Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bakının “kapitalizm” yaddaşı

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
20 Aprel 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Neft11514234921
Paylaş

Müasir Azərbaycanın ayrılmaz hissəsi olan neft və qazın çıxarıldığı yeraltı qatlar elmdə “məhsuldar qat” (rus dilində “продуктивная толща”) adlandırılır. 19-cu əsrin ortalarından bəri geoloqlar bu qatı detallı şəkildə araşdırıblar. 150 ildən çox aparılmış təhlil nəticəsində məlum olub ki, bu qat 10 laydan ibarətdir, amma bütün laylar neft ilə zəngin deyil. Belə ki, Balaxanı nümunəsində heç də kiçik olmayan “fasilə laylar” mövcuddur. Başqa sözlə, burada neft müəyyən mənada “fasilə”-yə gedib və yalnız növbəti layda tapıla bilər.

Təəsüflər olsun ki, Azərbaycan tarixi də məhz belə tədqiq olunur. Misal üçün, XX əsr barədə verilən əsas məlumatlar 1920-ci ili, repressiyalar dönəmini və 60-70-ci illərdən başlayaraq günümüzə qədər olan dövrləri əhatə edir. Müəyyən aralıqlarla tarix elmi sanki “fasilə”-yə çıxır.

Biz bilirik ki, 1937-1938-ci illərdə insanlar qorxu və repressiya şəraitində yaşayırdılar, amma ondan əvvəl vəziyyət necə idi? Bəs 1920-ci illər? Bəs Yeni İqtisadi Siyasət (YİS) illərində azərbaycanlılar necə yaşayırdılar? Təəsüflər olsun ki, bu dövr barədə məlumatlar hətta 1918-1920-ci illərə nisbətdə əhəmiyyətli dərəcədə azdır. Tarixi tədqiqat ən yaxşı halda Nərimanovun məktubundan kənara çıxmır. Bəs insanlar necə yaşayırdılar və necə qazanırdılar? Tədqiqatlarda bu barədə hər hansı detallı məlumata rast gəlmək çətindir.

Halbuki 1920-ci illər Azərbaycanda, xüsusən də Bakıda – olduqca maraqlı dövr idi. Bakı o zamanlar müəyyən qədər azad və müxalif şəhər imici qazanmışdı. Başqa şəhərlərdən müxalif professorlar Bakı Dövlət Universitetinə axışdığı kimi, partiyanın sol fraksiyası da Bakıya axışır, burada icma yaradırdılar. İran ilə həmsərhəd olması isə, Bakını Sovet kapitalizminin vacib hissəsinə çevirmişdi. Məhz Sovet kapitalizminin Zaqafqaziyada və xüsusən Bakıda inkişafına dair bəzi məlumatlara biz, 1927-ci ildə dərc olunmuş Y. Larinin “SSRİ-də özəl kapital” adlı kitabında rast gələ bilərik.

Yuriy Larin (əsl adı İxl-Mixl Zalmanoviç Lurye) ömür boyu əlil olmasına və çətinliklə gezməsinə baxmayaraq, 16 illik inqilabi fəaliyyət stajına malik idi. Onun əlilliyi Rusiyanın və dünyanın müxtəlif bölgələrində (Bakıdan Odessaya, İsveçrədən Yakutiyaya qədər) inqilabi fəaliyyət yürütməsinə mane olmurdu. 1917-ci ildə isə Sovet Rusiyasının yaranmasından sonra o, iqtisadi siyasətə cavabdeh olan qurumların (Xalq Təsərrüfat Şurası, Dövlət Plan Komitəsi) rəhbər vəzifələrində yer tutmuşdu.

Bununla belə, bir çox iqtisadi məsələlərdə, Larin, solçu radikal idi (misal üçün, pul dövriyyəsinin tamamilə ləğvinin tərəfdarı idi) və buna görə, onun “Pravda” qəzetində çıxan məqalələrini Buxarin hətta redaktə etməli olurdu, ya da dərcindən imtina edirdi (Lenin isə onun adını İqtisadiyyat institutun ilk tərkibindən silmişdi).

1921-ci ildə başlamış Yeni İqtisadi Siyasəti qəbul etməyən Y. Larin, daim buna qarşı çıxışlar edirdi. “SSRİ-də özəl kapital” kitabının yazılmasının məqsədi də, məhz YİS-in ölkəyə vurduğu ziyanın miqyasını göstərmək idi. Yeri gəlmişkən, kitabın dərc olunduğu 1927-ci ildə ölkədə maraqlı situasiya yaranmışdı. SSRİ-də milli gəlirin ümumi həcmi 23,1 milyard rubl təşkil edirdi. Onun 1 milyardı kapitalistik fəaliyyət ilə məşğul olan 180 min ailənin payına düşürdü. Qalan vəsait isə,146 milyon insan arasında bölünürdü. Həmçinin Y. Larin rəsmi statistikanı yoxladıqdan sonra, elə nəticəyə gəldi ki, o dövrdə mövcud olan sahibkarların 90%-i inqilabdan əvvəlki sahibkarlara aid deyil və tamamilə yeni bir sinifdir. Bu və ya digər faktlar iqtisadi münasibətləri çətinləşdirirdi.

Ona görə, Stalin və komandası tədricən YİS-dən imtina etməyə başlayırdı. Bu dövrdə artıq kommersiya fəaliyyəti məhdudlaşdırılırdı və 1923-1927-ci illərdə baş verən proseslərin əksi gedirdi. Əgər 1923-cü ildə Y. Larin hökumətin siyasətinə qarşı çıxış edirdisə, 1927-ci ildə o, hökumətin siyasətini tam dəstəkləyirdi. Onun kitabları sayəsindı, YİS-i ləğv etməyə başladılar.

Müəllifin ziddiyyətli fikirlərinə, eyni zamanda kitabın mövzusunun konkret dövrə aid olmasına baxmayaraq, Y. Larin bir çox maraqlı faktlar və statistik məlumatlar da (həm rəsmi, həm də qeyri-rəsmi) təqdim edir. Bu faktlar, bizdə ən azından Azərbaycanın 20-ci illərdə necə yaşadığına dair təsəvvür yaradır.

Məsələn, Y. Larin Zaqafqazyada mövcud olan maraqlı bir sxemi təsvir edir. YİS çərçivəsində sahibkarlara bir çox imkanlar verilməsinə rəğmən, xarici ticarət ilə məşğul olmağa məhdudiyyətlər mövcud idi. Qanunu pozmamaq və eyni zamanda xarici ticarət ilə məşğul olmaq üçün, İran və Türkiyə ilə sərhəddə sahibkarlar, maraqlı sxem yaratmışdılar. Onlar sərhədyanı ərazilərdə yaşayan hər hansı şəxsə borca pul verirdilər. O şəxs sərhədi keçir, o tərəfdə müəyyən mallar alırdılar (məs. fotoşəkil üçün kağız). Daha sonra sahibkar, bu məhsulu Azərbaycana şəxsi əşyaları arasında keçirdirdi. Növbəti mərhələdə mallar hardasa gizlədilir və həmin adam özü öz ayağı ilə gömrük xidmətinə müraciət edir ki, bəs mən sərhədyanı ərazidə “kontrabanda” tapmışam. Bu mallar gömrük xidməti tərəfindən müsadirə olunur və bir müddət sonra hərracda satılırdı. Misal üçün, fotoşəkil kağızının bir qutusu sərhədin o tayından 1 rubla satılırdısa, bu tayda hərracda 10-15 rubla satılırdı. Qaydalara görə isə, həm bu kontrabandanı müsadirə edən gömrük məmuruna, həm də bu barədə xəbər verən şəxsə, vəsaitin 25-30% mükafat kimi ödənilirdi. Nəticədə məhsulu sərhəddən keçirmiş şəxs də, gömrük məmuru da razı qalırdılar.

Bakıda keçirilən hərracların 85,6%-də də özəl şirkətlər qalib gəlirdi. SSRİ üzrə orta göstərici isə 75% təşkil edirdi. Özəl şirkət beləliklə tam qanuni olaraq, idxal olunan malı əldə edir (gömrük rüsumu ödəmədən) və bazarda bunu qat-qat baha qiymətə satırdı. Nəticədə, qiymət 10-15 dəfə artsa da, bütövlükdə proses nisbətən qanuni idi deyə, hökumət buna göz yumurdu.

Amma Larin ticarətdən daha çox maliyyə sahəsinə böyük diqqət şəkir. Maliyyə burjuaziyasının yaranması onu bərk narahat edirdi. Mənbələrinin məlumatına görə, Bakıda valyuta bazarı ciddi olaraq inkişaf etmişdi. Zaqafqaziyada həyata keçirilən bütün valyuta əməliyyatlarının 40-45%-i məhz Bakının payına düşürdü (Azərbaycanın payına isə 51%). Başqa sözlə, Zaqafqaziya valyuta bazarının gündəlik dövriyyəsi 100 min rubl (indiki pul ilə 1,2 milyon manat. Müqayisə üçün deyə bilərik ki, 2018-ci ildə Azərbaycanda gün ərzində 5,6 milyon dollar satılırdı) təşkil etdiyi halda, Bakıda bu rəqəm 40-45 min rubl idi. Azərbaycan üzrə bu bazarda vacib yerləri Gəncə (2 min), Culfa (2 min) və Naxçıvan (2 min) tuturdu. Bu vəsaitin 30%-i daimi olaraq bu iş ilə məşğul olan insanların əlində olurdu. Larin kitabında belə nəticəyə gəlir ki, burada xüsusi olaraq valyuta ilə məşğul olan sahibkarlar şəbəkəsi var (SSRİ-də maliyyə əməliyyatları ilə məşğul olmaq qadağan idi).

Valyuta əməliyyatlarının Azərbaycanda geniş vüsət almasını, Larin İran ilə əlaqələndirir. Bu məlumatlar əslində rəsmi statistika tərəfindən də təsdiqlənir. Ümumiyyətlə, 1920-ci illərdə Azərbaycanın əsas xarici ticarət (o zamanlar hər bir respublika xarici ticarəti ilə özü məşğul olurdu) partnyorlarından biri İran idi. 1921-ci ildən bəri Bakıda yarmarkalar keçirilirdi. Bu yarmarkalarda əsasən istehlak malları satılırdı. Tipik kapitalist ölkələrindən Azərbaycana ən yaxınının İran olduğunu olduğunu nəzərə alsaq, İran tacirlərinin Azərbaycanın daxili bazarında vacib yer tutmalarında təəccüblü heç nə yoxdur. Məişətdə çox istifadə olunan, lakin SSRİ-də istehsalı problemli olan, bir çox istehlak mallarını Azərbaycana İran tacirləri gətirirdilər.

Faktiki olaraq, 1921-1929-cu illər arasında Bakıda və ümumiyyətlə Azərbaycanda ərzaq və ya istehlak malları ilə bağlı problemlərin olmamasının əsas səbəbi, İran tacirlərinin daxili bazara buraxılması idi. Vaxtilə, Bakı ticarət yarmarkasında 10-20 İran taciri olurdusa, 1927-ci ildə artıq onların sayı 221 təşkil edirdi. Daha dəqiq rəqəmlərə keçsək, deyə bilərik ki, Bakı yarmarkasında iştirak edən İran tacirlərinin dövriyyəsi 1924-cü ildə 4,7 milyon rubl təşkil edirdisə, 1927-ci ildə artıq 23,2 milyona çatmışdı. Ümumi olaraq Bakı yarmarkasında onların payı 74,2% təşkil edirdi. İran ilə rəsmi ticarət dövriyyəsi isə 85 milyon rubl idi (müqayisə üçün, Azərbaycan SSR-nin 1927-ci il dövlət büdcəsinin xərcləri 34 milyon rubl idi). Bu da həyatın bir çox sahələrinə təsir edirdi.

Azərbaycanda İranlı tacir və fəhlələrin çoxluğu nəticəsində iki ölkə arasında pul mübadiləsi də genişlənirdi. Pul mübadiləsi “barat” vasitəsilə həyata keçirilirdi. Barat – İran tacirlərinin qeyri-leqal həyata keçirdikləri ölkələrarası pul mübadiləsi əməliyyatları idi. Bu əməliyyatlar çərçivəsində, İran tacirləri Bakıda və İranda barat kontorları yaradırdılar. Vətəninə pul köçürtmək istəyən fəhlə Bakıdakı kontora pulu verir, İrandakı kontordan isə onun qohumları gəlib pulu alırdılar. Düzdür, fəhlələr bu əməliyyatlarda vəsaitin 25-30%-ni itirirdilər (həm məzənnə, həm də xidmət haqqına görə), amma o dövr üçün ən asan yol bu idi. Nəticədə, əməliyyatların həcmi günlük 100 min rubla kimi çatmışdı və İran tacirləri bu vəsaitdən Azərbaycandakı daxili əməliyyatlarda da istifadə edə bilirdlər. Bir müddət sonra, kontorlar faktiki olaraq bank funksiyalarını da yerinə yetirməyə – pulları saxlayıb, dövriyyəyə buraxmağa başladılar.

Başqa sözlə, Bakıda hökumətin nəzarətindən kənar geniş maliyyə bazarı formalaşmışdı. Bu maliyyə bazarı özündə valyuta əməliyyatları, pul köçürmələri və hətta bank funksiyalarını ehtiva edirdi. Nəticə etibarilə, Bakıda 1920-ci illərdə bir çox kapitalistik ölkələrdə istehsal olunan məhsulları tapmaq olardı. Eyni zamanda, bir çox məhdudiyyətlərin olmasına baxmayaraq (seçki hüququndan və bir çox imtiyazlardan məhrumetmə, əlavə vergilərin yüklənilməsi və s.) kommersiya ilə məşğul olan şəxslər Azərbaycanda, xüsusən də Bakıda, çox asanlıqla “biznes” adamı olurdular. Məsələn, Azərbaycanda ticarətin 50%-dən çox hissəsi özəl sahibkarların əlində cəmləşmişdi. Eyni zamanda, onlar bir yandan hökumətə də kömək edirdilər. Belə ki, dövlət istiqrazlarına yatırılmış özəl kapitala görə Bakı SSRİ-də 5-ci şəhər idi.

Müəyyən mənada elə qənaətə gələ bilərik ki, SSRİ-nin digər bölgələrində 20-ci illərdə problemlərin müşahidə olunmasına baxmayaraq, Bakı bu mənada daha yüksək templə inkişaf edirdi. Nəticədə bir çox problemlər ona toxunmamışdı (aclıq, iqtisadi tənəzzül və s.). Effektiv idimi bu sistem? Bu gün demək çətindir. Çünki YİS-in nəticəsində korrupsiya və tipik kapitalistik problemlər də inkişaf etməyə başlamışdı (dövlət sifarişləri ilə fırıldaqçılıq, dövlət istiqrazları və məzənnə ilə spekulyativ oyunlar və s.). Amma yenə də, dövlət müəssisələri indikindən daha effektiv fəaliyyət göstərirdilər. Maraqlıdır ki, məhz YİS dövründə məmurların sayı kəskin azamış, ölkədə təhsil və səhiyyənin inkişafı üçün şərait yaranmış, dövlət sektoru ilə özəl sektor rəqabətə girişmişdilər.

1929-cu ildə YİS bitsə də (formal olaraq 1931-ci ildə), ilk beşilliyi onun döşədiyi zəmində həyata keçirtmək mümkün olmuşdu.

Bu isə başqa tarixin, başqa dövrün mövzusudur…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör