə uyğun olaraq, əgər buna ehtiyac görürlərsə, mötərizə içində doğru səslənməsini qeyd etsinlər. Bunu xalqımızın mədəni və sivilizasiya seçimi məsələsi olaraq görürük və başqa media organlarını da bu addımı atmağa çağırırıq. Arzu edirik ki, bu məsələnin inzibati çözümü də çox uzaqlarda deyil və məsələnin həllində sağlam məntiq və beynəlxalq standartlara uyğunluq meyli qalib gələcək.
AzLogos
Həmçinin baxın: