Müsahibimiz jurnalist, Ayna.az saytının təsisçisi və redaktoru Elçin Şıxlıdır. Elçin müəllimlə gündən-günə artan zorakılıq, pedofiliya və s. ilə bağlı xəbərlərin cəmiyyətdə çoxalması və gündəmdə olan digər mövzular barədə danışmışıq.
– Elçin müəllim, siz uzun illərdi mətbuatdasınız. Sovet dövründə zorakılıq, pedofiliya ilə bağlı xəbərlər alırdınızmı? Aydındı ki, belə xəbərlər mətbuata nadir hallarda düşə bilərdi, amma yəqin ki, jurnalistlərə gəlib çatırdı.
– Sovet vaxtında belə hadisələr olsa belə, mətbuata çıxmırdı, gizlədirdilər. Ümumiyyətlə, o zamanlar çox nadir hallarda zəncirvari qətl törədən qatillər barədə xəbərlər ola bilərdi. İdeologiya başqa idi. Həm də elə hadisələr baş verəndə bütün hüquq-mühafizə orqanlarının diqqəti və qüvvəsi cinayətkarın tapılmasına yönəldilirdi. Mətbuata, demək olar ki, gəlib çatmırdı o tip xəbərlər. Ümumiyyətlə, o vaxt hətta hansısa partiya funksionerinin tənqidi belə icazəylə idi.
– Bəs özünüz belə hadisələr haqqında eşidirdinizmi?
– Demək olar ki, eşitmirdik. Şayiələr təbii ki, olurdu, amma çox nadır hallarda.
– İndi sözügedən xəbərlər çox yayılır, həm də araşdırılmadan və xaotik şəkildə, normalara əməl olunmur. Necə fikirləşirsiniz, bu tip xəbərlərin bolluğu cəmiyyətdə belə hadisələrin çoxalmasına səbəb ola bilərmi?
– Olur, olur. Məsələn, bizdə bu saat “Vor zakon” dediyimiz adamları, “qanuni” oğruları, az qala, qəhrəman elan eləyirlər. Daha başa düşmürlər ki, birləşmədə “vor”, “oğru” sözü var, oğrudur bu adam. Oğru heç vaxt Robin Qud ola bilməz. Amma oxunma çox olsun deyə saytlar onlar haqqında xəbərləri o qədər şişirdirlər ki, oğru olur doğru, qəhrəmana çevrilir. Uşaqlar da başlayırlar onları yamsılamağa. Bəlkə mövzudan bir az uzaqlaşıram, amma dövrlərin paralelini aparmaq üçün danışacağam bunu. 79-cu ildə mən Nazirlər Kabineti yanında xarici turizm idarəsinin reklam-informasiya şöbəsində müfəttiş kimi işləyirdim. O vaxtlar “Karvansara” adlı bütün SSRİ-də məşhur olan bir restoran vardı. Biz onun bukletində çəkmək üçün qız tapa bilmirdik. Xanım sadəcə süfrə arxasında əyləşib çay içməliydi. Ancaq heç Bakıda yaşayan ruslar da qızlarına icazə vermirdilər. Heç kim çəkilmək istəmirdi ki, ailədə nə deyərlər, məhlədə nə deyərlər. Hətta bilirəm ki, filmlərdə balaca qız uşaqlarına ehtiyac olanda, az qala, valideynlərə yalvarırdılar ki, gəlin, özünüz baxın, görün, pis heç nə yoxdur, sadəcə məktəb həyatı haqqında filmdir. Çəkilişə razılıq verənlər bizim üçün qəhrəman idilər və biz də kimisə tapanda özümüzü böyük qəhrəmanlıq etmiş kimi hiss eləyirdik. Amma indi belə şeylər asandır.
– Zorakılıq, pedofiliya ilə bağlı xəbərlərin mediada ağına-bozuna baxmadan verilməsi bunlara meylli insanların təhtəl şüuruna təsir eləyə, hansısa klapanları aça bilərmi?
– Təbii ki, aça bilər. İnsan özünü tanımalıdır, tanımaması faciədir. Amma özünü tanıdın, bildinsə, bu, hələ o demək deyil ki, hamı sənin kimi olmalıdır. Hərənin öz həyat tərzi var. Biri gey ola bilər… İsmayıl Cəlilov Mirşahinə cavabında ağıllı bir kəlmə işlədib. Deyir, mənim cinsəlliyim öz seçimim deyil. Yəni belə alınıb. Baxırsan ki, bu saat sənətdə belə, xeyli homoseksual adam var, bir-birini dartıb çıxardırlar, irəli gedirlər. Elə mahnını gözəl oxusun, bəsdir. Məsələn, Freddi Merkuri, Corc Maykl, Elton Con kimi… Onlar əsl sənətkarlardır və məni də ilk növbədə onların sənəti maraqlandırır, şəxsi həyatları, cinsi meylləri yox.
– Mən konkret homoseksualları nəzərdə tutmuram. Baxın, az qala, hər gün “ər arvadının başını kəsdi”, “arvad ərini öldürdü” başlıqlı xəbərlər oxuyuruq. Və ya balaca uşaqlara təcavüz xəbərləri. Belə xəbərlərin çox yayılması həmin xəstəliyə mübtəla olan adamların aktivləşməsinə səbəb ola bilərmi?
– Təbii ki, onları fəallaşdırır. Əvvəllər o insanlar hətta özlərini tanıyanda belə çəkinirdilər, cəmiyyətdəki tabulardan, çərçivələrdən qorxurdular. Amma indi qorxu hissi itib. Mən informasiya bolluğunun tərəfdarıyam, hamı hər şeyi bilməlidir. Hətta hansısa bir dağ kəndində yaşayan o cür adam özünü sonradan tanıyırsa, lap yaxşı! İnsan özünü tanımalıdır. Çünki əks halda, gedir ailə qurur, sonra həmin ailədə siz dediyiniz mənfi hallar baş verir. Amma özünü tanıyandan sonra deyir ki, mən ənənəvi ailə qura bilmərəm. Ən azından, bu barədə düşünür. Düşünürəm ki, müəyyən zamandan sonra bu problem həll olunacaq. Çünki əvvəl bu barədə mətbuatda heç nə yox idi, birdən sel kimi gəldi, ona görə də, hamı çaşıb-qalıb. Ancaq sel gurultu ilə gəlir və gedir, ondan sonra durğunluq yaranır, rahat olacaq. Amma bu, nə vaxt baş verəcək, bilmirəm.
– “Qanuni” oğruların əsl qəhrəmanlardan daha çox hörmət gördüyündən danışdınız. Əslində mənfi qəbul olunmalı halların cəmiyyət tərəfindən müsbət qəbul olunmasında yaşadığımız şərtlərin, sistemin rolu varmı?
– Mühitin təsiri, təbii ki, böyükdür. Əksəriyyət elə düşünür ki, rüşvətxor olmasa, dolana bilməyəcək. Məsələn, “Ayna-Zerkalo” qəzetləri mənim biznesim idi, 24 il özüm işlədim, özüm qazandım. Əvvəl bir qrup idik, sonra tək çalışdım. O zaman bəzi tanışlarım, qohumlarım deyirdilər ki, sən biznesmen deyilsən, nə rüşvət verməyi bacarırsan, nə də almağı. Bax, bizim xəstəliyimiz budur. Bizdə elə düşünürlər ki, əgər rüşvət verə və ala bilirsənsə, işin gedirsə, deməli, sən biznesmensən, biznesmen qanunla işləyə bilməz. O vaxt vergi müfəttişləri bizim redaksiyada altı ay işlədilər, heç nə tapa bilmədilər, çünki hər şey qaydasında idi. Məndən soruşdular ki, axı, siz necə qazanırsınız? Dedim, ay bala, altı aydı oturmusan, başın var, işlə, axtar, tap gör necə qazanıram. Onlar elə bilirdilər ki, pul məndədir. Yox, pul dövriyyədəydi. Əsl biznesmenin pulu cibində yox, dövriyyədə olur. Amma bizdə hər şey tərsə-məzhəbdir. Oğurluq eləmədinsə, rüşvət almadınsa, büdcəni talamadınsa, deməli, sən bu zəmanənin adamı deyilsən.
– Tutaq ki, sovet dövründə cəmiyyət qapalı idi, hər qəpiyə nəzarət olunurdu. Yalnız qanunsuz yollarla daha çox qazanmaq mümkün idi. Bəs indi? İnsanlarımız niyə bu rüşvət xəstəliyindən qurtulmağa çalışmırlar? Nəinki çalışmırıq, hətta bunu normaya çevirmişik. Mən yuxarıları yox, aşağıları nəzərdə tuturam.
– Bir misal gətirim. İkinci, ya da üçüncü kursda oxuyanda Polşaya getmişdik. Orda tibb institutunun sonuncu kursunda oxuyan maştağalı bir oğlanla tanış olmuşdum. SSRİ vaxtı üçün zəngin ailədən idi, özü oxumuşdu və bilikli həkim idi. Deməli, institutu bitirəndən sonra onu göndərirlər Kəlbəcərə. Bir-iki ildən sonra gəlib danışırdı ki, bir həftə, iki həftə işlədim, uşaqları gətirirdilər, dərman yazırdım, pul verirdilər, götürmürdüm. Təxminən, üçüncü həftənin sonunda axşamüstü yeməkxanaya getdim. Bütün kənd camaatı, ağsaqqallar ora yığışırdı. Gəlib əyləşdilər yanımda, dedilər ki, səninlə söhbət eləmək istəyirik, yadındadı, iki gün bundan əvvəl balaca bir uşağa baxmısan, onun heç bir çarəsi yoxdu, ölür? Dostum cavab verib ki, nə danışırsınız, onun yüngülvari soyuqdəyməsi vardı, dərman verdim. Kənd camaatı qayıdıb ki, onda niyə pul almadın? Həkim deyib, axı, niyə almalıyam? Mənə maaş verirlər. Ağsaqqallar qayıdıblar ki, oğlum, nə danışırsan, sən pul almamısan deyə evdə yas tutublar, elə bilirlər, uşağın çarəsi yoxdur. Elin adəti var, mütləq rüşvət almalısan. Və iki ilin sonunda o adam özünə təzə “03 jiquli” aldı. Belə düşüncə sadəcə sistem məsələsi deyil. Bu, beyin məsələsidir. Məsələn, dünən, bir yerlimizin yasındaydım. Üzbəüz bir adam əyləşmişdi. Sonradan bildim ki, biznes adamıdır. Orda kimsə ondan soruşdu ki, niyə qazax biznesmenləri Qazax burjuaziyası yaratmır? Cavabında “ay başına dönüm, bizim heç milli burjuaziyamız var ki, Qazax burjuaziyası da olsun” dedi. Bunu heç cür demək istəmirdim, amma biz hələ millət kimi yetişməmişik. Mən istəyirəm deyəm ki, biz millətik, ancaq baxıram ki, nəsə çatışmır. “Milli ideya” sözünü işlətmək istəmirəm. Ümumiyyətlə, millətin ümumi cəhətləri olmalıdır. Bizim ümumi cəhətlərimiz ancaq mənfilərdir. Müsbət məsələlərdə leriklinin beyni bir cür işləyir, tovuzlunun beyni başqa cür. Xarakter stereotipləri var. Rüşvət alanda hamıda eyni cür işləyir, amma almamaqda işləmir.
– Sizcə, bunun səbəbi nədi?
– Səbəblərdən danışarkən çox dərinə getmək və səhvə yol vermək mümkündü. O mənada ki, biz etnik cəhətdən müxtəlifik.
– Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Mehman Hüseynovun həbsxanada başlatdığı aclıq aksiyasıdır. Belə hadisələr baş verəndə cəmiyyət tanınmış insanlardan da reaksiya gözləyir. Sizcə, tanınmışların belə bir öhdəliyi varmı?
– Birinci onu deyim ki, mən həmişə aclıq aksiyasına qarşı olmuşam. Aclıq eləyib özünü öldürməkdənsə, get, düşməni öldür.
– Öldürmək cinayətdi, axı?! Elə deyil?
– Siz hüquqi baxımdan deyirsiniz.
– Yox, sırf insanlıq baxımından deyirəm.
– Yox, əksinə, əgər dini tərəfdən baxsaq, insan özünü öldürməməlidir.
O ki qaldı, tanınmış insanların məsuliyyətinə… Məsuliyyəti həmin adamlar özləri öz üzərlərinə götürməlidilər. Bu, daxildən gələn bir şeydir. Kim nə qədər istəyirsə, nəyi istəyirsə, onun boynuna qoysun, daxildən gələn o hiss yoxdursa, mümkün deyil. Cumhuriyyətimizin qurucularını götürək. Onlar Rusiyada, Fransada, Almaniyada təhsil almışdılar, bir neçə dil bilirdilər, həyatlarını keflə yaşaya bilərdilər. Ancaq yaşamadılar. Bizim bir kobud atalar misalı var. Deyir, əvvəlcə gödəniyyət, sonra mədəniyyət. O insanların qarınları tox idi, ac-yalavac deyildilər. Dekabristlər də elə idi. İnsan tox olandan sonra mənəviyyat haqqında, təkcə özü barədə yox, ətrafı barədə düşünməyə başlayır. Yəni insan toxdursa, özü-özünü təmin eləyə bilirsə, kiminsə əlinə baxmırsa, mübariz ola bilir, məsuliyyəti boynuna götürür. Məsələn, Rüstəm İbrahimbəyov məsələsində Rasim Balayevi çox adam qınadı, indi də qınayanlar var. Sözün doğrusu, mən qınamıram. Bununla bağlı “Zerkalo”da yazı da yazmışdım. Rasim Balayevin İbrahimbəyovdan imtina elədiyi həmin günlərdə Leonardo Di Kaprio bir ildə üç məşhur filmdə çəkilmişdi, sonra da kinodan gedəcəyini, yorulduğunu, dincəlmək istədiyini elan eləmişdi. O vaxt Di Kaprionun 35 yaşı vardı, Rasim Balayevin 70 yaşı-filan. Di Kaprio 35 yaşında tək özünü yox, necə deyərlər, bütün nəslini artıq təmin eləmişdi, milyonçu idi. Kefi istəyəndə filmə çəkilə bilərdi, kefi istəyəndə deyə bilərdi ki, mən getdim. Yaxud da çıxıb Trampa deyə bilərdi ki, sən kimsən, ümumiyyətlə! Amma Rasim Balayev yox! Rasim Balayevin ancaq prezident təqaüdü var. Bu, faciədir.
– Elçin müəllim, Leonardo Di Kaprio ABŞ-da yaşayır, Hollivud kimi nəhəng industriyanın məhsuludur. O Hollivudun ki, təkcə bir filmin nümayişindən milyardlar qazanır. Di Kaprionun milyonçu olması təbiidir. Azərbaycan isə hətta dünyanın ən demokratik ölkəsi olsaydı belə, Rasim Balayev heç vaxt Di Kaprionun qazandığının yarısının yarısının yarısını da qazana bilməzdi. Nəslinə də ümumiyyətlə, heç nə qoya bilməzdi. Çünki bura Hollivud deyil.
– Yox, bu, bir az başqa şeydir. Mən yazımda ölkələri, cəmiyyətləri müqayisə eləmişdim. Yəni söhbət fərd olaraq Di Kapriodan getmir.
– Söhbət yaşamaqdan, tox, ya da ac olmaqdan gedirsə, Rasim Balayev heç vaxt Di Kaprio qədər tox ola bilməzdi.
– Yox, deyirəm də. Əgər Rasim Balayevə qazana bildiyi pulları versəydilər, xeyli tox olardı. Məsələn, mən yazıçı ailəsində böyümüşəm və bilirəm ki, sovet vaxtında atamın kitablarının satışından gələn pulun, çox demirəm, heç olmasa, 15%-ni versəydilər, mən indiyə qədər atamın hesabına dolana bilərdim. Amma heç nə yox idi. Məsələn, “Dəli Kür”ün birinci tirajından on min pul almışdı. Halbuki “Dəli Kür” satılırdı və bir milyondan artıq pul gətirmişdi. Bir milyon hara, on min hara?! Özü də on mini də hissə-hissə verirdilər. Atam xəstə yatanda mən işləməsəydim, dərmanpulu çatmırdı.
– Ümumiyyətlə, cəmiyyətin kimdənsə belə bir şey tələb eləməyə haqqı varmı?
– Sosial şifariş deyə bir şey var. Təbii ki, tələb eləyə bilər, amma baxır kimdən. Jurnalist kimi fikir öyrənmək normal bir şeydir, amma tələb eləmək düzgün deyil. Hərənin öz fikri və hərənin min cür problemi var. Bu mənada ailədən də çox şey asılıdır. Evdəkilər ailə başçısına dəstək olanda o, hər şeyi yara-yara gedir. 80-ci illərdə atam sovetin əleyhinə nəsə eləmişdi. Evdə hiss eləyirdik ki, buna görə bir az narahatdır. Anam dedi ki, a bala, deyəsən, kişi bir az narahatdı, gedək kabinetə. Getdik, anam atama dedi ki, sən bizi fikirləşmə, demisən, düz eləmisən. Biz də anamı dəstəklədik.
– Atanız nəyə etiraz eləmişdi?
– Məsələn, Xalq Cəbhəsi ilə bağlı Azadlıq raidosunda müraciət səslənmişdi, dörd adam imzalamışdı onu: Məmməd Araz, Sabir Rüstəmxanlı, Yusif Səmədoğlu, bir də atam. O vaxt Vəzirov atamı çağırıb demişdi ki, ay mən belə çalışıram, elə işləyirəm, sən imzandan imtina elə. Atam da cavab vermişdi ki, mümkün olan şey deyil, əgər özüm səhv elədiyimi düşünsəm, deyə bilərəm ki, səhv elədim. Ondan sonra fikirləşirdi ki, uşaqlar necə olacaq? Sovet dövrü idi hələ. Onda anam da, biz də onu dəstəklədik. Belə olanda o ziyalı dediyimiz adam da ürəklənir. Bir də var evdə onun beynini yeyirlər. Ki, sən neynədin, niyə elədin, uşaqların haqqında düşünmədin və sair və ilaxır. Bu da var. Bu bizim beynimizdədi, o qurd yeyir bizi.
– Elçin müəllim, “Ayna-Zerkalo” birdən-birə niyə hədəf alındı, sizi niyə cəzalandırdılar?
– İlk növbədə, mövqeyimə görə. Amma başqa səbəblər də vardı, hələlik onlar barədə danışmaq üçün tezdi. Vaxtı çatanda deyəcəyəm.
– Xalqımızın xarakteri, cəmiyyətimizdə gedən proseslər haqqında çox ümidsiz danışdınız. Dəyişmək ehtimalımız varmı?
– Bilirsiniz, mənim əhvalımdan da çox şey asılı ola bilər. Kefim yaxşı olsa, deyə bilərəm ki, bəli, dəyişəcəyik. Təbii ki, dəyişəcəyik. Ancaq indiki gerçəkliyi görəndə… Bir az gec olacaq. Və qorxuram ki, ümumiyyətlə, çox gec olsun. Biz çox şeyi itirdik, amma hələ də dəyişməyə imkanımız var.
Söhbətləşdi: Aygün Aslanlı