Tahir Salahov – rənglər dünyasının hökmdarı
Keçən il, Azərbaycan mədəniyyəti və incəsənət tarixi üçün xüsusi il oldu. İlk Azərbaycan operası “Leyli və Məcnun”-un yaranışının 110 illiyi, dahi Qara Qarayevin 100 illik yubileyləri keçirildi.
Bunlarla yanaşı, görkəmli rəssam, faktiki Azərbaycan rəngkarlıq sənətində sosialit realizmi üslubunun yaradıcısı Tahir Salahovun 90 illik yubileyi oldu.
Tahir Teymur oğlu Salahov 1928-ci il noyabr ayının 29-da Bakıda anadan olub. 1957-ci ildə V.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.
1960-61-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, sonra isə 1963-74-cü illərdə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980-92–ci illərdə V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.
Rəssam kimi fəaliyyəti böyük miqyasda tanınan Tahir Salahov Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını da alıb. Postsovet dövründə Azərbaycanın ali mükafatları “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə, Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.
Sənətkar postsovet məkanının bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bahəm, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına keçmiş SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. Rəssam həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.
Moskvada yaşayan sənətkar Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin ən fəal məzunlarından biri olub. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – “Bəstəkar Qara Qarayevin portreti” və “Təmirçilər” zamanında yüksək dəyərini alıb.
Moskvada yaşayan sənətkar Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin ən fəal məzunlarından biri olub. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – “Bəstəkar Qara Qarayevin portreti” və “Təmirçilər” zamanında yüksək dəyərini alıb.
Rəssamın “Sənə, bəşəriyyət!” tablosu onun yaradıcılığında xüsusi yer tutur. Belə ki, bu əsər ilk dəfə çox rəmzi bir tarixdə, 12 aprel 1961-ci ildə Bakıda təşkil edilmiş respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Rəssamın sözlərinə görə, onun “sövq-təbii hisslərim zamanı qabaqlayıbmış, məhz həmin gün hamı eşitdi ki, Yuri Qaqarin kosmosa uçmuşdur.
Tahir Salahov bir dəfə özünün bu əsəri barədə demişdi ki, “1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən həmin eskizi kətan üzərinə köçürdüm və məhz Yuri Qaqarin kosmosa uçan gün bu işi sərgidə nümayiş etdirdim.”
SSRİ-də bu əsərə “formalist” damğası vurulur. Rəssamın daxili narahatlıq hissləri keçirməyinə baxmayaraq, “Sənə bəşəriyyət” əsərini 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının Moskvada, Manejdə təşkil edilmiş hesabat sərgisinə göndərməyi qərara alır. Əsər Moskvaya gətirilmiş, sərgidə qoyulmuşdu, ənənəyə görə ertəsi gün montajdan sonra, vernisajdan əvvəl Mədəniyyət Nazirliyinin rəhbərləri Manejə gəlir, oradakı işlərə diqqətlə baxır, reviziya edir və “uyğun gəlməyən” əsərləri sərgidən götürürdülər. Rəssama artıq deyilmişdi ki, Azərbaycan SSR üçün ayrılmış zaldan “Sənə bəşəriyyət!” əsərini hökmən götürəcəklər. Salahov qeyd edirdi ki, bu ərəfədə Bakıya gəlmiş bədii komissiya Mədəniyyət Nazirliyinə artıq məruzə etmişdi ki, “Azərbaycanda, mərkəzin gözündən uzaqda formalizm tüğyan edir, yerli rəssamlar sovet xalqının qəhrəmanlıqlarla dolu adi iş günləri əvəzinə hansısa uçan adamların şəklini çəkirlər və ümumiyyətlə, orada nə baş verdiyini bilmək olmur.” Bu səbəbdən komissiyanın qərarını gözləmədən, qalmaqaldan kənar olmaq üçün rəssam könüllü olaraq öz rəsmini həmin sərgidən çıxarır. Onun üçün çox ağır olsa da, Salahov bu hərəkəti ilə Rəssamlar İttifaqını yarana biləcək ağır vəziyyətdən çıxartdı.
Rəsm bundan sonra Bakıya göndərilmiş və indiyə qədər Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər 2008-ci ildə bərpa edilmişdir. “Sənə bəşəriyyət!” əsərinin çəkildiyi vaxtdan 2008-ci ildə ekspozisiyaya qoyulduğu günə qədər Rusiyada heç kəs onu görməmişdi. Elə Azərbaycanda da çoxlarının ondan xəbəri yox idi.
1961-ci ildə təqdim olunduqdan sonra bu əsər 2008-ci il dekabrın 9-da Moskvada “Aydan qalereyası” sərgisində nümayiş etdirilmişdir. Tahir Salahovun 80 illik yubileyinə həsr edilmiş həmin sərgidə yalnız bir eksponat vardı – “Sənə bəşəriyyət!”. 2008-ci ildə bu əsər Venesiya biennalesində də nümayiş etdirilmişdi.
Eyni zamanda sənətkarın fırçasının məhsulları olan “Səhər eşelonu” və “Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron qadınları” və “Aydan” tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Tanınmış fransız modelyeri Pyer Karden demişdi ki, “Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir.”