Yaxın illərdə psilosibin və MDMA, adi dərman preparatları hesab olunacaq və onları aptekdən reseptlə almaq mümkün olacaq. Bu haqda hightech.plus xəbər verir. Psixodelik preparatlarla müalicə metodu artıq sərmayədarları maraqlandırıb. Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda yeni sahənin perspektivləri nəzərdən keçirilib. Bu tendensiya Rusiyadan da yan keçməyib.
Reseptli ekstazi
2024-cü ilə qədər depressiya, posttravmatik stress pozuntuları və digər xəstəliklərin müalicəsində psixodelik maddələr əsasında hazırlanan dərman preparatlarından istifadə olunacaq. Bu barədə neyroelmlər üzrə mütəxəssis Robin Karhart-Harris proqnoz verib. Tədqiqatçı, sözügedən industriyanın perspektivləri haqqında Davosda Ümumdünya İqtisadi Forumunda danışıb.
O əmindir ki, psixodelik preparatlar tezliklə leqallaşdırılacaq və apteklərdə reseptlə satılacaq. Bu, ilk növbədə hallyüsinogen göbələklərə, ekstazi və ayyuaskiyə – Latın Amerikasında yaşayan hindu tayfalarındakı şamanların bitkilərdən hazırladığı maye- aiddir.
Bir çox qeyri-kommersiya təşkilatları artıq psixodelik maddələrin insan orqanizminə təsirini araşdırmağa başlayıblar və ilk kliniki sınaqlar keçirilir.
“Business Insider”in məlumatına görə, artıq “Psilocybe” növ göbələklərin terminal mərhələdə olan xərçəng xəstələrinə müsbət təsiri isbatlanıb.
Tədqiqatların nəticələrinə görə, psilotsibin, sınaqda iştirak edənlərin narahatlıq hissini götürür və sakitləşdirici təsir göstərir.
Ekstazi qəbulu ilə paralel həyata keçirilən psixoterapiya seansları posttravmatik stress pozuntusundan əziyyət çəkən müharibə veteranlarının vəziyyətinin yüngülləşməsinə kömək edir. Həmçinin bu yaxınlarda alimlər sübut ediblər ki, ayyauaska depressiyalı xəstələrin vəziyyətini yaxşılaşdırmağa qadirdir.
Psixodelik maddələr əsasında müalicədən, digər müalicə metodları işə yaramadığı halda istifadə olunması düşünülür.
Güman edilir ki, xəstəyə bircə doza preparat kifayətdir, üstəlik o, həmin dozanı həkimlərin nəzarəti altında qəbul edəcək.
Lakin bu metod hər kəsə uyğun deyil.
Qohumlarına bipolyar pozuntu və şizofreniya diaqnozu qoyulmuş xəstələr psixodeliklərlə sınaqlarda iştirak edə bilməzlər.
Psixodelik maddələrə sərmayə
Alimlər, sözügedən maddələrin müalicəvi təsiri barədə əvvəllər də danışıblar, amma son illərdə bu sahə sərmayədarların və özəl şirkətlərin də diqqətini cəlb etməyə başlayıb. Bunda bəzi ölkələrdə marixuananın leqallaşdırılmasının da qismən təsiri var.
Hazırda narkotik maddələrin tətbiqi ilə bağlı yeni ssenarilərin axtarışları ilə Psixodelik Araşdırmalara Multidisiplinar Assosiasiyası (MAPS) məşğul olur. Assosiasiyanın araşdırmaları iş adamı İlon Mask tərəfindən maliyyələşdirilir.
Təşkilat artıq MDMA, kannabioidlər, LSD və ayyauaskanın öyrənilməsinə 70 mln dollar cəlb etməyə nail olub.
Karthart-Harrisin sözlərinə görə, prosesə kommersiya müəssisələri də qoşulmağa başlayıblar. 2018-ci ilin yayında “Compass Pathways” startapı hallyüsinogen göbələklərin təsirinin araşdırılmasına 20 min könüllü cəlb edib. Noyabr ayında “Atai Life Sciences” şirkəti eyni sahədə araşdırmaların aparılması üçün 25 mln. dollar toplayıb.
“Artıq investisiyalar daxil olur. Əslində kommersiya sektorunun bu məsələdə yenilikçi mövqe tutması maraqlıdır”, – neyroelmlər üzrə mütəxəssis qeyd edir.
Rusiyada marixuana və psixodeliklərin leqallaşdırılması aktual deyil. Lakin RF Səhiyyə Nazirliyi tibbi araşdırmalar məqsədilə həşişin ölkəyə gətirilməsinə icazə verməyi təklif edir. İdarədən verilən məlumata görə, Rusiyada kannabioidlərin dövriyyəsinə yalnız operativ-sınaqlar, elmi, tədris və ekspert fəaliyyətləri zamanı icazə verilir.
Nazirliyin nümayəndələri hesab edirlər ki, artıq qanunvericiliyi dəyişmək və hər il Rusiyaya 50 q həşiş yağı, 300 q həşiş və 1,1 kq marixuana gətirilməsinə icazə vermək lazımdır.
Bundan əvvəl Sənaye və Ticarət naziri Denis Manturov bildirmişdi ki, Rusiya özü narkotik xaşxaş yetişdirməlidir.
Ağrıkəsicilərə olan tələbatın ödənilməsi üçün, təxminən, 100 hektar xaşxaş əkmək lazımdır, – Manturov açıqlamasında söyləyib.







